Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-121/2021 06.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Yevlax rayonu Bünyadabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Bünyadabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə, saat 23 radələrində Yevlax rayonu Yeni Çobankərə kəndində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə yumruq zərbələri ilə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 07.07.2021-ci il tarixdə yaşadığı kənddə camaatın arasına gəlmiş və əhalini 11.07.2021-ci il tarixdə “Karvan” stadionunda olacaq futbola dəvət etmişdir. Bu zaman Faiq nalayiq sözlərlə demişdir ki, bu kənddə stadion da, futbol da yoxdur. O da Faiqə demişdir ki, “sən axmaq işlərlə məşğul olma, futbol oynamırsansa heç olmasa gəl futbola bax”. Bundan sonra Faiq onun yanına gəlmiş və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Faiq ona demişdir ki, “axşam məni söhbətə çağırmayan şərəfsizdir, özünü tanımayan oğlandır”. O da elə həmin gün saat təxminən 23 radələrində Faiqin evinin çəpərinin yanına gedib telefonuna zəng etmiş və Faiqi elə öz çəpərlərinin yanına çağırmışdır. Faiq onun yanına gəlmiş və yenə sözlə aralarında mübahisə baş vermişdir. 40-50 saniyə sonra aralarında dava düşmüş və o, təxminən 5-6 dəfə yumruqla Faiqin sifət və baş nahiyəsinə vuraraq onu döymüşdür. Faiq özünü itirmiş və yıxılmışdır. Faiq ayaqları üstə sərbəst dayanıb ayıldıqdan sonra o çıxıb getmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Davaya səbəb futbol üçün camaata xəbərdarlıq edəndə Faiqin ona kobud sözlər deməsi olmuşdur. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhdə etdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 07.07.2021 -ci il tarixdə saat 18-19 radələrində kəndin içində kənd camaatı ilə oturub söhbət edən vaxt Elçin oraya gəlib “şərəfsiz işlərin dalınca düşməyin, gəlin futbol oyununa yazılın” demişdir. O da Elçinə demişdir ki, “o nə sözdür danışırsan”. Elçin isə ona demişdir ki, “axşam səni yığacam söhbət edərik”. Ancaq aralarında həmin vaxt heç bir dava olmamışdır. Axşam saat 23 radələrində Elçin ona zəng etmiş və demişdir ki, onu çəpərlərinin yanında gözləyir. O da tək evdən çıxmış və çəpərin yanına getmişdir. Oraya çatan kimi Elçin yumruqla onu bir dəfə vurmuşdur. Bundan sonra o, huşunu itirmiş və yıxılmışdır. Ayılan zaman yerdə uzanıqlı vəziyyətdə olduğunu və Elçinin onu orda qoyub getdiyini görmüşdür. Elçinlə barışmadığını, ondan şikayətçi olduğunu və onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 07.07.2021-ci il tarixdə axşam saatlarında o, qardaşı oğlu Faiqin evinə getmişdir. Orada görmüşdür ki, Faiqin üzündə çoxlu xəsarətlər var və xəsarətləri ciddidir. O, Faiqdən nə olmasını soruşanda demişdir ki, bir az əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs onu öz çəpərlərinin yanında döymüşdür. O isə bu haqda DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ancaq rayon polis şöbəsində ərizəni Zərərçəkmiş şəxs özü yazmışdır. Faiqlə Elçinin arasındakı davanın şahidi olmamış və olanları Faiqin dediklərindən eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə tibbi ekspertizasının 08 iyul 2021-ci il tarixli, 399 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- sifətin sol yarısının şişkiniliyi, sol almacıq sümüyünün sınığı, sol göz ətrafı nahiyyənin dərialtı hematoması, ağlı qişaya yayılmış qansızma, sol qulaq seyvanının sıyrığı, üst dodağın selikli qişasının əzilmiş yarası, sol ənsə nahiyyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 07.07.2021-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlərdən sol almacıq sümüyünü sınığı səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz ətrafı nahiyənin dərialtı hematoması səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər isə sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (iş vər.7-8); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15.07.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər. 26); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.02.2009-cu il təvəllüdlü, 22.05.2011-ci il təvəllüdlü və 27.06.2012-ci il təvəllüdlü uşaqları var. (iş vər. 24); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-121/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-121/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver