Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-142/2025 12.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 06 avqust 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,496 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 15:45 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri Vidadi küçəsində piyada hərəkətdə olan zaman Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 15:45-dən 15:52-dək olan müddət ərzində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş halda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib saxladığı 0,496 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xəstə anası var və yeni ailə qurmuşdur. Üç ildir ki, həbsdən azad olmuş və narkotik vasitələrdən istifadəyə son qoymuşdur. 05 avqust 2025-ci il tarixdə zibil atan zaman zibil qutusunun yanında bükülü tapmış və həmin bükümdə narkotik vasitə olmuşdur. Həmin bükümü üzərində saxlamış, lakin narkotik vasitədən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə Yevlax şəhəri Vidadi küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində olan narkotik vasitəni poliş əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində yaşlı və xəstə anası vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1, Elnur Cəlilzadə və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Yevlax şəhəri Vidadi küçəsində hərəkətdə olan zaman saxlamışlar. Özlərini təqdim edərək, Aydın Məmmədova saxlanılma səbəbini izah etmişlər və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. O da şalvarın sağ cibində olan selofan bükümdə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, üzərindən qanunla qadağan olunan başqa heç nə aşkar olunmamışdır. Həmin kütləni haradan aldığı barədə maraqlananda, Təqsirləndirilən şəxs bir gün əvvəl yaşadığı küçədən tapdığını bildirmişdir. Eyni zanmanda özü istifadə etdiyini, satış məqsədi olmadığını və həmin kütlənin heroin olduğunu bildirmişdir. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzidə çəkilmiş və sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 17/580 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər maddə ...” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,496 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf edildi -0,050 qr., qalıq-0,446 qram). İşdə olan Yevlax Rayon Məhəməsinin 08 avqust 2025-ci il tarixli, 4(039)-107/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 26 sentyabr 2025-ci il tarixli, 1537 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyində əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxs Aydın Məmmədovun ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Aydın Məmmədovun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə CMnin müxtəlif maddələri ilə, həmçinin narkotik və psixotrop maddələrin əldə edilməsi cinayətinə görə məhkum olunmüş, lakin islah olunmamışdır. Buna görə də məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,446 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,446 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-142/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-142/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver