Məhkəmə qərarları › İş №1(039)-172/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-172/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-172/2024 18.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Yevlax rayonu Nemətabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 28 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən H.Əliyev parkında oturacaqda oturub istirahət edən, əvvəllər tanımadığı Yevlax şəhəri C.Əzizov küçəsi 26 saylı evdə yaşayan X2 əlində mobil telefon olduğunu və sağlamlığına görə psixi xəstəliyi olmaqla qüsurlu şəxs olduğunu görərək Həcər Hüseynovaya yaxınlaşıb onun köməksiz vəziyyətindən istifadə etməklə mobil telefonunu açıq talamaq qərarına gələrək həmin niyyətlə Həcər Hüseynovaya məxsus olan 150 manat dəyərində işlək vəziyyətdə olan “Redmi A1” markalı mobil telefonu qəsdən Həcər Hüseynovanın əlindən almış, sonuncunun ona mobil telefonu geri qaytarmasını deməsinə baxmayaraq o, həmin mobil telefonu açıq talayıb oradan qaçmaqla zərərçəkmiş şəxs X3 150 manat dəyərində ziyan vuraraq qəsdən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 rədələrində sərxoş vəziyyətdə Yevlax şəhəri Nizami prospektində yerləşən H.Əliyev adına parka getmişdir. Parkda sonradan adını bildiyi Həcər adlı şəxsin telefonda mahnıya qulaq asdığını görmüş, ona yaxınlaşaraq söhbət etmiş və həmin şəxsin ruhi xəstə olduğunu görərək onun telefonuna nömrə almaq adı ilə telefonu Həcərin əlindən almış, sonuncunun ona telefonu geri qaytarmasını deməsinə baxmayaraq o, mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Həcər onun arxası ilə qaçaraq telefonu geri istəsə də, lakin ona çata bilməyib geri qayıtmışdır. Həmin gün axşam vaxtları polis əməkdaşları onun Həcərin əlindən telefonu aldığını bilmişlər. Onu polis əməkdaşları Yevlax şəhəri Nizami prospektində saxlayaraq polis şöbəsinə gətirmişlər. O, Həcərə məxsus telefonu polis şöbəsində təqdim etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə qarşısında öz fikirlərini sərbəst ifadə edə bilmədiyindən və məhkəmə iclasında iştirakı mümkün olmadığından məhkəmə işə zərərəçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxsin ifadəsində göstərdiklərini təsdiq etməklə onun adından ərizə verərək, təqsirləndirilən şəxslə barışıq əldə olunduğunu və ondan heş bir şikayət və tələbin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Həcər Hüseynova onun doğma bacısıdır. Bacısı Həcər onunla birlikdə yaşayır. Anası isə ağır yataq xəstəsidir, hərəkət edə bilmir. Həcər özü 2-ci qrup əlilldir və pensiya alır. xx.xx.2024-cü il tarixdə axşam saat 17 radələrində xatirində qalmayan bir nəfər şəxs ona zəng edərək bacısı Həcərin parkda ağladığını ona bildirmişdir. O, parka gələndə bacısının oturacaqda oturduğunu və ağladığını görmüşdür. Bacısı Həcərdən nə baş verdiyini soruşduqda o, telefonunun əlindən alındığını ona başa salmışdır. Buna görə də o polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı bilmişdir ki, onun bacısı Həcərin mobil telefonunu talayan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxsi bağışlamışlar və şikayətləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən Heydər Əliyev muzeyinin qarşısındakı parkda oturacaqda oturaraq özünə məxsus Redmi markalı telefonla mahnı dinləyərkən ona təxminən 30 yaşlarında bir oğlan yaxınlaşaraq onunla söhbət etdikdən sonra ondan əlində olan telefonu ona verməsini bildirmişdir. O, isə telefonu vermək istəməsə də, həmin vaxtı oğlan qəfildən onun əlindən mobil telefonu almışdır. O, telefonunu geri qaytarmasını oğlandan tələb etsə də, lakin həmin oğlan telefonu götürüb oradan qaçaraq çıxıb getmişdir. O, isə həmin şəxsin arxası ilə qaçıb telefonunu geri istəsə də, həmin oğlan telefonu qaytarmayaraq qaçıb getmişdir. O, ağlamağa başlamış, bu zaman oraya sonradan gəlmiş şəxslərdən biri onu tanıyaraq onun qardaşı Sabirə zəng etmişdir. Daha sonra qardaşı Sabir parka gəlmişdir. O, qardaşı Sabirə baş verənləri danışmışdır. Sabir də bu barədə kimlərəsə zəng edib məlumat vermişdir. Bundan sonra qardaşı Sabirlə birlikdə polis şöbəsinə gedərək şikayət etmişlər. Daha sonra Sabir ona bildirmişdir ki, onun mobil telefonunu oğurlayan şəxs müşahidə kamerasına düşmüşdür. Həcər Hüseynova ifadəsində onun ona məxsus olan mobil telefonu ona qardaşı Sabirin 150 manata aldığını, telefonun ona məxsus olduğunu, telefonun içərisində sim kart, yaddaş kartı və üzərində qoruyucu qabının olmadığını bildirmişdir. O, həmin şəxsdən şikayətçidir. Polis şöbəsində aparılan araşdırma zamanı onun mobil telefonunu oğurlayan şəxsin adının Rəşid olduğunu bilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 944 saylı protokoldan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Firudin oğlunda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, ƏQ- 386\2024 saylı rəydən görünür ki, zərərçəkmiş şəxs X3 məxsus 1 ədəd Redmi A1 markalı telefonun real bazar dəyəri xx.xx.2024-cü il tarixə 150 (bir yüz əlli) manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 ikinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 842 saylı rəyindən görünür ki, X4 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. X4 davranış pozuntuları, ona qarşı törədilən qanunsuz hərəkətlərin faktiki xarakterini və mənasını dərk etməmiş, onun hal-hazırda müalicəyə ehtiyacı yoxdur. X4 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onlarıyadda saxlamaq və yada salmaq qabiliyyətində deyildir. X2 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilməmişdir. Həcər Hüseynova məhkəmə qarşısında öz fikirlərini sərbəst ifadə edə bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırırlmasını, ondan şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasn Təqsirləndirilən şəxs cinayəti köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 4(039)- 79/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlama müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd Redmi A1 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X3 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 18 dekabr 2024-cü il tarixədək şübhəli şəxs və ev dustaqlığı qismində saxlandığı 3 (üç) ay 20 (iyirmi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 (bir) günə 02 (iki) gün hesablanaraq 7 (yeddi) ay 10 (gün) gün müddət müəyyən edilməklə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax rayonu Yuxarı Bucaq kəndində yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd Redmi A1 markalı mobil telefon qanuni sahibi X3 qaytarılsın. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Məhkəmə dövrü üçün göstərilən 07 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar