Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-170/2021 24.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə-heroini və psixotrop maddə-metamfatamini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni- iki ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,097 qram və 0,105 qram olmaqla, ümumi təmiz çəkisi 0,202 qram heroini və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,373 qram psixotrop maddə-metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 20 avqust 2021-ci il tarixdə 20:55 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri S.Əsgərova küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılaraq, üzərində həmin gün saat 21:30-dan 22:05-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,097 qram və 0,105 qram olmaqla, ümumi təmiz çəkisi 0,202 qram narkotik vasitə-heroin və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olan 0,373 qram psixotrop maddə-metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Həm heroin, həm metamfetamin istifadə edir. O, 20 avqust 2021-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri S.Əsgərova küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış və onu polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı 20 avqust 2021-ci il tarixdə evlərinin yanında yerdən tapdığı iki büküm heroin və bir büküm metamfetamin aşkar olunaraq götürülmüşdür. O, heroin və metamfetamini istifadə etmək məqsədi ilə əynindəki cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin narkotik maddələri heç vaxt satmaq niyyəti olmayıb, o, onları ozü istifadə etmək üçün saxlamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmayıb, özü istifadə etmək üçün narkotik vasitə əldə etsə də, heç vaxt onları satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini, həmin əməlindən səmimi peşiman olmasını nəzərə alaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 20 avqust 2021-ci il Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, rəhbərliyin icazəsi alındıqdan sonra o, həmin gün saat 21 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri S.Əsgərova küçəsinə getmişdir. Onlar S.Əsgərova küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışdırlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu və üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə polis şöbəsinə getmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əvvəlcə əynindəki boz rəngli şalvarının sağ yan cibindən 3 ədəd kağıza bükülmüş bükülüləri təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı 133 manat pul aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa onun tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ-qızılı rəngli kağıza bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetamin, 2 ədəd ağ rəngli kağız bükülünün içərisində isə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 20.08.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evinin qarşısından tapdığını, narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi psixotrop maddəni və narkotik vasitəni özü üçün istifadə edəcəyini, satış məqsədi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X2 təhlükəsizlik bölməsi polis sahə rəisi vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:55-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər. 20-21); şəxsi axtarış və götürmə haqqında 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 3 ədəd- bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfanaminə bənzər kütlə, 2 ədəd bükümün içərisində isə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (iş vər. 26-33); məhkəmə kimyəvi ekspertizasının 21.08.2021-ci il tarixli, 17/619 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş... kütlə...” sözləri yazılmış zərfin içərisindəki 02(iki) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,097 qr., 0,105 qr., ümumi təmiz çəkisi-0,202 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Digər 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,373 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroinin ümumi təmiz çəkisi–0,202 qram, tədqiqata sərf edildi-0,100 qram( hər ob. -0,050 qram), qalıq –0,102 qram. Metamfetaminin təmiz çəkisi-0,373 qram, tədqiqata sərf edildi –0,050 qram, qalıq–0,323 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır (iş vər. 40-42); “əşyanın maddi sübut hesab edilməsi haqqında” 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş–0,202 qramdan qalmış–0,102 qram miqdarında narkotik vasitə-heroin və 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,373 qramdan qalmış - 0,323 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 84-85); Yevlax Rayon Məhkəməsinin 22.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmışdır (iş vər. 73-76); məhkəmə narkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 1152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər. 133); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03.09.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi 30.07.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir ( iş vər.103); Yevlax Rayon Məhkəməsinin 1(039)-123/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vər. 127-131); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlar belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə edilməmiş, həmçinin məhkəmə istintaqı zamanı ittiham tərəfindən göstərilən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin 3 (ədəd) ədəd xırda bağlamalara bükülməsinə görə CM-nin 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işinin materiallarında onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gələcək sübutlar mövcud deyildir. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni və psixotrop maddəni satması, dəyişdirməsi, hədiyyə verməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlinin narkotik vasitə olan maddələri satma kimi qiymətləndirilməsi və əməlin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etməsini və ya saxlamasını, yaxud qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə satmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların ittiham tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə qanunla müəyyən edilmiş qaydada cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs əvvəllər də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilib məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən mənfi hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə Yevlax rayon Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2(039)-123/2021 saylı hökmü ilə ona təyin edilmiş 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə, hazırki hökmlə təyin olunan cəza cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan heroinin və metamfetaminin qalığı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 0,102 qram miqdarında narkotik vasitə- heroin, 0,323 qram miqdarında psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-170/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-170/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver