Məhkəmə qərarları › İş №1(039)-154/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-154/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-154/2021 14.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 ASC-nin 7 nömrəli X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 23 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 170-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmiş və özgənin əmlakını gizli talamaq məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğuluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə, 08 iyul 2021-ci il tarixdə saat 07 radələrində Yevlax şəhəri, C.Mustafayev küçəsində yerləşən Yevlax şəhər Mərkəzi Xəstəxanasının həyətində olan, talamadan qorunması üçün ətrafı mişar daşları ilə hörülmüş divarla qapanmış Zərərçəkmiş şəxs4 balansında olan subartezin qurğusunun yerləşdiyi sahəyə divarın üzərindən açıb keçməklə daxil olaraq oradan subartezian quyusunda elektronasosu elektrik enerjisi ilə təmin edən bir metrinin qiyməti 5,52 manat olan 45 metr uzunluğundakı VPP 1X6 mm-lik elektrik kabelini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs4nə ümumilikdə 248 manat 40 qəpik dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən vahid niyyətlə özgənin əmlakını qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla gizli talamaq məqsədi ilə 17 iyul 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evin həyətinə hasarın üzərindən açıb keçməklə qəsdən qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki mətbəx otağının plastik pəncərəsini zor tətbiq edib açmaqla qanunsuz olaraq yaşayış sahəsi hesab edilən evə daxil olub əşyaların saxlanıldığı otaqdan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 50 manat dəyərində olan elektrikli çaydanı talamış və həmin gün saat 12 radələrində yenidən Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evə həmin üsulla yenidən qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağından Zərərçəkmiş şəxs1 məxsus 20 ədəd 5 manatlıq əskinazlardan və 20 manat qəpiklərdən olmaqla cəmi 120 (bir yüz iyirmi) manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 170 (bir yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz olaraq daxil omaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 iyul 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi hesab edilən evin həyətinə hasardan keçməklə daxil olub evin mətbəx otağının pəncərəsindəki həşəratlardan qorunmaq üçün nəzərdə tutulmuş toru dartıb qopartmaqla qanunsuz evə daxil olaraq mətbəx otağındakı Zərərçəkmiş şəxs3 məxsus olan 500 manat dəyərində olan 01 ədəd “SHİWAKİ” markalı plazma televizoru yerindən götürüb torbaya qablaşdırıb gizli yolla talayaraq oğurlamaq istəmiş, lakin ev sahibi Zərərçəkmiş şəxs3 evə qayıdıb gəlməsini görərək oradan çıxıb qaçıb getməklə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla nəticələnə biləcək qəsdən təkrar oğurluq etməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə, 17 iyul 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Yevlx şəhəri, Nizami Prospekti, ev 176 ünvanında yerləşən yaşayış sahəsi hesab edilən evin həyətinə hasardan keçmək yolu ilə qanunsuz olaraq daxil olmaqla evin mətbəx otağının qapısını itələyib açmaqla evin yataq otağındakı paltar dolabından Zərərçəkmiş şəxs2 məxsus olan 250 manat pulu və bir ədəd 150 manat dəyərində “ACER” markalı komputeri, həmin otaqdakı kiçik ölçülü dolabdan 56 manat pulu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 456 manat maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitələrə aludəçiliyi vardır. 17 iyul 2021-ci il tarixdə bədənində ağrılar olmuş, lakin narkotik vasitə almaq üçün pulu olmamışdır. Narkotik vasitəni tanımadığı şəxslərdən alır. Bu səbəbdən oğurluq etmək qərarına gəlmiş və Yevlax şəhər ərazisində yerləşən bazarın ətrafındakı küçələrdə gəzərək hansı evin boş olub olmadığına baxmışdır. 17 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax şəhəri, B.İmanov küçəsində yerləşən kimə məxsus olduğunu bilmədiyi evin çöl giriş qapısının qıfıl ilə bağlı olduğunu gördüyü üçün evdə heç kimin olmadığını bilmiş və hasardan keçmək yolu ilə həyətə daxil olmuşdur. Həyətinə daxil olduğu evin ikimərtəbəli ev olduğunu bilmişdir. Evin ikinci mərtbəsinə çıxmış və evin mətbəx otağının plastik pəncərəsini içəri tərəfə itələməklə açmış və evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra daşınması rahat olan və dərhal sata biləcəyi əşyalar axtarmağa başlamış və evin ikinci mərtbəsində olan sağ tərəfdə yerləşən içərisində çoxlu əşyalar olan otağa daxil olmuş və həmin otağa daxil olarkən sol tərəfdə yerləşən üzərinə ağ örtük örtülmüş dolabın üstündəki elektriklə işləyən samovarı götürərək evdən girmiş olduğu qayda ilə çıxmışdır. Həmin samovarı metal qəbul məntəqələrinə satmaq məqsədi ilə Yevlax şəhər avtovağzalı istiqamətində apararkən tanımadığı traktor işlədən şəxs ondan həmin samovarı hara apardığını soruşmuşdur. O, həmin şəxsə samovarın özünə məxsus olduğunu, satmaq istədiyini demişdir. Həmin şəxslə söhbət əsnasında onun adının Mehti olduğunu öyrənmiş və həmin şəxslə razılaşaraq samovarı 15 manata ona satmışdır. Bundan sonra yenidən həmin günü saat 12 radələrində həmin evə qayıtmış və eyni qaydada həyətə daxil olaraq ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə yerləşən yataq otağını axtarmağa başlamış və həmin otağa daxil olarkən sağ tərəfdə yerləşən televizor mebelinin içərisinə baxdıqda içində pul olan banka tapmış və bankanın ağzını açaraq pulları saymış və 20 ədəd 5 manatlıq əskinazların və 20 manat məbləğində qəpik pulun olduğunu görmüşdür. Bundan sonra evi axtarsa da başqa heçnə tapmamış və həmin pulu götürərək yenidən evdən çıxmış və marketə gedərək özü üçün siqaret, su və s. bu kimi şeylər almışdır. Bundan sonra yenidən həmin evə girmək məqsədi ilə qayıdarkən səhvən başqa küçəyə girmiş və həmin küçə ilə getdikdə yolun bitdiyini görmüşdür. Bu zaman solda yerləşən evin qapısında qıfıl olduğunu görmüş və evin boş olduğunu bilərək həmin günü, yəni 17 iyul 2021-ci il tarixdə saat 14 radələrində evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evin mətbəxinin pəncərəsi açıq olduğundan pəncərəyə vurulmuş setkanı cıraraq setkadan içəri keçmişdir. Mətbəxdə stolun üstündə plazma televizor olduğunu görmüş və həmin televizoru götürərək mətbəxdən tapmış olduğu sellofanın içərisinə qoymuşdur. Bundan sonra mətbəx ilə digər otaq arasında olan aynabəndin şüşəsini çıxartmış və içəri keçmişdir. Lakin içəridən oğurlamaq üçün hər hansı bir pul, qızıl-ziynət əşyaları və əşya tapmadığı üçün qayıdaraq mətbəxə keçmiş və televizoru götürərək evdən çıxmaq istəyərkən qapıdan səs gəldiyini görmüşdür. Bu zaman o, televizoru yerə qoymuş və qapıdan çıxarkən tanımadığı şəxs ilə qarşılaşmışdır. Həmin şəxsi gördüyü zaman qaçaraq evin həyətinin giriş qapısından küçəyə çıxmış və qaçaraq evə getmişdir. Bundan sonra həmin günü saat 17 radələrində evdə olakən küçədə polis əməkdaşlarnın olduğunu gördüyü üçün onun üçün gəldiklərini düşünərək öz evinin həyətindən ondan sol tərəfdə yaşayan qonşusunun həyətinə və ordan da digər həyətə keçmişdir. Həmin həyətdəki evdə yaşayan şəxsi tanıyır. Həmin ev onun uzaq qohumu olan Zərərçəkmiş şəxs2 məxsus evdir və həmin vaxt ev boş olmuşdur. Evə daxil olmuş və Gülxanımın tək yaşayan qoca qadın olduğu üçün evində pul saxlayacağını düşünmüşdür. Yataq otağını axtarmağa başlamış və yataq otağında yerləşən paltar dolabının soldan üçüncü gözündə olan dəsmalların altında 150 manat pul, həmin dolabın sol üst hissəsindəki pul kisəsindən 100 manat pul, həmin otaqdakı digər kiçik dolabın üst gözündə olan pul kisəsindən 56 manat pul aşkar etmiş və həmin pulları götürmüşdür. O, pullları götürdükdən sonra saymış və ümumilikdə 306 manat olduğunu görmüşdür. Bundan sonra pul axtran zaman paltar dolabının iki qapısı olan gözünün yuxarı hissəsində görmüş olduğu bir ədəd kopmuteri götürmüş və daha sonra küçəyə çıxaraq həmin yerdən uzaqlaşmışdır. Bunlardan başqa 08 iyul 2021-ci il tarixdə səhər saat 07 radələrində Yevlax şəhəri, C.Mustafayev küçəsində yerləşən köhnə xəstəxananın həyətindəki işlək vəziyyətdə olan subartezianının kabellərini kəsərək götürmüşdür. Həmin subartezian quyusunun ətrafı kolluqlarla və mişar daşları ilə hörülümüş divarla örtülüdür. Divarın üzərindən keçərək subartezian quyusunun olduğu yerə daxil olmuşdur. Kabeli ordan götürdükdən sonra yaşadığı Yevlax şəhəri, Nizami prospektində yerləşən evdə yandırmış və əldə etdiyi misi çəki ilə küçəyə motosiklet ilə gələn dəmir alan tanımadığı şəxsə 1 kiloqramı 10 manatdan satmışdır. Həmin misin çəkisi 1,5 kq olduğu üçün 15 manat pul əldə etmişdir. Bunlardan başqa heç bir yerdən oğurluq etmşdir. Yevlax şəhəri, B.İmanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin ikinci mərtəbəsində yerləşən yataq otağından ümumilikdə 120 manat pul və həmin mərtbədəki digər otaqdan bir ədəd elektriklə işləyən samovar oğuralmışdır. Həmin evə daxil olarkən və evdən çıxarkən onu heç kim görməmişdir. Yevlax şəhəri, Nizami Prospektində yerləşən Zərərçəkmiş şəxs2 məxsus 176 nömrəli evn yataq otağından 150 manat bir, 100 manat bir və 56 manatda bir olmaqla ümumilikdə 306 manat pul və bir ədəd komputer oğurlamışdır. Həmin evə daxil olarkən və evdən çıxarkən onu heç kim görməmişdir. O, Yevlax şəhərİ Füzuli küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus döngə 1, ev 25 ünvanında yerləşən evə oğuluq etmək məqsədi ilə daxil olmuş, evdəki televizoru oğurlamaq üçün tokundan ayıraraq sellofona yerləşdirmiş, lakin evin həyətində səs gəldiyini eşitdiyi üçün televizoru götürmədən evdən çıxmış və evdən çıxan zaman tanımadığı şəxs ilə qabaqlaşmışdır. Qorxduğu üçün qaçaraq evdən uzaqlaşmışdır. Həmin oğurluqların hər birini təkbaşına törətmiş, bu barədə heç kimin məlumatı olmamış, heç kim ona köməklik göstərməmiş və o, heç kim ilə qabaqcadan əlbir olmamışdır. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmədən əməlini səmimi etiraf edib səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 vurmu olduğu ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında əri Şahid2 ilə birlikdə yaşayır və ünvan 5iyyatimtahan və texniki baxış şöbəsində aşbaz işləyir. Əri Şahid2 da onunla birlikdə həmin kafedə işləyir. Onlar 17 iyul 2021-ci il tarixdə səhər saat 07:30-da yaşadıqları evdən çıxaraq işə getmiş və həmin günü günorta saatlarında saat 14:30-da evə gəlmişdir. Lakin əri Mustafa qohumlarının yas mərasimi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. O, evin ikinci mərtbəsinə yerləşən otağa daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evə oğru girdiyini başa düşmüş və dərhal yataq otağındakı paltar dolabında dəsmalların altına qoymuş olduqları 4800( dörd min səkkiz yüz) manat pulun orda olubolmadığına baxmış, pulun yerində olmadığını və paltar dolabının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal əri Mustafaya zəng etsə də o, mobil telefona cavab vermədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra DİN-nin “102” xidmətinə zəng edərək evdən oğurluq olmasını bildirmiş və daha sonra evə gələn polis əməkdaşlarına bu barədə şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları getdikdən sonra evdən oğurluq baş verib-verməməsi üçün otaqlara baxmışdır. İkinci mərtbəsində yerləşən yataq otağına baxdıqda otağa daxil olarkən sağda yerləşən televizor mebelinin içərisindəki bankanın içərisindən 120 manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. Həmin pulun 100 manatı 20 ədəd 5 manatlıq əskinzalar, geri qalan 20 manatı isə qəpik pullar olmuşdur. Bundan sonra digər otaqlara və ikinci mərtbədə yerləşən digər otağa baxmış və həmin otaqların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Otağa baxdıqda həmin otaqdan bir ədəd elektriklə işləyən çaydanın oğurlanmasını aşkar etmişdir. Bundan sonra evin bütün otaqlarına və həyətə baxmış və başqa hər hansı bir əşyanın oğurlanmadığını görmüşdür. Əri Mustafa ona zəng etmiş və ona oğurluq barədə məlumat verdikdə Mustafa paltar dolabındakı dəsmalların altına qoymuş olduqları 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu Bakı şəhərinə getdiyi üçün ordan götürərək etibarlı olması üçün başqa yerdə gizlətdiyini demişdir. Həmin oğurluq hadisəsi 17 iyul 2021-ci il tarixdə saart 07:30dan saat 14:30-dək olan müddət ərzində baş vermişdir. Onun həmin oğurluq hadisəsi ilə əlaqədar olaraq şübhələndiyi heç kim yoxdur. Həmin çaydanın markasını bilmir, lakin çaydan 5-6 litr su tutumuna malik olmuş və çaydanın real bazar qiyməti 50 manat olmuşdur. Onun evindən 120 manat məbləğində pul və 50 manat dəyərində bir ədəd elektriklə işləyən çaydan oğurlanmış və həmin oğurluq nəticəsində ona ümumilikdə 170 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, Yevlax şəhəri, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır və Zərərçəkmiş şəxs4 ASC-nin 7 nömrəli reginal Sukanal İdarəsinin Yevlax Sukanal sahəsində istismarın təşkili və idarə edilməsinə nəzarət qurupunun mühəndis-qrup rəhbəri işləyir. Yevlax şəhəri, C.Mustafayev küçəsində yaşayan vətəndaşlar onun işlədiyi idarəyə müraciət edərək evlərinə su gəlmədiklərini bildirmişlər. Bu səbəbdən 08 iyul 2021-ci il tarixdə Yevlax şəhəri, C.Mustafayev küçəsindəki Mərkəzi Şəhər Xəstəxanasının həyətində olan subartezian quyusuna baxış keçirdən zaman elektronasosu elektrik enerjisi ilə təmin edən elektrik kabelinin oğurlanmasını aşkar etmişdir. Həmin subartezian quyusunun ətrafı hasarla və sıx kolluqlarla örtülüdür. Həmin subartezian Zərərçəkmiş şəxs4 ASC-nin 7 nömrəli Reginal Sukanal İdarəsinin balansındadır. Həmin yerdən yalnız kabel oğurlanmışdır. Yevlax şəhəri, C.Mustafayev küçəsindəki Mərkəzi Şəhər Xəstəxanasının həyətində olan subartezian quyusundan oğurlanmış kabelin uzunluğu 45 metr olmaqla, diametri 7.2 millimetrdir. Həmin kabel VPP-6 markalı kabeldir və kabelin 1 metrinin çəkisi- 82 qramdır. Oğurlanmış kabelin 1 metrinin qiyməti 5 manat 52 qəpik olmaqla ümumilikdə dəyəri 248 manat 40 qəpikdir. Onlara dəyən ziyan ödənilməmişdir və hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən onalara dəymiş olan ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduunu nəzərə alaraq, onun barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onalr məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında təkbaşına yaşayır və təqaüdçüdür. 17 iyul 2021-ci il günorta saatlarında qardaşları Şamil, Fəxrəddin və Əbülfət onun evinə qonaq gəlmiş və onlar gedən zaman ona hər biri 50 manat olmaqla cəmi 150 manat pul vermişlər. O, həmin vaxt 150 manat pulu yataq otağında yerləşən paltar dolabının soldan üçüncü gözündə yerləşən dəsmalların altına qoymuşdur. Bundan sonra həmin günü saat 17 radələrində onunla qonşuluqda yaşayan qohumu Nübarın evinin həyətində onunla söhbət etdikdən sonra evə qayıtdıqda paltar dolabında dəsmalların altına qoymuş olduğu pulu ordan götürərək pul kisəsinə qoymaq qərarına gəlmiş və bu səbəbdən yataq otağına gedərək pulu qoymuş olduğu yerə baxdıqda pulun orda olmadığını görmüşdür. O, evə baxdıqda yataq otağında yerləşən paltar dolabının soldan üçüncü gözündə olan dəsmalların altına qoymuş olduğu 150 manat pulun, həmin dolabın sol üst hissəsindəki pul kisəsindən 100 manat pulun, həmin dolabın böyük, yəni iki qapısı olan gözünün yuxarı hissəsindən bir ədəd markasını bilmədiyi kopmuterin, həmin otaqdakı digər kiçik dolabın üst gözündə olan pul kisəsindən 56 manat pulun oğurlanmış olduğunu aşkar etmişdir. O, dərhal “102” xidmətinə məlumat vermiş və daha sonra bu barədə şikayət ərizəsi yazmışdır. Həmin oğurluq hadisəsi 17 iyul 2021-ci il tarixdə saart 17 radələrində baş vermişdir. Belə ki, onun evdən çıxmağı 25-35 dəqiqə çəkmişdir. O, evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. O, həmin komputerin markasını bilmir, lakin həmin komputerin hazırki bazar qiməytinin 200 manat olduğunu bildirmişdir. Onun evindən 306 manat məbləğində pul və 200 manat dəyərində komputer oğurlanmış və həmin oğurluq nəticəsində ona ümumilikdə 506 manat məbləğində maddi ziyan dəymişdir. Evindən başqa hər hansı bir əşya, əmlak, pul, qızıl-ziynət əşyaları və s. oğurlanmamışdır. İlk öncə pulun oğurlanmasını aşkar etmiş, lakin daha sonradan evə daha dəqiq baxan zaman komputerin də oğurlanmış olduğunu aşkar etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 17 iyul 2021-ci il tarixdə saat 12 radələrində ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayan qardaşı Xəqani Həsənovun evinə getmişdir. Həmin günü günorta saat 14:30 radələrində evə qayıtmış və evin həyətinin giriş darvazsından içəri daxil olaraq evin eyvanın pilləkənləri evə çıxan zaman tanımadığı naməlum şəxs ilə qarşılaşmış və həmin şəxs evin həyətinin yola açılan qapısından çıxaraq küçəyə çıxmış və qaçaraq uzaqlaşmışdır. Həmin şəxs ilə onun arasında hər hansı bir dialoq olmamışdır. Lakin həmin vaxt evdə oğru olduğunu gördüyü üçün qışqıraraq qonşuları səsləmişdir. Bundan sonra o, evə daxil olmuş və evin mətbəxinin evin həyətinə açılan açıq vəziyyətdə qoyub getdiyi pəncərəsinə vurulan setkanın sökülü olduğunu və mətbəx otağı ilə evin zalının arasında yerləşən pəncərənin şüşələrinin yerindən çıxarıldığını və mətbəxdə stolun üstünə qoymuş olduğu televizorun olduğu yerdən sökülərək böyük sellafona qoyulmuş olduğunu görmüşdür. Həmçinin evin içərisindəki bəzi əşyalara baxdıqda dağılmış vəziyyətdə olmuşdur. 17 iyul 2021-ci il tarixdə onun yaşadığı Yevlax şəhəri, ünvan 8 ünvanına daxil olan naməlum şəxs oğurluq etməyə cəhd etsə də, onun evə gəldiyini gördüyü üçün hər hansı bir əmlakı oğurlamadan qaçmışdır. Onun evindən heç bir şey oğurlanmamışdır. O, həmin televizorun “SHİWAKİ” markalı qara rəngli televizor olduğunu və həmin televizorun ekranı 70 sm uzunluğunda və 40 sm enində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayonu, Nemətabad kəndində ailəsi ilə birlikdə yaşayır və şəxsi JCB bekoloader markalı yerqazan ekskovator işlədir. 17 iyul 2021-ci il tarixdə saat 10-11 radələrində Yevlax şəhər avtovazğalının yanında ekskovator ilə təmizlik işi yəni, yoldakı boşluqları doldurmuşdur. Bu zaman bir nəfər şəxsin əlində samovar apardığını görmüşdür. O, həmin şəxsdən samovarı hara apardığını soruşmuş, o da satmaq istədiyini bildirmişdir. Bu zaman o, həmin şəxsdən samovarı hardan aldığını və nə üçün satmaq istədiyini soruşmuşdur. Həmin şəxs samovarın özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin şəxslə söhbət əsnasında onun adının Balabəy olduğunu öyərnmiş və onunla 15 manata razılaşaraq samovarı almışdır. Həmin samovarın hazırda onda olduğunu və istintaqa təqdim edə biləcəyini bildirmişdir. Onun həmin samovarın oğurluq olması barədə hər hansı bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hadisə yerinə keçirilmiş baxış zamanı hadisə yerindən götürülmüş əl-barmaq izləri eyniləşdirilməsi üçün, eyni zamanda KTİ-nin “X7” sistemində olan, əvvələr məhkum olunmuş şəxslərin əl-barmaq əksləri ilə eynilik təşkil edib-etməməsinin yoxlanması üçün Azərbaycan Respublikası DİNnin KTİ-nə göndərilmiş məktuba 02.08.2021-ci il tarixli 011-7167-1221 nömrəli cavab məktubunda göstərilmişdir ki, həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədəd əlbarmaq izi (ADİS-in məlumat bankına Yevlax RPŞ-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin şəhadət barmaqlarının əksi ilə eynilik müəyyən etmişdir. Bundan başqa 04.08.2021-ci il tarixli 011-7282-1221 cavab məktubunda göstərilmişdir ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Yevlax RPŞ-nin KTQ-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və adsız barmaqları (evin pəncərəsinin üzərindən götürülmüş izlər) ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2021-ci il tarixli 9/5145 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, inşaat materialları satışı məntəqələrində və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən əvvələr istifadədə olmuş tədqiqat obyektlərinin, 2021-ci ilin may-iyun aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: Zərərçəkmiş şəxs2 məxsus: bir ədəd “ACER” (Aspire One D270-26 Cws) markalı istifadə edilmiş, istifadəyə yararlı kompüter 150,00 manat, Zərərçəkmiş şəxs3 məxsus : 01 ədəd “SHİVAKİ” markalı ekranın uzunluğu 70,sm, eni 40 sm olan istifadə edilmiş, istifadəyə yararlı televizor 80,00 manat, Zərərçəkmiş şəxs Nümayəndə məxsus : Bir metr VPP-6 markalı diametri 7,2 mm olan subartezian quyusunun elektronasosunu elektrik enerjisi ilə təmin edən istifadə edilmiş elektrik kabel 2,00 manat, 45 metri 90,00 manat Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirilməyən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd elektriklə işləyən istifadə edilmiş, istifadəyə yararlı samovar faktiki ekspert baxışı keçirilmədən, onun konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, su tutumunu, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onun barədə kifayət qədər məlimat olmadığından tədqiqat və qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X4 tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 1398 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 02.02.2018-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 29.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilmiş və məhkəmə zalında həbsdən azad edilmişdir. 28.03.2018-ci il tarixli Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə 29.11.2017-ci il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. 06.02.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, Yevlax rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli hökmü ilə bəraət verilmiş, Şəki Apelyasiya Məhkəməsinin 14.12.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 4(039)-102/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyul 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidn ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edərək, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 21 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Acer” markalı kompüterin Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd elektrikli samovarın Zərərçəkmiş şəxs1 və 01 ədəd “Shiwakı” markalı televizorun Zərərçəkmiş şəxs3 qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Acer” markalı kompüterin Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd elektrikli samovarın Zərərçəkmiş şəxs1 və 01 ədəd “Shiwakı” markalı televizorun Zərərçəkmiş şəxs3 qəbz əsasında təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar