Məhkəmə qərarları › İş №1(039)-168/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-168/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-168/2022 01.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, B.İmanov küçəsi ev 95qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs Zabit oğluna məxsus Yevlax şəhəri B.İmanov küçəsi 95-də yerləşən yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yardımcı tikilidən dairəvi formada, çəkisi 9 kiloqram, ağız hissəsinin diametri 45 sm, oturacaq hissəsinin diametri 45 sm, dərinliyi 32 sm olan 60 manat dəyərində bir ədəd böyük ölçülü aliminum qazanı və dairəvi formada, çəkisi 5 kiloqram, ağız hissəsinin diametri 45 sm, oturacaq hissəsinin diametri 45 sm, dərinliyi 27 sm olan 35 manat dəyərində bir ədəd böyük ölçülü aliminum qazanı və bundan sonra evin pəncərəsini sındırmaqla mənzilə daxil olaraq mənzildən 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, 4 qram çəkidə, sadə qaşlı 340 manat dəyərində qadın üzüyünü 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı 6 qram çəkidə sadə qaşlı 510 manat dəyərində qadın üzüyünü gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 945,00 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 12 aprel 2022-ci il tarixdə axşam saat 19 radələrində sərxoş vəziyyətdə küçə ilə gedərkən həmin vaxt yaşadığı küçədə Zərərçəkmiş şəxs Zabit oğlunun yaşadığı həyət evinin qarşısından keçərkən evin işıqlarının yanmadığını görmüş və həmin vaxt oğurluq etmək qərarına gəlmiş, bu məqəsdlə o, ilkin olaraq həyət evinin daş hasarına tərəf yaxınlaşmış və daş hasardan aşaraq həyətə daxil olmuşdur. O, həyətə daxil olduqdan sonra iki mərtəbəli evin birinci mərtəbəsinin pəncərəsinin şüşəsini çıxarmış, bundan sonra həmin pəncərədən mənzilə daxil olmuş, mənzilə daxil olduqdan sonra mənzilin otaqlarını axtarmağa başlamış və yataq otağında olan paltar yığılan şkafdan iki ədəd qızıl üzükləri oğurlamış və həyətə çıxdıqda evin birinci mərtəbəsində olan iki ədəd böyük həcmli aliminum qazanları yəni xeyir-şər üçün nəzərdə tutulan böyük ölçülü qazanları oğurlamışdır. Həmin oğurlamış olduğu qazanları küçəyə çıxdıqdan sonra bir qədər aparmış və sonra həmin qazanları xəlvət bir yerdə gizlətmiş və düşünmüşdür ki, həmin qazanları sonradan oradan götürüb metal qəbulu sexlərinə satar o, oğurlayaraq əldə iki ədəd qadın üzüklərini sonradan yəni səhəri gün Yevlax rayonunda Mərkəzi bazarın qarşısında tanımadığı şəxsə 450 manat pul qarşılığında satmış, həmin iki ədəd qızıl üzükləri satdıqdan sonra əldə etdiyi pulları öz şəxsi məqəsdləri üçün xərcləmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən həyət evi onun xalası oğluna məxsus həyət evidir. Xalası oğlu uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və bu səbəbdən o, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə mərhum nənəsi Zərnigarın yas mərasimində iştirak etmək məqəsdi ilə getmişlər onlar orada axşam saatlarınadək iştirak etmişlər və axşam öz yaşadıqları evə geri dönərkən küçəyə daxil olduqda həyət evinin otaqlarının işıqlarının yanılı olduğunu görmüş o, həmin vaxt nə baş verdiyini yəni evdən çıxarkən otaqların işıqlarının sönülü olduğu halda nə səbəbdən işıqların yanılı olduğu düşüncəsi ilə dərhal qaçaraq evə daxil olmuşdur. O, evə daxil olduqda evin bayır hissəsinin pəncərəsinin açıq olduğunu və eyni zamanda pəncərənin şüşəsinin yerində olmadığını görmüşdur. Həmin vaxt müəyyən etmişdir ki, evinə oğru daxil olub o, arvadını ilə birlikdə evə baxdıqda əşyalarının yerində olduğunu lakin iki ədəd 1000 manat dəyərində qızıl üzüklərin yəni onun tərəfindən alınmış arvadına məxsus qızıl üzüklərin yerində olmadığını yəni oğurlandığını görmüş bundan sonra isə həyətdə olan yekə xeyir-şər üçün nəzərdə tutulmuş aliminum qazanlarında yerində olmadığını görmüş və bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq məlumat vermiş, az sonra yaşadığı ünvana polis əməkdfaşlarının gəldiklərini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Yevlax şəhəri B.İmanov küçəsi ev 97 ünvanında yerləşən iki mərtəbəli yaşayış evindən oğurlanmış əşyaların yerlərini yəni 1 ədəd Rusiya İstehsalı olan 4 qram çəkidə sadə qadın üzüyünün və 1 ədəd Rusiya İstehaslı olan 6 qram çəkidə sadə qaşlı qadın qızıl üzüyünün mənzilin yataq otağındakı paltar dolabında olduğu yeri göstərmiş və həmin mənzilinin birinci mərtəbəsində əşya yığılan yerdən 2 ədəd xeyr və şər üçün istifadəsi nəzərdə tutulmuş aliminum qazanların oğurlandığı yeri göstərmişdir (iş vər.05-09); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər. 25-26); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 aprel 2022-ci il tarixdə saat 14:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 57-58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 67); “baxış və götürmə haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, ünvan 2 ünvanında yerləşən, X2 yaşadığı evindən aşkar olaraq götürülmüş 2 ədəd xeyr-şər üçün nəzərdə tutulmuş aliminum qazana baxış keçirilmiş və Asim Xudaveriyeva həmin əşyaların ona məxsus olduğunu və ünvan 2 ünvanında yerləşən evindən oğurlanan əşyalar olduğunu bildirmişdir ( iş vər. 45-48); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4827 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş göstərilən dairəvi formada, çəkisi 9 kiloqram, ağız hissəsinin diametri 45 sm, oturacaq hissəsinin diametri 45 sm, dərinliyi 32 sm olan qazan 60 manat dəyərində, qapaqlı, dairəvi formada, çəkisi 5 kiloqram, ağız hissəsinin diametri 45 sm, oturacaq hissəsinin diametri 45 sm, dərinliyi 27 sm olan qazan 35 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, 4 qram çəkidə, sadə qaşlı üzük 340 manat dəyərində, 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı 6 qram çəkidə sadə qaşlı üzük 510 manat dəyərində olmaqla ümumilikdə 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 945,00 (doqquz yüz qırx beş) manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır ( iş vər. 80-82); “maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən, X2 yaşadığı evindən aşkar olaraq götürülmüş 2 ədəd xeyr- şər üçün nəzərdə tutulmuş aliminum qazanlar maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir (iş vər.62-63); Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi 01.09.202-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), ilk dəfə olaraq az ağır cinayət törədilməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 (əlli) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar