Məhkəmə qərarları › İş №1(039)-12/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-12/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-12/2022 09.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasınaməhkum edilmiş və cəzasını çəkən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, Koronavirus (COVİD-19) xəstəliyinə dair 19.08.2021-ci ildə verdiyi testin nəticəsinin pozitiv olmasına dair 20.08.2021-ci ildə məlumatı olmaqla həmin xəstəliyə yoluxduğunu bildiyi və xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli orqanının nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat profilaktika və digər tədbirlərin görülməsi Qaydaları”na əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2021-ci il tarixli 220 nömrəli qərarının tələblərini pozaraq 23 avqust 2021-ci il tarixdə, saat 11 radələrində qəsdən yaşadığı evdən çıxaraq əhalinin sıx toplaşdığı Yevlax şəhəri, Nizami prospekti ilə piyada hərəkət edərək yoluxduğu Koronavirus (COVİD-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 19 avqust 2021-ci il tarixdə özünü halsız hiss etdiyi üçün Yevlax Şəhər Mərkəzi Xəstəxanasına müraciət edərək onda “Covid-19” virus xəstəliyini müəyyən etmək məqsədi ilə test vermişdir. 20 avqust 2021-ci il tarixdə onun verdiyi test nəticələri pozitiv çıxmışdır. Keçirdiyi xəstəlik yüngül simptomlarla müşahidə olunduğundan onu evə buraxmışlar. Lakin, xəbərdarlıq etmişlər ki, yaşadığı evdən kənara çıxa bilməz. 23 avqust 2021-ci il tarixdə səhər saatlarında, təxminən 11:00-da siqareti qurtardığından evdən çıxıb siqaret almağa getməyi qərara almışdır. Bu məqsədlə evdən çıxıb Nizami prospektində yerləşən mağazaya doğru gedərkən polis əməkdaşları ona yaxınlaşıb bildirmişlər ki, onun tərəfindən karantin qaydaları pozulmuşdur. Ondan xahiş etmişlər ki, evə qayıtsın. Hətta polis əməkdaşlarından biri özü siqaret alıb gətirib ona vermişdir. Əməlindən peşman olduğunu, bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında olduğuna görə xidməti ərazidə “Covid-19” virusu daşıyan xəstələri gündəlik olaraq yoxlayıb onların evdən çıxmamağı və xəstəliyi yaymamaqları izah olunur. 23 avqust 2021-ci il tarixdə, təxminən saat 10:30-da, Yevlax şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs evi tərk etməsi barədə ona məlumat daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədi ilə polis əməkdaşları Mehman Əsədov və Şahid2la birlikdə Nizami prospektinə getmiş və Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Nizami prospekti ilə getdiyi görmüşlər. Sosial məsafəni gözləyərək ona müraciət edib özlərini təqdim etmiş və virus daşıyıcısı olduğu halda küçədə gəzməsinə görə ona iradlarını bildirmişlər. Təqsirləndirilən şəxs onların tələbi üzrə öz evinə qayıtmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən kənarda saxlanılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun buna icazə olmadan yaşadığı evi tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası icbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş 27 avqust 2021ci il tarixli 313 nömrəli arayışında qeyd olunur ki, Təqsirləndirilən şəxs 19.08.2021-ci tarixində Covid-19 virusunun yoxlanılması üçün yaxma götürülmüş və 20.08.2021-ci tarixində pozitiv aşkar edilmişdir. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin 09 fevral 2022-ci il tarixli, 109/2 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmü ilə təyin edilmiş cəzadan 05 ay 03 gün çəkilməmiş olaraq qalmışdır. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 319-1.1-ci maddəsi ilə, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmasında təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 67.1 maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzaya Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirməklə ilə qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 05 ay 03 gün hissəsi qismən birləşdirməklə qəti olaraq üzərində 1 (bir) il 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar