Məhkəmə qərarları › İş №1(039)-137/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-137/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-137/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 10 iyun 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami küçəsi, ev 19, mənzil 5-də qeydiyyatda olan, Yevlax şəhəri, H.Əliyev prospekti, ev 11, mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən dəmir yol xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 28 noyabr 2021-ci il tarixdə saat 21:10 radələrində “Azərbaycan Dəmir Yolları QSC-nin” İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Nizami prospektində yerləşən taxıl məhsulları kombinatının dalan yolunda quraşdırılmış hazırda istifadə edilməyən dəmir yolundan hər birinin qiyməti 33,70 manat, ümumilikdə 370,70 manat dəyərində olan 11 ədəd D-50 tipli istifadəyə yararlı rels altlığını və hər birinin qiyməti 0,80 manat, ümumilikdə 18,40 manat dəyərində olan 23 ədəd R-50 tipli yarım-yararlı calaq bolt-qaykaları özü ilə gətirdiyi dəmir təmir avadanlıqları ilə sökərək yerindən çıxartmaqla özü ilə gətirdiyi torbanın içərisinə yığıb gizli talamaqla zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Dəmir Yolları QSC”-nə ümumilikdə 389,10 manat dəyərində ziyan vurmaqla qəsdən dəmir yol xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, maddi cəhətdən sıxıntıları olduğu üçün oğurluq etmək istəmişdir. Yevlax şəhəri, Nizami prospektində yerləşən X7 arxa hissəsində olan taxıl kombinatı tərəfdəki dəmir yollarını bir müddət izləmiş, orada heç kimin nəzarət etmədiyini görüb oradan oğurluq etmək qərarına gəlmişdir. 28 noyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində evdən 2 ədəd açar, 1 ədəd lom və 1 ədəd dəmir kvalt götürüb həmin yerə getmişdir. Həmin gün axşam saat təxminən 21:10 radələrində oradan 11 ədəd rels altlığı və 23 ədəd qayka-boltu sökmüşdür. Onları özü ilə apardığı ağ torbaya qoymuşdur. Oğurladığı əşyaları həmin yerdə qoyub taksi sifariş etmək üçün piyada şəhər istiqamətinə getmişdir. Şəhərdə əvvəllər tanıdığı İntiqam adlı taksi sürücüsünə “biraz dəmirim var, gedək onları götürək” demişdir. İntiqam onunla razılaşmış və birlikdə rels altlıqlarını və qayka-boltları qoyduğu yerə getmişlər. İntiqamın avtomobilinin yük yerinə 11 ədəd rels altlığını və 23 ədəd qayka-boltu qoyan zaman qardaşı Naiblə qonşusu Şəhriyar piyada həmin yerə gəlmişlər. Onlar gəldikdən təxminən iki-üç dəqiqə sonra polis əməkdaşları həmin yerə gəlmiş və İntiqamın maşınının yük yerini açaraq orada olan dəmir alətlərin dəmir yoluna məxsus olduğunu bildirib onu, İntiqamı, Naibi və Şəhriyarı Yevlax rayon polis şöbəsinə gətirmişlər. Həmin oğurluğu təkbaşına etmişdir. İntiqamın, Naibin və Şəhriyarın oğurluqdan xəbərləri olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmamasını və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən zərərçəkmiş şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, rəsmi olaraq 13 saylı Yevlax yol sahəsində baş mühəndis vəzifəsində işləyir. 28 noyabr 2021-ci il tarixdə Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax şəhərində taxıl kombinatının yaxınlığında yerləşən ərazisindən 11 ədəd rels altlığı və 23 ədəd bolt-qaykalar oğurlanmışdır. Bu barədə işlədiyi Yevlax 13 saylı yol sahəsinə 29 noyabr 2021-ci il tarixdə məlumat daxil olmuşdur. Oğurluq hadisəsi nəticəsində Azərbaycan Dəmir Yolları QSC-nə 300 manatdan çox ziyan dəymişdir. Həmin oğurluq hadisəsinin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Azərbaycan Dəmir yolları QSC-nin Mühafizə Departamentinin Yevlax yüklərin və obyektlərin mühafizə komandasında karaul rəisinin köməkçisi vəzifəsində işləyir. 28 noyabr 2021-ci il tarixdə saat təxminən 20-21 arası radələrində mühafizə komandasında atıcı işləyən Şahid4lə birlikdə gəzərkən taxıl kombinatı tərəfdə yerləşən, dəmir yola aid ərazidə 4 nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxslərdən şübhələnib dərhal rəisləri Raqif Məmmədova bu barədə məlumat vermişdir. Təxminən 35-40 dəqiqə sonra polis əməkdaşları həmin yerə gələrək həmin 4 nəfər şəxsi polis şöbəsinə aparmışlar. Onların olduğu yer ilə həmin 4 nəfər şəxsin olduğu yer arasında təxminən 70-80 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 28 noyabr 2021-ci il tarixdə saat 18 radələrində anası Təranə qardaşı Vasifi axtardığını bildirərərək onu tapmağı tapşırmışdır. Təxminən saat 20 radələrində qonşusu Şahid1la küçədə görüşən zaman qardaşı Vasifdən bir xəbər olmadığını, narahat olduqlarını demişdir. Bu zaman Naib əvvəllər tanıdığı Qalib adlı şəxsdən mobil telefonunu alıb qardaşı Vasifə zəng etmişdir. Vasif ona ”sənin iş yerinin yanındayam“ demişdir. Yəni işlədiyi avtotəmir sexi X7 yaxınlığında. Naiblə birlikdə həmin yerə getmişlər. Ora çatdıqda Vasifin taksi sürücüsü İntiqam adlı şəxsin VAZ-2107 markalı avtomaşınına oturduğunu görmüşlər. Ora çatandan təxminən bir-iki dəqiqə sonra Fiat-Doblo markalı avtomaşınla polis əməkdaşları, ardınca isə dəmir yolun mühafizəsinin əməkdaşları həmin yerə gələrək sürücü İntiqamdan avtomaşının yük yerini açmasını tələb etmişlər. İntiqam maşının yük yerini açmış, bu zaman orada dəmir yoluna məxsus dəmir alətlər görmüşlər. Vasif polislərə həmin dəmir alətləri dəmir yolundan sökdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, Naibi,Vasifi və İntiqamı Yevlax rayon polis şöbəsinə aparmışlar. Vasifin etdiyi oğurluqdan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli 9/1051 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən məmulatların 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 389,10 manat müəyyən edilir. O cümlədən 23 ədəd R-50 tipli yarım-yararlı calaq boltun qayka ilə birlikdə qiyməti-18,40 manat (23x0,80 man), 11 ədəd D-50 tipli rels altlığının qiyməti isə-370,70 manat (11x33,70 man) təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Həsənov X4 rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 yanvar 2022-ci il tarixdə Yevlax rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 10 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan zərərçəkmiş şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənildiyinə görə, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsi CMnin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax st.xətt Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 11 ədəd rels altlığı, 23 ədəd calaq qayka bolt, 1 ədəd lom, 1 ədəd dəmir kvalt və 2 ədəd açarhökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, H.Əliyev prospekti, ev 11, 20 nömrəli mənzilin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax st.xətt Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 11 ədəd rels altlığı, 23 ədəd calaq qayka bolt, 1 ədəd lom, 1 ədəd dəmir kvalt və 2 ədəd açarhökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar