Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-161/2023 13.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilmişdir ki, o, narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib 2023-ci il mart ayının sonlarında həmin toxumları qəsdən yaşadığı Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsində torpaq üzərində qanunsuz olaraq əkib xeyli miqdarda 14 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 27 iyun 2023-cü il tarixdə, saat 13:45-dən 14:25-dək olan müddətdə Təqsirləndirilən şəxs məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində onun kültivasiya etdiyi xeyli miqdarda 14 ədəd əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 126,32 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə plastmas qabın içərisində saxlamış, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 27 iyun 2023-ci il tarixdə, saat 13:45-dən 14:25-dək olan müddətdə ona məxsus həmin evin həyətyanı bağ sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində onun həmin evin həyətində olan yardımçı tikilidə plastmas qabın içərisində saxladığı 126,32 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2022-ci ildə yaşadığı evin həyətyani bağ sahəsində 1 ədəd narkotik tərkibli çətənə kolu əkib becərərək yetişdirmiş, həmin çətənə bitkisinin yarpaqlarını yığaraq qurudub öz istifadəsi üçün yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamışdır. Qeyd edilən narkotik vasitənin bir hissəsindən istifadə etmiş, bir hissəsini isə yararsız olduğu üçün yaşadığı evin həyətində olan yardımçı tikilidə plastmas qabda saxlamışdır. Təxminən 3-4 il əvvəl əldə etdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumlarını təxminən 2023-cü il mart ayında yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş, bir müddət sonra əkdiyi toxumlar torpaqdan cücərib bitməyə başlamışdır. Həmin çətənə bitkilərinin diblərini boşaldaraq suvarmış və qulluq etmişdir. Məqsədi həmin bitkilər tam yetişəndən sonra yığıb qurudaraq istifadə etmək olmuşdur. 27 iyun 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və bildirmişlər ki, narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəlidir və bu səbəblə yaşadığı evin həyətinə baxış keçirilməlidir. Buna etiraz etməmiş, razılıq barədə könüllü ərizə yazmış və baxış keçirilməsinə icazə vermişdir. Eyni zamanda etiraf etmişdir ki, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkmişdir. Polis əməkdaşları video çəkilişlə, onun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı 16 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin 16 ədəd çətənə bitkidən 14 ədədini şəxsən əkib becərmişdir. Digər 2 ədəd sonradan yabanı halda bitmiş, onlara hər hansı qulluq göstərməmişdir. Həmin 2 ədəd yabanı halda bitən bitkiləri isə polis əməkdaşları aşkar etdikdən sonra görmüşdür, onlardan xəbəri olmamışdır. Aşkar olunmuş 16 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün kisələrə yığılmış və həmin kisələr üzərində qeydiyyat aparılaraq üzərinə möhür vurulmuşdur. Bundan sonra polis əməkdaşları ondan başqa yerdə narkotik vasitə və ya başqa cinayət xarakterli əşyanın olub-olmamasını soruşduqda etiraf etmişdir ki, yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə yararsız qurudulmuş marixuana vardır və marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin qurudulmuş marixuananı da ekspertizaya göndərilməsi üçün götürmüşlər. Əməlindən peşman olduğunu bildirərək, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyun 2023-cü il tarixdə Yevlax RPŞ əməliyyat aparatına Yevlax rayonu, Aran qəsəbəsi sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla şöbə rəhbərliyinə müraicət etmiş və müvafiq əmrlə Təqsirləndirilən şəxs barədə müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin gün o, əməliyyat qrupunun digər üzvləri olan polis əməkdaşları Şahid2, Sirac Fərəcov, təhqiqatçı Mehman Əsədov və aqronom Şahid3la birlikdə Yevlax rayonu, Aran qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Saat təxminən 13:30-da Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında onunla qarşılaşmış və özlərini təqdim edərək ona, narkotik vasitə olan çətənə bitkilərinin yetişdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda həmin məlumatla bağlı ona məxsus evin həyətyanı bağ sahəsinə baxış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və təhqiqatçının təklifi üzrə könülü olaraq bu barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirmiş, baxış zamanı xüsusi qaydada düzəldilmiş, diblərinə arx çəkilmiş, əkilib becərilmiş tünd yaşıl rəngli spesifik iyə malik narkotik tərkibli çətənə bitkilərinə bənzər 16 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Onlardan 14 böyük kolidi, 2 kol isə xırda olmaqla kənarda bitmişdir. Aşkar olunmuş çətənə bitkilərinin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olub-olmamasını yoxlamaq məqsədi ilə kollar götürülmüş, xüsusi kisələrə yığılmış və kisələrin üzərinə möhür vurulmuşdur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, öz istifadəsi üçün onları əkmiş və onlara qulluq göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs etiraf etmişdir ki, yaşadı evin həyətində olan yardımçı tikilidə narkotik vasitə olan qurudulmuş marixuana gizlətmişdir. Tikiliyə baxış keçirilmiş, oradan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə də aşkar olunmuşdur. Həmin kütlə də ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Şahid Yevlax RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani bağ sahəsində 14 ədəd böyük ölçüdə, 2 ədəd isə digərlərinə nəzərən daha kiçik ölçüdə çətənə bitkiləri və yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən 126,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və həmin çətənə bitkiləri və qurudulmuş marixuana qablaşdırılaraq götürülməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-bioloji ekspertizasının 28 iyun 2023-cü il tarixli 17/510 sаylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış kağızda “Yevlax rayonu – Aran qəsəbəsi sakini Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evindən aşkar edilərək götürülmüş....çətənəyə bənzər bitki kolu.” yazısı, adlar və imzalar olan 3 (üç) ədəd sintetik kisələrin içərisindəki, uzunluqları 08 sm-dən 240 sm-dək, yaş .vəziyyətdə ümumi çəkiləri- 14 kiloqram 760,0 qram olan 16(on altı) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 27 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kanabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Yevlax rayonu Aran qəsəbəsi sakini Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər qurudulmuş kütlə.” yazısı, adlar və imzalar olan sellofan torbanın içərisindəki, təmiz çəkisi- 126,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (səh. 43-44) Məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 3-16-16-2-7/1399 sаylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, tədqiqata təqdim olunmuş ümumi sayı 16 (on altı) ədəd çətənə (kannabis) bitkiləridən cəmi 14 (on dörd) ədəd çətənə (kannabis) bitkilərin tərkibində narkotik aktivliyə malik kannabinoidli komponentlər vardır. Qalan 02 (iki) ədəd çətənə (kannabis) bitkilərinin tərkibində narkotik aktivliyə malik kannabinoidli komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş aqronomun rəyinə əsasən 14 (on dörd) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmşdir. Həmin aqronomun rəyinə əsasən zəif inkişafa malik olan 02 (iki) ədəd çətənə (kannabis) bitkiləri yabanı halda bitmiş və onlara aqrotexniki qulluq göstərilməmişdir (səh. 131-132 ) Məhkəmə-nаrkоlоji еkspеrtizаsının xx.xx.2019-cu il tarixli 594 sаylı rəyində qeyd olunur ki, nаrkоtik vаsitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür.(səh.110) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1ci maddələri ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada, eləcə də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmədə (əkmə, yetişdirmə) təqsirli olması, özünün etirafı, qeyd edilən şahidlərin ifadəsi, video çəkilişlə, məhkəmə-bioloji ekspertizasının və məhkəmə-narkoloji ekspertizanın rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barədə cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona, istinad edilən maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli olması təsdiqini tapdığından ona, ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudaşdırılması cəzası təyin edilməli və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə müvafiq olaraq cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Maddə 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək şübhəli şəxs və ev dustaqlığı qismində saxlandığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaq təyin ediləcək cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 14 ədəd kultivasiya edilmiş narkotik tərkibli çətənə, 2 ədəd yabanı halında bitmiş, tərkibində aktivliyə malik komponentlər olmayan çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalan çəkisi 126,12 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 112 (bir yüz on iki) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 5 saat 30 dəqiqə hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPMnin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək şübhəli şəxs və ev dustaqlığı qismində saxlandığı 5 (beş) ay 16 (on altı) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanaraq 11 (on bir) ay 02 (iki) gün müddət müəyyən edilməklə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 14 ədəd kultivasiya edilmiş narkotik tərkibli çətənə, 2 ədəd yabanı halında bitmiş, tərkibində aktivliyə malik komponentlər olmayan çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalan çəkisi 126.12 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 112 (bir yüz on iki) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əli
Məhkəmə qərarları › İş №1(039)-161/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-161/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver