Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-158/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1966-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 12 iyul 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, o, 2021-ci ilin aprel ayının axırlarında Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası qanunun 3-cü siyahısına əsasən xeyli miqdar hesab edilən 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etmiş, 10 iyul 2021-ci il tarixdə saat 20:00 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan QBRŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş, xeyli miqdarda 09 ədəd, ümumi təmiz çəkisi 2400 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri onun yaşadığı Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının axırlarında Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində satış məqsədi olmadan, öz istifadəsi üçün narkotik tərkibli çətənə kollarının toxumlarından əldə edib iki ədəd sellofan torbada saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 345 qram və 55 qram olmaqla ümumi təmiz çəkisi 400 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana 10 iyul 2021-ci il tarixdə saat 20:00 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən üç ildir ki, ağrılarım olduğu üçün narkotik vasitədən istifadə etmişəm. Narkotik vasitədən özü üçün istifadə edir. Narkotik vasitə kimi qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin iyul ayının 10-da saat təxminən 20:00 radələrində Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşadığı evin yaxınlığında olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, qanunsuz olaraq tərkibində narkotik vasitə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu və yaşadığı ünvana baxış keçirəcəklərini demişlər. O, polis əmkdaşlarına etiraz etməmiş və yaşadığı ünvana videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı evin həyətindən narkotik tərkibli çətənə kolları və evdə sellofan torbada saxladığı qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sonra həmin narkotik tərkibli çətənə kolları və qurudulmuş marixuana ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş, daha sonra həmin polis əməkdaşları ilə birlikdə BNMİ-nin QBRŞ-nin Gəncə şəhərində yerləşən inzibati binasına gəlmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. 9 ədəd narkotik tərkibli çətənə bitkilərini özü tək əkmiş, ailə üzvlərinin və başqa heç kimin bundan xəbəri olmamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, yaşını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən BNMİ-nin QRŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 iyul 2021-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərməsi və narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və təxminən saat 20:00 radələrində işlədiyi idarənin əməkdaşı, polis serjantı Şahid2, təhqiqatçı, polis mayoru Rafiq Əhmədov, aqronom Vüqar Əhmədovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 9 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Rəsulun yaşadığı evdə qara rəngli çantanın içərisində olan bir ədəd sellofan torbanın içərisindəki digər sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sonra həmin 9 ədəd narkotik tərkibli çətənə kolları və marixuana maddi sübut əhəmiyyətli olduğundan ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş və daha sonra bu barədə protokol tərtib edilərək baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs 9 ədəd çətənə bitkilərini özünün tək əkdiyi və heç kimlə əlbir olmadığı barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə saat təxminən 20:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları Şahid1, Rafiq Əhmədov və Şahid2la birlikdə Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinə getmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 9 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, yaşadığı evdə qara rəngli çantanın içərisində olan bir ədəd sellofan torbanın içərisindəki digər sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin 9 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməsi, yəni gövdə ətrafı torpağın boşaldılması, suvarılması üçün xüsusi qaydada düzəldilməsi müəyyən edilmiş, sonra həmin 9 ədəd narkotik tərkibli çətənə kolları və marixuana maddi sübut əhəmiyyətli olduğundan ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilərək baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinin müxtəlif yerlərində əkilmiş cəmi 9 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkilər aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə qara rəngli çantanın içərisində olan bir ədəd sellofan torbanın içərisindəki digər sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli 16/679 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar olunmuş” sözləri və imzalar olan, 1 (bir) ədəd sellofan paketdə və həmin paketdəki digər 1 (bir) ədəd sellofan paketdə, ayrı-ayrılqda təmiz çəkiləri 345 qram, 55 qram, ümumi təmiz çəkisi 400 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olunmuş” sözləri və imzalar olan bir ədəd sintetik kisədə ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz çəkisi-2400 qram olan bitli nümunələri əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri və marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Çətənə bitkisi 9 ədəd, ümumi təmiz çəkisi-2400 qram, tədqiqata sərf olundu cəmi 1.8 qram (hər ob 0,2 qram), qalıq-2398,2 qram. Marixuananın ümumi təmiz çəkisi-400 qram, tədqiqata sərf edildi 0,4 qram (hər birindən 0,2 qram), qalıq-399,6 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 19 sentyabr 2021-ci il tarixli, 1180 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yuxarı Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1 və 237.1-ci maddələri ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 2398,2 qram çəkidə 9 ədəd narkotik tərkibli çətənə bitkiləri və 399,6 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilibib 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 2398,2 qram çəkidə 9 ədəd narkotik tərkibli çətənə bitkiləri və 399,6 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 126 (bir yüz iyirmi altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-158/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-158/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver