Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-154/2022 09.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Musa oğlunun iştirakları ilə, xx.xx.2000-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olan, faktiki olaraq Yevlax rayonu, Xanabad kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Musa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Musa oğlu xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində X5 Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən sahilində əvvəlcədən tanıdığı Əfqan İsamayılovun ona verdiyi qayıqla qardaşı uşaqlarını su anbarında gəzdirib qayıdandan sonra Zərərçəkmiş şəxs həmin qayığın ona məxsus olduğunu bildirib nə üçün qayığı icazəsiz istifadə etməsini Pərviz Bayramova bildirərək sonuncunu nalayiq sözlərlə söyməsinə görə şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs zərbələr vurmaqla ümumilikdə sonuncuya sağlamlığa yüngül zərər vuran başın təpə nahiyyəsinin, sol gözün bayır bucağının, alt çənə qabarının cərrahi tikişə ehtiyac olan əzilmiş yaraları, sağ gözaltı və almacıq nahiyyəsinin qançırı və şişkinliyi, sağ gözün ağlı qişasının bayır bucağına yaranmış qansızma, sağ burun pərinin sıyrığı, sağ bazunun yuxarı 1/3-nin yan səthinin qançırı, qeyri-dəqiq qapalı kəllə-beyin travması xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Musa oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 14 may 2022-ci il tarixdə saat 16:00 radələrində qardaşı X6 və qardaşı Ələsli Ətrafın uşaqları Ələsli Fəqan və Ələsli Pakizə ilə birlikdə X5 Yevlax rayonu Xanabad kəndi ərazisinə tərəf hissəsinə getmiş, orada əvvəlcədən tanıdıqları Yevlax rayonu Xanabad kənd sakini Əfqan adlı şəxs orada olmuş, ondan suda gəzmək üçün qayıq götürmək istədiklərini bildirmiş, Əfqan öz qayığının nasaz olduğunu, onlara başqa bir tanıdığı adamın qayığını verəcəyini bildirmiş, bundan sonra o, Əfqandan qayığı götürüb qardaşı və uşaqlarla birlikdə suda gəzintiyə çıxmış, təxminən bir saatdan sonra suda olarkən bir qayıq onlara yaxınlaşmış və qayıqda olan əvvəlcədən tanımadıqları şəxs ona qayığı kimdən icazə alıb mindiyini soruşmuş, o da qayığı Əfqandan aldığını bildirmiş, adını bilmədiyi həmin şəxs isə onlara nalayiq ifadələr işlətmiş, bundan sonra aralarında narazılıq yaranmış, bundan sonra onlar suyun qırağına çıxmış və həmin şəxs onun üzərinə tərəf gəlmiş, o da həmin şəxslə dalaşmağa başlamış, nəticədə o, həmin şəxsin üz və baş nahiyyəsinə 2-3 dəfə yumruq zərbəsi vurmuş, bundan sonra qardaşı Ələs onları ayırmış və həmin vaxt tanışı Əfqan adlı şəxs hadisə yerinə gəlmiş və onları öz motosikletinə mindirib oradan aparmış, sonra onlar evə getmiş və sonradan dalaşdığı həmin şəxsin Yevlax rayonu Xanabad kənd sakini Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Həmin vaxt qardaşı Ətraf onların yanında olmamış, evdə olmuş, İlqarı özü döymüşdür. Ələs sadəcə onları bir-birindən aralamış, Ələs İlqara vurmamış və xəsarət yetirməmişdir. O, İlqarı yumruqla vurmuş, onun əlində heç bir alət və vasitə olmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etsə də zərərçəkmiş şəxs onunla barışmamış və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixində təqribən saat 17:00 radələrində Yevlax rayonu Xanabad kəndi ərazisinə, X5 sahilinə getmiş və oraya gedən zaman ona məxsus qayığının orada olmamasını görmüş, sahildən suya baxdıqda suyun ortalarında bir ədəd qayıq görmüş, və təxmin etmişdir ki, ona məxsus olan qayıqdır. Sahildə olan, həmkəndlilərinə məxsus olan digər qayığa minərək suyun ortasında olan qayığa tərəf getmiş, onların yanına çatmış, bundan sonra o, həmin qayığın ona məxsus olduğuna əmin olmuş, qayıqda tanımadığı iki nəfər təxminən 20 yaşlarında oğlan və iki nəfər azyaşlı uşağın olduğunu görmüş, onlardan onun qayığına minmələrinə kimin icazə verdiyini soruşmuş, Pərvin ona Əfqan adlı şəxsin qayığa minməyə icazə verdiyini demişdir. Bundan sonra onlardan biri onun qayığına hoppanmaq istəmiş və ona hücum etmək istəmiş, lakin İlqar qayığı kənara çəkmiş və o, keçə bilməmiş, bundan sonra Pərvin ondan sahilə çıxmasını tələb etmiş, bundan sonra onlar suyun kənarına çıxmış, İlqar qayığı kənara çıxarıb təzəcə yerə düşən zaman Pərvin də qayıqdan düşmüş və qəfildən ona hücum etmiş, Pərvinin əlində nə olduğunu görə bilmədiyi küt alətlə onun sifətinə vurmuş və o, müvazinətini itirib yıxılmış, bundan sonra Pərvin onun başına vurmağa başlamış, Pərvinin yanında olan digər şəxs qıraqda durmuşdur. Sonra isə həmin şəxs qolu ilə onun boynunu sıxaraq başına və üzünə bir neçə dəfə vurmuş və onun başından qan açılmış, bu zaman həmkəndlisi Əfqan oraya gəlmiş və Pərvinin ona hücum etməsinin qarşısını alıb onları öz motosikletinə mindirib oradan uzaqlaşdırmış, bundan sonra o, özündə güc topayıb ayağa durmuş və su ilə əl-üzünü yuyan zaman başından və üzündən qan gəldiyini görmüş və özünü itirməyib motosikletinə minib Xanabad kəndində yerəşən evinə gəlmiş, sonra isə ailə üzvləri təcili tibbi yardım çağırmış və onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparmış və ona orada tibbi yardım göstərilmiş, onu döyərək xəsarət yetirən şəxsi əvvəlcədən və hadisə olan zamanı tanımamış, lakin sonradan onu döyərək xəsarət yetirən həmin şəxsin Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Yevlax rayonu Xanabad kəndində yaşayan Təqsirləndirilən şəxs Musa oğlu olduğunu öyrənmişdir. Ona xəsarəti yalnız Təqsirləndirilən şəxs yetirmişdir. 15-20 dəfə onun başına və üz nahiyəsinə vurmuş, Pərvinin onu nə ilə vurduğunu həmin vaxt dəqiq görməmiş zərbənin təsirindən hiss etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Vasif oğlu ifadəsində bildirmişdir ki, 14 may 2022-ci il tarixdə Yevlax rayonu Xanabad kəndi ərazisində X5 kənarında əlindəki dəryazla turbanın ağzını təmizləyən zaman Yevlax rayon Xanabad kəndində məskunlaşan Təqsirləndirilən şəxs Musa oğlunun və qardaşı X3 yanında iki nəfər uşaqla ona tərəf gəldiyini görmüşdür. Həmin şəxslər onun yanına gələrək ondan suda gəzmək üçün qayığını istəmiş, o həmin şəxslərə qayğının nasaz olduğunu demişdir. Onun qayğının yanında başqa qayıq olmuş, lakin o, həmin qayğın İlqara məxsus olmasını bilməmişdir. Həmin şəxslərin yanında olan uşaqlar qayığa minməyə israr etmiş, o da onun qayğının yanında olan qayığı göstərərək onunla suda bir dövrrə vurub qayıda biləcəklərini bildirmiş, həmin şəxslər daha sonra qayığa minib suda gəzmişlər. O, bir az işlədikdən sonra həmin şəxslərin suyun yulğunluq olan hissəsində qayıqla gəzdiklərini görmüş, o daha sonra qayıqda olan şəxslərdən geri qayıdıb-qayıtmayacaqlarını soruşmuş, həmin şəxslər də sudan çıxacaqlarını bildirmişlər. Hava isti olduğuna görə o motosikletinə minib çay içmək üçün yaxınlıqda olan yatağa qalxmış, elə qalxıb bir stəkan çay içən zaman Pərvin ona zəng vurub onun harada olduğunu soruşmuş, o da fermada çay içdiyini demişdir. Pərvin onunla telefonla danışarkən ondan təcili yanlarına gəlməsinin xahiş etmiş, o, da bundan sonra motosikletinə minib həmin yerə gəlmiş, o ora gəlib çatanda həmkəndlisi İlqarın başından qan axdığını görmüşdür. O, da motosikletdən düşmüş və Pərvin gildən nə iş gördüklərini, nə üçün İlqarı döyüdünü soruşmuş, İqların şəhid atası olduğunu demişdir. O, yenidən dava düşməsinin qarşısını almaq üçün onları öz motosikletinə mindirib tez oradan uzaqlaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 15 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlu həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.11); məhkəmə tibbi ekspertizasının 15 may 2022-ci il tarixli, 304 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin, sol gözün bayır bucağının, alt çənə qabarının cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları, sağ gözaltı və almacıq nahiyyəsinin qançırı və şişkinliyi, sağ gözün ağlı qişasının bayır bucağına yayılmış qansızma, sağ burun pərinin sıyrığı, sağ bazunun yuxarı 1/3-nin yan səthinin qançırı qeyri-dəqiq qapalı kəlləbeyin travması küt alətin-alətlərin (əşyanın) təsirindən törənmişdir. Törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozuntusuna səbəb olduğu üçün dərəcəsi sağlamlığa “yüngül” zərər vuran xəsarətlərə aid edilir.(iş vər.49); qətimkan tədbirinin seçilməsi haqqında 16 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.64-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlu əvvəllər məhkum olunmamışdır. ( iş vər.88); maddi sübut kimi tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Şahid Vasif oğlu videoçəkiliş aparılmaqla şahid qismində dindirilmiş və həmin videogörüntüləri özündə əks etdirən 1 ədəd kompakt disk maddi sübut kimi tanınmışdır. (iş vər.92); X2 Yevlax rayon Narkoloji kabinetinin 13 iyun 2022-ci il tarixli, 905 nömrəli arayışından görünür ki, Bayramov X4 rayon Narkoloji kabinetdə qeydiyyatda durmur. (iş vər.102); Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 13 iyun 2022-ci il tarixli, PHŞ-365/22 nömrəli arayışından görünür ki, Bayramov X4 rayon psixo-nevroloji kabinetdə qeydiyyatda dayanmır. (iş vər.102); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Musa oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Musa oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Musa oğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Musa oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Musa oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Musa oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Musa oğluna məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Musa oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Musa oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Musa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Musa oğlunun 15 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Musa oğlunun üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs Musa oğlunun barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Musa oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-154/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-154/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver