Məhkəmə qərarları › İş №1(039)-112/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-112/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-112/2020 20.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən,əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində eltisi Zərərçəkmiş şəxs başına şüşə çaydanla vuraraq, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs qaynı Xaləddinin həyat yoldaşıdır. Onlar bir həyətdə, lakin başqa-başqa evlərdə yaşayırlar. Qaynı evi ilə onların evi arasında boş yer var. Həmin yerdə oğlu Nazim it saxlayır. xx.xx.2020-ci il tarixdə eltisi İradə itlərin yerinə su atmışdır. O da saat 08:30 radələrində evin kənarına keçmişdir ki, itlərin yerini süpürsün, bu vaxt itin altında olan keçəni yumaq üçün suyun kənarına atmışdır. Həmin vaxt İradə su kranının başında stəkan və çaydan yuyurdu. İradə su kranın başına itin ayaq altısı olan keçəni atdığına görə əsəbləşmiş və onunla mübahisə etmişdir. Mübahisə zamanı İradə dəmir vedrəni götürüb ona tərəf atmış və vedrə onun başına dəymişdir. O da su kranın başına yuyub qoyduğu şüşə çaydanı götürüb İradənin başına bir dəfə vurmuşdur. Sonra yenidən yaxalaşıb cırmaqlaşmışlar. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs onun eltisi, qaynı Ələddinin arvadıdır. Şövkətlə bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Şövkətgil həyətlərində it saxlayır. Həmin itlər isə onların dincliyini pozur. xx.xx.2020-ci il tarixdə səhər saat 07 radələrində həyətdə olan su kranının başına qabları yaxalayıb suyu yerə tökmüşdür. Təxminən 2-3 dəqiqə sonra Şövkət oraya gəlmişdir. Yer su olduğu və sürüşkən olması səbəbindən Şövkətin ayağı sürüşmüş və yıxılmışdır. Şövkət özü ayağa qalxmış və çıxıb getmişdir. 1-2 dəqiqə sonra o, su kranının başında yuduğu dəm çaydanını götürüb bir dəfə onun başına vurmuşdur. O da Şövkətlə yaxalaşmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 461 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər -sağ burun pərinin, üst dodağın sıyrıqları, sol gözətrafı nahiyyənin dərialtı hematoması və qançırı, sol gözün ağlı qişasının bayır bucağına tünd qırmızı rəngdə yayılmış qansızma, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.6-7); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.29); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraataxitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai araşdırmada göstərdiyi 20 (iyirmi) saat, məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar