Məhkəmə qərarları › İş №1(039)-16/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-16/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-16/2022 18.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 1(039)-13/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,488 qram miqdarında psixotrop maddə-metamfetamini istintaqa müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 09 oktyabr 2021-ci tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, C.Cabbarlı küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində 10 oktyabr 2021-ci il tarixdə saat 00:10-dan saat 00:30-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən həmin psixotrop maddə-metamfetamin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, psixotrop maddə olan metamfetamindən yeni istifadə etməyə başlamışdır. 09 oktyabr 2021-ci il tarixdə, təxminən səhər saat 07:00-da yaşadığı Yevlax şəhəri, Nizami prospektində yerləşən 37 nömrəli binanın yaxınlığında gəzişərkən yerdə göy-ağ rəngli siqaret kağızından bükülü aşkar etmiş, bükülünü yerdən götürüb içinə baxdıqda isə içində metamfetamin olduğunu görmüşdür. Həmin maddənin istifadəçisi olduğu üçün bükülünü cibinə qoyaraq saxlamışdır. 09 oktyabr 2021-ci il tarixdə, təxminən 23:30 – 00:00 radələrində, Yevlax şəhəri, C.Cabbarlı küçəsində olan zaman 2 nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparılmaqla onun üstünə baxış keçiriləcəkdir. Ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Bunun məqsədini anladığından birinci olaraq üzərində olan metamfetamini çıxarıb təqdim etmişdir. Etiraf etmişdir ki, bükülünün içində olan maddə metamfetamindir, həmin gün səhər saatlarında yaşadığı küçədən tapmış və sonra istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 oktyabr 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, saat təxminən 23:00-da, məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Yevlax şəhəri, C.Cabbarlı küçəsində saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli siqaret kağızından bükülü çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, bükülünün içində olan maddə psixotrop maddə olan metamfetamindir, 09 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Yevlax şəhəri, Nizami prospektində yerləşən 37 nömrəli binanın yaxınlığında gəzərkən yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin X1 10 oktyabr 2021-ci il tarixli 17/740 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,488 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra № 27) daxil olanmetamfetamindir. (səh.40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 05 noyabr 2021-ci il tarixli 1348 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.137) Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 1(039)-13/2017 nömrəli hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli 7(007)-1713/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təyin edilmiş 05 il müddətində azadlıqdan məhrum etmə cəzası 04 il 09 aya azaldılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2018-ci il tarixli 7(103)-1741/2018 nömrəli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 il 9 ay müddətinə endirilmişdir. Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 0,438 qram miqdarında psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 126 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,438 qram miqdarında psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69 (altmış doqquz ) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 126 (bir yüz iyirmi altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökm ona verildiyi andan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar