Məhkəmə qərarları › İş №1(039)-151/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-151/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-151/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 345,12 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı əldə edərək əlində gəzdirdiyi sarı rəngli sellofan torbanın içərisində 1 (bir) ədəd yaşıl rəngli sellofan torbaya bükülmüş vəziyyətdə saxlamış. Yevlax stansiyası XPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri nəticəsində 31 avqust 2021-ci il tarixdə saat 16:40 radələrində qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax dəmiryol stansiyasının ərazisində saxlanılaraq üzərində saat 17.45 radələrində müdafiəçinin iştirakı və video çəkiliş ilə keçirilmiş şəxsi axtarış nəticəsində həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 2021-ci ilin iyun ayında Kür çayının sahilində olan zaman yabanı halda bitmiş narkotik tərkibli marixuana kolunu görmüşdür. Belə qərara gəlmişdir ki, onu yığıb münasib bir yerdə ququrudsun, daha sonra isə özü istifadə etsin. Elə də, etmiş, həmin marixuananı bir torbaya yığıb dəmiryolu vağzalının yaxınlığında yerləşən, istifadə olunmayan köhnə binanın həyətində quruması üçün gizlətmişdir. Mütəmadi olaraq oraya gedib gizlətdiyi torbanın orada olub-olmadığını yoxlamışdır. Sonuncu dəfə 31 avqust 2021-ci il tarixdə, günorta saatlarında həmin əraziyə gələrək orada gizlətdiyi torbanı götürərək aralıda yerləşən başqa binanın həyətində gizlətmək qərarına gəlmişdir. Torbanı götürüb çıxan zaman 3 nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Yevlax stansiyası X3 dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə həmin şöbəyə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman əlində olan sellofan torbanın içində öz istifadəsi üçün yığıb qurutduğu narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Etiraf etmişdir ki, həmin narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, özü istifadə etmək üçün yığıb qurutmuşdur. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, DYNPİ-nin Yevlax stansiyası XPŞ-nin rəis müavini vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs Yevlax dəmiryol stansiyasının ərazisində narkotik vasitə gizlədərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə şöbənin rəisinə raportla müraciət etmiş və belə qərara alınmışdır ki, əməliyyat qrupu yaradılsın və həmin şəxsin ətrafında müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilsin. 31 avqust 2021-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri Şahid2 və Şahid3la birlikdə saat təxminən 16:00-da müşahidə etmişlər ki, Təqsirləndirilən şəxs Dəmiryol stansiyasının ərazisində yerləşən yük məntəqəsinin həyətində istifadə olunmayan köhnə tikiliyə daxil olmuş və bir müddət sonra əlində sellofan torba ilə oradan çıxıb köhnə Taxıl istehsalı kombinatı tərəfə gedir. Ona yaxınlaşıb özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Məmməd buna etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Şöbənin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan sarı rəngli sellofan torbanın içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Məmməd bildirmişdir ki, torba ona məxsusdur, torbanın içində olan qurudulmuş marixuanadır, təxminən iyun ayında Kür çayının kənarından yığaraq özü istifadə etmək üçün qurutmuşdur. Şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində olan sarı rəngli sellofan torbanın içindən bitki mənşəli kütləsinin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 31 avqust 2021-ci il tarixli 17/646 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Narkotik vasitəyə bənzər maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada, təmiz çəkisi - 345.12 qram bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (səh.36) Məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 1117 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.124) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində bir azyaşlı uşağının olmasını, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax stansiyası X2 saxlanılan 345.07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxsdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut – Yevlax stansiyası X2 saxlanılan 345.07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar