Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-149/2022 01.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Bakıxanov küçəsi 105 saylı evdə qeydiyyatda olan və yaşayan, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmü ilə 09 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 0,365 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 09 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Bakıxanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 12:05-dən saat 12:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq saxladığı həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 08 aprel 2022-ci il tarixdə təxminən günortadan sonra, yaşadığı Yevlax şəhəri, Bakıxanov küçəsi ilə gedərkən yolun kənarında bükülü görüb götürmüşdür. Bükülünü açdıqda içində narkotik vasitə olan heroin olduğunu görüb sonradan istifadə etmək məqsədilə cibinə qoymuşdur. Növbəti gün səhər saatlarında Yevlax şəhəri, Bakıxanov küçəsi ilə gedərkən n polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş onlarl birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsində ona bildirilmişdir ki, üzərində axtarış keçiriləcəkdir. Buna görə ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üstünə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarın sağ yan cibindən öncəki gün yerdən tapdığı və öz istifadəsi üçün saxladığı bir büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Etiraf etmişdir ki, həmin bükülünü bir gün qabaq yaşadığı küçədən tapmış və gələcəkdə özü istifadə etmək üçün saxlamışdır. Bundan sonra narkotik vasitə olan heroin tərəzidə çəkilmiş və götürülmüşdür. Növbəti məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmamışdır. Yevlax RPŞ-nin əməkdaşı Şahid1 ona təzyiq göstərmiş və qarşısına içində narkotik vasitə heroin olan bükülü qoyaraq məcbur etmişdir ki, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etsin. Şahid1 bildirmişdir ki, əgər bunu etiraf etməsə qardaşını tutduracaq. Bu səbəbdən istintaq zamanı cibinə qoyulmuş və sonradan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin birinci məhkəmə iclasına gələn zaman da Şahid1 onun qarşısını kəsərək məhkəmə iclasında narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmişdir. Ona göstərilmiş bu təzyiq barədə qorxduğundan istintaq zamanı müdafiəçisinə və sonradan məhkəməyə bildirməmişdir. Onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 aprel 2022-ci il tarixdə şöbəyə ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Onun raportu əsasında rəhbərliyin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Bakıxanov küçəsindədir. Saat təxminən 11:00-da əməliyyat qrupunun digər üzvü, əməliyyat müvəkkili Şahid2lə birlikdə həmin ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək, onu Yevlax Rayon Polis Şöbəsinə dəvət edilmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Yevlax RPŞ inzibati binasına getmişdir. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla onun üzərində axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülü çıxararaq masanın üzərinə qoymuşdur. Etiraf etmişdir ki, bükülüdə olan kütlə narkotik vasitə olan heroindir, yerdən tapmış və öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə Yevlax RPŞ inzibati binasında ona qarşı güc tətbiq edilməmiş, ona heç bir təzyiq göstərilməmişdir. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükülünün ona məxsus olduğunu, sellofan bükülünün içində olan kütlənin isə heroin olduğunu etiraf etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 09 aprel 2022-ci il tarixli 17/327 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd sellofan bükülüdə olan....kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -0,365 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (səh.41-42) Məhkəmə-narkoloji ekspertizasının 01 iyul 2022-ci il tarixli 930 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh.85) Yevlax Rayon Polis Şöbəsinin 13 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saxlanılmışdır. Tələbnamədən müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmü ilə 09 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Yevlax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin amnistiya Qərarının 2.4 bəndi tətbi edilmiş, amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi barəsində narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması şahidlərin ifadələri, aparılmış video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən təzyiq göstərildiyini bildirsə də, onun üzərinə şəxsi axtarış aparılmasını özündə əks etdirən video çəkilişdən müəyyən olunur ki, o, saxlanılarkən sərbəst ifadə vermiş və üzərindən aşkar olunan kütlənin narkotik vasitə olduğunu, onun özünə məxsus olduğunu etiraf etmiş, müdafiəçinin suallarına cavab olaraq ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqin olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs özünün bildirdiyi təzyiqlə bağlı hər hansı orqana şikayət etmədiyini də məhkəmə iclası zamanı söyləmişdir. Qeyd olunmalıdır ki, birinci məhkəmə iclası zamanı da Ceyhun Kərimov sərbəst ifadə vermiş və üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun təqsirli olması tam olaraq sübuta yetirilmişdir və ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəza üzrə barəsində amnistiya aktı tətbiq edilsə də, 12 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza üzrə onun məhkumluğu ödənilməmiş dövrdə yenidən az ağır cinayət törətmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı 12 noyabr 2022-ci il tarixdən hesablanmalı, şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan X2 saxlanılan 0,315 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 6 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 12 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,315 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-149/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-149/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver