Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-161/2024 06.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə. xx xxxx 1979-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2024-cü ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax rayonunun Cırdaxan kəndində yerləşən yaşadığı evin həyətində torpaq üzərində qəsdən əkib qanunsuz olaraq xeyli miqdarda 13 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 10 iyul 2024-cü il tarixdə saat 18:30-dan saat 18:51-dək olan müddətdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin polis əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonunun Cırdaxan kəndinin ərazisində yerləşən yaşadığı evin həyətində torpaq üzərində qəsdən kultivasiya etdiyi xeyli miqdarda 13 ədəd ümumi çəkisi 2005 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə etmiş və istifadə etdiyi narkotik vasitəni isə yaşadığı Cırdaxan kəndinin ərazisindən yabanı halda bitmiş çətənə bitkilərindən yığıb istifadə etmişdir. O, istifadə etdiyi marixuananın içərisindən çətənə bitkilərnin toxumlarından yığaraq gələcəkdə əkmək üçün yaşadığı evdə gizlətmiş və 2024-cü ilin mart ayında həmin toxumları yaşadıqları evin həyətində əkdiyi bostanın qonşu ilə olan çəpərin yanındakı tənəkliyin arasında əkmiş və toxumları suvararaq qulluq etməyə başlamışdır. Bir neçə gün sonra toxumlar çıxmağa başlamışdır. O, bitmiş şitillərin dibini boşaldaraq alaq otlarından təmizləmişdir. xx.xx.2024-cü il tarixdə təxminən 18 radələrində çətənə bitkilərini quluq edib evə gəlmiş, bu vaxt onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları gəlmiş, ona yaşadığı evin həyatyanı sahəsinə narkotik vasitə əkməsi barədə məlumat olduğunu ona görə yaşadığı evin həyatyanı sahəsinə baxış keçirmək istədirklərini bildirmişlər. O, da polis əməkdaşlarına həyatyanı sahəsinə baxış keçirməyə icazə vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun evinin həyətyanı sahəsinə onun razılığı əsasında video çəkilişlə baxış keçirərkən, həyətyanı sahəsinin qonşuları ilə çəpərin yanında əkdiyi bostanın yanındakı tənəkliyin içərisində əkib-becərdiyi 13 ədəd çətənə bitkisinin 9 ədədin bitmiş vəziyyətdə və həmin çətənə bitkilərindən çıxarıb oraya qoyduğu 4 ədəd çətənə bitkilərin aşkar edib qablaşdırıb möhürləyib götürmüşlər, bu barədə protokol tərtib olunmuş, həmin protokola imza etmişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 iyul 2024cü il tarixdə Gəncə şəhərində xidməti iş otağında olmuş, ona Yevlax rayonu Cırdaxan kəndidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Onun həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi məlumatına əsasən şöbənin bir qrup əməkdaşları ilə birlikdə Yevlax şəhərinə gəlmişlər. Yevlax şəhərində Yevlax rayonu X3 rəisi X2 ilə görüşüb birlikdə həmin ünvana getmişlər. Elbrus həmin vaxt evdə olmuş, onun özünün razılığına əsasən video çəkilişlə həyətə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı məhləsində əkdiyi bostanın yanındakı tənəkliyin içərisində bitili vəziyyətdə 9 ədəd, 4 ədəd isə kökündən çıxarılmış vəziyyətdə çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş suvarılmışdır. Aşkar edilmiş həmin bitklərin kolları kökündən çıxarılmış, həmin bitki kolları torbaya qoyularaq qablaşdırılmış, bundan sonra protokol tərtib edilmiş və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Yevlax rayon Bitki Mühafizəsi və Fumiqasiyası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 09 (doqquz) ədədi torpaqda, 04 (dörd) ədədi isə çıxarılmış vəziyyətdə olan bitki kolları, çətənə kollarına oxşar kollardır. Bitki kolları tünd yaşıl rəngdə, spesifik iyə malikdir. Bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir, yəni bidləri boşaldılmış, suvarılması üçün xüsusi qaydada düzəldilmişdir. Bitki kollarının inkişafı üçün peyindən istifadə edilmişdir və hər birinin hündürlüyü 150 sm-dən 200 sm-dir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X6 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 16/777 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində « Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər bitkilər…» adlar və imzalar olan 1 (bir) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, 13 (on üç) ədəd ümumi təmiz çəkisi 2005 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutmadan azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 21 sentyabr 2024cü il tarixli, 1595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan narkotik tərkibli 13 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk və telefon məlumatlarını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 64.80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 (otuz) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan narkotik tərkibli 13 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk və telefon məlumatlarını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64.80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-161/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-161/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver