Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-131/2021 21.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 29 iyun 2020-vi il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 01 il müddətinə şərti sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 06 iyun 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, M.Qasımov küçəsi, ev 13-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasının inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd göy-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,350 qram və 0,022 qram olmaqla ümumi təmiz çəkisi 0,372 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarın sağ yan cibində saxlamış, 04 iyun 2021-ci il tarixdə saat 20:01 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 20:50 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram və 0,022 qram olmaqla ümumi təmiz çəkisi 0,372 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Düşəndə narkotik vasitə olan heroindən istifadə etmişdir. 04 iyun 2021-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı küçə ilə şəhərə tərəf gedərkən yerdə 1 ədəd siqaret qutusu görüb və həmin siqaret qutusunu açıb içərisinə nəzər saldıqda siqaret qutusunda iki ədəd kağız büküm olduğunu görmüşdür. Kağız bükümləri açıb içinə baxdıqda həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu görüb özü istifadə etmək üçün əynindəki şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Həmin gün yəni, 04.06.2021-ci il tarixdə saat təxminən 20 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində olan zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim etdərək polis əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğumu deyərək onlarla polis şöbəsinə getməli olduğunu bildirmişdirlər. Polis şöbəsinə gətirdikdən sonra təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu deyərək vəkillərin siyahısını ona təqdim etmiş, vəkillərin siyaısından vəkil Müdafiəçi hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Təhqiqatçı hüqüq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirtmiş və ona üzərindəki əşyaları təqdim etməyini bildirmişdir. Həmin vaxt əynindəki şalvarın sağ yan cibində özünə məxsus iki ədəd içərisində narkotik vasitə heroin olan kağız bükülüləri çıxardıb təqdim etmişdir. Həmin bükülülərdəkinin narkotik vasitə olan heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün üzərimdə saxladığını bildirmişdir. Polis əməkdaşları həmin bükülülərin içərisindəki kütləyə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini bildirmiş, daha sonra təhqiqatçı həmin kütləni kağız bükülülərlə ilə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 0,48 qram olmuşdur. Heroinləri özü istifdə etmək üçün üzərində saxlamışdır. Ümumiyyətlə heç kimə narkotik vasitə satmamış və belə fikri də olmamışdır. Məhkəmədən CM-nin 234.1-ci maddəsi iə özünü təqsirli bildiyini və əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 iyun 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində xidmətdə olarkən Yevlax şəhəri, M.Qasımov küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra saat təxminən 19:45 radələrində PPXB-nün polis nəfəri Şahid2la birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. Məlumat əsasında Yevlax şəhəri, Heydər Əliyev prospekti istiqamətində getmiş, saat təxminən 20:00 radələrində orada Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu və polis şöbəsinə getməli olduğunu bildirmişlər. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlələr tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 04 iyun 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində xidmətdə olarkən Yevlax şəhəri, M.Qasımov küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı CAB-nin əməliyyat müvəkkili Şahid1 qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra saat təxminən 19:45 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. Məlumat əsasında Yevlax şəhəri, H.Əliyev prospekti istiqamətində getmişlər. Təxminən saat 20:00 radələrində orada Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu deyərək, onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlələr tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan siqaret kağızına bükülmüş iki ədəd bükülnü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin 05 iyun 2021-ci il tarixli 17/399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,350 qram və 0,022 qram, ümumi təmiz çəkisi-0,372 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq-0,322 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 24 iyul 2021-ci il tarixli 868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Mingəçevir şəhər Məhkəməsinin 29.06.2020-ci il tarixli 1(051)-69/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 29 iyun 2020-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərk 01 (bir) il müddəti müəyyən edilməklə şərti hesab edilmiş və cəzasından 10 (on) ay 13 (on üç) gününü çəkmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 06 iyun 2021-ci il tarixli 4(039)-73/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyun 2021-ci il tarixdən seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji Kabinet tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 1378 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə cinayət işinin materiallarında hər hansı sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satması qənaətinə ibtidai istintaq orqanı əməliyyat axtarış tədbirinin nəticələrinə əsasən gəlmişdir. Lakin bu hal üzrə məhkəmə istintaqı zamanı bu barədə təsdiqedici ifadə verməmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun narkotik vasitələri satmaq niyyətində olması, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi halı müəyyən edilməmişdir. Əksinə məhkəmə prosesi vaxtı şahid qismində dindirilmiş polis əməkdaşları məhkəməyə verdikləri ifadələrdə Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə onlarda hər hansı məlumatın olmadığını bildirmişlər. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, narkotik vasitə iki ayrı-ayrı kağız bükümdə olmuş, təqsirləndirilən şəxsdə narkotik vasitələrin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması məhkəməyə qədər və məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd ayrı-ayrı kağız bükümlərdə olan narkotik vasitənin 0,372 qram olması həmin narkotik vasitənin satış məqsədi ilə saxlanıldığını birbaşa təsdiq etmək üçün yetərli olmamaqla, hazırki iş üzrə həmin narkotik vasitənin satış məqsədi ilə saxlanması digər mötəbər, habelə, əsaslı şübhələrdən kənar olan, bir-biri ilə vəhdət təşkil edən və biri digərini tamamlayan sübutlarla əhatə olunmadığından narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən məhz alqı-satqı niyyəti ilə saxlanıldığı sübut edilmir. Belə ki, Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında verdiyi ifadəsində etiraf etdi ki, düşəndə narkotik vasitələrdən istifadə edir. Belə olan halda, Təqsirləndirilən şəxs bu və ya digər mənbələrdən əldə etdiyi narkotik vasitəni özünün müntəzəm istifadəsi üçün saxlaması halı da istisna edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin iki ayrı-ayrı bükümdə olması hələ onun satış məqsədi ilə əldə olunmasını və satış məqsədi ilə saxlanmasını iddia etmək üçün mütləq əsas deyildir və yalnız bu əsasla şəxsin əməlinin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və saxlanması kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxs və şahidlərin verdikləri ifadələrlə, ekspertiza rəyi, cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 0, 372 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, lakin onun qanunsuz olaraq 0,372 qram yəni, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etdiyi və saxladığı sübut olunduğundan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddə ilə də cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən səmimi olaraq peşman olmasını, Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 29 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və şərti məhkum etmə ləğv edilməli, çəkilməmiş qalan cəzası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,322 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 29 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və şərti məhkum etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş qalan cəzası qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,322 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-131/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-131/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver