Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-23/2022 14.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 19 avqust 1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 03 dekabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə saat 17:15 radələrində Yevlax rayonu, Aran qəsəbəsində qardaşı qızı X3 yaşadığı evdə sonuncunu ər evinə aparmağa gəlmiş qaynanası Şahid1 və onun qohumu Şahid2 ilə uca səslə mübahisə edərək onları evdən küçəyə çıxardıb, özü də onların arxasınca ictimai yer hesab edilən küçəyə çıxaraq küçədə dayanmış Çinarə Orucovanın qaynatası Zərərçəkmiş şəxs ünvanına heç bir əsaslı səbəb olmadan ucadan nalayıq söyüşlər söyərək onunla mübahisə edib hüquqazidd hərəkətlərini davam etdirərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında əlində olan silah qismində istifadə edilən, istintaqla müəyyən edilməyən taxta parçası ilə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə bir dəfə xuliqanlıq niyyəti ilə qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran ümumilikdə sol bazunun yuxarı 1/3-nin iç ön səthinin qançırı, sol bazunun başının yerini dəyişməmiş sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. Qardaşı qızı Çinarə Zərərçəkmiş şəxs gəlinidir. Son 5-6 ay ərzində isə onların münasibətləri pozulmuşdur. 2021-ci ilin fevral ayından çıxıb anası evinə gəlmişdir. 13 iyun 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində Yevlax rayon, Aran qəsəbəsində yaşadığı evdə olarkən azyaşlı qardaşı oğlu Əziz evinə gəlib Natiqgilin onlara gəldiyini demişdir. İslamın anası Mehriban onlara gəlinlərini aparmağa gəldiklərini demişdir. Çinarədən bu barədə soruşmuş, Çinarə getmək istəmədiyini bildirmişdir. Bu zaman Mehriban və qızı Şölə də orada olmuş, Natiq isə küçədə dayanmışdır. Mehriban həmin vaxt oğlu İslamla telefonda danışmış, sonra isə nalayiq söyüşlər söymüş və onlara çıxın gedin buradan deyərək küçəyə çıxartmışdır. Küçədə Natiq üzərinə gəlib ona nalayiq söyüşlər söymüşdür. Həmin vaxt əlində olan taxta parçası ilə küçədə Natiqin sol çiynindən vurmuşdur. Həmin vaxt orada olan şəxslər onunla Natiqi aralaşdırmış, Natiq isə maşına minib getmişdir. Mübahisə zamanı ətrafda qapısında usta işləyən Elman və qonşusu Fuad olmuşdur. Hazırda əməlindən səmimi olaraq peşmandır və Natiqlə barışmışdır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında Çinarə evdən çıxıb atası evinə getmişdir. Arvadı Mehriban və qızı Şölə ilə birlikdə 13 iyun 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində tanımadığı taksi ilə Yevlax rayonu, Aran qəsəbəsində Çinarənin atası evinə getmişdir. Çöldə gözləmiş, arvadı ilə qızı Çinarənin atası evinə girmişlər. Təxminən 10-15 dəqiqə sonra, saat 17:15 radələrində Təqsirləndirilən şəxs evdən çıxaraq küçədə arvadı Mehribana ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Kənanın səsini eşidib Çinarənin atası evinin darvazasının yanına getmişdir. Bu zaman gəlini Çinarə evdən çıxmamış, Kənana yaxınlaşıb sakitləşdirmək istəyərkən Kənan yenə ucadan ona və arvadına qarşı nalayiq söyüşlər söyməyə davam etmişdir. Kənan əlində olan taxta parçası ilə darvazanın yanında və küçədə sol çiynindən bir dəfə möhkəm vurmuşdur. Təxminən 10-15 dəqiqə sonra DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan başqa həmin vaxt küçə dar olduğundan ətrafda olan kənar şəxslər səs-küyə toplaşmış və kənardan onlara baxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs gəlini Çinarənin əmisidir. 2021-ci ilin fevral ayında Çinarə evdən çıxıb atası evinə getmişdir. Əri Natiq və qızı Şölə ilə birlikdə 13 iyun 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində tanımadıqları taksi ilə Yevlax rayonu, Aran qəsəbəsində Çinarənin atası evinə getmişlər. Əri Natiq həmin vaxt çöldə gözləmiş, o, isə qızı ilə birlikdə Çinarənin atası evinə girmişdir. Həmin vaxt Çinarə ilə aralarında mübahisə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs onları evdən çıxartmış, sonra isə ona qarşı küçədə nalayiq söyüşlər söyməyə başlamış və Kənana söyüş söyməməsini bildirmişdir. Darvazanın yanına küçəyə çıxan zaman əri Natiq qucağında nəvəsi Qüdrətlə onlar tərəfə gəlib Kənanı sakitləşdirməyə çalışmışdır. Lakin Kənan yenə nalayiq söyüşlər söyməyə davam etmiş və sonra əlində olan taxta parçası ilə əri Natiqin sol çiynindən bir dəfə möhkəm vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının 14 iyul 2021-ci il tarixli 03/326 saylı rəyinə əlavə rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol bazunun yuxarı 1/3-nin iç-ön səthinin qançırı, sol bazunun başının yerini dəyişməmiş sınığı, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 24 may 2022-ci il tarixli T 188/2022 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sol bazu sümüyünün böyük qabarının yerdəyişməyən qopma xarakterli sınığı və sol bazunun yuxarı 1/3-nin iç-ön səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Aran qəsəbəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Aran qəsəbəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsinə 2019-cu il təvəllüdlü Zəhra adlı bir azyaşlı uşağı var. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahid ifadəsi, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarda cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəlləinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərəçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb təqsirli bilindiyi CM-nin 127.2.3 və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, həmin cəza 02 (iki) il müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-23/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-23/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver