Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-128/2021 04.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Biləcəri qəsəbəsi 1 may küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Yevlax rayonu Aran-1 qəsəbəsi ərazisindən keçən 304-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli, qarşıda yolun sağ çiynində avtomobilin dayanmasını nəzərə almalı, həmin avtomobildən təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda, bunu etməyərək 70 km/saat sürətlə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman, yolun sağ yol çiyninə doğru istiqamətlənib avtomobilin qabaq sağ hissəsi ilə həmin istiqamətin sağ yol çiynində tam dayanmış vəziyyətdə olan sürücü X4 idarə etdiyi "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq Qazax rayon istiqamətinin sağ yol çiynində, yol çiyninin başlandığı yerdən sağa doğru 1,6 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıdan "VAZ 21013" minik markalı avtomobilin sürücüsü X4 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, bundan başqa X5 məxsus "VAZ 21013" minik markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilə 3424 manat məbləğində və Zərərçəkmiş şəxs məxsus "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4165 manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 05 may 2021-ci il tarixdə saat 09:05 radələrində idarə etdiyi "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC-də şirniyyat xammalı yüklənmiş və həmin MMC-də ekspeditor işləyən Şahid1 ilə birlikdə yola çıxmışlar. O, avtomobili idarə etmiş, Həşim də avtomobildə qabaq sağda oturmuşdur. Onlar Mingəçevir şəhərinə getmişlər, orada təhvil verəcəkləri malı təhvil vermişlər, sonra Gəncə şəhərinə getmək üçün Bakı-Qazax yoluna çıxmışlar. Saat təxminən 17:00 radələrində Bakı-Qazax yolu ilə Gəncə şəhər istiqamətində, Yevlax rayonu Aran qəsəbəsi ərazisi ilə yolun sağ zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olan zaman təxminən 100 metr qarşıda yolun sağında torpaq ehtiyat hissəsi ilə onunla eyni istiqamətdə markasını və qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin asta sürətlə hərəkət etdiyini görmüşdür. O, həmin avtomobilə çatana yaxın həmin avtomobil sağdan ehtiyat hissədən çəpinə onun yoluna çıxıb hərəkət etməyə başlamışdır. Tam yola düzəlib hərəkət edən zaman idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin arxa hissəsindən vuraraq toqquşmuşdur. Həmin avtomobil onun yoluna çıxıb hərəkət edən zaman ara məsafəsi yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomobil və toqquşduğu avtomobil yolun sağına doğru istiqamətlənmişdir, onun idarə etdiyi avtomobil sol yanı üstə aşıb dayanmışdır. "VAZ 21013" minik markalı avtomobil də yolun sağında dayanmışdır. Hadisə nəticəsində o, xəsarət almamış, lakin Həşimin başı qabaq şüşəyə dəydiyi üçün xəsarət almışdır. Sonra onlar avtomobildən çıxmışlar. Görmüşdür ki, toqquşduğu avtomobildəki sürücü huşsuz vəziyyətdədir. O, hadisə yerindən polisin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həşim özünü pis hiss etdiyi üçün yol avtomobilinə minib Gəncə şəhərinə xəstəxanaya getmişdir. O, hadisə yerində qalmış, ətrafdan adamlar hadisə yerinə gəlmişlər, orada tanımadığı bir kişi ona demişdir ki, toqquşduğu avtomobilin sürücüsü burada yaxınlıqda yaşayır, yaxınlarına məlumat veriblər, yaxınları hadisə yerinə gələcəkdir. O da ehtiyat etmişdir ki, həmin sürücünün yaxınları gəlib ona zərər törədərlər. Ona görə də hadisədən aralıda yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanına gedib orada dayanmışdır. Oradan görmüşdür ki, hadisə yerinə polislər və təcili tibbi yardım gəlmişdir. O, yoldan keçən yol polis patrul avtomobilinə əl edib saxlatmış və "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu demişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə təxminən 2 ton şirniyyat xammalı yükü olmuşdur. Hadisədən əvvəl o, spirtli içki qəbul etməmişdir, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. "VAZ 21013" minik markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 05 may 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Yevlax rayonu Aran-1 qəsəbəsi ərazisindən keçən 304-cü kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş X7 atasıdır. "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Hidayətə məxsus avtomobildir. Atası həmişə onlara məxsus mal-qaranı aparıb yaşadığı evin yaxınlığında Bakı-Qazax yolunun Qazax rayon itiqamətinin kənarında otlaq sahəsində otarmış, malqaranı otarmağa idarə etdiyi avtomobillə getmiş, avtomobili Qazax rayon istiqamətinin sağında ehtiyat hissədə saxlayıb mal-qaraya nəzarət etmişdir. 05 may 2021-ci il tarixdə atası həmişəki kimi idarə etdiyi avtomobillə mal-qaranı otlaq sahəsinə aparmış, həmin günü hava yağışlı olmuşdur. Saat təxminən 17:10 radələrində qonşusu Tamerlan ona zəng edib bildirmişdir ki, yaşadıqları evin yaxınlığında mal-qaranı otardığı yerin yaxınlığında atasının avtomobilini bir yük avtomobili arxadan vurmuşdur, atasının vəziyyəti pisdir. O, hadisə yerinə gələndə görmüşdür ki, atası huşsuz, hərəkətsiz vəziyyətdədir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, atasını oradan Yevlax rayon tibb ekspertizasına aparmışlar, ekspertizadan sonra atasının meyitini yaşadıqları evə gətirmişlər. Səhəri günü, yəni 06 may 2021-ci il tarixdə atasını Yevlax rayon Aran qəsəbə qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs, onlara vurduğu maddi və mənəvi ziyanı ödəməmiş, atasının yas mərasimlərində iştirak etməmiş, onlarla barışmağa cəhd etməmişdir. Bu səbəblərdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanışıdır, onunla münasibəti yaxşıdır. Hadisə zamanı Yəhyənin idarə etdiyi "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur. Təqsirləndirilən şəxs işsiz olduğu üçün, onunla dost münasibəti olduğundan özünə məxsus avtomobili etibarnamə ilə işlətməsi üçün ona vermişdir. Onun Bakı şəhərində yerləşən "xxxx" MMC ilə rəsmi müqaviləsi vardır, belə ki, ona məxsus avtomobillə həmin MMC-nin şirniyyat xammalını rayonlara daşıyır. 05 may 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Həşim ona zəng edib demişdir ki, Bakı-Qazax yolu ilə Gəncə şəhərinə gedən zaman, Yevlax rayonu Aran qəsəbəsi ərazisində Yəhyə idarə etdiyi ona məxsus avtomobillə qəza törətmişdir. Hadisə zamanı ona məxsus Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir, buna görə ona maddi zərər dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 05 may 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Bakı-Qazax yolunun Qazax rayonu istiqamətinin sağında yoldan təxminən 150 metr aralıda otlaq sahəsində Hidayət Camalova məxsus danaları otaran zaman hava yağışlı olmuşdur. Hidayət Camalov da idarə etdiyi "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayon istiqamətinin sağında avtomobilin içərisində yolun sağ hissəsində məftillə çəpərləmiş ərazidə inəklərə nəzarət etmişdir. O, danaları otaran zaman yoldan taqqıltı səsi eşitmiş, baxanda görmüşdür ki, Hidayət Camalovun avtomobilin dayandığı yerdən sağa çıxıb dayanmışdır. Bir yük avtomobili də aşmış vəziyyətdədir. O, tez dayandığı yerdən qaçıb hadisə yerinə gəlmiş, Hidayət Camalov avtomobilin içərisində huşsuz vəziyyətdə olmuşdur. Toqquşan avtomobil aşmış vəziyyətdə olmuşdur. O, X2 zəng edib hadisəni bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 05 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu Aran-1 qəsəbəsi ərazisindən keçən 304cü kilometrliyində yerləşən avtomobil yolunda baş vermişdir. Avtomobil yolu 2 istiqamətlidir, Bakı şəhər və Qazax rayon istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur, hər iki istiqamət dəmir arakəsmə ilə ayrılır. Hər iki istiqamətdə iki hərəkət zolaqları vardır, zolaqlar ağ qırıq xətlərlə ayrılır. Hər iki istiqamət üçün yol örtüyünün eni 12,1 metrdir, hərəkət hissənin eni 7,5 metrdir, həmin istiqamətin sağında 2,8 metr enində yol çiyni yerləşir, hadisənin baş verdiyi yerdə 110 km/saat sürət nişanı vardır. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə Qazax rayon istiqamətində sağ yol çiynində soldan sağa doğru 1,6 metr məsafədə toqquşmuşdur. (iş vər.6-27); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş 05 may 2021-ci il tarixli, 129 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə saat 20:00-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 31.03.2017-ci il tarixdə verdiyi AC seriyalı 537140 nömrəli sürücülük vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə 31.03.2027-ci ilədək qüvvədədir. (iş vər.30); məhkəmə-tibb ekspertizasının 31 may 2021-ci il tarixli, 12 №li rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X4 meyitində aşkar edilmiş xəsarətlər - onurğa beyninə qansızma ilə müşayiət olunan İ-İİ boyun fəqərələrinin qapalı sınığı, boyunun sağ yan səthinin və sol çiyin qurşağının sıyrıqları bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə bir başa əlaqəlidir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. X4 bilavasitə ölməsinə səbəb onurğa beyninin boyun şöbəsinə qansızma ilə ağırlaşan boyun fəqərələrinin sınığı olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. X4 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər gücü təsiredici preparatlar aşkar edilməmişdir. (iş vər.123-125); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəqliyyat vasitələrin təmirinə dair smetada görünür ki, yol nəqliyyatı hadisəsi zamanı “VAZ 21013” markalı **-BB-***3 nömrə nişanlı avtomobilə 3424 manat dəyərində ziyan vurulmuşdur.(iş vər.88-89); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymət təklifindən görünür ki, yol nəqliyyatı hadisəsi zamanı “Hyundai HD65” markalı **-OT-*** nömrə nişanlı avtomobilə 4165 manat dəyərində ziyan vurulmuşdur.(iş vər.143-144); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 02 iyul 2021-ci il tarixli, 8/1337 saylı rəyindən görünür ki, "Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Yol nəqliyyat hadisəsinin sxemindən və əlavə edilmiş fotoşəkillərdən məlum olduğu kimi, toqquşmanın "Hyundai HD65" yük markalı avtomobilin qabaq hissəsi ilə "VAZ 21013" minik markalı avtomobilin arxa hissəsi arasında baş verməsi və toqquşmadan sonra avtomobillərin yoldan sağ tərəfə çıxması istintaq zamanı müəyyən edilmiş mexanizmlə ziddiyyət təşkil etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.(iş vər.137- 139); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 iyul 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 181-183); maddi sübut kimi tanınma haqqında 06 iyul 2021-ci il tarixli qərardan və 07.07.2021-ci il tarixli qəbzlərdən görünür ki, “Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil və "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və sahiblərinə qaytarılmışdır. (iş vər.140-142); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 118); AZ-İİ seriyalı 437083 nömrəli və AZ-İİ seriyalı 962541 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 06.09.2009-cu il təvəllüdlü və 22.03.2012-ci il təvəllüdlü uşaqları vardır. (iş vər. 114-115) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, cinayət nəticəsində vurulmuş ziyanı aradan qaldırmamısını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməmisini onun şəxsiyyətinin səciyyələndirən mənfi hal kimi nəzərə alır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut hesab edilən avtomobillər sahiblərinə qaytarılması nəzərə alınmalı,ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və “Hyundai HD65" yük markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və "VAZ 21013" minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-128/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-128/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver