Məhkəmə qərarları › İş №1(039)-121/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-121/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-121/2024 10.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından azad edilmiş, cəzasını çəkib qurtarmamış, Yevlax şəhəri H.Z.Tağıyev küçəsi ev 50də qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, 10 aprel 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükümdə 0,493 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 10 aprel 2024-cü il tarixdə saat 20:10-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospektində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün saat 21:10-dan 21:40-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynində olan şalvarın sağ yan cibindən həmin 0,493 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamini aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü il aprelin 10-da saat təxminən 19:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerdən 1 ədəd siqaret qutusu tapmış, həmin siqaret qutusunun içərisinə baxdıqda siqaret qutusunun içərisində bir ədəd sellofan bükülü olduğunu görüb həmin sellofan bükülünü açıb baxmış və sellofan bükülüdə «patı» deyilən psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, əvvəllər də metamfetamin istifadə etdiyi üçün həmin sellofan bükülüdəkinin metmafetamin olduğunu bilmiş və özü istifadə etmək üçün cibinə qoyaraq saxlamışdır. Təxminən yarım saat sonra, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində Yevlax şəhəri H.Əliyev prospekti ilə piyada gedən zaman Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Müdafiəçi özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əlində olan mobil telefonu, əynindəki şalvarın sağ arxa cibindən 2 manat pul əskinazını və əynindəki şalvarın sağ yan cibindən içərisində «patı» yəni psixotrop maddə olan metamfetamin olan bir ədəd sellofan bükülünü çıxardaraq təqdim etmişdir. O, sellofan bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq psixotrop maddə olan metamfetaminə bənzədiyini demişlər. Təhqiqatçı həmin bükülüdə olan metamfetamini sellofan bükümlə birlikdə elektiron tərəzidə çəkmiş və sellofan bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq möhürləmişdir. O və müdafiəçisi Müdafiəçi zərfin üzərin imzalamışlar. Təhqiqatçı psixotrop maddə olan metamfetamini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini bildirmişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 10 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən İlkinin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra İlkinin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və Yevlax rayon polis şöbəsinin 10 aprel 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili X3 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində o, polis əməkdaşı Teymurla birlikdə Yevlax şəhəri H.Əliyev prospektində İlkinin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. İlkinə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. İlkin üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4ə təhvil vermişlər. X4 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə İlkinin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı İlkin əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində «şüşə», yəni psixotrop maddə olan metamfitamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Yevlax şəhəri H.Əliyev prospetində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X4 bükülünü açmış, o, bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğunu görmüşdür. Tərxan Allahverdiyev həmin kütləni sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, həmin kütləni sellofan bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. İlkin və müdafiəçisi Müdafiəçi zərfin üzərini imzalamışlar. Tərxan Allahverdiyev zərfdə qablaşdırdığı maddənin metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra İlkinin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Tərxan Allahverdiyev protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cavid Qabil oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X10 11 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/357 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,493 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 06 may 2024-cü il tarixli, 790 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Hakim adlı azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)- 197/2023 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 10 aprel 2024-cü ildən hesablanmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,443 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 69.10 manat (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 (otuz) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 12 (on iki) günü təyin olunmuş cəzaya qismən birləşdirilməklə, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətdə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 10 aprel 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,443 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar