Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-125/2022 28.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, Barəsində şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi “Konsensus” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə X3 tərəfindən X2 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. X3 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdə X5 imtahanında iştirak edərək respublika üzrə rekord bal toplamış və Xırdalan şəhəri 10 saylı tam orta məktəbdə müəllim işləməyə başlamışdır. 2015-ci il tarixdə Bakı Dövlət Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2017-ci il tarixdə magistraturanı fərqlənmə ilə bitirmişdir. 2018-ci il tarixdə isə həmin universitetin doktorantura pilləsinə dövlət sifarişi əsasında qəbul olmuş və hal hazırda müdafiə ərəfəsindədir. 04 iyun 2022-ci il tarixdə Emil Tağıyev adlı şəxs özünə məxsus olan “Facebook” sosial şəbəkəsində olan “Təhsil Xəbərləri” və “Təhsil Formu-2022” adlı səhifələrdə onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, həmçinin şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Belə ki, Emil Tağıyev 04 iyun 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifələrdən onun barəsində “Xırdalan məktəblərindən birində Şəfəq adlı filoloq yaman canfəşanlıq edir ki, əvvəlki “padruşkası” olan rüşvətxorluq üstə işdən azad olmuş direktor yenidən işə bərpa olunsun. Yeni təyin olunmuş direktor haqqında qərəzli şəkildə, şər böhtan xarakterli yazılar yazdırır. O, Şəfəqə deyin ki, direktorun haqqında belə yazılar dərc etdirdiyinə ilk öncə get geyimlərinə diqqət et, az qala şortiklə məktəbə gələsən”, “Düşük insanlar həmişə kiminsə haqqında sifariş yazı dərc etdirir, sonra siz deyən kimi gülüb keçir, çünki ar həya yoxdur beləsində”, “Samira Pashazade mən sifariş yox pramoy sifətinə tüpürəcəm 2-ci gün məktəbdə” yazılarını yazmışdır. Azərbaycan dilinin frazeologiya lüğətində “üzünə tüpürmək” - yol verdiyi qəbahətə görə təhqir etmək, bərk danlamaq, söymək; ...abrını ətəyinə bükmək kimi məna ifadə etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, X6 onun şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətini alçaldan məlumatlar yaymış, işgüzar nüfuzuna xələl gətirən hərəkətlər etmiş, ona böhtan atmışdır. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi vardır və X6 həmin maddələr ilə təqsirli bilinib cinayət məsuliyyət cəlb olunmalıdır. Onda əsaslı şübhələr var ki, X6 bu yazıları Xırdalan şəhəri 10 saylı tam orta məktəbinin direktoru Əzizə xanımın göstərişi ilə yazmışdır. Belə ki, X6 bir neçə dəfə məktəbə gələrək Əzizə xanımla görüşmüşdür. Əzizə xanım barəsində sosial şəbəkdə yazı dərc olunmuş və o, bu yazının onun tərəfindən yazılmasını güman edərək barəsində həmin forumda yazıların yazılmasına tapşırıq vermişdir. Odur ki, onun barəsində həmin saytda yalan məlumat yaydığına görə X6 haqqında Azərbaycan Respublikası CM-in 147.1, 147.2-ci maddələrinə əsasən ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, şikayətinin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışı təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X6 şikayət ərizəsinin əsassız olduğunu bildirdi və əlavə olaraq qeyd etmişdir ki, həmin məlumatlar onun saxta profil tərəfindən paylaşılmışdır. Odur ki, şkayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxsin müdafiəçisi “Konsensus” Vəkil bürosunun vəkili Müdafiəçi şikayət ərizəsinin tam qanunsuz və əsassız olduğunu bildirdi və əlavə olaraq qeyd etmişdir ki, “Facebook” sosial şəbəkəsində olan “Təhsil Forumu-2022” və “Təhsil xəbərləri” adlı səhifələrin onun hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən yaradılmasına dair xüsusi ittihamçı tərəfindən heç bir əsaslı sübut təqdim edilmədiyindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində şikayət verilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X6 tərəfindən törədilməsini və iş materiallarında təqdim edilmiş sübutlarda mövcud olan “Təhsil Forumu- 2022” və “Təhsil xəbərləri” adlı səhifələrin X4 məxsusluğunu sübut edən halların göstərilməsi qanunvericinin tələbidir və həmin sübutların məhkəməyə təqdim olunmaması məhkəmənin hazırlıq iclasında şikayətin icraata qəbul olunmaması üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə tərəflərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.4-cü maddəsinə əsasən xüsusi ittiham öz hesabına və ya məhkəmə vasitəsi ilə sübutların məhkəməyə təqdim edilməsini təmin etmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə, xüsusi ittihamçın tərəfindən Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsinə əsasən , “Facebook” sosial şəbəkəsində olan “Təhsil Forumu-2022” və “Təhsil xəbərləri” adlı səhifələrin X4 məxsus olmasına dair məhkəmə hazırlaq iclasında hər hansı sübutun təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli, 3 saylı Plenum Qərarının 11 -ci bəndinə əsasən, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPMnin 293.3.1-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CpM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti əsasında X2 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-125/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-125/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver