Məhkəmə qərarları › İş №1(039)-161/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-161/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-161/2021 07.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 iyun 2020-ci il tarixdən başlayaraq 07 iyul 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən üçmərtəbəli fərdi yaşayış evinə, evin həyətinin giriş darvazasını itələyərək aralayıb oradan həyətə keçməklə qanunsuz olaraq evə daxil olaraq evin birinci mərtəbəsindən – bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində olan iki ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapıları, 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumilikdə dəyəri 2000 manat olan iki ədəd fıstıq ağacından hazırlanmış 2,20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında otaq qapılarını, həmin qapıların bir ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 240 manat dəyərində olan 8 ədəd taxta materialdan olan plintuslarını, bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 51 manat dəyərində olan 17 ədəd 2 metr uzunluğunda, 2,5 sm enində, 1 sm qalınlığında taxtaları, evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə doğru olan 64 pilləli taxta pilləkənin bir pilləsinin qiyməti 35 manat olmaqla ümumilikdə 1050 manat dəyərində olan 30 ədəd fıstıq ağacından hazırlanmış 1,2 metr uzunluğunda, 30 sm enində, 4 sm qalınlığında taxta materialdan olan pillələri, ikinci mərtəbədə yerləşən bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində iki ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapıları, bir ədədinin qiyməti 1000 manat olmaqla ümumilikdə 3000 manat dəyərində olan üç ədəd fıstıq ağacından hazırlanmış 2,20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında otaq qapılarını, evin üçüncü mərtəbəsindən isə 150 manat dəyərində olan bir ədəd 1.4 metr uzunluğunda, 70 sm enində olan üzərində ağ sadə şüşə olan plastik pəncərəni, üçüncü mərtəbənin divarının içəri hissəsinin ümumilikdə 2000 manat dəyərində olan taxtadan hazırlanmış 21 metr uzunluğunda, 2,5 metr enində olan şam ağacından olan üzlük örtük taxtalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 7091 manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun oğlu Şahid Əsəd oğlunu qonşu kimi tanıyır və onlarla münasibəti yaxşı olmuşdur. Onun evindən aşkar edilərək götürülmüş 04 ədəd plintusları və bir bağlamada olan 17 ədəd reykanı Şahid almışdır. Belə ki, o, 2018-ci ilin yay aylarında Şahid küçədə görüb ona yaxınlaşmışdır. Ondan evini düzəltmək üçün taxtaya ehtiyacı olduğunu və əgər varsa ona taxta verməsini xahiş etmişdir. Alim də ona taxta verə biləcəyini bildirmişdir. O, bundan sonra Alimlə birlikdə Alimin Yevlax şəhər R.İbrahimov küçəsində yerləşən evinə getmiş və qapının qarşısında dayanmışdır. Alim öz evlərinə daxil olaraq oradan 4 ədəd qapının kənarına vurulan taxta və bir bağlamada olan nəzik-enzis reykaları ona vermişdir. Alim həmin taxtaları ona verdikdən sonra Alimə təşəkkür edib həmin taxtaları hissə-hissə daşıyaraq evinin həyətinə yığmışdır. Bundan 5-6 ay sonra Alim Moskva şəhərinə getmişdir. O, həmin vaxtdan sonra Alimi görməmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməmişdir. O, həmin evdən oğurluq olmasını polis şöbəsində öyrənmiş və kimin oğurlaması barədə məlumatı yoxdur. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2021-ci ilin iyul ayında azadlığa çıxdığı üçün iyul ayının 7-də evə baxmağa getdikdə evin içərisindən əşyaların oğurlanmasını aşkar etmişdir. O, evə baxdıqdan sonra ona məlum olmuşdur ki, evin birinci mərtəbəsindən 2 ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapılar və 2 ədəd fıstıq ağazından hazırlanmış 2,20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında qapılar və həmin qapıların 8 ədəd kənar reykaları(plintuslar), bir bağlamada olan 17 ədəd reykalar, 7 ədəd 1,80 metr uzunluğunda qızdırıcılar (radiatrlar), bir ədəd saunanın peçi və matoru, hamam otağındakı caqquzi vannasının matoru, bir ədəd duş, birinci mərtəbədən ikinci mərtbəyə qalxan 64 pilləli pilləkənin 30 ədəd fıstıq ağacından olan 1,2 metr uzunluğunda 30 sm enində, 4 sm qalınlığında taxtadan olan pillələr, birinci mərtəbədəki divarda yerləşən işıq şiti(rubilnik), ikininci mərtəbən- 2 ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapılar və 3 ədəd fıstıq ağacından hazırlanmış 2,20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında qapılar, hamamın asma tavanı, caqquzi vannasının matoru, duşu və şüşəsi, bir ədəd divara qurlaşdırılmış paltar qurutmaq üçün hamam radiatrı, 1,80 metr uzunluğunda olan 6 ədəd radiatr (atapleniya), üçüncü mərtəbədən- bir ədəd 1,4 metr uzunluğunda, 70 sm enində üzərində ağ sadə şüşə olan plastik pəncərə, 7 ədəd 1,80 metr uzunluğunda qızdırıcı(radiatr), üçüncü mərtəbənin divarının içəri hissəsinin taxtadan olan ümumilikdə 21 metr uzunluğunda və 2,5 metr enində şam ağacından olan örtüyü, evin həyətindəki köməkçi tikilidə olan iki ədəd kombi aparatı və bir ədəd su qızdırcısı naməlum şəxs və şəxlər tərəfindən oğurlanmışdır. Həmin oğurluq hadisəsi 2020-ci ilin iyun ayının 13-dən 2021-ci ilin iyul ayının əvvəllərinə kimi baş vermişdir. O, həmin hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs şübhələnir. Belə ki, onun evindən oğurlanmış əşyalardan 4 ədəd plintus (taxta) və 17 ədəd bir dəstə bağlanmış vəziyyətdə olan ensiz və nəzik reykalar Təqsirləndirilən şəxs evindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs izahatında həmin plintusları və reykaları onun oğlu Şahid ona pay olaraq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır. Onun oğlu Alim Elvinə plintusları və reykaları, həmçinin hər hansısa bir əşyanı pay olaraq verməmişdir. Oğlu Alim hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Bir ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapının qiyməti 100 manat, bir ədəd fıstıq ağacından hazırlanmış 2,20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında qapının qiyməti 1000 manat, bir ədəd qapının kənar reykaları-plintusun qiyməti 30 manat, 17 ədəd bir bağlamada olan nazik-ensiz reykanın qiyməti, yəni 17 ədədinin qiyməti 51 manat, bir ədəd 1,80 metr uzunluğunda qızdırıcı-kombinin radiatrının qiyməti 500 manat, bir ədəd saunanın peçi və matoru 1000 manat, bir ədəd caqquzi vannasının matoru 300 manat, bir ədəd caqquzi vannasının duşu və şüşəsi 400 manat, bir ədəd duşun qiyməti 100 manat, bir ədəd fıstıq ağacından hazırlanmış 1,2 metr uzunluğunda, 30 sm enində, 4 sm qalınlığında pilləkən pilləsinin qiyməti 35 manat, bir ədəd işıq şiti(rubilnik) 100 manat, bir ədəd hamam radiatrı- 200 manat, bir ədəd 1,4 metr uzunluğunda, 70 sm enində üzərində ağ sadə şüşəsi olan plastik pəncərənin qiyməti 150 manat, hamamın asma tavanı 2500 manat, üçüncü mərtəbədə divarın içəri hissəsinin şam ağacından olan örtüyü 2000 manat, iki ədəd “Eca” markalı 600 kvadratlıq evi istimək üçün nəzərdə tutulmuş kombi aparatının bir ədədinin qiyməti 2500 manat olmaqla iki ədədi 5000 manat, bir ədəd 100 litr su tutumuna malik “HOFFMAN” markalı su qızdırıcısının qiyməti 500 manatdır. Ona ümumilikdə 28991 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Məmmədov Alim Əsədoviçin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs nə 2018-ci il tarixdə, nə də başqa tarixlərdə Təqsirləndirilən şəxs evindən aşkar olunmuş taxta və reykaları verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Həmin evin həyətinin giriş qapısı iki taylı dəmir qapıdır evin qapıları həyətə daxil olarkən sağ tərəfdə yerləşir. Həmin ev üçmərtəbəlidir, mişar daşları ilə tiklimişdir, təmirsiz vəziyyətdədir. Evə keçirilən vizula baxış zamanı oğurlanmış əyların olmasını sübut edən izlər müəyyən olunmuşdur. Hadisə yerindən hər hansı şübhəli əşya və predmet aşkar edilməmişdir (iş vər. 06-26); “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer ünvan 1 ünvanında yerləşən, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Həmin ev birmərtəbəli olmaqla dörd otaqdan ibarətdir, ev bişmiş kərpiclə tikilmişdir. Evin həyətinin giriş qapısı iki taylı, qara rəngli dəmir qapıdır, evin arxasında, həyətdə köməkçi tikili vardır. Baxış zamanı Elvin Əhmədov evin ön hissəsinin və damının tikilməsində qonşusu Şahid pay olaraq aldığı taxtalardan istifadə etdiyini, Şahid ona verdiyi 4 ədəd qapının kənarına vurulan taxta və bir bağlamada olan nəzik-enzis reykaların evin arxasında olan köməkçi tikilidə olduğunu bildirmişdir. Baxış zamanı 4 ədəd plintus və 17 ədəd ensiz-nazik taxtalar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (iş vər. 31-34); “baxış keçirilməsi haqqında” 09.07.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, ünvan 1 ünvanında yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki köməkçi tikilidən aşkar olaraq götürülmüş 4 ədəd plintusa və 17 ədəd taxtaya baxış keçirilmiş və Zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olduğunu və ünvan 3 ünvanında yerləşən evindən oğurlanan əşyalar olduğunu bildirmişdir (iş vər.74-75); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər. 45); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 iyul 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 87-88); “maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki köməkçi tikilidən aşkar olaraq götürülmüş 4 ədəd plintus(taxta) və 17 ədəd reyka maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər.90-91); məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 avqust 2021-ci il tarixli, 9/5146 №li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, inşaat materialları satışı məntəqələrində və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən əvvələr istifadədə olmuş tədqiqat obyektlərinin, 2021-ci ilin mart-iyun aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: 4 (dörd) ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapılar 400.00 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. ( iş vər. 106-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13.07.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 92); Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də hadisə yerinə baxış protokolu və ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, maddi sübut hesab edilən taxta və reyka sahibinə qaytarılmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan 4 ədəd plintus(taxta) və 17 ədəd reyka sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar