Məhkəmə qərarları › İş №1(039)-22/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-22/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-22/2021 19.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 294-cü kilometrliyində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərərə vurmamalı, sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yolun icazə verilən istiqamətində təhlükəsiz hərəkətini təmin etməli, icazə verilən istiqamətin əksinə idarə edərək hərəkət üçün təhlükə şəraiti yaratmamalı olduğu halda bunu etməyərək, Bakı şəhər istiqamətinin sağ yol çiyni ilə əksinə 40 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda onunla eyni istiqamətdə adi yerişlə sağ yol çiyni ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs sağ yol çiynində hərəkət hissəsinin qurtardığı yerdən sağa doğru 1,4 metr məsafədə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs hər iki diz oynağının ön səthinin, alın nahiyəsinin, sol dirsək nahiyəsinin sıyrıqları, sol tərəf bel nahiyəsinin qançırı, İİ bel fəqərəsinin kompresion sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan salamlığa az ağır zərər vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda, Qanunun bu tələbini də pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Hadisə zamanı idarə etdiyi "VAZ 2101" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, lakin sürücülük vəsiqəsi olmadığı üçün oğlu Nicat Səmədovun adına etibarnamə vermiş və avtomobili oğlu idarə edir. Oğlu Nicat təxminən bir il bundan əvvəl Rusiya Federasiyasına getmişdir, orada yaşayır. Nicat Rusiyada olduğu üçün avtomobili aylarla hərəkətsiz qalmışdır. Avtomobilin motor hissəsinin fəaliyyətsiz qalıb xarab olmaması üçün avtomobili arada kənddə sürmüşdür. xx.xx.2020-ci il tarixdə saat təxminən 20:00 radələrində o, avtomobilə benzin vurmaq üçün avtomobili idarə edib yaşadığı evdən kəndə gedən yola gətirmişdir. Məqsədi, Nərimanabad kənd yolundan baş yola Bakı-Qazax yoluna daxil olub Bakı şəhər istiqamətinin sağında yerləşən yanacaqdoldurma məntəqəsindən avtomobilə benzin vurmaq olmuşdur. O, ikinci dərəcəli yolla gəlib baş yola Bakı şəhər istiqamətinin sağına yol çiyninə daxil olmuş, 40 km/saat sürətlə əks istiqamətli hərəkət edən zaman yol çiyni ilə onunla eyni istiqamətdə hərəkət edən piyadanı avtomobilin qabaq sol hissəsi ilə vurmuş, piyada avtomobilin qabaq alın şüşəsinin sol hissəsinə dəyib yerə düşmüş, xəsarət almışdır. O, əvvəlcədən piyadanı görməmiş, qarşısında hərəkət etdiyini qəfildən görmüşdür. O, avtomobillə bir qədər hərəkət edib avtomobili qarşıda saxlamış, avtomobildən düşmüş və bir nəfərin çayxana tərəfdən piyadanın yanına gəldiyini, və piyadanı avtomobilinə qoyub oradan apardığını görmüşdür. O, qorxmuşdur ki, vurduğu piyadanın qohumları da hadisə yerinə gəlmiş olarlar, ona görə də qorxub avtomobili orada yanacaqdoldurma məntəqəsinin yaxınlığında qoyub yaşadığı evə getmişdir. Həmin gün gecə ona kənddə bildirmişdirlər ki, avtomobillə adam vurduğu üçün polislər onu axtarırlar. Məlum olmuşdur ki, avtomobillə vurduğu piyada əvvəllər tanımadığı Yevlax rayon Duzdağ kənd sakini Zərərçəkmiş şəxsdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuş, avtomobildə tək olmuş, sərnişin və yük olmamışdır. Avtomobillə vurduğu piyada Zərərçəkmiş şəxsla əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Əsədov Rəşad Eldəniz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı kəndin yaxınlığında Bakı-Qazax yolunun kənarında yerləşən çayxanadan çıxıb tək piyada yaşadığı kəndə evə getmək üçün yolun Bakı şəhər istiqamətinin sağında yerləşən yol çiyni ilə Qazax rayon istiqamətində gedəndə arxadan yol çiyni ilə əksinə hərəkət edən markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "VAZ 2101" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Zərbənin təsirindən o, hərəkət etdiyi yol çiynin soluna yerə yıxılmışdır. Onu vuran avtomobil bir qədər qabağa gedib qarşıda dayanmışdır. Bundan sonra onu vuran avtomobilin sürücüsünü görməmişdir. Hadisədən sonra bir nəfər Nərimanabad kəndində yaşayan "Vitkanın oğlu” kimi tanıdığı lakin adını bilmədiyi oğlan ona yaxınlaşmış və ona köməklik edib yerdən qaldırıb öz "VAZ" markalı avtomobilinə mindirib onu Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır, xəstəxanada ona tibbi yardım göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü əvvəllər tanımadığı Nərimanabad kənd sakini olan Səməd adlı şəxsdir. Avtomobillə onu vurduqdan sonra avtomobili orada qoyub qaçıb getmişdir. O, əvvəllər Səmədi tanımamış, nə də ki, aralarında hər hansı bir düşmənlik ədavət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nərimanabad kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, münasibətləri yaxşıdır. Bundan başqa o, Zərərçəkmiş şəxs da tanıyır, o, qonşuluqda yerləşən Duzdağ kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində o, idarə etdiyi "VAZ 2106" minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Bakı şəhər istiqamətinin sağı ilə aşağı torpaq yolla əksinə hərəkətdə olan zaman görmüşdür ki, Rəşad çayxana olan tərəfdən Bakı şəhər istiqamətinin sağı ilə yol çiyni ilə əks istiqamətə piyada gedir. O, aşağı yolla Rəşadın yanından ötüb keçən zaman, Səməd idarə etdiyi "VAZ 2101" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rəşadı vurub getmişdir. O, avtomobili aşağı torpaq yolda saxlayıb avtomobildən düşüb hadisə yerinə getmiş və Rəşad yerdə yıxılmış vəziyyətdə görmüşdür. Rəşadı vuran avtomobil təxminən 20 metr getdikdən sonra qabaqda yanacaqdoldurma məntəqəsinin yanında dayanmışdır. O, Rəşadı yerdən qaldırıb avtomobilinə mindirib Yevlax şəhər xəstəxanasına aparmışdır. Şahid2 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 8-ci tağımında inspektor vəzifəsində işləyir, polis serjantıdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 20:00 radələrində xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 294-cü kilometrliyində yolnəqliyyat hadisəsi baş vermiş, bir avtomobil piyadanı vurmuşdur. Bu məlumat əsasında dərhal qeyd olunan əraziyə getmişdir. Lakin hadisə yerində hadisəni törətmiş avtomobili müəyyən etməmişdir. O, hadisə yerinə gələnə kimi xəsarət almış piyadanı Yevlax şəhər xəstəxanasına aparmışlar. Məlum olmuşdur ki, hadisəni törətmiş avtomobil hadisə yerinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin həyətindədir. O, yanacaqdoldurma məntəqəsinə getmiş, orada markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi “VAZ- 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır, avtomobilin qabaq sol hissəsi eyni zamanda avtomobilin qabaq alın şüşəsinin sol hissəsi zədələnmişdir. Sonra o, hadisə yerinə gəlmişdir, onun məlumatı əsasında hadisə yerinə baş müstəntiq Ceyhun Axundov gəlmiş, hadisə yerinə onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin sxemi çəkilmişdir, bununla bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola və sxemə o və baxışda iştirak edənlər imza etmişlər. Daha sonra onlar avtomobilin saxlandığı yanacaqdoldurma məntəqəsinin həyətinə getmişlər, orada “VAZ- 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə müstəntiq tərəfindən onun iştirakı ilə baxış keçirilmiş, protokol tərtib edilmiş və protokola imza etmişdir. Səhəri gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, hadisəni əvvəllər tanımadığı Yevlax rayon Nərimanabad kənd sakini Təqsirləndirilən şəxs törətmişdir, hadisə törətdikdən sonra idarə etdiyi “VAZ-2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili orada qoyub hadisə yerindən qaçmış, hadisənin səhəri günü Təqsirləndirilən şəxs istintaqa gedərək özünü təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 294-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətli hərəkət üçün nəzərdə tutulmuşdur. Hərəkət hissəsində hərəkət zolaqları ağ rəngli qırıq xətlə ayrılır, hərəkət hissəsinin eni 8,1 metrdir. Yol nəqliyyatı hadisəsi zamanı Zərərçəkmiş şəxs xəsarət almışdır, hadisəni törətmiş avtomobil və sürücü aşkar edilməmişdir. (iş vər.7-16); məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 558 №li rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - hər iki diz oynağının ön səthinin, alın nahiyəsinin, sol dirsək nahiyəsinin sıyrıqları, sol tərəf bel nahiyəsinin qançırı, İİ bel fəqərəsinin kompresion sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa az ağır zərər xəsarətlərə aid edilir. (iş vər.43-44); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 8/1754 saylı rəyindən görünür ki, “VAZ-2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafıq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.(iş vər.86-88); “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “VAZ 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və sahibinə qaytarılmışdır. (iş vər.99); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 131); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər.73); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 77); Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, 62 yaşının olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli və əlavə cəzanın müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE**********0002088501) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar