Məhkəmə qərarları › İş №1(039)-15/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-15/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-15/2023 24.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1971-ci ildə Yevlax rayonunda anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı üzərində qəti olaraq 02 il 09 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzanın əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qanun tətbiq edilərək üzərində 02 il 04 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 05 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Yevlax şəhəri C.Mustafayev küçəsi 78-də yaşayan, barəsində xx.xx.2022-ci il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası DİN baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən tutularaq barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başladılaraq həbs edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd ağ sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,425 qram psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini və qəsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,56 qram narkotik vasitə olan metadonu istintaqa məlum olmayan mənbədən əldə edərək, metamfetamini əynindəki qara rəngli şalvarın sağ arxa cibində, metadonu isə yaşadığı evində saxlamış, 23 iyun 2022-ci il tarixdə Yevlax şəhəri, Füzuli küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 0,425 qram kustar üsulla hazırlanmış metamfetamin və yaşadığı evə həmin gün saat 13:35-dən 13:55-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş baxış nəticəsində qəsdən satış məqsədi olmadan əldə edib həmin evdə saxladığı 01 (bir) ədəd konvalyutda və 01 (bir) ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan ümumilikdə 14 (on dörd) ədəd, 0,56 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 22 iyun 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Mustafayev küçəsində, “Dostluq” şadlıq evinin yaxınlığında yerdən 01 ədəd kağıza bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb içərisinə baxdıqda bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu görüb həmin metamfetamindən gələcəkdə istifadə etmək üçün cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Yevlax şəhəri Füzuli küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis şöbəsinə getməyini təklif etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və ona orada vəkil təyin olunaraq vəkilin iştirakı ilə və videoçəkilişlə özünün də razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı polis əməkdaşları onun əynindəki qara rəngli şalvarının sağ arxa cibindən özü qəbul etmək üçün saxladığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini aşkar edib götürmüşlər. Polis işçiləri, vəkilin və onun iştirakı ilə üzərindən aşkar edilib götürülmüşdür. Bundan sonra o, polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə olan metadon tərkibli həblərin olduğunu və həmin qeyd olunan evə baxış keçirilərək həmin həbləri könüllü təqdim edə biləcəyini bildirmiş və polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı evə gələrək evdə olan 14 ədəd metadon tərkibli həbləri polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, 28 iyun 2022-ci il tarixdə ona Yevlax şəhəri sakini Təqsirləndirilən şəxs hal-hazırda Yevlax şəhəri ərazisində olması və üzərində psixotrop maddə olan metamfetamin olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə məlumat verdikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri Füzuli küçəsinə, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Habilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla polis şöbəsinə getməsini bildirmişlər və Habil etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə Habilin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Habilin əynindəki qara rəngli şalvarının sağ arxa cibindən 01 (bir) ədəd ağ rəngli sellofan torbaya bükülmüş çəkisi 0,52 qram olan büküm aşkar olunmuşdur. Sorğu-sual zamanı Habilin özü həmin bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, özünün uzun müddətdir ki, psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu, metamfetamini üstündə gəzdirməkdə məqsədinin istifadə etmək olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax şəhəri C.Mustafayev küçəsi ev 78-də, öz yaşadığı evdə də özünə məxsus narkotik vasitə olan metadon həbləri olduğunu və həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı həmin evin yataq otağından üzərinə “Methadone 40” sözləri yazılmış 14 (on dörd) ədəd həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin həblər vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 şahid X3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 6/3532 saylı rəyindən görünür ki, a) Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir və metamfetaminin təmiz çəkisi – 0,375 qram təşkil edir. b) Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd konvalyutda və 01 ədəd konvalyut kəsiyində, üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman həbləri metadonun miqdarı ümumilikdə 12 ədəd təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 1104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metadondan və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü iəl CM-nin 221.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həbsdə saxlanıldığı müddət 1 il 08 ay 14 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 09 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzanın əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qanun tətbiq edilərək üzərində 02 il 04 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 05 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən tutularaq barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başladılaraq həbs edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 25 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan psixotrop maddə metamfetamini (0.425 qram) və metadonu 14 ədəd (0.56 qram) şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hallar cinayətin residivi olmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllərdə məhkum olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bununla cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan təmiz çəkisi 0,375 qram olan metamfetamin və 12 ədəd olan metadon həbləri hökm qanuni qüvvəsin aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 60 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, 0,375 qram olan metamfetamin və 12 ədəd olan metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar