Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-16/2021 12.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 07 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Ə.Bayramov küçəsi, 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda X9 X1 Meşəbəyliyinin 8 saylı meşə dolayısında yerləşən 4 kvadrat metr ölçüdə meşə fondu torpaqlarına aid ərazini qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan digər üsulla yəni, narkotik tərkibli bitkiləri kultivasiya etməyi həyata keçirmək üçün özbaşına tutmuş, istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib xeyli miqdarda, 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkilərini yetişdirərək kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində həmin çətənə bitkilərinin yarpaqlarından 59,042 qram narkotik vasitə olan qurudulmamış marixuananı qəsdən satış məqsədi olmadan özü istifadə etmək məqsədilə toplayıb əldə edərək sellofan torbaya yığıb saxlamış, həmin gün saat 19:10 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən mütəxəssisin iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs həmin ərazidə xeyli miqdarda kultivasiya etdiyi narkotik tərkibli 5 (beş) ədəd, ümumi təmiz çəkisi 280 qram olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən topladığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 59,042 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. Bir müddət Kür çayının Yevlax rayonunun ərazisindən keçən hissəsində balıq tutmağa getmiş və orada olarkən yabanı halda bitmiş çətənə bitkilərdən yığıb istifadə etmişdir. Bu bitkilərdən təxmini 10 ədədin yığaraq özündə saxlamış və bir daha balıq ovuna gedən zaman, 2020-ci ilin aprel ayında Yevlax rayonundan Ağcabədi rayonuna gedən avtomobil yolun sol kənarındakı şor kanalının kənarında, böyük kolluğa yol açaraq oranı təmizləyib toxumları orada əkmişdir. Bundan sonra mütəmadi olaraq oraya gedərək əkdiyi toxumları sulayaraq quluq etmişdir. Bu toxumlardan 5 ədədi bitmişdir. Bitmiş toxumların dibini belləyərək, dibinə peyin vermiş və sulamışdır. Bitmiş çətənə bitkiləri təxminən 120 sm-dən 160 sm-dək hündürlüyə qalxmışdır. Həmin bitkinin yarpaqlarından yığıb qurudaraq onlardan istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 18:00-da həmin yerə getmiş, çətənə bitkilərinə qulluq edərkən yarpaqlarından istifadə etmək məqsədilə sellofan torbaya yığaraq oraya qoymuşdur. Həmin günü, bir saat sonra oraya polis əməkdaşları gəlmiş, video çəkilişlə onun iştirakı ilə oraya baxış keçirmişlər, baxış zamanı onlar orada çətənə bitkilərini əkdiyini, onlara qulluq etdiyini və istifadə etmək üçün çətənə bitkilərindən yığıb sellofan torbada saxladığını aşkar etmişlər. Sonra həmin kolları və sellofana yığdığı yaş halındakı marixuananı qablaşdıraraq götürmüşlər. Polis əməkdaşlarına etiraf etmişdir ki, həmin kolları özü əkib-becərmiş, bitkinin yarpaqlarından özü istifadə etmişdir. İstinad edilən torpaq sahəsinin Qaraoğlan Meşəbəyliyinə və yaxud digər şəxsə məxsus olması ona məlum olmamış, heç kimin torpaq sahəsini zəbt etmək niyyəti olmamış, oranı hasarlamamış və yaxud başqa qaydada təcrid etməmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Yevlax-Ağcəbədi avtomobil yolunun ərazisində istifadə edilməyən şor kanalın kənarında torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkibbecərməsi və marixuanadan istifadəsi barədə məlumat daxil olmuşdur. Bunun əsasında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Şahid2 və X4 ilə birlikdə, habelə Yevlax rayon X5 rəisi vəzifəsində işləyən X2 cəlb etməklə məlumatda qeyd edilən əraziyə yollanmışlar. Təxminən saat 19:00-da məlumatda qeyd edilən yerə çatdıqda Təqsirləndirilən şəxs həmin yerdə görüb saxlamışlar. Bundan sonra isə onun iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı kanalın kənarındakı kolluğun içində, təxminən 4 kvadrat metr yeri Elçin tərəfindən alaq otlardan təmizlənərək orada 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar kolların əkildiyi aşkar edilmişdir. Həmin bitkinin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş, dibinə peyin verilməklə suvarılmışdır. Oraya baxış keçirilərkən sellofan torbada marixuanaya oxşar kütlə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, 5 ədəd çətənə bitkilərini özü istifadə etmək üçün əkmiş və qulluq etmişdir, sellofan torbaya yığdığı kütləni isə həmin ağaclardan yığıb istifadə etmək üçün götürmüşdür. Mütəxəssis isə ağaclara baxarkən ağacların çətənə bitkiləri olduğunu və ağaclara xüsusi qulluq olunduğunu bildirmişdir. Aşkar edilmiş həmin bitki kolları kökündən çıxarılmış, həmin bitki kolları və sellofandakı kütlə qablaşdırılıraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş iştirak edənlərlə birlikdə o, da protokolun doğruluğuna imza etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ PPXB polis nəfəri vəzifəsində işləyir. Əməliyyat qrupunun üzvü kimi digər qrup üzvləri ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə Yevlax-Ağcəbədi avtomobil yolunun ərazisində istifadə edilməyən şor kanalının kənarına getmişlər və orada Təqsirləndirilən şəxs saxlamışlar. Əraziyə baxış keçirilən zaman kolluğun içində, alaq otlardan təmizlənmiş təxminən 4 kvadrat metr yerdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar kolların əkildiyi aşkar edilmişdir. Bundan başqa sellofan torbada narkotik maddəyə bənzər kütlə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkiləri özü əkmiş, bunlar narkotik maddəyə aid çətənə kollarıdır və öz istifadəsi üçün yarpaqlarını toplamışdır. Həmin kollar və sellofandakı kütlə qablaşdırılıb götürülmüşdür. Zərər çəkmiş şəxs X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək bildirmişdir ki, Mərkəzin Təqsirləndirilən şəxs heç bir .ikayəti və tələbi yoxdur. İşə onun iştirakı olmadan baxılıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, həmin ifadədə Nümayəndə bildirmişdir ki, Mərkəzin digər əməkdaşı ona məlumat vermişdir ki, Təqsirləndirilən şəxs Mərkəzin Qaraoğlan Meşəbəyliyinin 8 saylı meşə dolayısının ərazisinə daxil olan, meşə fonduna aid, kənd təsərrüfatı təyinatlı hesab olunmayan, əkinə yararsız sahədə 4 metr ərazini zəbt edib bu ərazini tikanlardan təmizləyərək orada narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində Mərkəzə maddi ziyan dəyməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 16/550 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yığıb saxladığı çətənə kollarına bənzər kütlənin olduğu zərf.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbadakı təmiz çəkisi 59,042 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır və üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs əkib-becərdiyi 5 (beş) ədəd çətənə bitkilərinin olduğu kisə..” yazılar və imzalar olan rəngli sintetik kisədəki, sayı 5 (beş) ədəd, ümumi təmiz çəkisi 280 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (səh. 37-38) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 827 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.85) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs iştirakı ilə X9 X1 Meşəbəyliyinin 8 saylı meşə dolayısının ərazisinə baxış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, ittiham aktında qeyd edilən narkotik tərkibli 5 ədəd çətənə (kannabis) bitkilərinin və həmin bitkilərdən topladığı, sellofan torbada narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlənin aşkar olunması müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surəti ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 07 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsi, habelə iş üzrə digər sübutlarla təsdiq olunur ki, o, narkotik tərkibli çətənə bitkilərini sonradan özü istifadə etmək məqsədi ilə əkmiş, eləcə də onun hissələri olan yaş vəziyyətdə yarpaqlarını eyni məqsədlə yığmışdır. Məhkəmə, tədqiq etdiyi sübutlara əsasən ilk olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirliliyinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İttihama əsasən, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan X9 X1 Meşəbəyliyinin 8 saylı meşə dolayısının ərazisində 4 kv.m. torpaq sahəsini zəbt edərək orada 2020-ci ilin aprel ayının əvvəllərində 5 ədəd narkotik tərkibli çətənə bitkilərinin yetişdirərək kultivasiya etmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmənin qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, X9 X1 Meşəbəyliyinin 8 saylı meşə dolayısının ərazisində 04 kvadrat metr torpaq sahəsi maddənin dispozisiyasında göstərildiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. Belə müəyyən olunur ki, təqsirləndirilən şəxs gizli şəkildə meşə fonduna aid 4 kv.m. torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsinin 4 kvadrat metrindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı həm CM-nin 234.1 maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlama, həm CM-nin 237.1 maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm də CM-nin 188.1 maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə ittiham irəli sürülmüşdür. CM-nin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. Mövcud sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. İşin bu vəziyyəti onun törətdiyi bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalması, başqa sözlə bir əmələ görə iki dəfə məhkum edilməsi anlamına gətirib çıxarır ki, bu da qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində təsbit edilmişdir ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair xx xxxxxx 1984-cü il tarixli 7 saylı Protokolun 4-cü (İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ) maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayətprosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Cinayət Prosessual Məcəllə: Maddə 34. (Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi) maddəsində də göstərilir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Maddə 42.1.2. əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə ittiham verilərkən onun əməli CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, onun əməlində CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yoxdur. O da, qeyd olunmalıdır ki, CPM-in 56.0.1-ci mаddəsinə əsаsən, bəraət almış şəxs cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın ödənilməsi hüququnа mаlikdir. Bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (CPM-in 61.2-ci maddəsi). Cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki məhkəmə icraatı prosesində həyata keçirilir (CPM-in 63-cü maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilə bilməz, o həmin cinayət əməlinin törədilməsində təqsirsizdir. Bu səbəbdən ona bəraət verilməli, CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin də tərkibinin olmasına hüquqi qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi, habelə iş üzrə digər sübutlarla təsdiq olunur ki, o, narkotik tərkibli çətənə bitkilərini sonradan özü istifadə etmək məqsədi ilə əkmiş, eləcə də onun hissələri olan yaş vəziyyətdə olan yarpaqlarını eyni məqsədlə yığmışdır. Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 234.1 maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya, həmin Məcəllənin 237.1 maddəsi isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyətini nəzərdə tutur. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında qanunun 1.0.9-cu maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq əldə edilmə dedikdə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşması kimi qəbul edilməsi, başqa mallara və ya əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı bir üsulla yiyələnməsinə yönəldilmiş hərəkət kimi nəzərdə tutmuşdur. Həmin qanunun 1.0.6-cı maddəsi narkotik tərkibli bitkilərin kultivasiyası anlayışına onların əkilməsi, becərilməsi və toplanmasını daxil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 237ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2013-cu il tarixli qərarında da göstərilmişdir ki, CM-nin 237.1-ci maddəsi ilə əməlin tövsif edilməsi üçün narkotik tərkibli bitkilərin, onların hissələrinin istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Külli miqdar narkotik vasitələrin (qurudulmuş və ya qurudulmamış) miqdarı məsələsi həll edilərkən isə bu barədə qanun qəbul edilənə kimi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən həll edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlaməti kimi ehtiva edilmişldir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının hansı məqsədlə toplanmasından asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Çətənə bitkilərinin yarpaqlarının toplanmasına və qurudulmasına görə əlavə ittiham verilməməlidir. Belə ki, qeyd edilən narkotik vasitənin kultivasiya edilməsi, o cümlədən onun hissələri olan yarpaqların toplanması özü-özlüyündə gələcəkdə ondan istifadə edilməsi məqsədi daşıyır. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun bunda təqsirli olması tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ümumilikdə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ona verilmiş ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildiyindən ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 05 ədəd çətənə bitkisi və ekspertiza tədqiqatından sonra qalan 58,992 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 32,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçi X3 istintaq zamanı 57 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 342 manat və Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir ay) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalan çəkisi 58,992 qram olan qurudulmamış marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 342 (üç yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 və məhkəmə dövrü üçün 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-16/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-16/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver