Məhkəmə qərarları › İş №1(039)-23/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-23/2020

20.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-23/2020 20.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X1 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən,məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki olaraq Yevlax rayonunun Xanabad kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində yaşadığı Yevlax rayonu Xanabad kəndindəki evinin həyətində, şəxsi münasibətlər zəminində, həyat yoldaşı Zərərçəkmiş şəxs nəyə görə mənə cavab qaytarırsan deyib iradını bildirərkən mübahisə edib əlbəyaxa olmuş və mübahisə zamanı o, çəkiclə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq ona “başın ənsə nahiyəsinin əzilmiş yarası” ilə nəticələnən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2004-cu ildə Aytəkinlə ailə həyatı qurmuş, onların birgə nikahdan bir qız övladı olmuşdur. Əvvəllər Aytəkinlə münasibətləri yaxşı olsa da, bir neçə ildir ki, o, həddindən çox spirtli içki qəbul etdiyi üçün həyat yoldaşı Aytəkinlə münasibətləri pisləşmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində yaşadıqları evin həyətində mal-qaranı tövləyə salan zaman o, əlindəki çəkiclə dananın belinə vurmuş, həmin vaxt həyat yoldaşı Aytəkin ona “niyə görə dananı vurdun” deyərək ona nalayiq sözlər işlətmiş, o, da Aytəkinə “sən kimsən ki, mənim cavabımı qaytarırsan, mənə nalayiq sözlər işlədirsən” deyərək əlindəki çəkiclə bir dəfə Aytəkinin baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt həyat yoldaşı Aytəkin qışqıra-qışqıra çölə çıxmış, qızı Aytac da anasının arxasınca çölə çıxmış, bir qədər sonra ora təcili tibbi yardım maşını gəlmiş və həyat yoldaşı Aytəkini aparmışdır. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2004-cü ildə Vidadi ilə ailə həyatı qurmuş, onların bir qız övladı olmuşdur. Əvvəllər Vidadi ilə münasibətləri yaxşı olsa da, bir neçə ildir ki, Vidadi həddindən çox spirtli içki qəbul edərək evdə dava-dalaş etdiyi üçün münasibətləri pisləşmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində yaşadıqları evin həyətində malqaranı tövləyə salan zaman Vidadi də ora gəlmiş və ona kömək etmək istəmişdir. Həmin vaxt Vidadi dananı tövləyə salan zaman əlindəki çəkiclə dananın belinə vurmuş, o, isə Vidadiyə dananı niyə görə vurduğunu deyərək iradını bildirmiş, Vidadi isə ona “sən kimsən ki, mənə cavab qaytarırsan” deyərək əlindəki çəkiclə bir dəfə onun baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt qızı Aytac da ora gəlmiş və Vidadinin ona xəsarət yetirdiyini görüb 102 xidmətinə zəng edərək Vidadidən şikayət etmiş, daha sonra zəng edərək təcili yardım çağırmış, bir qədər sonra təcili yardım ora gəlmiş və onu Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Orada ona tibbi yardım göstərildikdən sonra o, polis şöbəsinə gələrək əri Vidadinin çəkiclə vuraraq ona xəsarət yetirməsi barədə şikayət ərizəsi vermişdir. Zərərçəkmiş şəxs hazırda X2 ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 825 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarət-başın ənsə nahiyəsinin əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.10-11); “qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 57); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.26); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər.33). Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Vidadi İsayevə qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə qarşılıqlı surətdə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar