Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-164/2025 29.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2025-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən ictimai iaşə obyekti olan “Çinar” restoranında olan kabinetdə digər şəxslərlə oturub spirtli içki olan pivə içərkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 onun oturduğu həmin kabinetin qapısını açıb içəri baxmasından sonra o, Zərərçəkmiş şəxs1 “nə səbəbdən bu qapını açırsan” deyərək sonuncuya qarşı heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söymüş, Zərərçəkmiş şəxs1 ona nəzakətli olmasını deyəndən sonra o, restoranın otağında olan digər şəxslərin yanında alkoqol sərxoşluğu vəziyyətində öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslərin yanında özünün qanunsuz üstünlüyünü nümayiş etdirməklə əhatə olunan qəsdən hərəkətlər etməklə otaqda olan stolun üzərindən şüşə materialdan olan pivə bakalını əli ilə götürüb silah qismində istifadə etməklə həmin pivə bakalı ilə qəsdən Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran sağ alın qabarının əzilmiş, sağ əlin ovuc səthinin, sağ saidin ön səthinin kəsilmiş yaraları ilə nəticələnən bədən xəsarətləri yetirməklə və şüşə pivə bakalını qəsdən sındırıb məhv etməklə X4 1 manat 89 qəpik məbləğində ziyan vurararaq qəsdən silah qismində istifadə edilən əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması, habelə digər zərər çəkmiş şəxsin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsiləri və şahidin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 9 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində “Turan” şadlıq sarayına toya getmişdir. Bir müddət toyda oturduqdan sonra çıxmış, çay içmək üçün taksi ilə “Çinar” restoranına getmiş, dostu ilə birlikdə kabinetdə əyləşmiş, çay sifariş etmişlər. Toyda bir qədər spirtli içki qəbul etmişdir. Ona görə də baş verənləri tam xatırlamır. Kamranla heç bir ədavət və düşmənçiliyi yoxdur. Nə olubsa içkinin sərxoşluğu ilə anlaşılmazlıqdan olub. Hazırda əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı ödəməyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 9 sentyabr 2025-ci il tarixdə başında və sağ qolunda aldığı xəsarətlərlə bağlı Yevlax RMX-ya özü müraciət etmişdir. 9 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində dostu X5 ilə birlikdə “Turan” şadlıq sarayına toya getmişdir. Toyda təxminən 3-4 saat oturduqdan sonra çay içmək üçün “Çinar” restoranına getmiş və çöldə yerləşən stolların birində əyləşmişdir. Toyda bir qədər spirtli içki qəbul etmişdir. Ona görə də baş verənləri tam xatırlamır. Müzəffərlə aralarında nə baş veribsə hər ikisinin sərxoşluğu səbəbi ilə anlaşılmazlıqdan olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış ona dəymiş ziyanı ödəmiş və heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, bir müddət ünvan 3 ünvanında yerləşən “Çinar” restoranını işlətmişdir. 9 sentyabr 2025-ci il tarixdə axşam saat 21 radələrində əvvəllər işlətdiyi obyektdə baş vermiş dava-dalaşla bağlı bildirmişdir ki, hadisə vaxtı restoranda olmadığından tam dəqiq heçnə bilmir. Sonradan obyektə gəldikdə işçilər ona bir neçə şəxsin dalaşdığını bildirmişlər.Hadisə nəticəsində ona 1 ədəd pivə bakalının qırılması nəticəsində 1 manat 89 qəpik dəyərində maddi ziyan dəymişdir, o, həmin pivə bakalını “bazarstore” super marketindən 1 manat 89 qəpiyə almışdır. Bununla bağlı heç kimdən heç bir şikayəti və yaxud tələbi yoxdur. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs da heç bir şikayət və tələbi olmadığı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhərində universitetdə oxuyur. 9 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində atası ilə birlikdə “Turan” şadlıq sarayına toya getmişdir. Toydan çıxanda dostu Kamranla qarşılaşmış,Kamran “Çinar” restoranına çay içməyə gedəcəyini demişdir. “Çinar” restoranına çatdıqda polislərin dostu Kamran və adını sonradan bildiyi Müzəffəri apardığını, Kamranın üst-başının, ynində olan paltarların, başı və qolunun qan içində olduğunu görmüşdür. Toplaşan adamlardan nə baş verdiyini soruşduqda öyrənmişdir ki, “Şakı” ləqəbli şəxs oturduğu kabinetin qapısının açılmasına görə Kamranı pivə bakalı ilə vuraraq xəsarət yetirmişdir. Sonradan polis şöbəsində olarkən bilmişdir ki, “Şakı” şəxsin ləqəbidir, əsl adı Müzəffərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Çinar” restoranında təxminən 5 ay müddətində ofisiant işləmişdir. 09 sentyabr 2025-ci il tarixdə axşam saat 21 radələrində öz işini görərkən qəfildən müştərilərin ora-bura qaçaraq səs-küy salmasını, 8 nömrəli kabinetin qabağında isə iki nəfər şəxsin uca səslə nalayiq ifadələrlə qışqıraraq dava etdiyini görmüşdür. Bundan sonra o, 8 nömrəli kabinetin qabağına yaxınlaşmış və kabinetin qabağında üstbaşı qan olan iki nəfər şəxsin dayanmasını görmüşdür. O, həmin şəxslərin hər ikisini də gördükdən sonra tanımış, birinin Kamran digərinin isə “Şakı” ləqəbli Müzəffər olduğunu bilmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hər iksinin 8 nömrəli kabinetin qabağında və içərisində uca səslə dava edib mübahisə etdiklərini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1-2); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2025-ci il tarixli 1109 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə saat 01:55-də müayinə olunarkən yüngül dərəcəli sərxoş olmuşdur.(iş vər.16); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2025-ci il tarixli 1108 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:55-də müayinə olunarkən yüngül dərəcəli sərxoş olmuşdur.(iş vər.17); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 527 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində sol alın qabarının əzilmiş, sağ əlin ovuc səthinin, sağ saidin ön səthinin kəsilmiş yaraları vardır. Bu xəsarətlərdən alın nahiyəsinin əzilmiş yarası küt alətin, kəsilmiş yaralar isə iti kənarlı alətin, ola bilsin bıçaq tiyəsinin və yaxud sınmış şüşə parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.33); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ əlinİ barmağının əsas falanqasının arxa səthinin kəsilmiş yarası iti kənarı alətin, ola bilsin bıçağın və ya sınmış şüşə parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa güngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.34); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 18:20-də məhdudlaşdırılmışdır.(iş vər.52); “Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər.91); xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “bazarstore.az” internet saytından əldə olunmuş məlumatı əsasən 01 ədəd 500 ml qulplu şəffaf rəngli tək pivə bakalının bazar qiyməti 1 manat 89 qəpik təşkil edir (iş vər.128); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur (iş vər.210); “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X2 vardır (iş vər.211). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxlərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını (CM-59.1.4), əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həmdə məhkəmə istintaqının gedişatında özlərini təqsirli bilərək dolğun və ətraflı ifadələr verməklə cinayət prosesinin gedişatına yardımçı olmaları onların şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və onlara təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Hazırki vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Yevlax şəhər Vəkil Bürosunun hesabına 88 manat pul köçürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onların məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunmaları mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, üzləşdirmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla, ümumilikdə 88 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 sentyabr 2025-ci il tarixdən 13 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Üzləşdirmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-164/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-164/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver