Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-148/2022 15.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax şəhəri, N.Hikmət küçəsi ev 15-də qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə vahid niyyətlə ələ keçirmək niyyəti ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 ucuz qiymətə dizel yanacağı alıb verəcəyi vədini verərək aldadıb onun etibarından sui istifadə edərək 2021-ci ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərinin ərazisindən keçən hissəsində yolun kənarında Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən “Luxoil” yanacaqdoldurma məntəqəsində sonuncunun 8.000 manat pulunu və 2021-ci ilin sentyabr ayının əvvəllərində Yevlax şəhəri 32-ci məhəllədə özünə məxsus “Kamaz” markalı avtomobilin içərisində 6.000 manat pulunu alaraq, Zərərçəkmiş şəxs2 cəmi 14.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla pulunu vahid niyyətlə alıb ələ keçirməklə qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirmək niyyəti ilə əvvəllər tanıdığı X3 ucuz qiymətə dizel yanacağı alıb verəcəyi vədini verərək aldadıb onun etibarından sui istifadə edərək 2021-ci ilin avqust ayının axırlarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında sonuncunun məskunlaşaraq yaşadığı Yevlax şəhəri, Təmir tikinti idarəsinin binasında 8.000 manat pulunu və 2021-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Rəfail Musayevin məskunlaşaraq yaşadığı Yevlax şəhəri, Təmir tikinti idarəsinin binasında sonuncunun cəmi 10.000 manat pulunu alaraq, Rəfail Musayevin ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla pulunu vahid niyyətlə alıb ələ keçirməklə qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 ucuz qiymətə dizel yanacağı alıb baha qiymətə sataraq ona qazanc gətirəcəyi vədini verərək aldadıb onun etibarından sui istifadə edərək 2021-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərinin ərazisindən keçən hissəsində yolun kənarında Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən “Luxoil” yanacaq doldurma məntəqəsində sonuncunun cəmi 10.000 manat məbləğində pulunu alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 10.000 manat məbləğində ziyan vurmaqla qəsdən təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu Bəxtiyarla dost olmuş, ona görə də Rəfaili və Rəfailin digər oğlu Ramili tanımışdır. O, əvvəllər Yevlax şəhər mərkəzi bazarında paltar alveri ilə məşğul olmuşdur. 2021-ci ilin əvvəllərində Rəfailin oğlu Bəxtiyarla söbət zamanı “pul olsa yaxşı alver edərəm” demişdir. Bəxtiyar da ona “atamdan pul alıb verərəm sənə alver edərsən əlavə atama da pul verərsən” demişdir. Həmin ərəfədə Bəxtiyar ona 500 manat pul vermiş, o, həmin pula alver edib 1 həftə sonra Bəxtiyarın atasına 500 manat pulu və əlavə də olaraq 50 manat qazanc olaraq vermişdir. Bundan sonra həmin ərəfədə Rəfaildən əlavə 1500 manat pul götürmüş, bir həftəyə pulu qaytaracağını, pulu qaytara bilməyəcəyi təqdirdə hər həftə ona əlavə olaraq 150 manat pul verəcəyini vəd etmişdir. Rəfail də onunla razılaşmışdır. Həmin ərəfədə o, Rəfaildən əlavə olaraq 1000 manat da almışdır. O, Rəfaildən pul aldıqdan sonra alveri yaxşı olmadığı üçün Rəfailin pulunu qaytara bilməmiş, ona görə də 4 ay hər həftə Rəfailə 250 manat əlavə pul ödəmişdir. 2021-ci ilin yay aylarında o, özünə məxsus yük avtomobilinə tam kart vasitəsi ilə yanacaq vurandan sonra onun telefonuna mesaj gəlmiş, mesajda avtomobilə vurduğu yanacağa görə tam kartına əlavə olaraq pul, yəni «keşbək» gəldiyini görmüşdür. O, da karta pul yükləyib, kart vasitəsi ilə yanacaq vurub pul qazanmasını fikirləşmişdir. Həmin ərəfədə Rəfaildən 2000 manat pul almış və demişdir ki, “sənə 70 qəpikdən dizel yanacaq verəcəyəm”. Rəfail də onunla razılaşmış və 2000 manat pul vermişdir. O, həmin pulu plastik “tamkart” hesabına yükləmiş və kart vasitəsi ilə “Azpetrol” yanacaq dolurma məntəqəsindən Rəfailin oğlu Raminə dizel yanacağı alıb vermişdir. Həmin ərəfələrdə dəfələrlə Rəfaildən və Rəfailin oğlu Ramindən müxtəlif məbləğlərdə pul götürüb karta vuraraq kart vasitəsi ilə özlərinə və tanışları olan digər Kamaz markalı avtomobillərə dizel yanacağı vurmuşdur. Sonradan onun kartı bloklandığı üçün kart vasitəsi ilə Rəfail gilə yanacaq verə bilməmiş və borcu yaranmışdır. Həmin ərəfədə Şahinə məxsus Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq doldurma məntəqəsində işləyən Zahidlə şəhərdə təsadüfən görüşən zaman Zahid ona demişdir ki, “eşitmişəm ki, yaxşı dizel yanacağı alveri edirsən, niyə gəlib bizim yanacaq doldurma məntəqəsindən vurmursan”. O, Zahidin işlədiyi yanacaq doldurma məntəqəsinə getmiş, Şahinlə görüşmüş, Şahinə “mənə 10 ton dizel yanacaq ver, gündə sənə 1000 manat gətirib ödəyəcəm” demiş, Şahin də onunla razılaşmışdır. Şahinin yanacaq doldurma məntəqəsindən, 10 ton dizel yanacağı götürüb Rəfail gilə olan borcunu ödəmək məqsədi ilə litrini 70 qəpikdən satmışdır. O, yenidən Şahindən aldığı dizel yanacağının pulunu ödəmək üçün Rəfaildən və oğlu Ramindən əlavə 8.000 manat götürüb Şahinə vermişdir. Bu formada bir neçə dəfə Şahindən 80 qəpikdən dizel yanacağı alıb Rəfail gilə 70 qəpikdən satmışdır. Həmin ərəfələrdə Şahinin qardaşı Şikara gəlir qazandırması üçün Şikardan da 10.000 manat pul almışdır. O, həmin puldan 7.500 manatını 10 gün müddətində qaytarıb Şikara vermişdir. Sonradan isə borcunun artdığını görüb borcu olan şəxslərdən borcu ödəməsi üçün vaxt istəmiş, lakin ona vaxt verməmişlər. Sonradan eşitmişdir ki, həmin şəxslər onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. İstintaq zamanı zərərçəkmiş şəxslərlə üzləşərkən ona məlum olmuşdur ki, Şikarın ona verdiyi 10.000 manat pul Quluya məxsus olmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiyini və onlarla barışıq əldə etdiyini, habelə 3 azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8-9 ay bundan öncə tanımışdır. Firuz onun oğlu Bəxtiyarın dostu olduğu üçün onlara gəliş-gedişi olmuş və ona görə də Firuzla münasibətləri yaranmışdır. Onun özünün və oğlu Raminin «Kamaz» markalı yükmaşınları vardır. Onlar «Kamaz» markalı yük maşınları ilə Bakı şəhərinə qum daşımaq işi ilə məşğul olmuş, Bakı şəhərindən qayıdanda isə mişar daşı gətirib satmışlar. Həmin yük maşınları ayda təxminən 2 ton dizel yanacağı sərf etmişdir. 2021-ci il iyul ayının ortalarında Firuz ona demişdir ki, “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə dizel yanacağı alıb Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq məntəqəsində 10 qəpik aşağı qiymətə satıram, nə vaxt lazım olsa gəlib alarsan”. Həmin ərəfədə o, Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq məntəqəsindən 70 qəpikdən 2 ton dizel yanacağı götürərək Firuza pulunu vermişdir. 2021-ci il avqust ayının əvvəllərində Firuz ona demişdir ki, “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə yenə dizel yanacaq alıb gətirmək istəyirəm, lakin pulum yoxdu, 4000 manat pul lazımdır”. O da fikirləşmişdir ki, hər ay özünün və oğlunun işlətdiyi yük maşını birlikdə 2 tona yaxın dizel yanacağı istifadə edir. Ona görə də o, litrini 70 qəpikdən dizel yanacaq alıb istifadə etsinlər, buna görə Firuza inanıb 4000 manat pul vermişdir. Firuz 4000 manatı aldıqdan 2 gün sonra yenə onun yanına gəlmiş və ona əlavə dörd min manat da ver, yenə ucuz qiymədə dizel yanacaq var alım gətirim Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq məntəqəsinə nə vaxt istəsən 1 litirini 70 qəpikdən hesablayıb götürərsən demişdir. O, digər yancaqdoldurma məntəqələrində dizel yanacağının litrinin dəyəri 80 qəpik olduğu üçün fikirləşmişdir ki, dizel yanacağının litri 70 qəpikdən büdcəyə qənaətdir, «Luxoil» yanacaq məntəqəsindən 70 qəpikdən hesablayıb yanacağı götürməsi üçün Firuza pulu versin. O, həmin gün də Firuza əlavə 4000 manat pul vermişdir. 2021-ci il sentyabr ayının əvvəllərində Firuz onların yaşadığı evə gələrək ona 10.000 manat göstərərək “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə dizel yanacaq var, özümdə 10.000 manat olsa da əlavə 10.000 manat da lazımdır ki, həmin yanacağın hamısını götürüm” demişdir . O da Firuza demişdir ki, “məndən 8.000 manat almısan ki, ucuz qiymətə mənə yanacaq verəsən”. Firuz da demişdir ki, “sonra imkan olmayacaq danışmışam əldən çıxmasın, sən mənə 10.000 manat pul ver, mən həmin yanacağı alım baha qiymətə satarıq xeyrimiz də olar”. O Firuza inanmış və Firuza 10.000 manat pul vermişdir. Lakin bundan sonra Firuz ona dizel yanacağını verməmiş, nədə ki, ondan aldığı 18.000 manat pulu qaytarmamışdır. Firuz həmçinin oğlu Ramindən də onu aldatdığı formada 4.000 manat pul bir dəfə, 10.000 manat pul isə bir dəfə almışdır və həmin pulu da qaytarmamışdır. Onlar dəfələrlə Firuzdan pullarını istəsələr də Firuz hər dəfə müxtəlif bəhanələr gətirərək nə onun, nədə oğlunun pulunu qaytarmamışdır. O, Firuza cəmi 18.000 manat pul vermiş, həmin pulu yaşadığı evdə ailəsinin yanında 8000 manatını 2021-ci il avqust ayının sonlarında, 10.000 manatını isə 2021-ci il sentyabr ayının əvvəllərində Firuza vermişdir. Həmçinin oğlu Ramin də Firuza cəmi 14.000 min manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs onun qardaşı Bəxtiyarın dostu olduğu üçün onlara gəliş-gedişi olmuş, buna görə münasibətləri yaranmışdır. Həm onun özünün, həm də atasının «Kamaz» markalı yük maşını olmuşdur. Onlar həmin «Kamaz» markalı yük maşınları ilə Bakı şəhərinə qum daşımış, Bakı şəhərindən qayıdanda isə mişar daşı gətirib satmışlar. Yük avtomobilləri ayda təxminən 2 ton dizel yanacağı istifadə edir. 2021-ci il iyul ayının ortalarında Firuz ona demişdir ki, “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə dizel yanacaq alıb Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq doldurma məntəqəsində 10 qəpik aşağı qiymətə satıram, nə vaxt lazım olsa gəlib alarsan”. Həmin ərəfədə o, Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq məntəqəsindən 2 tona kimi dizel yanacağı götürərək litrini 70 qəpikdən hesablayaraq Firuza pulunu vermişdir. 2021-ci il avqust ayının əvvəllərində Firuz ona demişdir ki, “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə yenə dizel yanacaq alıb gətirmək istəyirəm, lakin pulum yoxdu, 8.000 manat pul versən sənə ucuz qiymətə dizel yanacaq gətirib verərəm”. O, dizel yanacağının litrini 70 qəpikdən alıb istifadə etsinlər deyə Firuza 8.000 manat pul vermişdir. 2021-ci il sentyabr ayının əvvələrində Firuz yenidən onun yanına gəlmiş və ona demişdir ki, “danışmışam əlavə 6000 manatlıq da ucuz qiymədə dizel yanacağı var, alım gətirim Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq məntəqəsinə, nə vaxt istəsən 1 litirini 70 qəpikdən hesablayıb götürərsən”. O da dizel yanacağının litri digər yanacaqdoldurma məntəqələrində 80 qəpik olduğu üçün fikirləşmişdir ki, pulu Firuza versin, sonra da «Luxoil» yanacaq məntəqəsindən litrini 70 qəpikdən hesablayıb yanacağı götürəcəkdir. O, həmin vaxt əlavə olaraq Firuza 6.000 manat pul vermişdir. Həmin ərəfələrdə Firuz onun atası Rəfaili də aldararaq onun atasından ümumilikdə 18.000 manat pul alıb ucuz qiymətə dizel yanacağı satacağını vəd etmişdir. Lakin Firuz onlara dizel yanacağı verməmiş, həmdə onlardan aldığı pulu qaytarmamışdır. Onlar dəfələrlə Firuzdan pullarını tələb etsələr də Firuz müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. O, Firuza cəmi 14.000 manat pul vermiş, həmin pulun 8000 manatını 2021-ci il avqust ayının əvvəllərində Yevlax-Gəncə yolunun üstündə yerləşən «Luxoil» yanacaq məntəqəsində vermiş, 6000 manatını isə 2021-ci il sentyabr ayının əvvəllərində Yevlax şəhəri 32-ci məhəllədə özünə məxsus avtomaşında Firuza vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təxminən 1 il öncə “Beynəlxalq Bank”dan kredit götürərək xırda buynuzlu heyvan almışdır. O, ailəsini dolandırmaq üçün həmin xırdabuynuzlu heyvanları artıraraq saxlamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində tanımışdır. Həmin ərəfədə Yevlax-Gəncə yolunun üstündə yerləşən «Luxoil» yanacaqdoldurma məntəqəsinə getmişdir. Həmin vaxt dostu Şikar və qardaşı Şahinlə orada rastlaşmış, sözbət edən zaman Firuz da oraya gəlmiş və salamlaşıb söhbət etməyə başlamışdır. Söhbət zamanı Şikarla Şahin ona Firuzun dizel yanacağının alveri ilə məşğul olduğunu bildirmişlər. Həmin vaxt Firuz ona demişdir ki, “Dövlət Neft Şirkətinin X2 yaxın qohumam, məndən bir nəfər 300 ton dizel yanacağı istəyir, lakin 10.000 manat pulum çatmır, sən mənə 10.000 manat pul ver, mən yanacağın 1 litirini 40 qəpikdən alıb 60 qəpikdən satacam, sənə də hər litirində 10 qəpikdən pulunu verəcəm”. O, da Firuzdan “sən yanacağı 40 qəpikdən necə alırsan?” deyə soruşmuş, Firuz da ona bildirmişdir ki, “mən Rövnəq müəllimin qudasının qohumu olduğum üçün ucuz ala bilirəm”. O, da Firuza inanmış və həmin ərəfədə kreditlə aldığı xırda buynuzlu heyvanlarını sataraq üstünü düzəldib, yəni 10.000 manat pul toplayıb 2021-ci il sentyabr ayının ortalarında Yevlax- Gəncə yolunun üstündə yerləşən «Luxoil» yanacaq doldurma məntəqəsində dostu Şikarın və Şikarın qardaşı Şahinin yanında Firuza vermişdir. O, Firuza 10.000 manat pul verdikdən təxminən 1 həftə sonra Firuz Şikar vasitəsi ilə ona 900 manat pul göndərmişdir. Bundan sonra Firuz yoxa çıxmış və ondan gizlənərək onun pulunu qaytarmamışdır. O, bir dəfə Firuzun yaşadığı ünvana getmiş, lakin Firuzun qonşuları ona bildirmişdir ki, Firuz bir neçə nəfərdən pul aldığı üçün pul sahibləri yaşadığı evinə gəlib söz-söhbət yaratmışlar. O, da orada söz-söhbət yaranmasın deyə qayıdıb evinə getmişdir. Sonradan isə eşitmişdir ki, Firuz bir neçə nəfəri də aldadıb pullarını ələ keçirmişdir. Ona görə də o, Azərbaycan Respublikası DİN-nə Firuzun barəsində şikayət ərizəsi ünvanlamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası Fizuli ilə onun qardaşı Şahin orta məktəbdə eyni sinifdə təhsil almış, ona görə də Fizuli ilə münasibəti yaxşı olmuşdur. Firuzu da atası Fizuliyə görə tanımışlar. Yevlax şəhəri Bakı prospekti 27 ünvanında qardaşı Şahinin «Luxoil» yanacaq doldurma məntəqəsi var. Həmin yanacaq doldurma məntəqəsinə qardaşı Şahin nəzarət etmişdir. 2021-ci ilin yay aylarında Firuz onun qardaşının yanacaq doldurma məntəqəsinə gələrək dizel yanacağı almaq istədiyini bildirdirmiş, həmin ərəfələrdə Firuz bir neçə dəfə yanacaq doldurma məntəqəsindən dizel yanacağı götürərək kart vasitəsi ilə yanacağın pulunu onun qardaşına ödəmişdir. 2021-ci il sentyabr ayının əvvəllərində qardaşı Şahinin yanacaq dodurma məntəqəsində olan zaman Firuz da oraya gəlmiş, söhbət zamanı Firuz demişdir ki, “Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin qohumu ilə yaxşı münasibətim var, ucuz qiymətə «SOCAR»dan yanacaq çıxardır”. Firuz həmçinin 40 qəpikdən dizel yanacağı ala bildiyini də bildirmişdir. Firuz bundan başqa ona demişdir ki, 10.000 manat pul ver «SOCAR»dan ucuz qiymətə dizel yanacağı alıb gətirim sataq xeyrimiz olsun”. O da Firuza inanmış və özündə həmin məbləğdə pul olmadığı üçün tanışı Quludan 6.000 manat pul almış, qalan 4.000 manatı da özü düzəldib Firuza vermişdir. Firuz 2021-ci ilin sentyabr ayının ortalarında onun qardaşı Şahinin yanacaq doldurma məntəqəsində ondan cəmi 10.000 manat pul almış, həmin vaxt tanışı Qulu da orada olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır, Ramil Vəlizadə isə qardaşıdır. Təqsirləndirilən şəxs əvvəllər onun dostu olmuşdur. Firuz Yevlax şəhər mərkəzi bazarında paltar satışı ilə məşğul olmuşdur. O da bir iki-dəfə Firuzdan paltar almış və buna görə Firuzla aralarında münasibət yaranmışdır. Bundan sonra Firuzla bir neçə dəfə birlikdə gedib yemək yeyərək yoldaşlıq etmişdir. Firuzla aralarında dostluq münasibəti yarandığı üçün Firuzu bir neçə dəfə öz yaşadığı evinə də aparmışdır. 2021-ci ilin yaz aylıarında Firuz ona demişdir ki, “zəifçilikdir, alver getmir, mənə borc pul versən paltar sifariş verərdim alverim düzələrdi”. O da Firuza atasından borc alıb verə biləcəyini demişdir. Həmin ərəfədə o, atasından 500 manat alıb Firuza vermişdir. Firuz da həmin pulu qaytarmamışdır. Onun özünün, atasının və qardaşı Raminin «Kamaz» markalı yük avtomobilləri vardır. Onlar həmin «Kamaz» markalı yük maşınları ilə Bakı şəhərinə qum daşımış, Bakı şəhərindən qayıdanda isə mişar daşı gətirib satmışlar. O da hərdən etibrnamə ilə atasına məxsus «Kamaz» markalı yük maşını ilə yük işləmişdir. 2021-ci il iyul ayının ortalarında Firuz onunla birlikdə yaşadıqları evə qonaq getmişdir. Həmin vaxt Firuz onun atasına demişdir ki, “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə dizel yanacağı alıb Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq doldurma məntəqəsində 10 qəpik aşağı qiymətə satır, nə vaxt lazım olsa gəlib alarsan”. Həmin ərəfədə atası Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq məntəqəsindən 2 tona kimi dizel yanacağı götürərək litrini 70 qəpikdən hesablayaraq Firuza pulunu vermişdir. 2021-ci il avqust ayının əvvəllərində Firuz onun atasına bildirmişdir ki, Ucar rayonunda yerləşən neftbazadan yenə ucuz qiymətə yenə dizel yanacaq alıb gətirmək istəmiş, lakin pulu olmamış və ona 4000 manat pul ehtiyac olmuşdur. Atası da litrini 70 qəpikdən dizel yanacağı alıb istifadə etməsi üçün Firuza 4000 manat pul vermişdir. Firuz 4000 manatı aldıqdan 2 gün sonra yenə onun atasının yanına gəlmiş və demişdir ki, “4000 manat da ver, yenə ucuz qiymədə dizel yanacaq var alım gətirim, Yevlax şəhərində yerləşən «Lukoil» yanacaq məntəqəsinə nə vaxt istəsən 1 litirini 70 qəpikdən hesablayıb götürərsən”. Onun atası da dizel yanacağının digər yanacaq doldurma məntəqələrində satışı 80 qəpik olduğu üçün fikirləşmişdir ki, pulu Firuza verdikdən sonra «Luxoil» yanacaq doldurma məntəqəsindən 70 qəpikdən hesablayıb yanacağı götürəcəkdir. Onun atası həmin gün də Firuza 4.000 pul vermişdir. 2021-ci il sentyabr ayının əvvəllərində Firuz onların yaşadığı evə gələrək onun atasına 10.000 manat göstərərək “Ucar rayonunda yerləşən neftbazadan ucuz qiymətə dizel yanacağı var, özümdə 10.000 manat olsa da əlavə 10.000 manat da lazımdır ki, həmin yanacağın hamısını götürüm” demişdir. Atası da Firuza demişdir ki, “məndən 8.000 manat almısan ki, ucuz qiymətə mənə yanacaq verəsən”. Firuz da onun atasına demişdir ki, “sonra belə şans olmayacaq danışmışam yanacaq əldən çıxmasın, sən mənə 10.000 manat pul ver, mən həmin yanacağı alım baha qiymətə satarıq xeyrimiz də olar”. Atası da Firuza inanmış və 10.000 manat pul vermişdir. Lakin Firuz onun atasına dizel yanacağı verməmiş və aldığı 18.000 manat pulu qaytarmamışdır. Firuz həmçinin onun qardaşı Ramili də atasını aldatdığı formada aldadaraq qardaşından bir dəfə 4.000 manat pul, bir dəfə də 10.000 manat pul almışdır və həmin pulu qaytarmamışdır. Atası və qardaşı Ramil dəfələrlə Firuzdan pulu istəsələr də Firuz hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Firuz yalan danışır, həmin ərəfələrdə yuxarıda göstərdiyi kimi Firuza dost kimi atasından 500 manat pul alıb borc vermişdir, Firuz da həmin pulu qaytarmamışdır. Firuz onlara faiz kimi heç vaxt pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vətəndaşlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.02); Təqsirləndirlən şəxs məcburi qaydada gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi qaydada gətirilməsi elan edilmişdir (iş vər.106); Təqsirləndirlən şəxs haqqında axtarış və elan edilməsi və tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqda Yevlax rayon polis şöbəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (iş vər.110-111); Yevlax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir (iş vər. 117); İttiham elan etmək üçün şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulmuşdur (iş vər.129-130); Qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.147-148); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 63); 01 iyun 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 149-150); 01 iyun 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 151-152); 15 iyun 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 177-178); AZE seriyalı 11673538 nömrəli, AZE seriyalı 11673537 nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü uşaqları vardır. (iş vər. 158-160); Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 13 (on üç) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 81 (səksən bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-148/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-148/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver