Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-132/2020 27.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olması orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Əzizov küçəsi, ev 45-də qeydiyyatda olan, xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 02:30-da, Yevlax rayonu, Aşağı Bucaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus «Okean» marketə qapısının şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 120 manat pulu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 120 manat dəyərində maddi ziyan vuraraq, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, valideyinləri ilə birlikdə yaşayır və himayəsində iki azyaşlı uşağ var. Heç yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə spirtli içki qəbul etmişdir. Həmin gecə saat təxminən 00:00-da hava almaq məqsədilə küçəyə çıxmış, bir qədər küçədə gəzdikdən sonra sərxoş olduğu üçün oğurluq etmək qərarına gələrək yolun kənarına çıxmışdır. Yoldan keçən VAZ-2106 markalı avtomobili əl ilə işarə verərək saxladıb sürücüdən hansı istiqamətdə getdiyini soruşmuş, avtomobilin sürücüsü Mingəçevir şəhərinə getdiyini bildirmişdir. Həmin avtomobilə əyləşərək hərəkət etməyə başlamış, Yevlax rayonu, Xaldan kəndinin çıxacağındakı körpünü Mingəçevir şəhəri istiqamətində keçəndən sonra sürücüdən avtomobili saxlamasını xahiş etmişdir. Avtomobildən düşərək piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt saat təxminən 02:30 radələri olmuşdur. Mingəçveir istiqamətində yolun sağında yanacaq doldurma məntəqəsi, solunda isə market olduğunu görmüşdür. Həmin marketdən pul oğurlamaq məqsədi ilə marketə yaxınlaşmış, yerdən daş götürüb marketin qapısının şüşəsinə vuraraq sındırmaqla içəri daxil olmuşdur. Marketə girən zaman qapının sınmış şüşəsi onun sağ əlini kəsmişdir. Marketə daxil olandan sonra kassa aparatına yaxınlaşaraq orada olan pulları götürüb marketdən çıxmışdır. Bir xeyli piyada gələrək Xaldan kəndinin çıxacağında yolda dayanıb yol maşını gözləmiş, orada marketdən götürdüyü pulu saymış və 120 manat olduğunu bilmişdir. Yol ilə keçən avtomobillərdən birinə əyləşərək Yevlax şəhərinə gəlmiş, daha sonra isə yaşadığı evə getmişdir. Səhəri gün Yevlax şəhər mərkəzi bazarına gedib marketdən oğurladığı pulun yarısı ilə evə bazarlıq etmiş, qalan pulla özünə şalvar, çəkələk almış və 2-3 gün müddətində öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı odəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmamasını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib mağazasından 120 manat pulun və tütün məmulatlarının naməlum şəxs tərəmindən oğurlanması barədə məlumatı və həmin gün Yevlax rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Yaşadığı kəndin ərazisində «Okean» adlanan marketi olmaqla özü işlətmiş, hər gün səhər saatlarında gəlib mağazanı açmış, axşam isə qapısını bağlayıb getmişdir. Mağazanın giriş qapısı plastik materialdan olmaqla orta hissəsi şüşədən ibarət olmuş, mağazaya girib-çıxan şəxslərin qeydiyyatı aparılması üçün görüntü kamerası quraşdırılmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində mağazanın qapısını bağlayıb evə getmiş, ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixdə səhər saat təxminən 07:30da mağazaya gedən zaman giriş qapısının şüşəsinin sınıq olmaqla qapının açıq olduğunu görmüş və mağazaya girib tez kassaya baxmışdır. Kassada olan 120 manat pulun olmadığını görmüş, sonra marketə nəzər saldıqda siqaret bloklarının da dağıldığını görərək mağazadan tütün məmulatlarından da oğurlandığını güman edərək 102 xidmətinə zəng edib naməlum şəxsin mağazasına girərək 120 manat pul və tütün məmulatlarını oğurlaması barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları da ora gəlib mağazaya baxış keçirmiş, daha sonra yaxınlıqdakı tikinti mallarının satışı mağazasının qarşısında quraşdırılmış görüntü kamerasına baxanda gecə saatlarında bir nəfər 30-35 yaşlarında olan şəxsin sağ əli sarıqlı vəziyyətdə həmin mağazanın qarşısından keçdiyini görmüş, onun mağazasının giriş qapısının şüşəsinin sınmasından və yerdə qan ləkələrinin olmasından görüntü kamerasına düşən əli sarıqlı şəxsin məhz onun mağazasından oğurluq edən şəxs olmasından şübhələnərək mühafizə kamerasının görüntülərini öz mobil telefonuna çəkərək götürmüşdür. Mağazanın kassasında 190 manat pul olduğunu düşünərək ilkin izahat və ərizəsində 190 manat pulunun oğurlanmasını göstərmiş, lakin izahat verəndən sonra kassaya qoyduğu pulu dəqiq hesablayanda kassada cəmi 120 manat pul olduğunu bilmişdir. Ona məxsus marketdən cəmi 120 manat pul oğurlanmış, başqa heç bir əşya oğurlanmamış, ümumilikdə ona 120 manat maddi ziyan dəymişdir. Mağazanın giriş qapısının pəncərə şüşəsinin sınması nəticəsində ona 15 manat maddi ziyan dəymişdir. Sonradan ona məxsus marketdən oğurluq edən və görüntü kameralarına düşən şəxsin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Aşağı Bucaq kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onu xx xxxx 2020-ci il tarixdən sonra tanımış və aralarında heç bir münasibətləri olmamışdır. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 10 radələrində yaşadığı evdə olan zaman evinə Yevlax rayon Polis Şöbəsinin tanımadığı əməkdaşları və bir nəfər şəxs gəlmişdir. Polislərin yanında olan şəxs adının Zərərçəkmiş şəxs olduğunu, Yevlax rayonu, Aşağı Bucaq kənd sakini olduğunu, həmin kəndin ərazisində gündəlik tələbat malları satışı mağazası işlətdiyini, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında oğlu Elməddinin ona məxsus həmin mağazadan 120 manat pulu oğurladığını, oğurluq hadisəsini törədən zaman mühafizə kameralarına düşdüyünü bildirmişdir. Oğlu Elməddindən bu barədə soruşmuş, Elməddin deyilənlərin doğru olduğunu təsdiq edərək Elnura məxsus mağazadan 120 manat pııl oğurladığını etiraf etmişdir. Bundan sonra orada olan polis əməkdaşları Elməddini Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin gün saat təxminən 20 radələrində Yevlax rayon Polis Şöbəsindən oğlu Elməddinin oğurluq əməli törətdiyinə görə şübhəli şəxs qismində tutulması barədə ona məlumat verilmişdir. Elməddinin Elnura məxsus mağazadan oğurluq etməsi barədə heç bir məlumatı olmamış və həmin günə qədər Elməddin ona bu barədə heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(039)-20/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş islah işləri cəzasının 1 günə 3 gün hesabı ilə hesablanmaqla aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 659/2 saylı məktubundan görünür ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(039)-20/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını xx xxx 2019-cu il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli protokolundan görünür ki, Yevlax şəhəri, C.Əzizov küçəsi, ev 45-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu ərazisində saxlanılaraq Yevlax RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığl 02 gün müddət, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün, cəmi 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, C.Əzizov küçəsi, 45 saylı ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alan vaxtadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası R.Bəkirovun yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut 01 ədəd SD disk cinayət işi materialında saxlanılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia veriməmiş, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığl 02 gün müddət, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün, cəmi 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq (01) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, C.Əzizov küçəsi, 45 saylı ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi ümumilikdə 45 (qırx beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-132/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-132/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver