Məhkəmə qərarları › İş №1(039)-17/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-17/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-17/2021 02.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxxx 2020-ci il tarixdə “polin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində, Yevlax rayonunun Nərimanabad kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus, Şahid3 şifahi icarə əsasında işlətdiyi çayxanaya gələrək, 3 şüşə bakal spirtli içki olan pivə içib sərxoş vəziyyətdə saat 15 radələrində Şahid3 heç bir əsaslı səbəb olmadan çayxananı düzgün şəkildə işlədən şəxs olmadığını kobud şəkildə bildirərək sonuncuya nalayiq söyüşlər söyməklə öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə əyləşdiyi dəmir materialdan olan stulu əlinə götürüb silah qismində istifadə edərək tətbiq edib orada olan Zərərçəkmiş şəxs1 sağ ayağının diz nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “sağ diz nahiyəsinin sıyrığı xəsarəti ilə müşayiət olunan” sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, çayxanada olan Zərərçəkmiş şəxs2 məxsus 7 manat dəyərində olan bir ədəd dəmirdən düzəldilmiş oturacaq stulunu, bir ədədinin qiyməti 5 manat olan, cəmi 20 manat dəyərində olan bir ədəd mavi rəngli, üç ədəd ağ rəngli kapron stulları və bir ədədinin qiyməti 0,50 manat olan, 1,50 manat dəyərində olan üç ədəd pivə içmək üçün nəzərdə tutulan şüşə bakalı qəsdən sındırıb Zərərçəkmiş şəxs2 ümumilikdə 28,50 manat maddi ziyan vurmaqla, yaxınlıqda yaşayan və çayxanada olan şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli olaraq göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Nərimanabad kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində kənd sakinlərinin ümumi istirahət yeri olmuş Zərərçəkmiş şəxs2 məxsus Şahid3 işlətdiyi çayxanaya pivə içmək və həmkəndliləri ilə söhbət etmək məqsədi ilə getmişdir. O, həyətdə yerləşən masaların birinin ətrafındakı oturacaq stulunda əyləşmişdir. Çayxanada ofisiant işləmiş Ruslana ona bir ədəd şüşə bakalda pivə verməsini demişdir. Ruslan ona bir bakal pivə gətirmiş və o, həmin bakaldakı pivənin hamısını içmişdir. Bundan sonra Ruslana ikinci bakal pivəni sifariş vermişdir. Ruslan ona şüşə bakalda pivə vermiş və o, həmin pivəni az-az içməyə başlamışdır. Həmin vaxt çayxananın həyətində ayrı-ayrı masaların ətrafında təxminən 4-5 nəfərdən ibarət qrup halında cəmi 15-20 nəfər şəxs əyləşmişdir. Həmin şəxslərin bəziləri çay içmiş, bəziləri domino oynamış, bəziləri isə söhbətləşmişdir. Saat 15 radələrində Xasay çayxanaya gəlmişdir. O, Xasaya “içib özünü apara bilməyənlərə nəzarət etmək lazımdır” demişdir. Xasay ona “oturan otursun” demiş və “oturmayan” deyib nalayiq söyüş söymüşdür. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Həmin vaxt əyləşdiyi dəmir stulu əlinə götürüb Xəyyamın və Xasayın dayandığı yerə doğru atmışdır. Atdığı stul Xəyyamın sağ ayağının diz nahiyəsindən dəymişdir. Xəyyam zərbədən yerə yıxılmış və diz nahiyəsində güclü ağrı hiss etmişdir. Dəmir stulun isə bir tərəfi sınmışdır. Qabaq stolun ətrafında yerləşən stulları bir-bir götürüb yerə vurmaqla sındırmışdır. Bununla da dörd ədəd kapron stulu və masanın üstündə olmuş pivə içdiyi üç ədəd şüşə bakalı yerə vurub sındırmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yevlax rayonu, Nərimanabad kəndində doğulmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, yaşadığı kəndin mərkəzində yerləşən özünə məxsus ərzaq məhsullarının satışı mağazasında işləyir. Həmin mağazanın yaxınlığında onun atasına məxsus çayxana olmuşdur. Çayxananı həmkəndlisi Şahid3 qeyri-rəsmi olaraq icarə əsasında işlətmişdir. Kənd sakinləri çayxanaya gələrək istirahət etmiş, çay içmiş, domino oynamış və söhbət etmişlər. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, mağazada olarkən atasına məxsus çayxananın həyətində dava səsi eşitmiş və çölə çıxmışdır. Həmin vaxt o, həmkəndlisi Sənanın çayxananın həyətində Xasayla mübahisə etdiyini və uca səslə Xasayın ünvanına nalayiq söyüşlər söydüyünü görmüşdür. O, Xasayın yanına getmiş və Sənanın sərxoş vəziyyətdə olduğunu görmüşdür. Sənana söyüş söyməməsini, ətrafda kənd sakinlərinin olduğunu demiş və nə səbəbə dava etdiyini soruşmuşdur. Sənan ona “sənlik deyil, işimə qarışma” demişdir. Xasay və orada olmuş digər şəxslər də Sənana sakitləşməsini, söyüş söyməməsini demişlər. Sənan Xasaya yenə də nalayiq söyüşlər söymüşdür. Sənan əyləşdiyi dəmir stulu əlinə götürüb onun və Xasayın dayandığı yerə doğru atmışdır. Sənanın atdığı stul onun sağ ayağının diz nahiyəsindən dəymişdir. O, zərbədən yerə yıxılmış və diz nahiyəsində güclü ağrı hiss etmişdir. Dəmir stulun isə bir tərəfi sınmışdır. Sənan qabaq stolun ətrafında yerləşən stulları bir-bir götürüb yerə vurmaqla sındırmışdır. Bununla da Sənan dörd ədəd kapron stul sındırmışdır. Sənan həmçinin, masanın üstündə olmuş pivə içdiyi üç ədəd şüşə bakalı yerə vurub sındırmışdır. Çayxananın həyətində olmuş şəxslərin hamısı oturduqları yerdən ayağa qalxmış, Sənana çıxıb getməsini, etdiyi davanı dayandırmasını demişlər. Sənan nalayiq söyüş söyərək “hamınızdan şikayət edəcəm, sizi süründürəcəm” demiş, Xasaya nalayiq söyüşlər söyərək çayxananın ərazisini tərk edib getmişdir. O, sağ ayağının diz nahiyəsinə baxmış, həmin nahiyənin qızardığını və şişdiyini görmüşdür. Həmin gün o, Yevlax rayon polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi barədə ərizə yazmışdır. Sənanın çayxanada törətdiyi hadisə 20 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, hazırda Təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Yevlax rayonu Nərimanabad kəndində yaşayır. Yaşadığı kənddə ona məxsus çayxana olmuşdur. Çayxanada ona məxsus qabaq stolları, oturacaq stulları, çay ləvazimatları, pivə içmək üçün nəzərdə tutulan şüşə bakallar və digər əşyalar olmuşdur. Çayxanadakı əmlakın hamısı ona məxsusdur. Çayxana kəndin mərkəzində yerləşmişdir. Kənd sakinləri çayxanaya gələrək istirahət etmiş, çay içmiş, domino oynamış və söhbət etmişlər. Çayxananın həyəti istirahət etmək üçün əlverişli olmuşdur. Çayxananın həyətində xeyli sayda əkilmiş ağac olmuş və həmin ağaclar kölgə saldığından dincəlmək üçün əlverişli şərait yaratmışdır. 2020-ci ilin may ayında o, çayxananı qeyri-rəsmi icarə əsasında həmkəndlisi Şahid3 vermişdir. xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evdə olmuşdur. Həmin vaxt Xəyyam ona zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs çayxanada pivə içib sərxoş vəziyyətdə Xasayla və Xəyyamla dalaşdığını, oturacaq stulu ilə Xəyyamın dizindən vurub xəsarət yetirdiyini, Sənanın çayxananın stullarını və şüşə bakallarını sındırdığını demişdir. O, yaşadığı evdən çıxaraq çayxanaya getmişdir. Həmin vaxt o, çayxanada stulların və bakalların sındırıldığını, Xəyyamın, Xasayın, Ruslanın, İlhamın, Rasimin və digər həmkəndlilərinin orada olduğunu görmüşdür. Xəyyam və orada olmuş şəxslərin hamısı Təqsirləndirilən şəxs dava etdiyini, nalayiq söyüşlər söydüyünü, stulla Xəyyama xəsarət yetirdiyini, stulları və bakalları sındırdığını demişlər. O, Xəyyamın ayağına baxmış və sağ diz nahiyəsinin qızararaq şişdiyini görmüşdür. O, sınmış bakalları və stulları saymışdır. Bununla da o, üç ədəd şüşə bakalın, dörd ədəd kapron stulun və bir ədəd dəmir stulun sındırılıb tamamilə yararsız vəziyyətə salındığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. O, yaşadığı kəndin mərkəzində yerləşən Zərərçəkmiş şəxs2 məxsus çayxananı icarə ilə işlətmişdir. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində o, çayxanaya pivə almaq üçün Yevlax şəhərinə gəlmiş və təxminən 30 dəqiqə sonra çayxanaya qayıtmış və Sənanın çayxananın həyətindəki masada əyləşdiyini görmüşdür. Digər masalarda isə kənd sakinləri əyləşmiş və təxminən 20 nəfər şəxs olmuşdur. O, Sənanın uca səslə ünvansız söyüşlər söydüyünü görmüş və Sənanın hansısa bir şəxslə mübahisə etdiyini yəqin etmişdir. Sənana yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Sənan yüksək səslə “nə buranı bir dənə düz əməlli adam işlətdi, nə də bura düz əməlli bir adam gəldi” demişdir. Sənan ona nalayiq söyüş söymüşdür. Həmin vaxt yaxınlıqda yerləşən ərzaq mağazasında işləmiş Zərərçəkmiş şəxs1 onun yanına gəlmişdir. Xəyyam Sənana söyüş söyməməsini, ətrafda kənd sakinlərinin olduğunu, düzgün hərəkət etmədiyini demiş və nə səbəbə dava etdiyini soruşmuşdur. Sənan Xəyyama “sənlik deyil, işimə qarışma” demişdir. Sənan dəmir və taxtadan düzəldilmiş stulu əlinə götürmüşdür. Sənan həmin stulu onun və Xəyyamın olduğu yerə doğru atmışdır. O, qaçmış, stul ona dəyməmişdir. Sənanın atdığı stul Xəyyamın sağ ayağının diz nahiyəsindən dəymiş və Xəyyam yerə yıxılmışdır. Oturacaq stulu isə sınmışdır. Bundan sonra Sənan çayxananın həyətindəki İnşallaha məxsus dörd ədəd kapron oturacaq stulunu yerə vurub sındırmışdır. Sənan həmçinin, pivə içdiyi masanın üzərindəki üç ədəd şüşə bakalı yerə vurub sındırmışdır. Sənan eyni zamanda uca səslə nalayiq söyüşlər söymüşdür. Sənan çayxanada üç bakal pivə içmiş və sərxoş vəziyyətdə olmuşdur. Sənan təxminən 5-10 dəqiqə ərzində çayxanada nalayiq söyüşlər söymüş, sonra çayxananın həyətindən çıxmışdır. Xəyyam sərbəst yeriyə bilməmiş və ağsamışdır. Xəyyam stulun dizindən dəyərək xəsarət yetirdiyini demişdir. O, Xəyyamın dizinə baxmış və dizinin xeyli şişdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində o, çay içmək, həmkəndliləri ilə söhbət etmək, domino oynamaq və istirahət etmək üçün yaşadığı kəndin ərazisində yerləşən İnşallaha məxsus çayxanaya getmişdir. Həmin çayxananı həmkəndlisi Xasay işlətmişdir. O, çayxananın həyətində yerləşən masaların birində əyləşmişdir. Onunla eyni masada həmkəndliləri Anar, Samir və Asif adlı şəxslər əyləşmişdir. Onlar çay içmiş və domino oynamışlar. Saat 14 radələrində həmkəndlisi Sənan gələrək çayxananın həyətində yerləşən masaların birində əyləşmişdir. Sənan pivə sifariş vermiş və şüşə bakalda pivə içmişdir. Saat 15 radələrində Xasay çayxanaya gəldikdən sonra o, Sənanın Xasayla mübahisə etdiyini görmüşdür. Həmin vaxt Sənan Xasaya nalayiq söyüş söymüşdür. O, Sənana çayxanada söyüş söyməməsini, çayxanada ağsaqqal şəxslərin əyləşdiyini, ərzaq mağazasının yaxınlıqda yerləşdiyini, kənd sakinlərinin həmin mağazaya alver etmək məqsədi ilə gəldiyini, söyüş söyməklə düzgün etmədiyini demişdir. Həmçinin, çayxanada olmuş Samir, Etibar və digər şəxslər də Sənana irad bildirərək söyüş söyməməsini demişlər. Lakin, Sənan onlara məhəl qoymamış və söyüş söyməkdə davam etmişdir. Yaxınlıqdakı mağazada işləmiş Xəyyam adlı şəxs də çayxanaya gəlmişdir. Xəyyam Sənana sakitləşməsini, çayxanada dava yaratmamasını demişdir. Sənan Xəyyama əsəbləşmiş və əyləşdiyi oturacaq stulunu götürüb Xəyyama doğru atmışdır. Sənanın atdığı stul Xəyyamın sağ ayağının diz nahiyəsindən dəymişdir. Xəyyam yerə yıxılmış, stul isə yerə dəyib sınmışdır. Bundan sonra Sənan sərxoş vəziyyətdə hərəkətlərini davam etdirərək uca səslə nalayiq söyüşlər söymüş, çayxananın həyətindəki oturacaq stullarını götürüb yerə vurmaqla sındırmışdır. Həmçinin, Sənan pivə içdiyi üç ədəd şüşə bakalı yerə vurmaqla sındırmışdır. Çayxanadakı şəxslər Sənana nalayiq söyüşlər söyməməsini, çayxanadan çıxıb getməsini demişlər. Sənan çayxanadakı şəxslərə “gedirəm hamınızı verəm polisə” demiş və sonra getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt yaşadığı evin yaxınlığında yerləşən İnşallah adlı şəxsə məxsus çayxanadan dava səsinin gəldiyini eşitmişdir. O, çayxanada nə baş verdiyini bilmək üçün yaşadığı ünvandan çıxaraq həmin yerə getmişdir. Piyada olaraq çayxana istiqamətində gedərkən həmkəndlisi Sənanın uca səslə nalayiq söyüşlər söydüyünü eşitmişdir. Sənan “hamınızı dolduracam içəri” deyərək nalayiq söyüşlər söyməkdə davam etmişdir. O, həmin yerə çataraq Sənana günorta saatlarının olduğunu, yaşadığı evdə yatmaq istədiyini, lakin, səsindən yata bilmədiyini deyərək nə baş verdiyini, nə səbəbə nalayiq söyüşlər söydüyünü soruşmuşdur. Həmin vaxt Sənan ona “sənlik deyil” demişdir. O, Sənana yaşadığı evin yaxınlıqda olduğunu, söyüşləri ilə onu və ailə üzvlərini narahat etdiyini demiş və söyüş söyməsi ilə əlaqədar olaraq Sənana iradını bildirmişdir. O, Sənanın sərxoş vəziyyətdə olduğunu görmüşdür. Sənana yaşadığı evə getməsini demişdir. Bundan sonra Sənan oradan uzaqlaşmışdır. O, İnşallaha məxsus Xasayın işlətdiyi çayxanaya getmişdir. Çayxanada olmuş bir neçə ədəd stulların və bir neçə ədəd şüşə bakalların sındırıldığını, Xəyyamın ağsadığını görmüşdür. O, Xasaydan nə baş verdiyini soruşmuşdur. Xasay Sənanın sərxoş vəziyyətdə çayxanada nalayiq söyüş söydüyünü və dava etdiyini, stulları, bakalları sındırdığını demişdir. Xəyyam Sənanın oturacaq stulu ilə sağ ayağının diz nahiyəsindən vurduğunu, dizində ağrı olduğunu demişdir. O, Xəyyamın dizinin şişdiyini görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxx 2020-ci il tarixli 356 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər–sağ diz nahiyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 15/356 saylı rəyə əlavə rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət–sağ diz nahiyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi şəraitdə, yəni oturacaq stulu ilə yetirilməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3309 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri 2020-ci ilin iyun ayına nəzəri qaydada təxminən 21,50 manat müəyyən olunur. Digər 01 ədəd dəmir stul haqqında kifayət qədər məlumat (ölçüsü, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası psixonevroloji dispanserinin xx xxxxxxx 2020-ci il tarixli 554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, həmçinin, hazırki ekspertiza zamanı isterik tipli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Səmədabad kənd X2 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Səmədabad kənd X2 üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Səidə və 2010-cu il təvəllüdlü Röyal adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2020-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tələbinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını və isterik tipli şəxsiyyət pozuntusu XBT- 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd “dəmir stul” hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılşın. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd “dəmir stul” Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar