Məhkəmə qərarları › İş №1(039)-117/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-117/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-117/2020 24.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxx 2020-ci il tarixdə “polin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Ərəblinski küçəsi, ev 53-də qeydiyyatda olan, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında «Kür çayı»nın sağ sahilinin Yevlax şəhəri ərazisindən keçən hissəsində yerləşən meşə zolağında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarından yığıb Yevlax şəhəri, B.İmanov küçəsi, 53 ünvanında yerləşən yaşadığı evə gətirmiş, gətirdiyi toxumları xx xxxxx 2020-ci il tarixdə yaşadığı evin eyvanında taxtadan olan yeşiklərdə qanunsuz olaraq əkib xeyli miqdarda-03 (üç) ədəd çətənə bitkisini yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 12:25-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə video çəkilişlə keçirilmiş baxış nəticəsində hündürlükləri 39 sm, 40 sm və 42 sm, ümumi təmiz çəkiləri isə 66,75 qram olan həmin 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, X5 boşanmışdır. Onunla birgə nikahlarından 2 azyaşlı övladı vardır. Yevlax şəhəri, H.Ərəblinski küçəsi ev 53-də pasport qeydiyyatında olmaqla faktiki olaraq Yevlax şəhəri, B.İmanov küçəsi, 53 saylı evdə tənha yaşayır. Fərdi işlərlə məşğul olub xərclərini qarşılayır. Uzun müddətdir ki, «vərəm xəstəliyindən əziyyət çəkir. Oynaqlarında, ağ ciyərlərində və bədəninin müxtəlif yerlərində şiddətli ağrılar baş verdiyindən ağır fiziki işlərlə məşğul ola bilmir. Son vaxtlara qədər xəstəliyi ilə əlaqədar olaraq müxtəlif adlarda dərman preparatları qəbul etmişdir. Lakin, son 4 il olar ki, dərman preparatları öz effektivliyini itirdiyindən bədənində baş qaldıran ağırları aradan qaldırmamışdır. Buna görə də, bəzən ağrılarına güc gələ bilmək üçün məcbur qalıb naroktik vasitə-qurudulmuş marixuanadan istifadə etmişdir. 2017-ci ilin may ayında CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib Yevlax məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu ilin fevral ayında isə cəzasının sonu ilə azad olunmuşdur. 2019-cu ilin sentyabr ayının əvvələrində «Kür çayı»nın sağ sahilinin Yevlax şəhəri ərazisindən keçən hissəsindəki meşədə təkbaşına gəzişərkən yerdən 3 ədəd qurudulmuş marixana toxumu tapıb onları yaşadığı evə gətirib gizlətməklə saxlamış, 2020-ci il aprelin 15-də isə həmin toxumları yaşadığı evin eyvanında ayrı-ayrılıqda 3 ədəd taxta yeşikdə torpağa basdırmışdır. Toxumlara mütəmadi olaraq qulluq etməyə başlamış, yaxşı inkişaf etmələri üçün diblərini alaq otlarından təmizləmiş, belləyib yumşaltmış, peyin tökmüş və suvarmışdır. Bunların sayəsində becərdiyi 3 ədəd çətənə kolları inkişaf edib 0,38-0,42 metrə qədər boy atmışlar. xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində yaşadığı evdə olan zaman evin həyətinə polis əməkdaşları gəlib özlərini təqdim edərək Yevlax rayon polis şöbəsinə evinin həyətində narkotik tərkibli çətənə kolları əkib becərməsi ilə bağlı məlumat daxil olduğunu və bu səbəbdən də yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını demişlər. Ondan yaşıdığı evin həyətinə baxış keçirilməsinə etirazının olubolmamasını soruşduqda etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları onun razılığı ilə evinin həyətinə və eyvanına video çəkilişlə baxış keçirməyə başlamışlar. Baxış zamanı evinin eyvanında 3 ədəd taxta yeşikdə əkdiyi cəmi 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək kökündən torpaqdan çıxarılaraq götürülmüşdür. Həmin bitkiləri torbaya qablaşdırıb möhürləmişlər, evin eyvanında qeyd edilən bitkilər aşkar olunsa da, başqa hər hansı narkotik tərkibli bitkilər, narkotik vasitələr və digər cinayət xarakterli əşyalar aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra tərtib olunan protokolla tanış olaraq digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işüzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 ifadəsində göstərdi ki, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsindədir. xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Yevlax şəhəri, H.Ərəblinski küçəsində pasport qeydiyyatında olmaqla, faktiki olaraq dislokasiya üzrə ona təhkim olunmuş, ünvan 2 ünvanında yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli çətənə bitkilərini əkibbecərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun evində və həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə şöbə rəisi tərəfindən əməliyyat işləri üzrə rəis müavini polis polkovnik leytenantı X9 rəhbərliyində ondan, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və İTB-nün sahə polis nəfəri polis serjantı Şahid4 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. Sonra həmin tərkibdə və baş təhqiqatçı Şamil Xəlilovla birlikdə Yevlax rayon polis şöbəsinin inzibati binasını tərk edərək Təqsirləndirilən şəxs yaşadığı evə yola düşmüşlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqdan sonra baxış keçirilməzdən əvvəl onun yaşadığı evin həyətinə baş təhqiqatçı Şamil Xəlilov tərəfindən alim-aqronom Şahid1 Aftandil oğlu dəvət edilmiş, mütəxəssis-aqronoma CPM-nin 96-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra o, Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Yevlax RPŞ-nin KTQ-nun baş inspektoru polis mayoru X4 baxış təxirəsalınmaz istintaq hərəkətini video kamera vasitəsi ilə lentə almağa başlamışdır. Təqsirləndirilən şəxsdən yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz edib-etməməsi soruşulduqda o, buna etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə video çəkiliş təbiq etməklə baxış keçirməyə başladıqda yaşadığı evin eyvanından 3 ədəd taxta yeşikdə əkilmiş cəmi 3 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri yumşaldılıb suvarılmış, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş, narkotik xassəli çətənə kollarına oxşar hündürlükləri 0,25-0,35 sm olan bitkilər aşkar olunmuşdur. Həmin bitkiləri nəzərdən keçirərkən onların xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilibbecərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisi olmaları aşkar edilmişdir. Qeyd edilən vaxt alim-aqronom Şahid1 həmin bitkiləri nəzərdən keçirib aqrotexniki qaydada qulluq olunmuş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisi olmaları barədə rəy yazmışdır. Həmin vaxt yaş halda olan 3 ədəd çətənə kolları torbaya qablaşdırılıb möhürləndikdən sonra Şamil Xəlilov tərəfindən bu barədə müvafiq protokol tərtib olunmuş, digər iştirakçılar kimi tərtib olunmuş protokol və zərfə imza etmişdir. Aşkar edilən həmin kütlələri ekspertizaya göndərilməsi üçün avtomaşına yükləyib Yevlax rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Yevlax rayon X3 rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 11:30 radələrində Yevlax polis şöbəsinin əməkdaşları onu keçiriləcək tədbirdə aqronom-mütəxəssis qismində iştirak etmək üçün ünvan 2-də yerləşən sonradan adını soyadını və atasını bildiyi Təqsirləndirilən şəxs yaşadığı evinin həyətinə dəvət etmişlər. Onun həyətyanı sahəsinə baxış keçirilməzdən əvvəl Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, həmçinin Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə də xəbərdar edilmişdir. Saat 12:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməzdən əvvəl təhqiqatçı ondan baxış keçirilməsinə etiraz edib-etməməsini soruşduqda o, buna narazı olmamışdır. Belə olan halda polis əməkdaşları Təqsirləndirilən şəxs həyətinə video çəkiliş təbiq etməklə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin eyvanından 3 ədəd taxta yeşikdə əkilmiş cəmi 3 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri yumşaldılıb suvarılmış, peyinlənmiş, xüsusi aqrotexniki qaydada düzəldilmiş, narkotik xassəli çətənə kollarına oxşar hündürlükləri 0,25-0,35 sm olan bitkilər aşkar olunmuşdur. Həmin bitkiləri nəzərdən keçirərkən bitki kollarının xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisi olmasını müəyyən etmişdir. Bu barədə elə baxış keçirilən müddətdə rəy yazmışdır. Polis əməkdaşları həmin 3 ədəd çətənə kollarını kökündən çıxararaq torbaya qablaşdırıb möhürləyərək götürmüşlər. Tədbirin keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə qablaşdırılmış torbaya bərkidilmiş zərfə və tərtib edilən protokola imza etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış zamanı evinin həyətyanı sahəsində taxta yeşiyə əkdiyi 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən torpaqdan çıxarılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/354 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş” sözləri yazılmış sintetik kisənin içərisində hündürlükləri 39 sm, 40 sm və 42 sm, ümumi təmiz çəkiləri 66,75 qram olan 03 (üç) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom mütəxəssis Şahid1 xx.xx.2020-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli aqronom-mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, B.İmanov küçəsi, 53 ünvanında yerləşən evin eyvanından akşar edilərək götürülmüş 03 (üç) ədəd narkotik təkibli çətənə kolları tünd-yaşıl rəngli, spesifik iyə malik çətənə bitkisidir. Kollara xüsusi qaydada qulluq edilmiş, suvarılma üçün dibləri düzəldilmiş, kolların inikşafı üçün dibinə peyin verilmişdir. Hündürlükləri 25 santimetr və 35 santimetr arasındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 1(039)-85/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı X6 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan çəkisi 66,60 qram olan 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan çəkisi 66,60 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi ümumilikdə 60 (altmış) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar