Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-116/2023 20.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx xxxxxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonunun Duzdağ kəndində qeydiyyatda olmaqla Yevlax rayonunun Aran qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 20:00 radələrində sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus «VAZ 2107» markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu Aran qəsəbəsinin ərazisindən keçən 17-ci kilometrliyində Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək yolun sağ kənarından sol kənarına doğru yolu keçən piyada X5 həmin avtomobilin ön hissəsi ilə vuraraq sonuncuya «baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qaşın əzilmiş yarası» ilə müşayiət olunan törəndiyi anda həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri yetirməklə X6 ehtiyatsızlıqdan açıq kəllə beyin travması ilə müşayiət edilən baş beyinin yumşaq toxumalarına qansızma nəticəsində hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, O, özünə məxsus olan ”VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 08 mart 2023-cü il tarixdə axşam ailə üzvlərilə birlikdə Yevlax rayonun Aran qəsəbəsində yerləşən marketdən çıxaraq evinə gedərkən arvadı Zahidə sol arxa oturacaqda əyləşmiş və qızı Xədicə də arvadının qucağında olmuşdur. O, marketdən çıxdıqdan sonra avtomobillə Gəncə şəhərindən Yevlax rayonu istiqamətinə hərəkət edərək, Yevlax rayonu Aran qəsəbəsində yerləşən yaşadığı ev istiqamətində hərəkət etmişdir. O, körpünün sonuna çatan zaman anidən bir nəfər şəxs onun idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün həmin şəxsi avtomobilin ön hissəsi ilə vurmuş və bu zaman həmin şəxs avtomobilin ön alın şüşəsinə dəyərək yerə düşmüşdür. Bu zaman avtomobili tam olaraq dayandırmış və yerə düşmüşdür. Həmin vaxt avtomobildən enərkən, vurduğu adamın yolun hərəkət hissəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, həmin şəxsə yaxınlaşdıqda vurduğu adamın Yevlax rayon Aran qəsəbəsində yaşayan tanıdığı X8 olduğunu görmüşdür. Bundan sonra o, dərhal 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə X14 avtomobilinin gəlməsini xahiş etmişdir. Bu zaman həmin yerə oradan keçən şəxlər, həmçinin həmin yolun kənarında yaşayan şəxslər toplaşmışlar və hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Daha sonra tibb işçiləri X14 avtomobili ilə hadisə yerinə gələrək Sahib Novruzovu xəstəxanaya aparmışdırlar. O, hadisə yerində qalmış və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.. O, törətmiş olduğu yolnəqliyyat hadisəsi nəticəsində Sahib Novruzovun ölməsi ilə bağlı özünü təqsirli hesab edir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Ü.Novruzovanın ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, X8 onun əridir. Onun əri Sahib Norvuzov 08 mart 2023-cü il tarixdə axşam saatlarında Yevlax rayon Aran qəsəbəsindən keçən asvalt örtüklü yolu piyada keçərək evə gəlmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobillə ehtiyatsızlıqdan əri Sahibi vurmuş və həmin hadisə nəticəsində Sahib ölmüşdür. Onunla, həmçinin mərhum əri X9 Hüseynov və onun ailəsi arasında hər hansı bir ədavət, düşmənçilik, mübahisə olmamışdır. Onların münasibətləri hər zaman yaxşı olmuşdur. Onun həmin hadisə ilə əlaqədar, yəni əri Sahib Novruzovun ölümü ilə əlaqədar Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 08 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadıqları qəsəbədə yerləşən Gəncə şəhərinə gedən avtomobil yolunun üzərində olan marketə getmişdirlər. Onlar marketdən çıxdıqdan sonra o, axra sol oturacaqda oturmuş və azyaşlı qızı Xədicə də onun qucağında olmuşdur. Əri Təqsirləndirilən şəxs da özünə məxsus olan “VAZ 2107” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Avtomobildə onlardan başqa heç kim olmamışdır. Onlar körpünün üzərindən keçərək yaşadıqları ev istiqamətdə hərkətdə olarkən körpünün sonunda anidən avtomobilin qarşısına nəsə çırpılmışdır. O, axra sol oturacaqda olduğu üçün, həmçinin həmin vaxt saat təxminən 20 radələri olduğu üçün hava qaranlıq olduğundan heç nə görməmişdir. Bu zaman əri Elçin dərhal avtomobili saxlamış və yerə düşüb baxdıqdan sonra ona bir nəfər insan vurduğunu demişdir. O, qorxduğu üçün avtomobildən yerə düşməmişdir. Daha sonra həmin yerə X14 avtomobili və polis əməkdaşları gəlmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 13 nömrəli rəyində göstərilmişdir ki, mərhum X3 meyitində aşkar edilmiş xəsarətlər – baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qaşın əzilmiş yarası bərk küt alətinalətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa AĞİR zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 may 2023-cü il tarixli 8/929 nömrəli rəyində göstərilmişdir ki, VAZ- 2107 markalı, 66BL189 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 24 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 mart 2023-cü il tarixli 135 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə müayinə olunan zaman ayıq vəziyyətdə olmuş, alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3- 13-16-11/2-1279/2023 Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Gəncə RQİ və TBŞ tərəfindən AE 122834 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqənin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixədəkdir. Əlavə olaraq qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Zərərçəkmiş şəxsin hüquqi varisi Ü.Novruzovanın Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-116/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-116/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver