Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-165/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1952-ci ildə Samux rayonu Samux kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyun 2021-cu il tarixdə saat 20:45 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri Nizami prospektində asfalt yolda şəhər istiqamətində hərəkətdə olarkən Yevlax şəhər 7 saylı tam orta məktəbin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin maddənin tələblərini pozmaqla qarşı hərəkət yolunun sol kənarından əks tərəfinə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 30 iyun 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində özünə məxsus “Chevrolet Aveo” markalı **-BH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinə qızı İlahə Ağakişizadənin evinə getmiş, təxminən saat 20:00 radələrində qızı İlahə ilə birlikdə Mingəçevirdən çıxıb Yevlax şəhərinə qayıtmışdır. Saat təxminən 20:45 radələrində Yevlax şəhəri Nizami prospektində 7 saylı orta məktəb tərəfdən şəhər istiqamətində təxminən 40 km surətlə hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə bir nəfər piyada keçmişdir. Piyada həmin vaxt qaçaraq yolu keçməyə çalışmış, hava qaranlıq olduğundan piyadanı tam olaraq görməmiş, idarə etdiyi avtomobilin sağ tərəfi piyadanın sağ ayağına dəymiş, piyadanın başı bu zaman idarə etdiyi avtomobilin mühərrik hissəsinə dəymiş və piyada yerə yıxılmışdır. Piyada qarşısına qəfildən qaçaraq çıxmış, hava qaranlıq olduğu üçün piyadanı təxminən onu vurmamışdan 2 metr qabaqda görmüş, tormoz vermiş, ancaq hadisənin qarşısını ala bilməmiş, dərhal avtomobildən düşərək piyadanı maşına qoyub Yevlax rayon mərkəzi xəstəxanasına aparmışdır. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Zərərçəkmiş şəxs beş yaşından bəri sudurqa xəstəliyindən əziyyət çəkmiş, qızında əqli cəhətdən bir az zəiflik olsa da özünü idarə edə bilmişdir. 30 iyun 2021-ci il tarixdə saat təxminən 20:20 radələrində mərhum qızı ona “bacımgilə gedim, evdə dolma bişirildiyini deyim, bizə gəlsinlər” demiş və evdən çıxaraq bacısıgilə getmişdir. Saat təxminən 20:50 radələrində qaynı oğlu Arif, gəlini Dilarəyə zəng edib Ülviyyəni maşın vurduğunu, xəstəxanada olduğunu demişdir. Dərhal gəlini Dilarə ilə Yevlax rayon mərkəzi xəstəxanasına getmiş, Yevlax rayon mərkəzi xəstəxanasında qızı Ülviyyənin vəfat etdiyini görmüşdür. Sonradan qızı Ülviyyəni Təqsirləndirilən şəxs adlı şəxsin avtomobillə vurduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs onun qızını qəsdən öldürməmiş və ona vurulmuş ziyanı ödəmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışıb və təqsirləndirilən şəxsin həbs olunmasını istəmir. Fəridə Məmmədova təqsirləndirlən şəxsə ən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun baldızıdır. Zərərçəkmiş şəxs 1-ci qrup əlil olmuşdur. 30 iyun 2021-ci il tarixdə saat təxminən 20:50 radələrində qohumu Arif ona zəng edib Ülviyyəni maşın vurduğunu, xəstəxanada olduğunu demiş, dərhal evdəkilərə bu barədə məlumat vermiş, qaynanası Fəridə ilə Yevlax rayon mərkəzi xəstəxanasına getmiş, Yevlax rayon mərkəzi xəstəxanasında baldızı Ülviyyənin vəfat etdiyini görmüş, sonradan baldızı Ülviyyəni Təqsirləndirilən şəxs adlı şəxsin avtomobillə vurduğunu öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi yeri Yevlax şəhəri Nizami prospektidir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Hərəkət zolaqlarının sayı 2, yol örtüyünün evi 16 metr, hərəkət hissəsinin eni 8 metrdir. (iş vər.14-23); məhkəmə-tibb ekspertizasının 30 iyun 2021-ci il tarixli 16 №li rəyindən görünür ki, 1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- açıq kəllə beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma ilə ağırlaşan kəllə əsası sümüklərinin xətti sınığı, sol tərəf qabırğaların, sol budun aşağı 1/3-nin, sağ baldırın yuxarı 1/3-nin, sol bazunun yuxarı 1/3-nin qapalı sınıqları, daxili üzvlərin azqanlılığı, sağ yanağın əzilmiş-didilmiş yarası, bərk küt alətin-alətlərin(əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, sağlamlığa ağır zərər vurmaya xas olan əlamətlərə malikdirlər. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. (iş vər.53-55); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 06 avqust 2021-ci il tarixli, 8/1739 saylı rəyindən görünür ki, “Chevrolet Aveo” markalı **-BH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.(iş vər.75-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 28.07.2011-ci il tarixdə verdiyi AB seriyalı 671092 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə 28.07.2021-ci ilədək qüvvədədir. (iş vər.10); AC seriyalı 267080 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo” markalı **-BH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxsdur.(iş vər.11) Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş 30 iyun 2021-ci il tarixli 289 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 21:26-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.13); “sübutların qiymətləndirilməsi haqqında” 22.09.2021-ci il tarixli qərardan görünür ki, “Cherolet Aveo” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və sahibinə qaytarılmışdır. (iş vər.81-84); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22.09.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 106-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29.07.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər.56); Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 61); zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, 69 yaşının olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli və əlavə cəzanın müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-165/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-165/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver