Məhkəmə qərarları › İş №1(039)-22/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-22/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-22/2024 30.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Şəki rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, çobanlıq fəaliyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şəki rayon Çayqaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, çobanlıq fəaliyəti ilə məşğul olan, məhkumluğu olmayan, Zaqatala rayon Bəhmətli kəndində qeydiyyatda olmaqla Bərdə rayon Təhnə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 30 yanvar 2024-cü il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakı olan Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış şifahi razılaşmaya əsasən onlara etibar edilmiş sonuncunun mülkiyyətində olan 03 baş erkək quzunu, 02 baş erkək qoyunu, 07 baş dişi qoyunu, 08 baş dişi keçini əvəzsiz və qanunsuz olaraq mənimsəmə yolu ilə talamaq qərarına gələrək həmin niyyətlə çoban işlədikləri Yevlax rayon Qaramanlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 27 iyul 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda, 04 avqust 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda, 06 avqust 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda və 15 iyul 2023-cü il tarixdən başlayaraq 07 avqust 2023-cü il tarixədək olan müddətlərdə istintaqla müəyyən edilməyən günlərdə və saatlarda vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus olan 20 baş xırdabuynuzlu heyvan olmaqla bir başının qiyməti 215 manat olmaqla üç baş cəmi 645 manat dəyərində olan erkək quzunu, bir başının qiyməti 270 manat olmaqla iki baş cəmi 540 manat dəyərində olan erkək qoyunu, bir başının qiyməti 210 manat olmaqla yeddi baş cəmi 1470 manat dəyərində olan dişi qoyunu, bir başının qiyməti 150 manat olmaqla səkkiz baş cəmi 1200 manat dəyərində olan dişi keçini qanunsuz və əvəzsiz olaraq ələ keçirib satmaqla Zərərçəkmiş şəxs cəmi 3855 (üç min səkkiz yüz əlli beş) manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilmiş özgə əmlakını mənimsəmişlər. Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.1ci maddəsi ilə özünü təqsirli bildi ifadəsində göstərdi ki, 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və onun ailəsi ilə birlikdə çoban işləmək üçün Yevlax rayonunun Qaramanlı kəndində yerləşən fermaya gəlmişlər və 15 iyul 2023-cü il tarixdə işə başlamışlar. Həmin fermada Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən ona məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlara baxırmışlar. Onlar iyul ayının sonlarında dəqiq xatırlamadığı gündə günorta saatlarında, saat təxminən 12 radələrində Abdusalamla birlikdə iki baş qoyunu taksilik fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını bilmədiyi və sürücüsünü tanımadığı qırmızı rəngli “VAZ 2107” markalı avtomobilin yük yerinə qoyaraq 200 (iki yüz) manata Abdusalamın tapdığı tanımadığı qəssaba satmışlar. Abdusalam həmin heyvanı satdıqdan sonra onlar həmin heyvanın pulunu birlikdə xərcləmişlər. Bundan sonra o, Abdusalamın çağırmış olduğu BMW markalı avtomobilə bir baş qoyun qoyaraq Abdusalamla birlikdə Yevlax şəhərinə apararaq Namiq adlı qəssaba 200 manat satmışlar. Bundan sonra 03 avqust 2023-cü il tarixədək ayrı-ayrı vaxtlarda 6 baş qoyunu da Abdusalamla birlikdə mənimsəyərək satmışlar. Lakin həmin qoyunları Abdusalam təkbaşına aparıb satmışdır. O, yalnız bir dəfə Abdusalamla birlikdə getmişdir. Həmin heyvanları Abdusalam Yevlax şəhərinə gətirərək satmışdır. O, etdiyi əməlindən peşmandır. O, Abdusalamla birlikdə ümumilikdə Zərərçəkmiş şəxs məxsus fermadan cəmi 9 baş qoyun mənimsəyərək satmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.1ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 iyul 2023-cü il tarixdə arvadı Şahid2 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə çoban işləmək üçün Yevlax rayonunun Qaramanlı kəndində yerləşən fermaya gəlmiş və 15 iyul 2023-cü il tarixdə orada işə başlamışlar. Onlar həmin fermada iribuynuzlu və xırdabuynuzlu heyvanlara baxırmışlar. İlqarla o, həmin fermada işlə başlayandan sonra qərara gəlmişlər ki, orada olan xırdabuynuzlu heyvanları gizlincə mənimsəyərək satıb, pul əldə etsinlər. Bu səbəbdən o, iyul ayının ortalarında dəqiq xatırlamadığı gündə səhər saatlarında Yevlax şəhərinə gələrək “Təbiət” şadlıq sarayının qarşısında dayanmış taksilik fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını bilmədiyi və sonradan sürücüsünün adının Nazim olduğunu öyrəndiyi qırmızı rəngli “VAZ 2107” markalı avtomobilə yaxınlaşmış və sürücüyə Yevlax rayonunun Qaramanlı kəndində yerləşən atasının fermasından iki baş qoyun götürüb Mingəçevir şəhərinə aparmaq üçün taksi lazım olduğunu bildirmişdir. O, Nazimlə 55 manat pul qarşılığında razılaşmış və birlikdə fermaya getmişlər. Fermada İlqar həmin iki baş qoyunu avtomobilin yük yerinə qoymuşdur. İlqar qoyunları avtomobilin yük yerinə qoyduqdan sonra o, Nazimlə Mingəçevir şəhərinə getmişdir. Mingəçevir şəhərində İlqarın mobil nömrəsini tapıb verdiyi qəssaba həmin qoyunları satmışdır. İlqar həmin qəssabla mobil telefonda danışan zaman qoyunların özünə məxsus olduğunu demişdir. O qoyunları həmin qəssaba İlqarın göndərdiyini deyərək vermiş və qarşılığında 350 manat pul almışdır. Bundan sonra o həmin fermadan ayrı-ayrı vaxtlarda olmaqla dəqiq xatırlamadığı günlərdə 7 başda xırdabuynuzlu heyvan-qoyunu mənimsəyərək satmışdır. etdiyi əməldən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Yevlax rayonunun Qaramanlı kəndində ferması vardır. Həmin fermada iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. Fermamda çobanlıq etmək üçün İlqar və Abdusalamla müqavilə bağlayaraq onlara hər ay əməkhaqqı vermişdir. Bir neçə müddət işlədikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fermamdan mənimsəmə etmişlər. Məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onlardan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus BMW markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Xatırlamadığı tarixdə taksi yoldaşlarından biri ona zəng vuraraq, Yevlax rayonu ərazisində olan fermadan iki nəfər şəxsi şəhərə gətirilməli olduğu bildirmişdir. Bundan sonra o, həmin şəxlər olan əraziyə getmiş və onları fermadan götürərək Yevlax şəhəri ərazisində olan qəssabın yanına gətirmişdir. Bir neçə gün keçdikdən sonra həmin şəxslər bir daha ona zəng vuraraq fermaya çağırmışlar və fermanı aldıqlarını bildirərək, onları avtomobilə qoyduqları heyvanlarla birlikdə qəssabın yanına aparmalı olduğunu bildirmişlər. Bundan sonra bir neçə dəfə də o, həmin şəxsləri femadan götürüb qəssabın yanına gətirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax rayonu Qaramanlı kəndində yerləşən fermada həyat yoldaşımla birlikdə yaşamşlar. Həyat yoldaşı ilə birlikdə həmin fermada xırda buynuzlu və iri buynuzlu heyvanların saxlanılması ilə məşqul olmuşlar. Onlar fermada olduqları dəqiq yadında qalmayan gündə axşam saatlarında Təqsirləndirilən şəxs2 onun əri Abdusalama orada olan qoyunları mənimsəməyi təklif etməsini eşitmiş və bu zaman o, əri Abdusalamgilə acıqlanaraq uca səslə iradını bildirmiş və bu fikirdən daşınmaqlarını demişdir. Ora beş dəfə ayrı-ayrı vaxtlarda qoyunu aparmaq üçün avtomobil gəlmiş və o, həmin avtomobilin ora gəlməsini görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 9/7067 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 6-7 aylıq hər birinin diri çəkisi 24 kiloqram olan erkək quzunun qiyməti 215 manat, 03 ədədinin ümumi qiyməti isə 645 manadır, 1 yaşlı hər birinin diri çəkisi 36 kiloqram olan 01 ədəd erkək qoyunun qiyməti 270 manat 02 ədədinin ümumi qiyməti isə 540 manadır, 2 yaşlı hər birinin diri çəkisi 28 kiloqram olan dişi qoyunun qiyməti 210 manat 07 ədədinin ümumi qiyməti 1470 manatdır, 1 yaşlı hər birinin diri çəkisi 25 kiloqram olan dişi keçinin qiyməti 150 manat 08 ədədinin ümumi qiyməti 1200 manatdır. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 04 adda xırdabuynuzlu heyvanların 2023-cü ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3855,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Turan” qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, 302/1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu Çayqaraqoyunlu kəndində qeydiyyatdadır və hal-hazırda çoban işləməsi ilə əlaqədar Gədəbəy rayonunda yaşayır və ailə tərkibi xx.xx.1991-ci il təvəllüdlü arvadı - X5 və xx.xx.2003-cü il təvəllüdlü oğlu X7 ibarətdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Turan” qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı qəsəbədə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd nümayəndəsi tərəfindən verilmiş 17 oktyabr 2023cü il tarixli arayışdan görünür ki, Əliyev X4 rayonu Bəhmətli kəndində qeydiyyatdadır və ailə tərkibi 1986-ci il təvəllüdlü arvadı – Şahid2, 2012-ci il təvəllüdlü qızı X2, 2015-ci il təvəlüdlü oğlu X6 və 2017-ci il təvəllüdlü qızı X3 ibarətdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı qəsəbədə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2013-cü il tarixdə Qax rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 05 ay 21 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdikləri cinayətlərə görə təqsirləndirilən şəxslərə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıqlarını, zərərçəkmiş şəxsə vurmuş olduqları ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxlərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 179.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yaşayış yeri üzrə çəkməlidirlər, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İşə olan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində izahatının videogörüntüsü olan 1 ədəd kompakt disk və Şahid2 şahid qismində ifadəsinin videogörüntüsü olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Şəki rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 07 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 07 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. İşə olan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində izahatının videogörüntüsü olan 1 ədəd kompakt disk və Şahid2 şahid qismində ifadəsinin videogörüntüsü olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar