Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-140/2025 28.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X10 Əliyar oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-119/2025 saylı qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib 2025-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə və saatında həmin toxumları qəsdən yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpaq üzərində qanunsuz olaraq əkib xeyli miqdarda 09 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 26 avqust 2025-ci il tarixdə, saat 15:37dən 16:19-dək olan müddətdə Təqsirləndirilən şəxs məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs kültivasiya etdiyi xeyli miqdarda 09 (doqquz) ədəd hündürlükləri 180 sm-dən 260 sm-dək, ümumi çəkisi-24260,0 qram olan əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2024-cü ilin təxminən sentyabr ayında yaşadığı kənddə küçə ilə gedərkən yerdən bir ədəd sellofana bükülşmüş büküm tapmışdır. Bükümü açıb içərisinə baxarkən içərisində 11 ədəd nəşə toxumları olduğunu görmüş və marixuna istifadə etdiyi üçün həmin toxumları gələcəkdə əkmək üçün cibinə qoyub evə gətirib gizlətmişdir. 2025-ci ilin mart ayının sonlarında yaşadığı evin məhləsinin ayaq tərəfində yer düzəltmiş, həmin toxumları orada əkmiş və sulamışdır. Toxumlardan bir neçə gün sonra toxumlar cücərib çıxmış və toxumlardan 9 ədədi bitmişdir. Gündəlik olaraq bitkilərə qulluq etmişdir. Bitkilərin bəziləri 2 metrədək böyümüşdür. Həmin bitkiləri əkərkən yetişdirib heç kimə satmaq niyyəti olmamışdır. 26 avqust 2025-ci il tarixdə yaşadığı evin həyətində olan zaman həyət darvazasının qapısı döyülmüş və qapını açan zaman polis əməkdaşları ona narkotik tərkibli çətə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. Bundan sonra səmimi olaraq bildirmişdir ki, yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Polis işçiləri videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirtmişlər. Baxış zamanı əkib becərərək qulluq etdiyi 09 (doqquz) ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin vaxt ora gələn aqronom da həmin narkotik tərkibli çətənə bitkilərinə və ətrafına baxaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və çətənə bitkilərinə xüsusi qaydada qulluq edildiyini bildirmişdir. Sonra polis əməkdaşları onu da götürərək Yevlax rayon polis şöbəsinə getmişlər. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə 26 avqust 2025-ci il tarixdə əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün o, polis əməkdaşı Şahid1, Şahid2 və aqranom X2 ilə birlikdə Yevlax rayonu, Havarlı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evə getmişlər. Təqsirləndirilən şəxs məxsus evin həyət darvazasının qapısını döymüşlər və Elmir qapını açmışdır. Özlərini təqdim edərək Elmirin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumatla bağlı ona məxsus evin həyətyanı sahəsinə baxış keçirilməsini bildirmişdir. Elmir ona məxsus evin həyətyanı sahəsinə sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və onlar birlikdə Elmirin yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı xüsusi qaydada düzəldilmiş, diblərinə arx çəkilmiş, əkilib becərilmiş tünd yaşıl rəngli spesfik iyə malik narotik tərkibli çətənə bitkilərinə oxşar 09 ədəd kök üstündə bitkilər aşkar olunmuşdur. Aşkar olunmuş çətənə bitkilərinin həqiqətən naroktik tərkibli çətənə bitkiləri olub-olmamasını və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronoma təqdim edilmişdir. Həmin bitkilərin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğu və bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə aqronom tərəfindən rəy verilmişdir. Sorğu-sual zamanı Elmir həmin narotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu, həmin bitkiləri gələcəkdə özü istifadə etmək üçün 2025ci ilin mart ayının əvvəllərində əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-119/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2025-ci il tarixli 17/653 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızlarda “Yevlax r-nu, Havarlı kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş narkotik tərkibli çətənə kollarına bənzər kütlə” yazısı, adlar və imzalar olan 03 (üç) ədəd sintetik bağlamaların içərisindəki uzunluqları 180 smdən 260 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-24260,0 qram olan 09 (doqquz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 26 avqust 2025-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd : Çətənə bitkilərinin ümumi çəkisi 24269,0 qram, tədqiqata sərf edildi 1,80 qram, (hər bitkidən 0,20 qram) qalıq-24258,20 qram. X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində ona təqdim olunan 09 (doqquz) ədəd bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kolları tünd yaşıl rəngli, spesifik iyə malikdir. Bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. Hər birinin hündürlüyü 180 sm-dən 260 sm-dəkdir. xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan xalis çəkisi 24258,20 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax RPŞ-nə təhvil verilmişdir. “Yevlax rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2025-ci il tarixli, PHŞ-4363/25 nömrəli arayışından görünür ki, İmanov X4 rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 1514 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarına əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdən 28 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə cəmi, 04 (dörd) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Havarlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alan vaxtadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 24258,20 qram 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdən 28 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə cəmi, 04 (dörd) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclası zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Yevlax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 24258,20 qram olan 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İşdə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax şəhər İcra və probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-140/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-140/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver