Məhkəmə qərarları › İş №1(039)-152/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-152/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-152/2021 10.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 03 avqust 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 07 iyul 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Firdovsi küçəsi, ev 13-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə-metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,585 qram miqdarında psixotrop maddə- metamfetamin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd qırmızı-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 05 iyul 2021-ci il tarixdə saat 11 radələrində, Yevlax şəhəri, Firdovsi küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 11:40 dəqiqədən saat 12:00 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd qırmızı-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,585 qram miqdarında psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, son iki ildir ki, narkotik vasitə-heroin və psixotrop maddə- metamfetamindən istifadə edir. Hər gün ən azı iki dəfə metamfetamin istifadə etmişdir. 05 iyul 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Yevlax şəhəri, Firdovsi küçəsində olarkən yolun kənarında yerdə bir ədəd qırmızı rəngli kağız büküm olduğunu görmüş və həmin bükümü götürüb açmışdır. Bükümün içərisində təxminən 0,5-0,6 qram miqdarında metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamini istifadə etmək üçün götürmüş və əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Saat 11 radələrində Firdovsi küçəsində olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq psixotrop maddəmetamfetamin istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə və polis şöbəsində üzərində şəxsi axtarış aparmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirib onu tutmuşdur. Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Sevda Bəkirovanı özünə vəkil seçmişdir. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibində olmuş bir ədəd qırmızı rəngli bükümdə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bbükümün içərisindəki maddənin metamfetamin olduğunu, metamfetamini yerdən tapıb əldə etdiyini və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Təhqiqatçı metamfetamini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və və yaşını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə-metamfetamin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 05 iyul 2021-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq 03 avqust 1964-cü ildə Yevlax şəhərində doğulduğunu, əvvəllər məhkum olunduğunu, Yevlax şəhəri Firdovsi küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi və üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 05 iyul 2021-ci il tarixli Ə383-195-21 saylı əmri ilə onun, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 10:40 radələrində o, polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri Firdovsi küçəsinə getmişlər. Saat 11 radələrində Çərkəzin həmin küçədə yaşadığı evin yaxınlığında olduğunu görmüşlər və Çərkəzə yaxınlaşmışdır. Çərkəzə qanunsuz olaraq psixotrop maddə-metamfetamin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu və üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini bildirmişdir. Çərkəz üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Çərkəzin üzərində şəxsi axtarış aparılması məqsədi ilə Muradla birlikdə Çərkəzi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X4a təhvil vermişlər. Rüstəm Həsənov onun tərtib etdiyi sənədlər əsasında Çərkəzi şübhəli şəxs qismində tutmuşdur. Çərkəz Yevlax şəhər Vəkil Bürosunun vəkili Sevda Bəkirova tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X8 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Rüstəm Həsənov onun, Şahid2 və Sevda Bəkirovanın iştirakı ilə Çərkəzin üzərində şəxsi axtarış aparmışdır. Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. X5 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Şəxsi axtarış zamanı Çərkəz əynindəki şalvarının sağ yan cibindən bir ədəd qırmızı-ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X4 kağız bükümü açmış və içərisində ağ rəngli psixotrop maddə-metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Çərkəz həmin maddənin metamfetamin olduğunu, metamfetamini 05 iyul 2021-ci il tarixdə Yevlax şəhəri ərazisində küçələrin birində yerdən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Çərkəzin üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Rüstəm Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Çərkəz 0,585 qram miqdarında metamfetamini istifadə etmək üçün əldə etmiş və üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Yevlax şəhəri, Firdovsi küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə-metamfetamin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 05 iyul 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində qərar qəbul etmişdir. Həmin gün saat 11 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs Yevlax şəhəri, Firdovsi küçəsində saxlayıb Yevlax rayon polis şöbəsinə gətirmiş və X4a təhvil vermişlər. Rüstəm Həsənov ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda vəkili Sevda Bəkirova, polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişdir. Şəxsi axtarış zamanı Çərkəz əynindəki şalvarının sağ yan cibindən bir ədəd qırmızı-ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X4 kağız bükümü açmış və içərisində ağ rəngli psixotrop maddə-metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Çərkəz həmin maddənin metamfetamin olduğunu, metamfetamini 05 iyul 2021-ci il tarixdə Yevlax şəhəri ərazisində küçələrin birində yerdən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. Rüstəm Həsənov metamfetaminə bənzər maddəni bükümü ilə birlikdə bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra Çərkəzin üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. O, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 11 dəqiqə 43 saniyə müddətində olan videoçəkilişi bir ədəd diskə köçürüb Rüstəm Həsənova təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan metamfetamini şalvarının sağ yan cibindən çıxardaraq özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2021-ci il tarixli 17/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qırmızı rəngli bükülü” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,585 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,585 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,535 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 1112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 1(039)109/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 7(039)-57/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 1(039)- 109/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunduğu 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 iyul 2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 17 iyul 2021-ci il tarixli 1352 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2007-ci ildən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, Yevlax rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 7(039)-57/2021 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş 06 (altı) ay 27 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 12 (on iki) gün müddəti CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,535 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, Yevlax rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 7(039)-57/2021 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş 06 (altı) ay 27 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 12 (on iki) gün müddəti CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,535 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar