Məhkəmə qərarları › İş №1(039)-139/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-139/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-139/2021 21.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 26 avqust 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Naxçıvan MR, Babək rayonu, Payız kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 67-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 17 iyun 2021-ci il tarixdə 21:30 radələrində idarə etdiyi "X4 818L" yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, 60 km/saat sürətlə Bərdə rayonu istiqamətində yolun sol zolağı ilə hərəkətdə olan zaman, qoşa xətdən sağa doğru piyada Zərərçəkmiş şəxs sakit yerişlə keçdiyini görüb avtomobili sola doğru istiqamətləndirib qoşa ağ rəngli nişanlama xəttini keçib əks istiqamətə daxil olmuş, həmin istiqamətlə yük avtomobilinin gəldiyini görüb yenidən sağa qayıdaraq avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs Bərdə rayonu istiqamətində olan hərəkət hissənin soldan birinci zolağında, ağ qoşa xətdən sağa doğru 90 sm. məsafədə vurmuş nəticədə o, piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin, sağ İİİ-İX qabırğaların sınığı, hemopnevmotoraks, sağ dirsək sümüyünün, qalça qanadının, oturaq və qasıq sümüklərinin qapalı sınıqları, sağ yanağın cırılmış yarası ilə müşayiət edilən ağır dərəcəli xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1 maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi "X4 818L" yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X2 adınadır. Belə ki, avtomobili alan zaman arvadı X2 adına sənədləşdirmişdir. Buna baxmayaraq arvadı Gülnarə Cəfərovadan avtomobilin idarə edilməsi üçün etibarnamə almamış, hadisə zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Həmin avtomobillə Bakı şəhərindən Sədərək bazarından dəftərxana ləvazimatları götürüb rayonlara daşıyıb satmaqla işləmişdir. 17 iyun 2021-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi "X4 818L" yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam yolu ilə Yevlax şəhər istiqamətindən Bərdə rayonu istiqamətində 60 km/saat sürətlə yolun sol zolağı ilə hərəkətdə olmuşdur. Avtomobilin yaxın vuran işıqları ilə hərəkət etmişdir. Həmin vaxtı onun sağında sağ zolaqda markasını və qeydiyyat nişanını dəqiq bilmədiyi ağ rəngli "VAZ 2106" markalı avtomobil hərəkət etmişdir. Sol zolaqla hərəkətdə olan zamanı görmüşdür ki, təxminən 50 metr qarşıda əks istiqaməti ayıran yolun ortasında olan qoşa xəttin üzərində iki kişi piyada dayanıb. O, çatana yaxın həmin piyadalar soldan qoşa xətt üzərindən sağa doğru keçməyə başlamışlar. Piyadaları vurmamaq üçün avtomobili sola doğru istiqamətləndirib əks istiqamətə daxil olmuşdur. Həmin anda yolu keçən piyadalardan biri adi yerişlə geri qayıdıb onun avtomobili çəkdiyi istiqamətə doğru gələndə görmüşdür ki, əks istiqamətdən markasını və qeydiyyat nişanını bilmədiyi "Kamaz" markalı yük avtomobili gəlir. O, yük avtomobili ilə toqquşmamaq üçün avtomobili sağa çəkmiş, avtomobilin qabaq sağ təkəri qoşa xəttin üzərinə çıxmış və avtomobilin sağ yan güzgüsü ilə piyadanı vurmuşdur. Onun avtomobili üçün təhlükə yaranan anda piyadanı vurana qədər təxminən 5-10 saniyə vaxt keçmişdir. Dərhal təcili tibbi yardıma zəng etmiş, tibbi yardım hadisə yerinə gəlmiş, piyadanı oradan Yevlax şəhər xəstəxanasına aparmışlar. Xəstəyə yardım göstərmək üçün təcili tibbi yardımla xəstəxanaya getmişdir. Avtomobillə vurduğu piyadanı əvvəllər tanımamış və düşmənçiliyi ədavəti olmamışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmiş və avtomobildə tək olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışımışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, Z.Tağıyev küçəsi ev 67-də yaşayır və həkim işləyir. 17 iyun 2021-ci il tarixdə saat təxminən 21:30 radələrində həkim yoldaşı Şahid2la birlikdə Bərdə rayonu istiqamətindən yol avtomobili ilə gəlib Yevlax şəhərinin girəcəyində "24 saat" adlı kafeyə çatmışlar. Yevlax istiqamətində yolun sağında avtomobildən düşmüşlər. Kafe istiqamətində yolu keçən zaman birinci zolağı keçmişlər, ikinci zolağı keçən vaxtı görmüşlər ki, Yevlax istiqamətindən avtomobil işığı gəlir. Birdə onu görmüşdür ki, avtomobil onu vurmuş və o, xəsarət almışdır. Avtomobil onu vurmamışdan öncə o, avtomobilin işığını görən zaman geriyə qayıtmağı yadına gəlir. Bundan sonra nə baş verməsini xatırlamır. Sonradan bilmişdir ki, onu adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi "X4 818L" yük markalı **-OZ-*** avtomobillə vurmuşdur. Onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax şəhər mərkəzi xəstəxanasında həkim işləyir. Zərərçəkmiş şəxs onun həkim yoldaşıdır. 17 iyun 2021-ci il tarixdə saat təxminən 21:30 radələrində Zərərçəkmiş şəxsla birlikdə yol avtomobili ilə Bərdə şəhərindən gəlib Yevlax şəhərinə çatmamış yolun solunda yerləşən "24 saat" adlı kafenin qarşısında avtomobildən düşmüşlər. Onlar düşdükləri yer Yevlax istiqamətinin yolun sağı olmuşdur. Onlar yolun soluna doğru adi yerişlə yolu keçməyə başlamışlar. İki tərəfli yolun bir hissəsini keçmişlər, Yevlax istiqamətindən gələn zolağı keçən zaman görmüşdür ki, arxadan Tahir gəlmir. Tahir geri qayıdanda Yevlax istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi "X4 818L" yük markalı, **-OZ-*** qeydiyyat nömrə nişanlı avtomobil Tahiri Bərdə istiqamətində olan zolaqda qoşa xəttin yanında vurmuşdur və Tahir yerə yıxılmışdır. Tahiri vuran avtomobilin sürücüsü avtomobili sağda saxlamışdır. O, tez Tahirin yanına qaçıb gəlmişdir. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və Tahiri Yevlax şəhər Mərkəzi Xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs vuran "X4 818L" yük markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün adı Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin 16.07.2021-ci il tarixli, 327 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin, sağ İİİ-İX qabırğaların sınığı, hemopnevmotoraks, sağ dirsək sümüyünün, qalça qanadının, oturaq və qasıq sümüklərinin qapalı sınıqları, sağ yanağın cırılmış yarası küt alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 17.06.2021-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 08 iyul 2021-ci il tarixli 8/1466 nömrəli rəyindən görünür ki, "X4 818L" yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ABN seriyalı 741338 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BDYPİ-nin Gəncə RQİTBŞ tərəfindən alınmış 10.00.2021-ci il tarixli 313-3828-1221 saylı məktubdan görünür ki, AB-741338 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi 19.09.2012-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MTK Mənzil Tikinti Kooperativ İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnaməlirin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü İlknur və 2018-ci il təvəllüdlü Rauf adlı iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərərk, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə, təqsirləndirlən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar