Məhkəmə qərarları › İş №1(039)-134/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-134/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-134/2021 21.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxx 1970-cü il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 28 mart 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 285-ci kilometrində idarə etdiyi “X2 109 CDİ” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saat sürətlə Gürcüstan istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin- sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq yolun hərəkət hissəsinə daxil olub yolu sağdan sola keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilin sağ güzgü hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sol orbitanın lateral divarının və sol almacıq qövsünün yerdəyişmiş sınıqları xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün yerini dəyişən sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra müvafiq orqana xəbər vermədən hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 28 mart 2021-ci il tarixdə günorta saatlarında həyat yoldaşı Şahid2, qonşu kənddən olan tanıdığı üç nəfər və iki nəfər tanımadığı şəxslə birlikdə Bakı şəhərindən çıxıb idarə etdiyi Mercedes-benz Vito 109 markalı, avtomobillə Goranboy rayonuna yola düşmüşdür. Hadisədən əvvəl sağlam və ayıq olmuş, avtomobilidə texniki cəhətdən saz vəziyyədə olmuşdur. Həmin vaxt həyat yoldaşı qabaq oturacaqda, digərləri isə arxada oturmuşdular. Saat təxminən 17:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Gürcüstan istiqamətində hərəkət etmiş, Yevlax rayonunun ərazisində yol ayrıcına çatanda yolun kənarında dayanmış iki nəfər qadın gözləmədiyi halda yolun sağ tərəfindən soluna tərəf qaçmağa başlamışdır. Bu zaman o, həmin qadınları vurmamaq üçün əyləci basıb sükanı sola burmuş və avtomobili sola istiqamətləndirmişdir. Buna baxmayaraq həmin qadınlardan biri avtomobilin sağ yan güzgüsünə dəymiş və həmin qadınlar yerə yıxılmışlar. O, dərhal avtomobili saxlamış və avtomobilində olan sərnişinlərlə birlikdə həmin qadınlara yaxınlaşmışlar. Yaşlı qadına su və salfetka vermiş, sonra isə həmin qadınları taksiyə əyləşdirmiş və özü həmin taksinin arxasıyca getmişdir. Onlar qaçqınlar üçün nəzərdə tutulmuş binaya gedirdilər. Binanın yanında o, həmin qadına 100 manat pul vermiş, yoldaşı isə nömrəsini yazıb həmin qadınlara vermişdir. Həmin şəsxlərin heç bir xəsarəti olmadığı üçün nə polisə, nə də zərərçəkmiş şəxslərə özü barədə məlumat verməmişdir. Sonradan adlarını sonradan bildiyi Ramilə və Aytac ondan şikayət etmişlər. Hazırda zərərçəkmiş şəxslərlə barışımışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 28 mart 2021-ci il tarixdə qızı Aytacla birlikdə şəhid qardaşı Ramiz Həsənovun qəbrini ziyarət etmək üçün Yevlax rayonunda olan Şəhidlər Xiyabanına getmişlər. Şəhidlər Xiyabanında ziyarətlərini bitirdikdən sonra yaşadıqları Bərdə rayonuna qayıtmaq üçün yola düşmüşlər. Aytacla o, Bakı-Qazax-Gürcüstan yolunun digər tərəfinə keçməli olmuşlar. Saat təxminən 17:30 radələrində onlar adi yerişlə yolu sağdan sola keçən zaman Qazax istiqamətində hərəkətdə olan Mersedes markalı mikroavtobusun güzgüsü güclü zərbə ilə onlara dəymiş və yerə yıxılmışlar. Bir anlıq özünü itirmiş, sonra isə ayılmışdı. Tanımadığı şəxs salfetka ilə onun üzünü silirdi. Həmin şəxs sürücü olduğunu bildirmiş, sonra isə onları kənarda olan taksiyə əyləşdirib yola salmışdır. Taksinin arxası ilə gəlib Yevlax rayonu, 32-lər qəsəbəsinə dönən yolda avtomobili saxlatmışlar və həmin sürücü onlara yaxınlaşıb 100 manat pul vermişdir. Sonra isə güzgüsünün zədələndiyini, özünün isə tələsdiyini deyib avtomobilinə əyləşib getmişdir. O Aytacla birlikdə Yevlax rayonu, 32-lər qəsəbəsində yaşayan anası Kübra Həsənovanın evinə getmişlər. Bir gündən sonra onun və qızının ağrıları çoxaldığından həkimə getməli olmuşlar. Maddi imkanları pis olduğundan onları vuran sürücünün kömək etməsi lazım olmuşdur. Lakin onun barədə heç bir məlumatı olmamışdır. Bu səbəbdən sabahısı gün DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Bundan sonra təhqiqatçı gəlib onların izahatını almışdır. Təxminən 3-4 gün sonra adını sonradan bildiyi Xalik adlı sürücü onlara gəlib üzrxahlıq etmiş və onların müalicəsinə köməklik etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi və məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 28 mart 2021-ci il tarixdə günorta saatlarında bibisi oğlu Təqsirləndirilən şəxsla birlikdə Xalikə məxsus Mercedes-benz Vito 109 markalı avtomobillə Bakı şəhərindən çıxıb Goranboy rayonuna yola düşmüşlər. Həmin vaxt o, digər qadınlarla birlikdə arxa oturacaqda, Xalikin həyat yoldaşı Mənzərə isə qabaq oturacaqda oturmuşdur. Saat təxminən 17:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Gürcüstan istiqamətində hərəkətdə olmuşlar. Yevlax rayonu ərazisində yol ayrıcına çatanda yolun kənarında dayanmış iki nəfər qadın gözləmədikləri ani bir halda avtomobilin qabağına qaçmışlar. Bu zaman Xalik bir neçə dəfə siqnal verib həmin qadınlara xəbərdarlıq etmiş və əyləci basıb sükanı sola burmuşdur. Lakin həmin qadınlar sanki fikirli imişlər kimi hərəkətlərini davam etdirmişlər və onlardan yaşlı olan qadın avtomobilin sağ yan güzgüsünə dəyib yerə yıxılmışdır. Xalik dərhal avtomobili saxlamış və onlar yerə düşüb həmin qadınlara yaxınlaşmışlar. Xalik yaşlı qadına su və salfetka vermişdir. Sonra isə onlara təklif etmişlər ki, öz avtomobili ilə onları xəstəxanaya aparsınlar, lakin həmin qadınlar bundan imtina edərək ağ rəngli VAZ 21011 markalı avtomobilə əyləşib yollarına davam etmişlər. Xalik həmin avtomobilin arxasıyca getmişdir. Qaçqınlar üçün tikilmiş evlərə çatmamış həmin avtomobili dayanmışdır. Bu zaman onlar avtomobildən düşüb nəyə görə dayandıqlarını soruşmuşlar. Həmin qadınlar ciddi bir şey olmadığını bildirib yola davam etmələrini bildirmişlər. Lakin VAZ 21011 markalı avtomobilin sürücüsü Xalikə bildirmişdir ki, həmin qadınlara hörmət edin və yolunuza davam edin. Xalik də yaşlı qadına 100 manat vermiş və yoluna davam edib Goranboy rayonuna getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid4 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Goranboy rayon Şöbəsinin 06.04.2021-ci il tarixli, 149 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol orbitanın lateral divarının və sol almacıq qövsünün yerdəyişmiş sınıqları, bər küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, 28.03.2021-ci il tarixdə hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Goranboy rayon Şöbəsinin 06.04.2021-ci il tarixli, 150 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol körpücük sümüyünün yerini dəyişən sınığı, bər küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, 28.03.2021-ci il tarixdə hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (səh.30-31) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli 8/729 №-li rəydən görünür ki, “X2 109 CDİ” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli 8/1597 №-li nömrəli rəydən görünür ki, “X2 109 CDİ” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AC seriyalı 662727 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B kateqoriyalı sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BDYPİ-nin Qİİ-dən alınmış 05.04.2021-ci il tarixli 016-37925-1221 saylı məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29.01.2020-ci il tarixdə (29.01.2022-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 662727 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Yevlax Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə cinayət təqibinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, mövcud sübutlarla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X2 109 CDİ” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Goranboy rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İşdə olan 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “X2 109 CDİ” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar