Məhkəmə qərarları › İş №1(039)-15/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-15/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-15/2020 18.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, M. Müşfiq küçəsi, ev 21-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2019cu il tarixdə, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi, Yevlax şəhəri, M.Müşviq küçəsində, saat 11:50 radələrində saxlanılıb üzərində saat 12:30 radələrində müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki gödəkçənin sağ yan cibindən, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə cəmi – 0,328 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, ara sıra narkotik vasitələrdən istifadə edir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında, yaşadığı Yevlax şəhəri, M.Müşfiq küçəsində tanışı ilə dayanıb söhbət edən zaman, polis əməkdaşları ona yaxınlaşaraq güc tətbiq etməklə onu gəldikləri avtomobilə oturtmuşlar. Həmin polis əməkdaşları ona bildirmişlər ki, 200 manat verəcəyi təqdirdə onu buraxacaqlar. Lakin, həmin polis əməkdaşlarına pulunun olmadığını bildirdiyindən onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onu döyərək ona bildirmişlər ki, üzərində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Arzu Məmmədovla birlikdə hərəsi 5 manat qoymaqla 10 manata Azad Hüseynovdan almasını etiraf etməlidir, əks təqdirdə ona qarşı güc tətbiq edəcəkləri ilə hədələmişlər. Bu səbəbdən onların bildirdikləri ilə razılaşmış, onun cibinə narkotik vasitə qoyulmuş və bildirilmişdir ki, video çəkiliş və vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəkdir. Bundan sonra ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə, video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman polis əməkdaşlarının onun cibinə qoyduğu narkotiki təqdim etmiş və onların istədikləri kimi izahat vermişdir. Bu zaman qorxduğundan vəkilə ona qarşı güc tətbiq edilməsi və buna məcbur edilməsi barədə heç nə bildirməmişdir. İkinci dəfə ondan ifadə alınanda ona qarşı sürülmüş böhtan xarakterli ittihamları qəbul etməmişdir. Bu səbəbdən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmiş və artıq üçüncü çəkiliş zamanı yenə polis əməkdaşlarının onu məcbur etdiyi kimi izahat vermişdir. Belə ki, Arzu Məmmədova narkotik vasitə almaq üçün heç bir məbləğdə pul verməmiş, onunla birlikdə Azad Hüseynovdan narkotik vasitə almamışdır. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şahid3 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində PPXB-nin polis nəfəri işləyir. xx xxxxxx 2019-cu il tarixdə rəhbərlik tərəfindən verilmiş müvafiq əmrə əsasən, məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil edilmiş və həmin qrupun digər üzvləri Kərəm Məhərrəmli və Şahid2la birlikdə Yevlax şəhəri, M.Müşfiq küçəsinə getmişlər. Həmin küçədə onlar tərəfindən Yevlax şəhər sakini Təqsirləndirilən şəxs saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərinə video çəkilişlə baxış keçiriləcəkdir. Bu məqsədlə ona müdafiəçi təqdim edilmiş və o, buna etiraz etməmişdir. Baxış zamanı onun əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ-sarımtıl rəngli, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülünün içində olan kütlə heroindir, onu həmin gün Arzu adlı şəxsdən 5 manata almışdır. Bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi, habelə digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs qarşı saxlanılan zaman, habelə Polis Şöbəsində hər hansı güc tətbiq edilməmiş, ona təzyiq göstərilməmiş, ondan pul tələb edilməmişdir. Müdafiəçisi ilə də sərbəst görüşməsi üçün şərait yaradılmışdır. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində PPXB-nin polis nəfəri kimi xx xxxxxx 2019-cu il tarixdə yaradılmış əməliyyat qrupunun üzvü olaraq əməliyyat qrupunun digər üzvləri, Kərəm Məhərrəmli və Şahid3la birlikdə Yevlax şəhəri, Çənlibel qəsəbəsi, M.Müşfiq küçəsinə getmişlər. Həmin küçədə, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə şöbəyə getmiş və şöbədə onun üzərinə baxış keçiriləcəyi bildirildikdə buna etiraz etməmişdir. Ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq cibindən bükülü çıxarıb təqdim etmiş və bildirmişdir ki, bükülünün içində olan kütlə narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs söyləmişdir ki, həmin narkotik vasitəni Arzu adlı şəxsdən 5 manata almışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra Polis Şöbəsində ondan pul tələb edilməmiş, ona qarşı zor və ya hədə tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs vəsatəti üzrə məhkəmə iclası zamanı ifadə vermiş şahid X7 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər bir qonşu kimi tanımış, onunla hər hansı dostluq münasibəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində ona bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanılmış və üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir və Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin narkotik vasitəni guya onunla birlikdə Azad Hüseynov adlı tanışlarından almışlar. Buna cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs söylədikləri düz deyil, onunla birlikdə Azad Hüseynovdan hər hansı narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsindən, habelə onun bu narkotik maddəni haradan almasından heç bir məlumatı yoxdur. Şahid X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla hər hansı bir ədavəti olmamışdır. 2019-cu ilin yanvar ayında polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmiş və orada ona bildirmişlər ki, Təqsirləndirilən şəxs və Arzu Məmmədov saxlanılmış və onlar bildirmişlər ki, guya o, xx xxxxxx 2019-cu il tarixdə 10 manat müqabilində onlara narkotik vasitə olan heroin satmışdır. Buna cavab olaraq bildirmişdir ki, hər ikisinin söylədikləri həqiqətə uyğun deyil, onlara heç vaxt narkotik vasitə satmamış və ya bağışlamamışdır. Barəsində araşdırma aparılmış, daha sonra isə onun barəsində başlanılmış cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub olmaması, bu narkotik vasitəni haradan alması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, habelə daha sonra ifadə verməsini özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitəyə oxşar kütlə olan bir ədəd kağız büküm aşkar olunması müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərində narkotik vasitə saxlaması barədə etirafedici ifadə verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin X1 xx xxxxxx 2019-cu il tarixli 19/25A saylı arayışında qeyd olunur ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə təmiş çəkisi 0,328 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İstifadə olundu 0,004 qram, qalıq 0,324 qram. (səh. 33-34) Məhkəmə Kimyəvi Ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 32 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi -0,324 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. İstifadə olundu 0, 050 qram, qalıq 0,274 qram. Tədqiqatın dəyəri 62.32 manatdır. (səh.180-181) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 22 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh. 129) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsini və istintaq zamanı etirafları təzyiq altında verdiyini bildirsə də, şahidlərin ifadələri, habelə video çəkilişlə müəyyən olunur ki, saxlanılan zaman onun üzərində hər hansı aşkar xəsarət olmamış, axtarış və götürmə ona təqdim edilən müdafiəçinin iştirakı ilə aparılmışdır. Onun üzərindən çıxan bükülü zərfə qoyulub zərfin üstü yapışdırılaraq imzalanması üçün təqdim edilmiş, zərf onun müdafiəçisi və özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin zaman müdafiəçiyə ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməsi, onu hədələməsi barədə hər hansı məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilərkən verdiyi izahatlarında törətdiyi əməli etiraf edərək məhkəməyə polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsini bildirməmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması şahidlər Şahid2 və Şahid3 ifadələri, video çəkilişlər, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs vəsatəti üzrə ifadə vermiş şahidlər Arzu Məmmədov və Azad Hüseynovun ifadələrinə hüquqi qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər biri Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olub-olmamasından məlumatsız olduqlarını bildirdiyindən onların ifadələri Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsini inkar etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində üç uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixdə ev dustaqlığında olduğu olduğu 3 (üç) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,274 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 62.32 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 193.2 maddəsinin tələblərinə müvafiq olaraq müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixdə ev dustaqlığında olduğu 3 (üç) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,274 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 62 (altmış iki) manat 32 (otuz iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X5 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar