Məhkəmə qərarları › İş №1(039)-16/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-16/2020

23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-16/2020 23.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X4 Möhübbət oğlunun, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Bərdə rayonu, Mollagüllər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2019-cu il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Bərdə rayonu, Mollagüllər kəndində qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 19:30 radələrində, Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən Şahid2 torpaq sahəsində X1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “T-28x4H” markalı Az.59T-636 dövlət qeydiyyat nişanlı traktoru iki ədəd qoşqu ilə birlikdə ayıq vəziyyətdə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda özünə güvənərək cinayətkarcasına ehtiyatsızlıqdan həmin tələblərə riayət etməmişdir, yəni yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, traktoru sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etməməli, avtomobilin (bort platforması olan yük traktorunun banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinasından kənarda, yük qoşqusunda, qoşqu yaylaqda, yük motosikleti banında və motosikletin konstraksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə adamları daşımamalı, mövcud şəraitdə o, idarə etdiyi traktorun adam daşınması qadağan olan yerində, yəni traktorun qoşqusunda Zərərçəkmiş şəxs olmasını nəzərə alaraq təhlükəsizliyin təmin edilməsi üçün traktoru hərəkət etdirməməli, sonuncunun traktorun qoşqusundan düşərək təhlükəsiz məsafə qədər aralanmasını gözləməli və bundan sonra traktoru hərəkət etdirməli olduğu halda bunları etməmiş, o, “T-28x4H” markalı traktoru qoşqu-lafetlə birlikdə etibarnaməsi və idarəetmə hüququ olmadan idarə edərək hərəkət etdirmiş, nəticədə traktorun qoşqusunda olan Zərərçəkmiş şəxs qoşqunun üstündən yerə yıxılaraq “burun nahiyəsinin qançırı ilə burun sümüyünün sınığı, sol mil sümüyünün tipik yerinin yerini dəyişmiş sınığı” xəsarətləri ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa Az Ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün kənd təsərrüfatı sahələrində fəhlə işləmişdir. Qardaşı Hakimə məxsus T-28x4H markalı, Az59T-636 dövlət qeydiyyat nişanlı traktor və bir ədəd lapet olmuşdur. Sifariş olduqda o, həmkəndliləri Səbuhi, Seymur və Vüsalla birlikdə Hakimin idarə etdiyi traktor və traktorun lapeti ilə birlikdə kənd təsərrüfatı sahələrinə gedərək ot bağlaması daşımışlar. Zərərçəkmiş şəxs onun nənəsinin xalası oğludur. Onun Gündüzlə münasibəti yaxşı olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında Hakim ona Şahid2 işlə bağlı sifariş verdiyini, ot bağlaması daşımaq üçün Yevlax rayonu Qoyunbinəsi kəndinin ərazisində yerləşən yonca sahəsinə gedəcəklərini demişdir. Bundan sonra Hakimin idarə etdiyi traktorla o, Gündüz, Səbuhi, Vüsal və Seymurla birlikdə Yevlax rayonu Qoyunbinəsi kəndinin ərazisində yerləşən Elbrusa məxsus yonca sahəsinə getmişlər. Elbrus ot bağlamalarını onlara göstərmiş, həmin ot bağlamalarını sahədən daşıyaraq fermada taya şəklində yığmalarını bildirmişdir. Saat 14 radələrində onlar ot bağlamalarını yığmağa başlamışlar. Hakim traktoru ot bağlamalarının iki cərgəsinin arasındakı məsafədə aşağı sürətlə idarə etmişdir. Gündüz birinci lapetin üstündə, Səbuhi isə ikinci lapetin üstündə olmuşdur. O, Seymur və Vüsal isə yerdə olmuşlar. Onlar yaba vasitəsi ilə ot bağlamalarını yerdən götürüb lapetin üstünə atmış, Gündüz və Səbuhi isə həmin ot bağlamalarını sıra ilə lapetin üstünə düzmüşlər. Bir neçə saat ərzində onlar sahədə olmuş ot bağlamalarını üç reyslə daşıyıb Elbrusun yaşadığı evin yaxınlığında taya şəklində yığmışlar. Sahədə təxminən 170-180 ədəd ot bağlaması qalmışdır. Saat 19 radələrində onlar sonuncu reysə başlamış və hər bir lapetə təxminən 30-35 ədəd ot bağlaması yığmışlar. Həmin vaxt o, yorulduğu üçün Hakimə yerlərini dəyişməyi, onun əvəzindən ot bağlaması yığmasını, traktoru o, idarə edəcəyini demişdir. Bundan sonra Hakim traktordan aşağı düşmüşdür. O, yabanı Hakimə verərək traktorun sükanı arxasında əyləşmişdir. Gündüz və Səbuhi lapetin üstündə ayaq üstə vəziyyətdə dayanmışlar. O, traktoru idarə edərək önə doğru hərəkət etdirmişdir. Həmin vaxt qardaşı və iş yoldaşları qışqıraraq traktoru dayandırmağı demişlər. O, traktoru dayandıraraq aşağı düşmüşdür. Həmin vaxt o, Gündüzün yerdə olduğunu görmüş və sonuncunun lapetin üstündən yıxıldığını bilmişdir. O, Gündüzün burnundan xəsarət aldığını və həmin nahiyəsindən qan axdığını görmüşdür. Gündüz həmçinin, sol qolunun sındığını demişdir. Hakim telefonla zəng edərək Elbrusa Gündüzün lapetin üstündən yıxılaraq xəsarət aldığını demişdir. Elbrus idarə etdiyi avtomobillə sahəyə gəlmişdir. Hakim Elbrusa Gündüzü xəstəxanaya aparmasını demişdir. Gündüz xəstəxanaya getmək istəmədiyini demiş və onun evə aparılmasını xahiş etmişdir. Bundan sonra Elbrus idarə etdiyi avtomobillə Gündüzü yaşadığı evə aparmışdır. Səhəri gün o, Gündüzün yaşadığı evə getmiş və Gündüzün qolunun gipslə sarıqlı olduğunu görmüşdür. Gündüz burun sümüyünün və sol qolunun sındığını demişdir. O, Gündüzə müalicəsi ilə bağlı maddi kömək edə biləcəyini demişdir. Gündüz maddi köməyə ehtiyacının olmadığını demiş, bu səbəbdən də o, Gündüzə heç bir maddi yardım göstərməmişdir. Hadisə vaxtı idarə etdiyi traktorun texniki vəziyyəti saz olmuşdur. Traktorun heç bir nasazlığı olmamışdır. T-28x4H markalı Az59T-636 dövlət qeydiyyat nişanlı traktoru idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Traktoru idarə etməzdən əvvəl lapetin üstündə olmuş Gündüzə traktoru idarə edəcəyini, lapetin üstündən aşağıya düşüb kənarda gözləməsini deməmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, Orucu eyni kənddə yaşadıqları üçün kiçik yaşlarından tanımış və sonuncu ilə yaxşı münasibəti olmuşdur. Onun Orucla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Orucun qardaşı Hakimə məxsus “T-28” markalı traktor və iki ədəd lapet olmuşdur. Hakim sifariş əsasında idarə etdiyi traktor və traktora qoşduğu iki ədəd lapetlə kənd təsərrüfatı sahələrindən fəhlələrin yığdığı ot bağlamalarını müvafiq ünvanlara aparmışdır. xx xxxx 2019-cu il tarixdə həmkəndlisi Vüsal ona zəng edərək səhəri gün iş olduğunu, ot bağlaması yığmaq üçün Hakimin traktoru ilə Yevlax rayonu ərazisində yerləşən sahəyə gedəcəklərini bildirmişdir. Vüsal Səbuhi, Seymur və Orucla birlikdə gedəcəyini demişdir. O, ot bağlaması yığmaq üçün getməyə razı olmuşdur. xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində o, Oruc, Səbuhi, Vüsal və Seymurla birlikdə Hakimin idarə etdiyi traktorla Yevlax rayonu ərazisində yerləşən Elbrusa məxsus sahəyə getmişlər. Həmin sahədə sıra ilə düzülmüş ot bağlamaları olmuşdur. Hakim traktorunu ot bağlamalarının iki cərgəsinin arası ilə aşağı sürətlə idarə etmişdir. O, traktora qoşulmuş birinci lapetin üstündə dayanmışdır. İkinci lapetin üstündə isə Səbuhi dayanmışdır. Vüsal, Seymur və Oruc isə yerdə olmuş, yaba ilə ot bağlamalarını götürüb lapetə atmışlar. O, Vüsal, Oruc və Seymurun lapetə atdığı ot bağlamalarını kəndirindən tutub götürməklə sıra ilə lapetə düzmüşdür. Sahədə təxminən 1000 ədəd ot bağlaması olmuşdur. Onlar sahədə olmuş ot bağlamalarını fermada taya şəklində yığmışlar. Onlar sahədən təxminən üç reyslə ot bağlamasını fermaya daşımış, o, hər dəfə lapetə təxminən 100-120 ədəd ot bağlaması yığmışdır. Onlar sonuncu reysə saat 19 radələrində başlamışlar. O, yenə də birinci lapetin üzərində olmuşdur. Həmin vaxt o, lapetə təxminən 60 ədəd ot bağlaması yığmış, sahədə təxminən 40-50 ədəd ot bağlaması qalmışdır. Saat 19:30 radələrində Oruc Hakimə yorulduğunu, əvəzindən ot bağlaması yığmasını, traktoru idarə edəcəyini demişdir. Bundan sonra Hakim idarə etdiyi traktoru dayandıraraq aşağı düşmüşdür. Hakim traktorun mühərrikini söndürməmiş, işlək vəziyyətdə olmuşdur. Oruc traktorun sükanı arxasında əyləşmişdir. Seymur və Vüsal yerdə olmuş ot bağlamalarını yaba ilə götürərək lapetə atmışdır. O, həmin ot bağlamalarını sıra ilə düzməyə başlamışdır. O, lafetin üstündə ot bağlamalarının üzərində ayaqüstə vəziyyətdə dayanmışdır. O, ot bağlamalarını sıra ilə düzmüşdür. Həmin vaxt Oruc qəflətən traktoru idarə etmiş, lapet hərəkət etdiyi üçün o, təxminən 3-4 metr hündürlükdən üzü üstə yerə yıxılmışdır. Səbuhi və Vüsal onun yanına gələrək onu ayağa qaldırmışlar. Həmin şəxslər qışqıraraq Oruca traktoru dayandırmasını, onun yıxılaraq xəsarət aldığını demişlər. Bundan sonra Oruc traktoru dayandıraraq aşağı düşmüş və onun yanına gəlmişdir. O, sol qolunun qatlandığını görmüşdür. Həmçinin burnundan xəsarət almış və burnundan qan axmışdır. Həmin fermanın sahibi Elbrus idarə etdiyi avtomobillə onu oradan aparmış, sonra Orucun qonşusu Loğman avtomobillə onu yaşadığı evə aparmışdır. Ailə üzvləri xəsarət aldığını görərək nə baş verdiyini soruşmuşlar. O, sahədə ot bağlaması yığarkən Orucun traktoru qəflətən idarə etdiyini və lapetin üstündən yerə yıxıldığını demişdir. Əmisi oğlu Bəhruz idarə etdiyi avtomobillə onu Bərdə mərkəzi rayon xəstəxanasına aparmışdır. Həkimlər onu müayinə etmiş, o, rentgen müayinəsindən keçirilmişdir. Həkim burun sümüyünün və sol qolunun mil sümüyünün sındığı demişdir. Onun qolu gipsə qoyulmuşdur. Gecə saatlarında o, yaşadığı evə buraxılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün sifariş əsasında özünə məxsus olmuş “T-28x4H” markalı Az59T-636 dövlət qeydiyyat nişanlı traktorla kənd təsərrüfatı sahələrindən ot bağlaması daşımaqla məşğul olmuşdur. Bundan başqa ona məxsus bir ədəd lapet olmuşdur. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında Yevlax rayonu ərazisində yaşayan Elbrus ona zəng edərək təxminən 900 ədəd ot bağlamasının olduğunu demişdir. Elbrus onunla birlikdə fəhlə işləmiş şəxsləri götürüb traktoru ilə sonuncuya məxsus sahəyə gəlməyi, ot bağlamalarını sahədən daşıyıb fermada taya şəklində yığmalarını sifariş vermişdir. Bundan sonra o, bu barədə qardaşı Oruca, həmçinin, həmkəndliləri Səbuhiyə, Vüsala və Seymura demişdir. Səbuhi ona Gündüzü də gətirmək istədiyini demiş, o, Gündüzün onunla birlikdə işləmək üçün sahəyə getməsinə etiraz etməmişdir. Həmin gün o, özünə məxsus bir ədəd lapeti və dayısı Elşənə məxsus bir ədəd lapeti, cəmi iki ədəd lapeti traktora qoşmuşdur. Gündüz, Səbuhi, Vüsal və Seymur traktora qoşulmuş birinci lapetə əyləşmişlər. Oruc isə onun yanında, traktorun salonunda əyləşmişdir. Saat 13 radələrində o, traktoru idarə edərək Yevlax rayonu ərazisinə, Elbrusa məxsus sahəyə getmişlər. Elbrus onları qarşılamış və yığılmasını sifariş verdiyi ot bağlamalarını göstərmişdir. Saat 14 radələrində onlar sahədə olmuş ot bağlamalarını yığmağa başlamışlar. O, traktoru birinci ötürmədə, aşağı sürətlə idarə etmişdir. Gündüz birinci lapetin üstündə, Səbuhi isə ikinci lapetin üstündə olmuşdur. Oruc, Seymur və Vüsal isə yerdə olmuşlar. Oruc, Seymur və Vüsal əllərində olmuş yaba ilə ot bağlamalarını yerdən götürərək lapetə atmışlar. Gündüz və Səbuhi isə həmin ot bağlamalarını sıra ilə lapetin üstünə düzmüşlər. Bir neçə saat ərzində onlar sahədə olmuş ot bağlamalarını üç reyslə yığaraq fermaya aparmış və taya şəklində yığmışlar. Sahədə təxminən 300 ədəd ot bağlaması qalmışdır. Saat 19 radələrində onlar sonuncu reysə başlamışlar. Yenə də traktoru o, idarə etmiş, Gündüz və Səbuhi lapetin üstündə, Oruc, Seymur və Vüsal isə yerdə olmuşlar. Hər bir lapetə təxminən 30-40 ədəd ot bağlaması yığılmışdır. Həmin vaxt qardaşı Oruc ona yorulduğunu, traktordan düşərək sonuncunun əvəzindən ot bağlaması yığmasını demişdir. O, traktoru dayandıraraq aşağı düşmüş, lakin, traktorun mühərrikini söndürməmişdir. Oruc traktora əyləşmişdir. O, yaba ilə ot bağlaması yığmağa başlamışdır. Oruc traktoru idarə edərək hərəkətə gətirmiş, həmin vaxt Gündüz ot bağlaması ilə birlikdə lapetin üstündən yerə yıxılmışdır. O, Gündüzə yaxınlaşmış, sonuncunun burnundan xəsarət aldığını və həmin nahiyəsindən qan axdığını görmüşdür. Gündüz sol qolunun sındığını demişdir. O, telefonla zəng edərək Elbrusa Gündüzün lapetin üstündən yıxılaraq xəsarət aldığını demişdir. Elbrus idarə etdiyi avtomobillə sahəyə gəlmişdir. O, Elbrusa Gündüzü xəstəxanaya aparmasını demişdir. Elbrus idarə etdiyi avtomobillə Gündüzü oradan aparmışdır. Səhəri gün o, Oruc, Səbuhi, Seymur və Vüsal birlikdə olaraq Gündüzün yaşadığı evə getmişlər. O, Gündüzün qolunun gipslə sarıqlı olduğunu görmüşdür. Gündüz burun sümüyünün və sol qolunun sındığını demişdir. O və Oruc Gündüzə müalicəsi ilə bağlı maddi köməklik edə biləcəklərini demişlər. Gündüz maddi köməyə ehtiyacının olmadığını demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27831 nömrəli rəyindən görünür ki, 1.2.3.4. T-28 markalı 59T-636 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs T-28 markalı traktoru sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxx 2019-cu il tarixli 478 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–burun nahiyəsinin qançırı ilə burun sümüyünün sınığı, sol mil sümüyünün tipik yerinin yerini dəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi vəziyyətdə traktor qoşqusundan yıxılma nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2019-cu ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Bərdə Regional Bölməsinin xx xxxxxx 2019-cu il tarixli 24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bərdə DAİM TNT sektorunda traktorist maşinist sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə Yevlax RQİvə TBŞsi tərəfindən AE seriyalı 229705 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Bərdə rayon İHB-nın Mircəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini CM-in 59.1.13cü maddəsinnə, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Maddi sübut “T-28x4H” markalı Az.59T-636 dövlət qeydiyyat nişanlı traktor və iki ədəd qoşqu lafetin Şahid1 sahibliyində olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. Maddi sübut “T-28x4H” markalı Az.59T-636 dövlət qeydiyyat nişanlı traktor və iki ədəd qoşqu lafetin Şahid1 sahibliyində olması nəzərə alınsın. Hökmün icrasına nəzarət Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar