Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-119/2025 27.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq psixtrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 04 (dörd) ədəd kağız bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,127 qram, 0,238 qram və 0,136 qram olmaqla tərkiblərinə görə eyni tərkibli olan ümumi təmiz çəkisi 0,646 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 28 may 2025-ci il tarixdə saat 17:04 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri köhnə xəstəxananın ərazisində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 17:04-dən 17:13-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı tərkiblərinə görə eyni tərkibli olan 04 (dörd) ədəd kağız bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkilən 0,145 qram, 0,127 qram, 0,238 qram və 0,136 qram olmaqla ümumi təmiz çəkisi 0,646 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Belə ki, üzərindən aşkar olunmuş metamfetamini 27 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 gün əvvəl yerdən tapmış və istifadəçisi olduğuna görə həmin maddəni götürüb üzərində saxlamışdır. 27 may 2025-ci il tarixdə Yevlax şəhəri ərazisində yerləşən köhnə xəstəxana adlanan ərazidə piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək Yevlax rayon polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirib ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və üzərinə baxış keçirəcəklərini bildirmişlir. O da, etiraz etməmiş və onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Həmin vaxt üzərində olan 4 ədəd bükümdə psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına həmin maddəni yerdən tapdığını bildirmişdir. O heç kimə heç vaxt narkotik vasitə satmamış və ondan aşkar olunmuş maddəni də özü istifadə etmək üçün üzərində saxlamışdır. Tapdığı zaman həmin maddə bir neçə bükümdə olmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Ailədə ondan başqa qazanc gətirən şəxs yoxdur. Özünü CM-nin 234.1-ci maddəsi təqsirli bilir və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkül vəzifəsində işləyən X2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında ondan, NMQnun əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyət müvəkkili Qoşqar İsgəndərovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra şəhərə çıxmışlar və köhnə xəstəxana adlanan ərazidə Təqsirləndirilən şəxs görmüşlər. Şəxsə yaxınlaşmışlar, özlərini təqdim edib üzərində narkotik vasitə olub-olmaması barədə soruşmuşlar. Şəxs özü könüllü olaraq üzərində olan dörd büküm psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Video çəkiliş aparılmaqla şəxsin üzərinə baxış keçirilmiş, şəxsin üzərindən dörd ədəd həmin metamfetamin aşkar olunub götürülmüşdür. Bükümün ikisi qızılı rəng kağıza, digər ikisi isə qırmızı rəng kağıza bükülmüş bükümlərdə olmuşdur. Sonra həmn şəxsi Polis Şöbəsinə gətirərək, təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat narkotik vasitələrdən istifadə etməsi barədə olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxs Yevlax şəhəri ərazisində yerləşən köhnə xəstəxananın ərazisində yarımtikilinin yanında saxlamışlar və həmin vaxt Vəli tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQnun əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və köhnə xəstəxana ərazisində olması barədə Yevlax RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuşdur. Sonra ondan, NMQ-nun əməliyyat müvəkkili Teymur Baxşalıyevdən və CAB-nin əməliyyət müvəkkili Qoşqar İsgəndərovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin yerə getmişlər və Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdur. Sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirib təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat narkotik vasitələrdən istifadə etməsi barədə olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair xx.xx.2025-ci il taixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 ədəd, 2 ədəd gümüşü, 2 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. İşdə olan təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılıb üzərinə baxış keçirilən zaman üzərindən 4 ədəd, 2 ədəd gümüşü, 2 ədəd qırmızı rəngli bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd bükümdə psixotrop maddə ...” sözləri imzalar və adlar yazılmış 01 ədəd zərfin içərisindəki 04 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,145 qr., 0,127 qr., 0,238 qr., 0,136qr., ümumi təmiz çəkisi - 0,646 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (tədqiqata sərf edildi - 0,080 qr. (hər ob- 0.020), qalıq 0,566 qram). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/425 nömrəli rəyindən görünür ki, «Ekspert rəyi № 17/382. Verildiyi tarix: «29» may 2025-ci il. Material № HK-1/899. Ekspertizanı təyin etmiş orqan: Yevlax RPŞ. Maddi sübut (lar): 04 (dörd) ədəd kağız bükümlərdə metamfetaminlər. Təqsirləndirilən şəxs. Ekspert H.Rəşidov» yazısı və imzası olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (metamfetaminlərin ümumi çəkisi 0,566 qr., cəmi sərf edildi 0,080 qr. (hər ob. 0,020 qr), qalın 0,486 qr.). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli, 1250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Fazil və xx.xx.2014-cü il təvəllüdlü İnci adlı azyaşlı uşaqları vardır. İşdə olan əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan gününür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış olan cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi psixotrop maddənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq məqsədi ilə üzərində saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan 0,646 qram psixotrop maddə metamfetamin 4 ədəd bükümdə olsa da, sonuncunun həmin psixotrop maddəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə ilə ötürülən məlumatlara baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 7 avqust 2025-ci il tarixli, 1250 nömrəli rəyi ilə də Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi, psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu öz təsdiqini tapır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olduğunu, həmin şəxsin barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın olmadığını göstərmişdirlər. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ümumi çəkisi 0,646 qram olan metamfetamini satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin psixotrop maddəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun psixotrop maddəni əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından (0,15 qram) artıq miqdarda, dörd bükümdə ümumilikdə 0,646 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin psixotrop maddəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən Psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmqla yuxarı hədləri 0, 15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,646 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45.-ci bəndində göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə ondan başqa qazanc gətirən şəxsin olmamasını, ilk məhkumluğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İşdə olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, 30 may 2025-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,486 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 141.04 (yüz qırx bir manat dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 28 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsl oğlunun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi ümumilikdə 0,486 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 141.04 (bir yüz qırx bir manat dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 7 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim :Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-119/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-119/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver