Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-118/2021 01.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 16.06.1968-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə, xx.xx.1969-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 dekabr 2020-ci il tarix saat 11 radələrində X2 yaşadığı Şəmkir rayonu Abbaslı kəndində yerləşən evinə darvazadan qanunsuz daxil olub evin yataq otağındakı paltar dolabının içərisindən sonuncunun qardaşı Zərərçəkmiş şəxs məxsus 1150 manat pulu, güzgülü dolabın üzərindən 2,74 qram çəkidə 4 manat dəyərində 1 ədəd sarı rəngli metal boyunbağını, 1,82 qram çəkidə 1 manat dəyərində 1 ədəd sarı rəngli metal boyunbağını, 3,80 qram çəkidə 2 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 5,04 qram çəkidə 5 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 3,97 qram çəkidə 6 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 5,97 qram çəkidə 5 manat dəyərində 1 ədəd gümüşü rəngli metal boyunbağını, 10,21 qram çəkidə 7 manat dəyərində 1 ədəd gümüşü rəngli metal qolbağını, 19,82 qram çəkidə 1 manat dəyərində 1 ədəd gümüşü rəngli metal qolbağını, 4,80 qram çəkidə 10 manat dəyərində 1 ədəd sarı rəngli metal qolbağını, 1,65 qram çəkidə 5 manat dəyərində 1 ədəd sarı rəngli metal sırğa cütünü, 8,62 qram çəkidə 2 manat dəyərində 1 ədəd gümüşü rəngli metal sırğa cütünü, 12,22 qram çəkidə 1 manat dəyərində 1 ədəd sarı rəngli metal sırğa cütünü, 1,50 qram çəkidə 1 manat dəyərində 2 ədəd sarı rəngli metal üzüyü qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 1200 manat dəyərində maddi ziyan vuraraq qabaqcadan əlbir olan, bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla qəsdən oğurluq etmişdirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,757 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 21 aprel 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Yevlax şəhəri C.Kərimov küçəsi 130 nömrəli evin həyət darvazasının qarşı tərəfində həmin psixotrop maddə olan metamfetamindən cəmi 0,422 qram miqdarında olan hissəsini tanışı Şahid3 20 manata satmış, qalan 0,335 qram miqdarında psixotrop maddə olan metamfetamini satış məqsədilə üzərində saxlamış, Nicat Nəcəfov 21 aprel 2021-ci il tarixdə saat 23:20 radələrində, Yevlax şəhəri Nizami prospektində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ona satdığı 0,422 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş və 23 aprel 2021-ci il tarixdə saat 10:20 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Yevlax şəhəri C.Kərimov küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində həmin gün saat 11:10 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli donun sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,335 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə dilənçiliklə məşğul olmaq məqsədi ilə 18.12.2020-ci il tarixdə Şəmkir rayonuna getmişdir. Şəmkir rayonunun ərazisinə girdikdən sonra qarşılarına çıxan ilk kənd olan Abbaslı kəndində yolun kənarında avtomobildən düşmüşlər. Yolun kənarında düşdükdən sonra kəndin içərisində qapıları döyüb dilənməyə başlamışlar. Təxminən 3-4 qapı döydükdən sonra sarı rəngi olan dəmir darvazanın qarşısına getmişlər. Qapını döymək istəyərkən darvazanın giriş qapısının dəmir qıfılı olduğunu görmüşlər. Darvazanın alt hissəsi bağlanmadığı üçün darvazanı əli ilə itələmiş və darvazanın alt hissəsi aralanmışdır. Bəsti həmin aradan keçərək həyətə girmişdir. Bəsti həyətə girdikdən sonra darvazanı əli ilə tutmuş, o, da həyətə girmişdir. Onlar həyətə girdikdən sonra evin qapısına tərəf yaxınlaşmışlar. Evə yaxınlaşаn zaman evin qapısının aralı olduğunu görüb qapını açаraq evə daxil olmuşlar. Birinci mərtəbənin 2 otağı, 1 mətbəxi olmuş, otaqlardan biri yataq otağı, digəri isə qonaq otağı olmuşdur. Onlar qonaq otağına daxil olmadаn birbaşa yataq otağına daxil olmuşlar. Yataq otağına girdikdən sonra Bəsti dolabı axtarmağa başlamış, dolabı axtararkən yataq üzlükləri olan hissəsindən üzlüklərin arasından 1150 manat məbləğində pul götürmüş, o, isə yataq otağında güzgülü dolabın üstündə olan bijuteriyaları qızıl bilib götürmüşdür. O, pulu və bijuteriyaları götürdükdən sonra ev sahibinin gəlməsindən qorxaraq evi çox axtarmayıb çıxmışlar. Evdən çıxdıqdan sonra girdikləri darvaza ilə üzbəüz olan kiçik darvazadan çıxaraq oğurluq etdikləri evdən uzaqlaşmışlar. Evdən uzaqlaşdıqdan sonra onlar yolun kənarına getmiş, oradan avtomobil saxladaraq Gəncə şəhərinə getmişlər. Onlar Gəncə şəhər avtovağzalından taksi ilə öz yaşadıqları Yevlax şəhərinə gəlmişlər. Yevlax şəhərinə çatdıqdan sonra oğurladıqları 1150 manat pulun 400 manatını Bəstiyə vermiş, qalan 750 manat pulu isə özünə götürmüşdür. Gülcənnət Bəkirova həmçinin ifadəsində bildirmişdir ki, 2021-ci ilin aprel ayında yaşadığı küçədə transformatorun yanında, yerdən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü tapmış və bükülünü açıb içərisinə nəzər saldıqda bükülüdəkinin psixotrop maddə olduğunu görmüşdür. 21.04.2021-ci il tarixdə saat 21 radələrində o, evin həyət darvazasının döyüldüyünü eşidib həyətə çıxmış, qapını döyən şəxsin tanıdığı Nicad olduğunu görmüşdür. Nicad ona psixotrop maddə metamfetamin lazım olduğunu, deyərək ona 20 manat pul vermiş, o, da Nicaddan 20 manat pulu alıb həmin tapdığı psixotrop maddənin yarısını, gümüşü rəngli siqaret kağızına bükərək Nicada vermiş, qalan maddəni əynindəki donun sağ yan cibinə qoyaraq saxlamış, 23.04.2021-ci il tarixdə saat 20:30 radələrində Yevlax şəhəri C.Kərimov küçəsi ilə yaşadığı evə gedərkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə satdığını deyərək onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış apararkən o, əynindəki donun sağ yan cibində saxladığı metamfetamin olan bükülünü çıxarıb təqdim etmişdir. Hazırda törətdiyi əməllərdən peşman olduğunu, oğurluq nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, dilənçiliklə məşğul olaraq ailəsini dolandırır. 2020-ci ilin dekabr ayında o, tanışı Təqsirləndirilən şəxs2 birlikdə Şəmkir rayonuna gedib orada dilənçiliklə məşğul olmaq qərarına gəlmişdir. 18 dekabr 2020-ci il tarixdə o, Gülcənnətlə birlikdə taksi ilə Şəmkir rayonuna getmişdir. Onlar Şəmkir rayonunun Abbaslı kəndində taksidən düşüb piyada həmin kəndə getmiş və yaşayış evlərinin həyət qapılarını döyüb sakinlərdən pul dilənməyə başlamışlar. Təxminən 3-4 qapı döydükdən sonra darvazası sarı olan yaşayış evinin qarşısına getmişlər. Həmin vaxt o və Gülcənnət darvazanın açıq olduğunu görmüşlər. Gülcənnət əli ilə darvazanı itələmiş və darvaza açılmışdır. Əvvəlcə o, sonra isə Gülcənnət açıq darvazadan həyətə daxil olmuşlar. Onlar həyətdə heç kimin olmadığını görmüşlər. Həyətdə bir mərtəbəli ev olmuşdur. O və Gülcənnət həmin evə daxil olub pul və qiymətli əşyalar oğurlamağı qərara almışlar. Əvvəlcə Gülcənnət, sonra o, evə daxil olmuşlar. Evdə bir ədəd yataq və bir ədəd qonaq otağı olmuşdur. Onlar birbaşa olaraq yataq otağına daxil olmuş və axtarışa başlamışlar. O, otaqdakı dolabda axtarış aparmışdır. O, dolabın içərisində yataq üzlüklərinin arasında pulun olduğunu görmüşdür. O, pulu saymış və 1150 manat olduğunu bilmişdir. O, həmin pulu götürmüşdür. Gülcənnət isə güzgülü dolabın üstündən bir neçə ədəd qızıl əşyalarına oxşar əşyalar götürmüşdür. Bundan sonra onlar evdən həyətə çıxmışlar. Onlar həyətdən yola çıxmış və oradan uzaqlaşıb əsas yola getmişlər. Onlar tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə əvvəlcə Gəncə şəhərinə, oradan isə başqa bir taksi avtomobili ilə Yevlax şəhərinə gəlmişlər. Yevlax şəhərinə çatdıqdan sonra oğurladıqları 1150 manat pulun 400 manatını o, götürmüşdür. Qalan 750 manat pulu isə Gülcənnət götürmüşdür. Gülcənnət oğurladığı əşyaların qızıl olmadığını bilmiş və özü taxıb istifadə edəcəyini demişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2020-ci ilin dekabr ayının əvvəllərində arvadı Nərminənin səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq Bakı şəhərində olmuşlar. Həmin ərəfədə Rusiya Federiyasında yaşamış oğlu Cəfər ona 1150 manat pul və bir neçə ədəd bijuteriya əşyaları göndərmişdir. O, Abbaslı kəndində yaşamış bacısı Balaxanıma zəng edərək Cəfərin göndərdiyi 1150 manat pulu və bijuteriya əşyalarını götürüb evində saxlamasını, Bakı şəhərindən qayıtdıqdan sonra həmin pulu və əşyaları götürəcəyini demişdir. Balaxanım 1150 manat pulu və bijuteriya əşyalarını götürüb evində saxlayacağını demişdir. 18 dekabr 2020-ci il tarixdə axşam saatlarında Balaxanım mobil telefonla ona zəng edərək həmin gün səhər saatlarında Gəncə şəhərinə getdiyini, yaşadığı evdə heç kimin olmadığını, evə qayıtdıqdan sonra həyətin darvazasının açıq olduğunu gördüyünü, evində saxladığı ona məxsus 1150 manat pulun və bijuteriya əşyalarının oğurlandığını, oğurluq etmiş qadının video müşahidə kamerasına düşdüyünü bildirmişdir. Bundan sonra o, arvadı Nərminə ilə birlikdə Şəmkir rayonu Abbaslı kəndinə getmişdir. Balaxanım 1150 manat pulun və bijuteriya əşyalarının oğurlanması barədə Şəmkir rayon polis şöbəsinə şikayət etdiyini, polis əməkdaşlarının araşdırma apardığını bildirmişdir. Balaxanım ona 1150 manat pulu yataq otağındakı paltar dolabının içərisinə, bijuteriya əşyalarını isə həmin otaqdakı güzgülü dolabın üzərinə qoyduğunu, oğruların həmin otağa girib axtarış apardıqlarını, pulu və bijuteriya əşyalarını tapıb oğurladıqlarını bildirmişdir. Oğurluq cinayət hadisəsi nəticəsində ona maddi ziyan vurulduğu üçün istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmağı üçün o, Şəmkir rayon polis şöbəsinə ərizə vermişdir. Cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq zamanı cinayəti törətmiş şəxslərin Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Həmin şəxslər ona vurduqları 1200 manat maddi ziyan tam olaraq ödəmişlər. O, ərizə yazaraq dəymiş ziyanın ödəndiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona 23 aprel 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Saat 10 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri C.Kərimov küçəsinə getmişdir. Saat 10:20 radələrində o, Gülcənnətin yaşadığı evin qarşısında küçədə olduğunu görmüş və onlar Gülcənnətə yaxınlaşmışlar. O, Gülcənnətə qanunsuz olaraq psixotrop maddə - metamfetamin əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Gülcənnət üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Gülcənnətin üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Nuğayla birlikdə Gülcənnəti Yevlax rayon polis şöbəsinin inzibati binasına aparıb təhqiqatçı Mirzalı Əhmədzadəyə təhvil vermişlər. O, Gülcənnətın gətirilməsi barədə raport yazmışdır. Mirzalı Əhmədzadə onun tərtib etdiyi sənədlər əsasında Gülcənnəti şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçinin iştirakı və video çəkiliş ilə Gülcənnətin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Gülcənnət əynindəki donun sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Gülcənnət bir ədəd kağız bükümün içərisində psixotrop maddə - metamfetamin olduğunu, metamfetamini bir neçə gün əvvəl küçədə yerdən tapıb əldə etdiyini bildirmişdir. Gülcənnət psixotrop maddə istifadəçisi olduğunu, metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Qurbanov Nuğay Seymur oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 aprel 2021-ci il tarixdə saat 10:20-də şübhəli şəxs qismində tutulmuşdur.(İ cild iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli paltarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindən metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. ( İ cild iş vər. 24- 30); məhkəmə kimyəvi ekspertizasının 24.04.2021-ci il tarixli, 17/297 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,335 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan- metamfetamindir. Tədqiqata sərf edildi-0,100 qram, qalıq- 0,235 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (İ cild iş vər. 39-40); maddi sübut kimi tanınma haqqında 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,235 qram olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İ cild iş vər. 126-127); Yevlax Rayon Məhkəməsinin 24.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 23.04.2021-ci il tarixdən hesablanmışdır. (İ cild iş vər. 111-114); məhkəmə kimyəvi ekspertizasının 22.04.2021-ci il tarixli, 17/286 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman.. aşkar edilərək götürülmüş ...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi- 0,422 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild iş vər. 56-58); 24 aprel 2021-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Nicad Nəsibov ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 21 aprel 2021-ci il tarixdə Yevlax şəhəri C.Kərimov küçəsində Təqsirləndirilən şəxs2 20 manat pul verib əvəzində metamfetamin aldığını, Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. (İ cild iş vər. 75-78); məhkəmə kimyəvi ekspertizasının 25.05.2021-ci il tarixli, 17/375 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 (bir) ədəd ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin ilə üzərində “Şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman.. aşkar olunaraq götürülmüş... kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,185 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. İİ cild 100-102); “hadisə yerinə baxış keçirilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri Şəmkir rayonu Abbaslı kəndində yerləşən X3 məxsus bir mərtəbəli fərdi yaşayış evidir. Evin həyətyanı sahəsinin giriş darvazası yalnız yuxarı hissədən bağlanır. Evin giriş qapısı zirzəmi tərəfdən olmaqla açıq vəziyyətdədir. Evin yataq otağı qismən dağınıq vəziyyətdə olmaqla paltar dolabının qapısı açıq, içərisindəki dəsmallar səliqəsiz vəziyyətdə, güzgü stolu qismən dağınıq vəziyyətdədir. (İİ cild iş vər. 157-163); götürmə və baxış keçirilməsi haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bəkirova X5 Məmmədovaya məxsus evdən oğurladığı və Zərərçəkmiş şəxs məxsus bijuteriya əşyalarını istintaq orqanına təqdim etmiş və həmin əşyalara baxış keçirilmişdir.(İ cild iş vər.225-226); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 07 aprel 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(İİ cild iş vər.38-39); məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 aprel 2021-ci il tarixli, 6/1369-9/2013 №li rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan, üzərində kürə formalı elementləri olan boyunbağı- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 2,74 qramdır- 4,0 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı (kilid yeri yoxdur)- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,82 qramdır, qırıntı hesab olunur- 1,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ulduz formalı elementi olan boyunbağı (kilid yeri yoxdur)- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,80 qramdır, qırıntı hesab olunur- 2,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ay və ulduz formalı elementləri olan boyunbağımetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,04 qramdır- 5,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, ulduz formalı elementi üzərində ağ şəffaf qaşları olan boyunbağımetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,97 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 6,0 manat; 1 ədəd gümüşü rəngli metaldan 3 hissəyə bölünmüş boyunbağımetalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,97 qramdır, qırıntı hesab olunurqiymətləndirilmir; 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbaq- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 10,21 qramdır- 7,0 manat; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), müxtəlif formalı elementləri üzərində qaşları olan qolbaq (çox sayda qaş yeri boşdur)- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 19,82 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 1,0 manat; 1 ədəd sarı rəngli metaldan, gül formalı elementləri üzərində ağ şəffaf qaşları olan qolbaq- metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 4,80 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 10,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində yarpaq formalı elementi olan sırğa cütü- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,65 qramdır- 5,0 manat; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), üzərində ağ şəffaf qaşları olan sırğa cütü (çox sayda qaş yeri boşdur)- metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 8,62 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 2,0 manat; 1 ədəd sarı rəngli metaldan halqa formalı sırğa cütü (1 tayının kilid yeri yoxdur)- metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 12,22 qramdır, qırıntı hesab olunur- 1,0 manat; 2 ədəd sarı rəngli metaldan (qaralmış) üzük- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,50 qramdır- 1,0 manat. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların hazırki tarixə olan satış qiyməti ilə ümumi dəyəri 45,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 manatdır. (İİ cild iş vər. 106- 110); sübutların qiymətləndirilməsi haqqında 26.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Oruc oğluna məxsus 2 ədəd sarı rəngli metal boyunbağı, 4 ədəd gümüşü rəngli metal boyunbağı, 2 ədəd gümüşü rəngli metal qolbağı, 1 ədəd sarı rəngli metal qolbağı, 2 ədəd sarı rəngli metal sırğa cütü, 1 ədəd gümüşü rəngli metal sırğa cütü və 2 ədəd sarı rəngli metal üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İİ cild iş vər. 177-195); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir.( İ cild iş vər. 137-138); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06.04.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə 06 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına və 1610 manat cərimə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli Qanunu tətbiq edilərək Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.3.3-cü maddəsindən 177.2.2. və 177.2.3-cü maddəsinə tövsif edilməklə üzərində qəti olaraq 05 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 1610 manat cərimə cəzası saxlanılmış, həmin Məhkəmənin 28 avqust 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq, 4 (dörd) ay 16 (on altı) gün vaxtından əvvəl azad edilmişdir. 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə Təqsirləndirilən şəxs1 qeydiyyatdan çıxarılmışdır. ( İ cild iş vər. 205-206); Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 1(088)-97/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 29 iyun 2010-cu il tarixdə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının çəkilməmiş hissəsi, 1610 (bir min altı yüz on) manat cərimə cəzası tam və Şəki Apellyasiya Məhkəməsinin 1(107)-138/2011 saylı, 13 oktyabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə edilməməklə Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən çəkilməsi təxirə salınmış 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 79.4-cü və 67.1-ci maddələrinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və qəti olaraq ona 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası və 1610 (bir min altı yüz on) manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 02 avqust 2014-cü il tarixdən 04 avqust 2014-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası və 1610 (bir min altı yüz on) manat cərimə cəzası saxlanılmışdır. (İİ cild iş vər. 114-123); Yevlax rayon icra və probasiya şöbəsinin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-97/2015 saylı, 16.07.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4 maddələi ilə təqsirli bilininərək 1610 manat məbləğində cərimə cəzasına məhkum edimiş Nadirov Bəsti Yusif qızı cəriməni dövlət nəfinə ödəmişdir; məhkəmə narkoloji ekspertizasının 17.06.2021-ci il tarixli, 716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İİ cild iş vər.168). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. X4 və Təqsirləndirilən şəxs1 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs1 əməllərindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, X6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X6 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfəf azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər X7 Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 23.04.2021-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, Yevlax rayon Polis Şöbəsində saxlanılan bijuteriya aşyaları sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs1 məhkəmə zalından həbs edilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 2 ədəd sarı rəngli metal boyunbağı, 4 ədəd gümüşü rəngli metal boyunbağı, 2 ədəd gümüşü rəngli metal qolbağı, 1 ədəd sarı rəngli metal qolbağı, 2 ədəd sarı rəngli metal sırğa cütü, 1 ədəd gümüşü rəngli metal sırğa cütü və 2 ədəd sarı rəngli metal üzük Zərərçəkmiş şəxs təhvil verilsin və 0,185 qram miqdarında psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69( altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2, 109(bir yüz doqquz) manat 50(əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-118/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-118/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver