Məhkəmə qərarları › İş №1(039)-167/2019

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-167/2019

13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-167/2019 13.11.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1969-cu il tarixdə Kəlbəcər rayonunun Şaplar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olmaqla faktiki olaraq Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilir ki, o, 2019-cu ilin iyun ayının 28-də saat 09:30 radələrində, Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən X2 məxsus yeməkxanada heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud surətdə pozaraq həmin yeməkxanada xadimə işləyən Şahid2 və aşbaz işləyən Zərərçəkmiş şəxs nalayiq söyüşlər söydüyündən sonuncu ona “ayıb deyil, sənin ailən, uşağın yoxdur belə söyüş söyürsən, utanmırsan niyə ictimai yerdə mənə söyüş söyürsən, çöldə olan müştərilərin hamısı söyüşünü eşitdi” deyib iradı bildirdiyindən o, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, özünün şəxsiyyətini başqasının şəxsiyyəti fövqində qoyaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib kafedə olan şəxslərin diqqətinin söyüş və dava səsinə yönəlməsinə səbəb olaraq hadisə yerinə toplaşmış şəxslərə məhəl qoymayıb onların gözü qarşısında yumruqla Zərərçəkmiş şəxs sağ çiynindən bir dəfə, sağ qolundan tutmaqla təpiklə qarnından bir dəfə və sol ayağının bud nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncuya “sağ bazunun yuxarı 1/3-nin yan səthinin qançırı, sol bud nahiyəsinin yuxarı 1/3-nin yuxarı səthinin qançırı xəsarətləri ilə müşayiət olunan”, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən qəsdən bədən xəsarətləri yetirmiş, bu səbəbdən də hadisə yerinə çoxlu sayda kənar şəxslərin söyüş-dalaşma səslərini eşidib toplaşmasına, orada olan şəxslərin istirahətinin, dincliyinin pozulmasına, onların həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, həmçinin, ümumilikdə ictimai qaydanın və kafenin iş rejiminin iyirmi beş dəqiqəyədək müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində söyləmişdir ki, Yevlax rayonu Qoyunbinəsi kəndində məcburi köçkün kimi məskunlaşmışdır. Həmin kəndin ərazisində yerləşən, X2 məxsus “Laçın” şadlıq sarayının həyətindəki yeməkxanada baş ofisiant işləmişdir. Yeməkxanada Zərərçəkmiş şəxs aşbaz, Taryel Mailov kababçı, Qurbani Əsgərov ofisiant, Şahid3 köməkçi, Şahid2 xadimə işləmişdir. Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə yaxşı olmuşdur. 27 iyun 2019-cu il tarixdə axşam saatlarında Aybənizin bişirilən yeməkləri yeməkxanadan apardığından şübhələnib onun əl çantasına baxmaq istəmişdir. Lakin, onun qadın olduğunu nəzərə alıb bundan vaz keçmişdir. Aybənizdən şübhəsi olduğu üçün yeməkxananın sahibinin razılığı ilə belə qənaətə gəlmişdir ki, Aybənizi artıq işə buraxmasın. 28 iyun 2019-cu il tarixdə səhər saat təxminən 09:30-da Aybəniz işə gəlmişdir. Onu yeməkxananın yaxınlığından keçən asfalt yolda qarşılayaraq ona bildirmişdir ki, artıq bu yeməkxanada işləməyəcək. Aybəniz ona “çörəyimə bais oldun, gör sənin başına nə oyun gətirəcəm” deyib çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Aybəniz onun barəsində Yevlax rayon polis şöbəsinə ərizə vermişdir. Bundan sonra barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Müstəntiq tərəfindən araşdırma düzgün aparılmamışdır. Belə ki, onun lehinə ifadə vermiş şahidlərin ifadələri nəzərə alınmamışdır. Yalnız şahid Qurbani Əsgərovun ifadəsinə istinad edilmişdir. Halbuki, Qurbani xəstədir və həmin zaman orada olmamışdır. Aybənizə qarşı kobud davranmamış, onu ümumiyyətlə vurmamışdır. Aybənizlə münasibətləri onu işə buraxmadığı üçün pozulmuşdur. Hazırda həmin məsələdə də Aybənizlə razılıq əldə etmiş, barışmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 2019-cu ilin may ayından Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən “Laçın” restoranının həyətindəki, Təqsirləndirilən şəxs işlətdiyi yeməkxanada aşbaz kimi işləməyə başlamışdır. 28 iyun 2019-cu il tarixdə, səhər saatlarında işə gələrək yeməkxananın qapalı yerində, yeməkxanada xadimə işləyən Hədiqə ilə səhər yeməyi yeməyə başlamışlar. Bu zaman Qənaət onların oturduqları yerə daxil olub onların yemək yediyini görmüşdür. Hədiqə ayağa qalxıb başqa otağa keçmiş, Hədiqə oradan çıxandan sonra Qənaət ünvansız söyüşlər söyməyə başlamışdır. Onun yanında söyüş söydüyü üçün Qənaətə irad tutaraq ondan qadın olan yerdə söyüş söyməməyi tələb etmişdir. Bu zaman Qənaət onunla mübahisə etməyə başlamış və onun qolundan tutub güclə sıxmağa başlamışdır. Özünü müdafiə etmək üçün Qənaəti itələdiyindən Qənaət onu vurub yerə yıxmışdır. Bu zaman Qənaət özünü saxlaya bilməyərək özü də yerə yıxılmışdır. Aralarında mübahisə olan zaman onları olduqları zalda ikisindən başqa kimsə olmamışdır. Mübahisənin səsinə Qurbani, Taryel və Qanboy həmin zala gəlmişlər. Səhər saatları olduğundan yeməkxananın həyətində müştəri az olmuş və aralarında olan mübahisənin səsinə müştərilərdən heç kim gəlməmişdir. Bu mübahisədən sonra oradan çıxıb getmiş və polis orqanlarına şikayət etmişdir. Hazırda artıq Qənaətlə barışmış, ondan hər hansı bir şikayət və tələbi yoxdur. Şahid3 ifadəsində bildirmişdir ki, 2019-cu ilin may ayından Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən “Laçın” restoranının həyətindəki, Təqsirləndirilən şəxs tərəfindən işlədilən yeməkxanada sonuncunun köməkçisi kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs isə həmin yeməkxanada aşbaz işləmişdir. 2019-cu ilin iyun ayında Qənaət yeməklərdə əskiklik olduğunu bildirərək Aybəniz evə gedərkən onun çantasını yoxlayacağını bildirmiş, lakin onun qadın olduğunu bildirib buna etiraz etdikdə Qənaət onunla razılaşmışdır. 28 iyun 2019-cu il tarixdə yeməkxananın həyətində olan zaman yeməkxananın zalından söyüş səslərinin gəldiyini eşitmiş, lakin buna əhəmiyyət verməmiş və zala tərəf getməmişdir. Bu səbəbdən orada nə baş verdiyini belə görməmişdir. Aybənizlə Qənaətin hər hansı bir mübahisə etdiyini görməmişdir. Şahid X1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən “Laçın” restoranının həyətindəki yeməkxanaya gələrək ara-sıra ofisiant kimi köməklik etmişdir. Qənaəti yalnız yeməkxananı işlədən şəxs kimi tanımış, onunla hər hansı münasibəti olmamışdır. Aybənizi də orada işləyən aşbaz kimi tanımışdır. Aralarında hər hansı bir ədavət olmamışdır. 28 iyun 2019-cu il tarixdə səhər saatlarında Aybəniz avtobusla gələrək yeməkxananın qarşısında olan yolda avtobusdan enmişdir. Bu zaman Qənaət onu qarşılayaraq işə bir daha gəlməməsini, işə buraxılmayacağını bildirmişdir. Bundan sonra Aybəniz avtobusa minərək oradan çıxıb getmişdir. Onların arasında hər hansı mübahisənin olduğunu, Qənaətin Aybənizi vurmasını görməmişdir. Latın qrafikası ilə yaza bilsə də, istintaq zamanı verdiyi ifadəni özü yazmamış, müstəntiq tərəfindən yazılmış həmin ifadəni oxumamışdır, müstəntiqin göstərişinə əsasən ifadənin sonunda onun dediyi sözləri yazmışdır. Məhkəmə iclası zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, həmin ifadədə Şahid2 bildirmişdir ki, Ağdam rayonu Ağdamkənd kəndində doğulmuş və Yevlax şəhərində yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanmaq üçün müxtəlif yeməkxanalarda xadimə işləmişdir. Onun qulaqları zəif eşitmiş, bununla bağlı o, 3cü qrup əlil olmuş və təqaüd almışdır. 2019-cu ilin iyunun təxminən 20-də əvvəllər tanıdığı Təqsirləndirilən şəxs Qanboy adlı şəxslə birlikdə onun yaşadığı evə gələrək Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yeməkxana icarə götürdüyünü, onu həmin yeməkxanada xadimə işinə götürə biləcəyini demişdir. O, Qənaətə xadimə işləyə biləcəyini demişdir. Həmin vaxtdan başlayaraq o, Qənaətə məxsus yeməkxanada xadimə işləmişdir. O, hər gün saat 09 radələrində yeməkxanaya gedib işə başlamış və saat 17:30 radələrində işdən çıxaraq yaşadığı evə qayıtmışdır. İşlədiyi bir gün üçün Qənaət ona 10 manat pul vermişdir. Ondan başqa yeməkxada Aybəniz aşbaz, Taryel kababçı, Qanboy nəzarətçi, Qurbani ofisiant işləmişdir. Qənaətin ona və digər işçilərə münasibəti həmişə yaxşı olmuş, aralarında mübahisə, dava-dalaş olmamışdır. Həmin yeməkxana onun yaşadığı ünvandan uzaq məsafədə yerləşmişdir. Hər dəfə işə gedərkən və gələrkən onun yol xərci təxminən beş manat tutmuşdur. Bu səbəbdən də həmin yeməkxanada işləmək ona sərfəli olmamışdır. Yeməkxanada işə başladıqdan bir neçə gün sonra o, işdən çıxmağı qərara almışdır. 2019-cu ilin iyun ayının təxminən 25-i və ya 26-da Qənaət yeməkxananın mətbəxində bişirilmiş katletin yoxa çıxdığını bildirmişdir. O, Qənaətə katletdən xəbərinin olmadığını, katleti yemədiyini və götürmədiyini demişdir. Qənaət katletin yoxa çıxması ilə bağlı Aybənizdən şübhələndiyini demişdir. Lakin, Qənaət Aybənizin əl çantasına baxmamışdır. Bununla da onlar katletin hansı şəraitdə yoxa çıxdığını bilməmişlər. 28 iyun 2019-cu il tarixdə saat 09 radələrində o, Qənaətə məxsus yeməkxanaya işə getmişdir. Həmin vaxt yeməkxanada Qanboy olmuşdur. Ondan sonra yeməkxanaya Qurbani, Taryel və Qənaət gəlmişlər. Saat 09:30 radələrində Aybəniz yeməkxanaya gəlmişdir. Aybəniz yeməkxananın zalında yerləşən masanın ətrafında əyləşmişdir. Qənaət də zalda olmuşdur. Həmin vaxt o, Qənaətə yeməkxanada işləməyinin ona sərfəli olmadığını, aldığı pulu yol xərcinə sərf etdiyini, getmək istədiyini demişdir. Paltar dəyişmək üçün nəzərdə tutulmuş otağın açarı onda olmuşdur. O, paltarını həmin otaqdan götürdüyü üçün açarı Qənaətə təhvil vermiş, yeməkxanadan çıxaraq getmişdir. Bundan sonra yeməkxanada hər hansı bir hadisənin baş verib-verməməsindən xəbəri olmamışdır. Məhkəmə-tibb ekspertizasının 28 iyun 2019-cu il tarixli 411 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – sağ bazunun yuxarı 1/3-nin yan səthinin qançırı, sol bud nahiyəsinin yuxarı 1/3-nin yuxarı səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir.(səhv.20-22) Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci madəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisənin olması, bu zaman Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi, onun tərəfindən xuliqanlıq cinayətinin əsas əlaməti olan ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərin edilməsi və cəmiyyətə açıqca hörmətsizlik etməsi sübuta yetirilmir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olmasının təsdiqi olaraq Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, habelə ekspertiza rəyinə istinad edir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin məhkum olunmasında maraqlı şəxsdir və yalnız onun ifadəsi əsasında ittiham hökmünün çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhz Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilməsini bildirən Zərərçəkmiş şəxs belə, məhkəmə iclası zamanı söyləmişdir ki, aralarında mübahisə olan zaman yeməkxananın qapalı zalında onların ikisindən başqa kimsə olmamış, yeməkxananın həyətində oturan müştərilər belə onların səsinə gəlməmişdir, yəni ictimai qaydanın pozulmasını belə təsdiq etməmişdir. Şahid1 ifadəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şahidin ilkin araşdırma zamanı izahatları ilə istintaq zamanı verdiyi ifadəsi də biri-digərinə zidd olmuş, məhkəmə iclası zamanı isə həmin şahid ümumiyyətlə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan mübahisəni görmədiyini qeyd etmişdir. Belə ki, Qurbani Əsgərov ilk izahatında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan mübahisənin şahidi olduğunu, yalnız Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ qolundan tutub sıxan zaman onlara yaxınlaşmaq istədiyini, bu zaman içəridən səsə Şahid3 çıxdığını gördüyünü bildirmişdir. (səh. 15) Sonrakı izahatında həmin şahid zaldan səs-küy gəldiyini və zala getdiyini, zala daxil olan zaman Qənaətin Aybənizin qolundan tutub sıxdığını və biri-birilərinə nalayiq ifadələr işlətdiklərini gördüyünü, onları araladığını, Qənaəti Aybənizi vurmağa qoymadığını qeyd etmişdir. (səh. 31) İstintaq zamanı verdiyi ifadəsində isə, zala qayıtdıqda Qənaətin Aybənizi sağ qolundan tutub onu itələdiyini gördüyünü, Aybənizin yerə yıxıldığını, Tariyelin də gəldiyini, Qənaətin Aybənizin ünvanına təhqiramiz söyüşlər söydüyünü, bundan sonra Qənaətin təpiklə Aybənizin sol bud nahiyəsindən bir dəfə vuruduğunu, müştərilərin ondan kimlərin dalaşdığını soruşduğunu, buna cavab olaraq işçilərin dalaşdığını onlara bildirdiyini qeyd etmişdir. (səh. 70-73) Digər şahidlər isə istintaq zamanı, habelə Şahid3 məhkəmə iclası zamanı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu və söydüyünü ümumiyyətlə görmədiklərini bildirmiş, ictimai qaydanın pozulmasına dəlalət edən hər hansı ifadə işlətməmişlər. Məhkəmə hesab edir ki, qanunvericiliyin də tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir, bu səbəbdən yalnız məhkəmə iclası zamanı şahidlərin verdiyi ifadələr sübut kimi qəbul edilməlidir. Ekspert rəyini şübhə altına almayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinin təsdiqi üçün mötəbər sübutlar mövcud olmalıdır ki, belə mötəbər sübutlar müəyyən olunmur. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarətlərin yetirilməsi, onun hərəkətləri nəticəsində ictimai qaydanın pozulması sübuta yetmir. Cinayət Prosessual Məcəllə: Maddə 8.0.5. cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Maddə 21. cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.4. məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Maddə 350.2. bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə Cinayət Prosessual Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konversiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrə vurğulamışıdr ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydada uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndilməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd edilmişdir, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırılmasının ədalətli olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsip istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq və məhkəmədə araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət qanunvericiliyin istinad edilən maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 345-347, 350, 352 və 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin. Hazırkı iş üzrə barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan20 gün keçdikdə qüvvəyə minir. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar