Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-131/2024 19.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 aprel 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində spirtli içkinin təsiri altında Yevlax şəhəri Nizami prospektində yerləşən ictimai yer olan “50 qəpik avtoyuma” adlanan avtomobillərin yuyulması məntəqəsində Zərərçəkmiş şəxs1 özünə məxsus VAZ-21070 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilini yuduğunu görərək ona yaxınlaşıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 münaqişəyə cəlb etmək məqsədilə sonuncunu nalayiq sözlər işlətməklə söymüş, sonra öz hərəkətlərini davam etdirərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan digər şəxsin gözü qarşısında xuliqanlıq niyyətilə qəsdən əynində olan şalvarın istintaqla müəyyən edilməyən kəmərini çıxarıb əlində tutub silah qismində istifadə edərək həmin kəmərin dəmir başlığı ilə Məhəmməd Əmədovun yanında olan Zərərçəkmiş şəxs2 sol göz nahiyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol gözətrafı nahiyənin şişkinliyi və qançırı, sol gözün ağlı qişasına yayılmış qansızma xəsarətlərini yetirmiş, sonra həmin kəmərin dəmir başlıq hissəsi ilə Zərərçəkmiş şəxs1 məxsus VAZ-21070 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif yerlərinə qəsdən vuraraq həmin avtomobilin 45 manat dəyərində ön şüşəsini, 45 manat dəyərində sağ yan şüşəsini və 30 manat dəyərində arxa banper adlanan hissəsini vurub qıraraq yararsız hala salıb Zərərçəkmiş şəxs1 cəmi 120 (yüz iyirmi) manat dəyərində əmlakının məhv edilməsi ilə müşayiət edilən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, yaşadığı evdə spirtli içki olan pivə içmiş və küçəyə çıxmışdır.O, küçə ilə gedən zaman Nizami prospektində yerləşən 50 qəpik avtoyuma məntəqəsinə yaxınlaşan zaman iki nəfər şəxsin orada maşın yuduğunu görmüşdür.Həmin şəxslərdən biri ona salam vermişdir. O, sərxoş olduğu üçün onun salamını qəbul etməmiş və onlarla dalaşmaq qərarına gəlmişdir. Onların aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, belindəki kəmərini açaraq həmin şəxsin qarın nahiyyəsinə vurmuşdur. Onlar avtomobilə əyləşib getmək istəyən zaman o, əlindəki kəmərin dəmir hissəsi ilə orada olan avtomobilə minmək istəyən digər şəxsi də vurmuş və daha sonra avtomobilin sağ yan şüşəsini sındırmışdır. Bundan sonra onlar avtomobili geri verən zaman o, əlindəki kəmərin dəmir hissəsi ilə həmin VAZ-2107 markalı **-DJ-*** qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsini sındırmış və həmin avtomobilin arxa bamperini təpiklə vurmuşdur. O, avtomobilə zərbələr endirdikdən sonra onlar avtomobili sürərək oradan uzaqlaşmışdılar. Etdiyi əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslərlə barışmışdırlar. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Vurduğu maddi ziyanı könüllü olaraq aradan qaldırmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə ona məxsus VAZ 2107 markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomaşınla Nizami prospektində yerləşən 50 qəpik avto yuma məntəqəsinə gəlmişlər. Orada dostu Sənan ilə maşını yuduqdan sonra maşını qurulayan zaman 1 nəfər tanımadığı şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşmışdır. Onlar həmin şəxsə salam vermişlər, lakin həmin şəxs onlara qarşı ucadan nalayiq ifadələr işlətmişdir. O, dostu Sənanla birlikdə həmin şəxsdən onları təhqir etməməsini xahiş etmişdir. Həmin vaxt tanımadığı şəxs belindən kəməri çıxararaq kəmərin dəmir hissəsi ilə onun sol qabırğasının üstünə vurmuşdur. Həmin vaxt o, dostu Sənandan maşına oturmasını və oradan uzaqlaşmasını istəmişdir. Sənan avtomobilə əyləşən zaman həmin şəxs qəfildən kəmərin dəmir hissəsi ilə Sənanı da vurmuşdur. Daha sonra həmin şəxs avtomobilin sağ yan şüşəsini qırmışdır. O, avtomobili arxaya verib oradan uzaqlaşmaq istəyən zaman həmin şəxs belindəki kəmərin dəmir başlığı ilə avtomobilin ön alın şüşəsini sındırmış və avtomobilinin arxa bamperini təpikləyərək yararsız hala salmışdır. O,avtomobilini sürərək oradan uzaqlaşmış və dostu Zərərçəkmiş şəxs2 xəsarət aldığı üçün onu xəstəxanaya aparmış və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını, hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə ona məxsus VAZ 2107 markalı,**-DJ-*** qeydiyyat nişanlı avtomaşınınla Nizami prospektində yerləşən 50 qəpik avtoyuma məntəqəsinə gəlmişlər. O, orada dostu Məhəmmədlə birlikdə onun maşınını yuduqdan sonra maşını qurulayan zaman 1 nəfər tanımadığı şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşmışdır. Onlar həmin şəxsə salam vermişlər. O, isə bildirmişdir ki, onlar kimdir ki, ona salam verirlər və onlara qarşı nalayiq ifadələr işlətmişdir.O, dostu Məhəmmədlə birlikdə həmin şəxsdən onları təhqir etməməsini xahiş etmişlər.Həmin vaxt tanımadığı şəxs dostu kəməri çıxardıb Məhəmmədin sol qabırğasının üstünə vurmuşdur. Məhəmməd ondan maşına oturmağı və oradan uzaqlaşmağı istəmişdir. O, avtomobilə əyləşmək istəyən zaman həmin şəxs qəfildən kəmərlə onun göz nahiyəsindən vurmuşdur, kəmərin dəmir hissəsi onun gözünə dəymişdir. Sonra həmin şəxs kəmərlə avtomobilin sağ yan şüşəsini qırmışdır. Məhəmməd avtomobili arxaya verib oradan uzaqlaşmaq istəyən zaman həmin şəxs əlindəki kəmərin dəmir başlığı ilə avtomobilin ön alın şüşəsini sındırmış və avtomobilin arxa bamperini təpikləyərək yararsız hala salmışdır. Məhəmməd avtomobili sürərək oradan uzaqlaşmış və o, xəsarət aldığı üçün onu xəstəxanaya aparmış və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 207 nömrəli rəyindən görünür ki, X1 bədənində onun travma almasını göstərən obyektiv məhkəmətibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 208 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət sol gözətrafı nahiyəsinin şişkinliyi və qançırı, sol gözün ağlı qişasına yayılmış qansızma küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21070” minik markalı, ** DJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs1 mülkiyyətindədir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə ƏQ- 339/2024 saylı, 02 may 2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21070” markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın xx.xx.2024-cü il tarixə real bazar dəyəri 120 ( bir yüz iyirmi) manat təşkil etmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-167/2024 saylı hökmündən və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(039)-4/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün hisəsi 01 (bir) il 02 (iki) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 4(039)-35/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus olan «VAZ 21070» markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı minik avtomobili qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 13 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus olan «VAZ 21070» markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. Məhkəmə dövrü üçün göstərilən 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-131/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-131/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver