Məhkəmə qərarları › İş №1(039)-163/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-163/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-163/2022 29.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə qəsdən vahid niyyətlə ələ keçirtmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs 21 yanvar 2021-ci ildə Goranboy rayonu ərazisində idarə etdiyi “Opel-Vectra” markalı avtomobil ilə törətmiş olduğu yol nəqliyyat hadisəsi ilə bağlı Goranboy rayon polis şöbəsinin İstintaq bölməsində ibtidai istintaqı aparılan cinayət işi üzrə onun xeyrinə qərar qəbul etdirəcəyini yalandan vəd verərək aldatmaqla 2021-ci ilin fevral ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə onun Zərərçəkmiş şəxs hesab nömrəsini verdiyi istintaqla müəyyən edilməyən plastik bank kartına sonuncunun Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun marketin” içərisində olan “MilliÖN” ödəmə terminalından göndərdiyi 700 manat pulu, 17 fevral 2021ci il tarixdə saat 09:36-da Zərərçəkmiş şəxs Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun marketin” içərisində olan “MilliÖN” ödəmə terminalından sonuncunun məlumatı olmadan Təqsirləndirilən şəxs adına olan törədilmiş yol hərəkət qaydalarının pozuntusuna görə tərtib edilmiş EQ ******* nömrəli protokol üzrə cərimənin ödənilməsi üçün köçürdüyü 55 manat pulu, 17 fevral 2021-ci il tarixdə saat 09:38-də Zərərçəkmiş şəxs Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun marketin” içərisində olan “MilliÖN” ödəmə terminalından sonuncunun məlumatı olmadan Təqsirləndirilən şəxs adına olan törədilmiş yol hərəkət qaydalarının pozuntusuna görə tərtib edilmiş EQ ******* nömrəli protokol üzrə cərimənin ödənilməsi üçün köçürdüyü 44 manat pulu, 17 fevral 2021-ci il tarixdə saat 10:13-də Zərərçəkmiş şəxs Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun marketin” içərisində olan “MilliÖN” ödəmə terminalından sonuncunun məlumatı olmadan Təqsirləndirilən şəxs adına olan törədilmiş yol hərəkət qaydalarının pozuntusuna görə barəsində tərtib edilmiş EQ ******* nömrəli protokol üzrə cərimənin ödənilməsi üçün köçürdüyü 41 manat məbləğində pulu, 18 fevral 2021-ci il tarixdə saat 13:47-də Zərərçəkmiş şəxs Yevlax şəhəri Nizami küçəsi 39-da yerləşən “Orucoğlu marketin” içərisində olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs deməsi ilə X2 adına olan “Kapital Bank”a məxsus ******************** nömrəli bank hesabına göndərdiyi 100 manat pulu, 25 mart 2021-ci il tarixdə saat 17:51-də Zərərçəkmiş şəxs Yevlax şəhəri Nizami prospektində yerləşən “El-Store marketin” içərisində olan “MilliÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs deməsi ilə X3 adına olan “UniBanka”a məxsus son səkkiz rəqəmi 10619108 olani plastik bank kartına göndərdiyi 184 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə aldatma yolu ilə 1124 manat pulunu qəsdən vahid niyyətlə ələ keçirtməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Afiq adlı tanışı vasitəsi ilə tanımışdır. Həmin vaxt ilk öncə Zərərçəkmiş şəxs mobil telefonla danışan zaman ona Goranboy rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş olduğunu, həmin hadisədə onun günahının olmadığını və onun işinin həll olunmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Belə ki, onun tanışı Afiq Babəkə onun DİN-nin “102” xidməti zəng mərkəzi sistemində işləmiş olduğunu dediyi üçün Babəkin bu barədə məlumatı olmuşdur. O, Babəkə bu barədə tanışına deyəcəyini və əgər tanışı həll edə bilsə ona köməklik göstərə biləcəyini demişdir. O, Babəkə 700 manat pul göndərməsini demişdir. Bundan bir neçə gün sonra o, yenidən Babəkə əlavə olaraq 300 manat pul göndərməli olduğunu demiş, Babək pulu göndərmək üçün kart hesabı istədiyindən o, Babəkdən pulu Bakıya başqa yolla göndərməsini demişdir. Lakin daha sonra X5 məxsus kart hesabına 184 manat pul göndərmişdir. Belə ki, o, Eltun Hüseynovdan avtomobil kirayəyə götürərək sürdüyü üçün ona pul verməli olmuş və həmin pulu bu qaydada ödəmişdir. O, daha sonra Babəkə ümumilikdə 140 manat dəyərində olan idarə etdiyi avtomobilin üç cəriməsini ödətdirmişdir. O, Babəkin avtomobilinin sığortası olmadığı üçün 100 manat pul istəmişdir. O, buna görə Müşfiq Ələkbərliyə 100 manat borcu olduğu üçün Babəkə Müşfiqin kartının nömrəsini göndərmiş və Babək də 100 manat pulu Müşfiqin kartına göndərmişdir. Onun məqsədi yalnız Zərərçəkmiş şəxs köməklik göstərmək olmuş, Babək və onun atası Mehmanla olan səsyazılarında danışan şəxsin özü olduğunu və onlarla mobil telefonla danışan zaman həmin danışıqlarda eşidilən söz, ifadə və cümlələri işlətdiyini bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş zərəri ödəsə də, zərərçəkmiş şəxsin onunla barışmadığını və himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 yanvar 2021-ci il tarixdə Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi tötərdiyi üçün Goranboy rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılmışdır. Həmin yol-nəqliyyat hadisəsi zamanı hələdə kimə məxsus olduğunu bilmədiyi avtomobil onu vurduğu üçün o, da başqa bir avtomobil ilə toqquşmuşdur. Lakin onu vuran avtomobilin sahibini tapa bilməmişdir. O, 2021-ci ilin fevral ayında müalicə olunmaq üçün Müdafiə Nazirliyinin Hospitalına getmiş və orada olan tanımadığı hərbiçələrə yol-nəqliyyat hadisəsi ilə bağlı danışdıqda tanımadığı və adını bilmədiyi şəxs ona DİN-nin “102” xidmətində işləyən tanışı Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini demiş, o, həmin şəxsdən Cavidin mobil nömrəsini almışdır. Bundan sonra Cavidin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək başına gələn yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş və onu vurub qaçan avtomobili müəyyən etməsində ona köməklik göstərməsini xahiş etmiş, Cavid isə ona DİN-nin “102” xidmətində işlədiyini və köməklik göstərə biləcəyini demişdir. Daha sonra Cavid onun mobil nömrəsinə zəng edərək həmin avtomobili tapa biləcəyini və buna görə 700 manat pul verməli olduğunu bildirmiş, o isə bununla razılaşmış və 2021-ci ilin fevral ayında tarixi dəqiq yadında qalmayan vaxtda Təqsirləndirilən şəxs ona göndərmiş olduğu kart hesabına Yevlax şəhər “Neptun” super maketində olan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 700 manat pul göndərmişdir. Bundan 5-6 gün sonra Cavid yenidən ona zəng edərək onun avtomobilinin cərimələri olduğunu, iş məhkəməyə gedən zaman cərimələrin onun üçün problem yaradacağını, onları ödəmək lazım olduğunu demişdir. O, Cavidlə razılaşmış və Cavidin ona dediyi üç protokol nömrəsinə xx.xx.2021-ci il tarixdə 41 manat bir, 44 manat bir və 55 manatda bir olmaqla pul ödəmişdir. O, həmin qəbzləri özündə saxlamış və son günlərdə qəbzə baxan zaman orada Təqsirləndirilən şəxs adını görən zaman Cavidin cərimələrini ödəmiş olduğunu başa düşmüşdür. Daha sonra, yəni xx.xx.2021-ci il tarixdə Cavid ona zəng edərək avtomobilin tapıldığını, onun avtomobilinə sığorta veriləcəyini və buna görə sığorta pulunun yüksək yazılması üçün 100 manat pul lazım olduğunu deməsi səbəbindən o, Cavidin ona göndərmiş olduğu “MUSHFİQ AKBARLİ”-nın adına olan “Kapital Bank”a məxsus kart hesabına həmin gün 100 manat pul göndərmişdir. Bundan bir müddət sonra, yəni 25 mart 2021-ci il tarixdə Cavid ona zəng edərək onun avtomobilinə təkrarən avtotexniki ekspertiza təyin edildiyini və bu səbəbdən avtomobilin ekspertlər tərəfindən baxılması üçün Bakıya gətirilməsinin vacib olduğunu və avtomobilin evakuator ilə Bakıya gətirilməli olduğunu demişdir. O, Cavidə evakuator tapa bilməyəcəyini dedikdə Cavid ona evakuator sürən tanışı olduğunu və 180 manat pul qarşılığında avtomobilini Bakıya gətirə biləcəyini, 180 mant pul göndərməsini demişdir. O, bu səbəbdən Cavidin ona göndərmiş olduğu Eltun Hüseynova məxsus kart hesabına 25 mart 2021-ci il tarixdə Yevlax şəhər Nizami prospektində yerləşən “El-Store” marketdə olan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 184 manat pul köçürtmüşdür. O, 4 manatı artıq olaraq köçürtmüşdür ki, komissiya çıxan zaman Cavid 180 manat pulu tam olaraq götürə bilsin. Lakin bunlara baxmayaraq Cavid onun avtomobilini vurub qaçan avtomobil sürücüsünü tapmamış və onun barəsində Goranboy polis şöbəsində olan cinayət işi Goranboy rayon Məhkəməsinə göndərilmiş və barəsində hökm çıxmışdır. Həmin vaxtlarda o, Cavidə zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmiş və ya cavab verən zaman müxtəlif bəhanələr gətirmişdir. Bu zaman o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldadıb ümumilikdə 1124 (bir min bir yüz iyirmi dörd) manat pulunu ələ keçirtmişdir. Təqsirləndirilən şəxs həmin əməli təkbaşına törətmişdir. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs niyyəti onun işini həll etmək yox, pulunu ələ keçirtmək olmuşdur. Hazırda ona dəyən ziyan ödənilmiş olsa da, Təqsirləndirilən şəxs onu aldadaraq və etibarından sui-istifadə edərək onun pulunu ələ keçirtmiş olduğu üçün o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və onun qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Babək 21 yanvar 2021-ci il tarixdə Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi tötərdiyi üçün Goranboy rayon polis şöbəsinin İstintaq bölməsində cinayət işi başlanaraq araşdırma aparılmışdır. Oğlu Babəkin tanış olduğu Təqsirləndirilən şəxs oğlu Babəkin Goranboy RPŞ-də araşdırılan cinayət işini xitam elətdirəcəyi adı ilə oğlu Babəkin pulunu ələ keçirtmişdir. O, həmin iş üçün Təqsirləndirilən şəxslə dəfələrlə telefon vasitəsi ilə danışmış və Cavid onu da inandırmışdır ki, oğlu Babəkə köməklik göstərəcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, Cavidin niyyəti onlara köməklik göstərmək yox, dələduzluq yolu ilə oğlu Babəkin pulunu ələ keçirtmək olmuşdur. Cavid onunla danışan zaman həmin işi özünün danışıb həll edəcəyini söz vermiş və hər dəfə də müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Təqsirləndirilən şəxs həmin əməli təkbaşına törətmişdir. Cavid onlara Taleh adlı şəxs barədə heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Təqsirləndirlən şəxs məcburi qaydada gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir (iş vər.61); “Təqsirləndirlən şəxs qismində cəlb etmə” və “Təqsirləndirlən şəxsin barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona ittiham elan edilməsi, habelə onun barəsində axtarış elan olunması və tutularaq Yevlax rayon polis şöbəsinə təhvil verilməsi qərara alınmışdır (iş vər.97-98); Yevlax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir (iş vər. 107); “İttiham elan etmək üçün şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün xx.xx.2022-ci il tarixdə saat 15:50 dən tutulmuşdur (iş vər.110-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər.93); Qətimkan tədbirinin seçilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.146-148); 20 iyun 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 137-138); “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir qız uşağı var; Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Zaqatala rayon prokuroluğunun böyük müstəntiqi Valeh Şabanovun xx.xx.2019-cu il tarixli qərardan görünür ki təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.2.3cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsində həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar