Məhkəmə qərarları › İş №1(039)-143/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-143/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-143/2021 03.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 06 sentyabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan, Ağdam rayonu, Səfərli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 noyabr 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 14:44 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 286-cı kilometrində idarə etdiyi VAZ 21154 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yol ayrıcında hərəkət edərkən «Yol hərəkəti» haqqında Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə riayət etməyərək baş yolda Bakı şəhəri istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi Mersedes Benz V 220 CDİ markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən baş yola daxil olmuş, bu zaman idarə etdiyi VAZ 21154 markalı avtomobilini qarşı hissəsi Mersedes Benz V 220 CDİ markalı avtomobilin sol yan hissəsilə toqquşmuş, toqquşmanın təsirindən Mersedes Benz V 220 CDİ markalı avtomobil yolun hərəkət hissəsində aşmış, nəticədə ehtiyatsızlıqdan Mersedes Benz V 220 CDİ markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin açıq çoxqəlpəli sınığı, baş beynin didilib dağılması kimi həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs2 sağ bazunun sümüyünün 1/3-nin, sağ körpücük sümüyünün sınığı xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 sol diz nahiyəsinin sıyrığı, sağ gicgah nahiyyəsinin, sağ əlin İİİ barmağının orta falanqasının əzilmiş yarası, sağ çiyinüstü nahiyənin qançırı xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs1 6450 (altı min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla Mersedes Benz V 220 CDİ markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 05 iyun 2021-ci il tarixdə səhər saatlarında Ağdam rayonu, Səfərli qəsəbəsində yaşayan qonşuları X6 və onun ailə üzvlərini Yevlax rayonuna gətirmişdir. Yevlax rayonunda həmin şəxslər qonaq olduqdan sonra onları Ağdam rayonuna geri qaytarmaq üçün avtomobilə əyləşdirib yola düşmüşdür. Həmin vaxt Mustafa qabaq oturacaqda, digərləri isə arxa oturacaqda oturmuşdular. Saat təxminən 14:44 radələrində Yevlax rayonunun mərkəzindən Yevlax dairəsinə çatmışdır. Dairəyə daxil olub Bərdə istiqamətində hərəkət edərkən diqqətsizlik edərək Qazax rayonu istiqamətindən gələn avtomobilə yol vermədən baş yola daxil olmuş və bu zaman avtomobilinin qarşı hissəsi Bakı şəhəri istiqamətində hərəkət edən Mersedes-benz Vito markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən Mersedes-benz Vito markalı avtomobil irəliyə hərəkət edib aşmışdır. O dərhal avtomobili saxlamış və onlar avtomobildən düşüb Mersedes-benz Vito markalı avtomobilə yaxınlaşmışlar. Görmüşdür ki, həmin avtomobildə olan sərnişinlərdən cavan bir qız aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bir neçə sərnişin isə xırda xəsarətlər almışdır. O və onun avtomobilində olan sərnişinlər xəsarət almamışlar. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə köməklik etməsi üçün bir neçə dəfə cəhd etdiyini, digər Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, rəhmətlik Zərərçəkmiş şəxs3 onun bacısıdır. Bir neçə ildir ki, Flora ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı. Floranın heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. 05 iyun 2021-ci il tarixdə səhər saatlarında Flora azyaşlı övladları ilə birlikdə Şəmkir rayonunda Mersedes-Benz Vito markalı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. Günorta saat 15 radələrində məlumat gəlmişdir ki, Floragilin olduqları avtomobil Yevlax rayonu ərazisində qəzaya düşüb və Flora rəhmətə gedib. O dərhal qohumları ilə birlikdə Şəmkir rayonundan çıxıb Yevlax rayonuna yola düşmüşdür. Orada məlum olmuşdur ki, Floragilin olduğu Mersedes-Benz Vito markalı avtomobil Bakı-Qazax- Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olduğu zaman Yevlax dairəsindən çıxan VAZ 21154 markalı avtomobil baş yola daxil olub və avtomobillər toqquşub, nəticədə Mersedes-Benz Vito markalı avtomobil yolun hərəkət hissəsinə aşıb, Flora adlığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir neçə nəfər şəxs xəsarət alıb. Floranın meyiti morqda müayinə olunduqdan sonra onlara təhvil verilmiş və həmin gün onu dəfn etmişlər. Hadisədən əvvəl sürücülərin heç birini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 05 iyun 2021-ci il tarixdə günorta saatlarında Şəmkir rayonundan beş nəfər sərnişin götürüb Bakı şəhərinə yola düşmüşdür. Yolda əlavə iki nəfər sərnişin də götürüb ümumilikdə 7 nəfər sərnişinlə birlikdə Bakı şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. Həmin vaxt sərnişinlərdən biri qabaq oturacaqda, digərləri isə arxada oturmuşdular. Hadisədən əvvəl avtomobil texniki cəhətdən saz vəziyyətdə, özü isə sağlam və ayıq olmuşdur. Saat təxminən 14:44 radələridə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Yevlax dairəsinə çatanda dairəyə sol tərəfdən daxil olan ağ rəngli VAZ 21154 markalı avtomobil gözləmədiyi halda dayanmadan hərəkətini davam etdirib onun yoluna daxil olmuşdur. Bu zaman həmin avtomobilin qarşı hissəsi onun avtomobilinin sol yan hissəsi ilə toqquşmuş və avtomobil irəliyə hərəkət edib yolun hərəkət hissəsində aşmışdır. Hadisə nəticəsində o və bir neçə sərnişin xəsarət almış, bir nəfər qadın sərnişin isə rəhmətə getmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 iyun 2021-ci il tarixdə günorta saatlarında Goranboy rayonunda Mersedes-benz Vito markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüş və avtomobilin arxa oturacağında əyləşmişdir. Ondan başqa avtomobildə daha 6 nəfər sərnişin olmuşdur. Onlardan cavan oğlan qabaq oturacaqda, digərləri isə arxada oturmuşlar. Yol boyu normal qaydada heç bir problem olmadan hərəkət edirmişlər. Saat təxminən 14:45 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri zaman Yevlax dairəsindən VAZ markalı avtomobil onların yoluna çıxıb Mersedes-benz Vito markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuş və toqquşmanın təsirindən avtomobil aşmışdır. Hadisə nəticəsində o çiynindən xəsarət almış, bir nəfər cavan qadın dünyasını dəyişmiş, daha bir neçə şəxs isə xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Nağı oğlu ifadəsində göstərdi ki, Ağdam rayonu, Yusifcanlı qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, Ağdam rayonu Səfərli qəsəbəsində məskunlaşmışdır. 05 iyun 2021-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə qonşuları Təqsirləndirilən şəxs məxsus VAZ 21154 markalı avtomobillə Ağdam rayonundan çıxıb Yevlax rayonuna qonaq getmişlər. Yevlax rayonunda qonaq olduqdan sonra Ağdam rayonuna geri qaytarmaq üçün avtomobilə əyləşib yola düşmüşlər. Həmin vaxt o, qabaq oturacaqda həyat yoldaşı daşım Aminə, baldızı Rumayə və azyaşlı övladları arxa oturacaqda oturmuşlar. Saat təxminən 14:44 radələrində Yevlax rayon mərkəzindən Yevlax dairəsinə çatmışlar. Dairəyə daxil olub Bərdə istiqamətində hərəkət edərkən Qaçay Qazax rayonu istiqamətindən gələn avtomobilə yol vermədən baş yola daxil oldu və bu zaman avtomobilin qarşı hissəsi Bakı şəhəri iqamətində hərəkət edən Mersedes-benz Vito markalı avtomobilin sol yan hissəsi ilə toqquşdu. Toqquşmanın təsirindən Mersedes-benz Vito markalı avtomobil irəliyə hərəkət edərək aşmışdır. Qaçay dərhal avtomobili saxlamış və onlar vtomobildən düşüb Mersedes-benz Vito markalı avtomobilə yaxınlaşmışlar. Görmüşdür ki, avtomobildə olan sərnişinlərdən cavan bir qız aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bir neçə sərnişin isə xırda xəsarətlər almışdır. O və Qaçayın avtomobilində olan digər şəxslər xəsarət almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 Nağı oğlunun ifadəsində oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 09 iyun 2021-ci il tarixli 300 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət-sol diz nahiyəsinin sıyrığı, sağ gicgah nahiyəsinin, sağ əlin İİİ barmağının orta falanqasının əzilmiş yarası, sağ çiyinüstü nahiyənin qançırı, küt alətin təsirindən əmələ gəlmişdir, 05.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 07 iyun 2021-ci il tarixli 301 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-sağ bazunun sümüyünün 1/3-nin, sağ körpücük sümüyünün sınığı, küt alətin təsirindən əmələ gəlmişdir, 05.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 10 iyun 2021-ci il tarixli 13 saylı rəyin davamından görünür ki, Zərərçəkmiş şəxs3 meyitində aşkar olunan xəsarətlər-açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin açıq çoxqəlpəli sınığı, baş beynin didilib dağılması, bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməzdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində gösərilən şəraitdə əmələ gəlməsi istisna edilmir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət-baş beynin didilib dağılması ilə ağırlaşan açıq kəllə-beyin travması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2021-ci il tarixli 8/1794 nömrəli yol-nəqliyyat hadisələri məhkəmə ekspertizasının rəyindən görünür ki, VAZ 21154 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş materiallara əsasən, Mersedes-benz Vito markalı markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən ABN 692982 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük vəsiqəsi var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 09 iyun 2021-cu il tarixli 016-68009-1221 saylı məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 02.02.2012-ci il tarixdə «BC» kateqoriyalı AB 692982 №-li sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdulaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən minik və yük avtomobillərinə texniki xidmət "xxxx" ASC tərəfindən verilmiş 19 iyul 2021-ci il tarixli, 92 nömrəli ziyan aktından görünür ki, 05 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat qəzası nəticəsində Mercedes Benz V 220 CDİ markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği ehtiyat hissələri və təmir xərcləri nəzərə alınmaqla 6450 (altı min dörd yüz əlli) manat məbləğində müəyyən edilmiş və avtomobilə dəymiş ziyanın məbləği ümumi bazar qiyməti ilə hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü Nabat və 2009-cu il təvəllüdlü Əli adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Ağdam rayon rayon İHB-nın Səfərli qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Ağdam rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli 30 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində “Şəkərli diabet tip 2 orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatdadır. Toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan Mercedes-benz V 220 markalı, ** PD *** dövlət qeydiyyat nişanlıvə VAZ-21154 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut olan Mercedes-benz V 220 markalı, ** PD *** dövlət qeydiyyat nişanlıvə VAZ-21154 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar