Məhkəmə qərarları › İş №1(039)-23/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-23/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-23/2025 28.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax rayonunun Qaraməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində “AE 241711” seriya nömrəli, «BC» katerqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus «MERCEDEZ BENZ C 220» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Yevlax rayonunun Qoyunbinəsi kəndinin ərazisindən keçən kəndlərarası asfaltbeton örtüklü yolda Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərəkətdə olan avtomobilin uzaq işığının yaxın işığa keçirilmədikdə, gözü qamaşdıqda diqqətini daim dəyişən yol şəraitindən ayırmayaraq qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda bunlara əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi həmin «MERCEDEZ BENZ C 220» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolu soldan sağa keçmək istəyən xx.xx.1990-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla Zərərçəkmiş şəxs səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid sağ diz qapağının yerini dəyişmiş sınığı, ənsə nahiyəsinin və sol qaşın bayır bucağının əzilmiş yaraları xəsarətləri vurması ilə nəticələnən yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus nəqliyyat vasitəsi ilə şəhər istiqamətində hərəktdə olan zaman qarşıdan gələn nəqliyyat vasitəsinin işığı gözünü qamaşdırmış, əyləci bir neçə dəfə basaraq işarə versə də həmin nəqliyyat vasitəsinin sürücüsü işıqlarını söndürməmiş və həmin maşınla yanyana keçən zaman anidən qarşısında Rəşani Hüseynovu görmüşdür. Rəşani Hüseynov anidən onun qarşısına çıxdığına görə əyləci basıb maşını saxlaya bilməmiş və Rəşani Hüseynovu vurmuşdur. Dərhal maşını saxlayraq düşmüş və Rəşani Hüseynovun arxa sağ qapının yanında olduğunu görmüşdür. Yanundakı şəxslərin köməkliyi ilə Rəşani Hüseynovu maşına qoyaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına gətirmişlər. İki gün həkim nəzarətində olduqdan sonra Rəşani Hüseynovu öz vəsaiti hesabına ambulans vasitəsi ilə Gəncə Beynəlxalq xəstəxanasına, özəl xəstəxanaya aparmışdır. Rəşani Hüseynov həmin xəstəxanada beş gün qalmış və hər gün üçün o xəstəxananın hesabına 200 manat ödəniş etmişdir. Beş gün xəstəxanada qaldıqdan sonra Rəşani Hüseynovu xəstəxanadan çıxararaq evlərinə gətirmişdir. Bir müddətdən sonra Rəşani Hüseynov Bakı şəhərində yoxlanmaq istədiyini tələb etmiş, o da etiraz etməmiş və Rəşanini Bakı şəhərinə xəstəxanaya aparmışdır. Rəşani Hüseynov Bakı şəhərində xəstəxanada həkim müayinəsində olmuş, ciddi bir şey aşkar olunmamış və qayıdıb gəlmişlər. Sonra Rəşaninin atası Ağakişi Hüseynovun evinə getmiş, çox söhbət etdikdən sonra Ağakişi ondan 5000 manat pul tələb etmiş, lakin onun maddi imkanı olmadığından həmin pulu verə bilməmişdir. İbtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda özünü təqsirli bilmir. Hesab edir ki, hadisə Rəşani Hüseynovun təqsirindən baş vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X11 verdiyi ifadəsində göstərmişdir ki, mağazadan evə gələn zaman yolu keçərək yolun ortasında dayanmış və kənardan maşın gəldiyini görmüşdür. Həmin vaxt əks tərəfdən maşın gəlməmiş və asfaltı keçib torpaq hissəyə bir addım qalmış maşın onu vurmuşdur. Yerə yıxılmış, təxminən 10 dəqiqə sonra ayılmış və qan içində olduğun görmüşdür. Həmin vaxt kənd sakinləri ora yığılmış, onu Farizin maşınına qoyaraq qonşusu ilə birlikdə onu xəstəxanaya aparmışlar. Yolda bir-iki dəfə gözünü açmış və maşında getdiklərini görmüşdür. Xəstəxanaya çatmağını və iki gün sonra özünə gəldiyini xatırlayır. Xəstəxanada başından cərrahiyyə əməliyyatı olunmuşdur. Dizinin də ağrıdığını bildirsə də, ona dizində heç nə olmadığını bildirmişlər. Sonra onu Gəncə şəhərinə Beynəlxalq Xəstəxanaya aparmışlar. Dizinin ağrıdığını bildirmiş və orada Tural adlı həkim onun dizinə baxaraq, diz bağında qırıq olduğunu bildirmişdir. Dörd gün həmin xəstəxanada yatmış və həkimə başında ağrılar olduğunu, yata bilmədyini bildirmişdir. Lakin ona başında heç nə olmadığını bildirmişlər. Dörd gün sonra həkim ona evə gedə biləcəyini demiş, o isə həkimə sağalmadığını bildirmişdir. O başqa maşınla, atası isə Təqsirləndirilən şəxs maşınında qayıdıb evə gəlmişlər. Evə gəldikdən sonra Farizgil ona heç bir köməklik etməmişdir. Bir ay ərzində ona qonşusu baxmış, sarğısını açıbbağlamışdır. Sonra Farizin qohumu ilə başında olan sarğını açdırmaq üçün getdikdə, tibb bacısı onun başından xırda daşlar çıxarmışdır. Həmin vaxt başının sol tərəfindən şiş olduğunu demiş, lakin tibb bacısı həmn şişin çirk olduğun bildirərək şişə toxuna bilməyəcəyini demişdir. Farizgilə onu yenidən analizə aparmasını demiş, birlikdə gedərək rentgenə və KT-yə düşmüşdür. Rentgen nəticələrinə görə ona massaj yazılmış və bir aydan sonra təkrar KT-yə düşməsi məsləhət görülmüşdür. KT-yə düşdükdən sonra başının sol tərəfindən yad cisimlərin olduğu aşkar olunmuşdur. Daha sonra travmatoloqun qəbuluna getmək istədiyini və reseptdə olan dərmanların alınmasını demiş, Farizin qardaşı isə bundan imtina edərək onu Bakı şəhərində Yasamal rayonunda qoyub getmişdir. Özü travmotoloqun yanına getmiş və travmotoloq ona resept yazmışdır. Travmotoloq ona həmin dərmanları qəbul etməyəcəyi təqdirdə huşunu itirə biləcəyini demişdir. Gəldikdən sonra yenə Farizgilə zəng etmiş, Fariz, atası və əmisi oğlu gəlmişlər. Onlara əməliyyat olunması və digər məsələlərlə bağlı ona kömək etməsini xahiş etmişdir. Farizgil əməliyyat etdirməkdən imtna etmiş, buna görə atası (zərərçəkmiş şəxsin) əməliyyat etdirmək, kreditini ödəmək və aliəsinin dolanışığı üçün onlara 5000 (beş min) manat vermələrini təklif etmişdir. Lakin Farizgil bundan imtna etmişdir. Buna görə başını özü əməliyyat etdirmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs dörd gün xəstəxana xərclərini və rentgen və KT-nin xərclərini ödəmişdir.Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Gecə vaxtı Təqsirləndirilən şəxslə şəhərə dərman almaq üçün aptekə getmişlər. Həmin vaxt o Təqsirləndirilən şəxs maşınında arxa oturacaqda oturmuş və yolu aydın şəkildə görmüşdür. Həmin vaxt qarşıdan maşın gəlmiş, anidən zərərçəkmiş şəxs Farizin idarə etdiyi maşının qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə anidən baş vermişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə ilkin yardım göstərmişlər və onu Farizin maşını ilə xəstəxanaya çatdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 13 iyul tarixində axşam saatlarında Yevlax şəhəri istiqamətində hərəkətdə olan zaman anidən bir nəfər şəxs maşının qarşısına çıxmış və qabaq parpresə dəymişdir. Həmin vaxt Fariz maşını təxminən 50 km.saat sürətlə hərəkət etmişdir. Maşından düşərək, həmin şəxsi maşina qoyaraq xəstəxanaya aparmışlar. İşdə olan xx.xx.2024-cü il tarixli, 704 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 500 saylı rəydən görünür ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ diz qapağının yerini dəyişmiş sınığı, ənsə nahiyəsinin və sol qaşın bayır bucağının əzilmiş yaraları bərk küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törədilməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16-11/2-3995/2024 nömrəli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Yevlax RQİ və TBİ-i tərəfindən AE 241711 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. (etibarlılıq müddəti – xx.xx.2030-cu il tarixədək) Təqsirləndirilən şəxs DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük hüququndan məhrum edilməmiş və onun bu hüququ məhdulaşdırılmamışdır. Təqsirləndirilən şəxs adında DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixdən «MERCEDES BENZ C 220» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi təərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/2516 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən «MERCEDES BENZ C 220» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 noyabr 2017-ci il təvəllüdlü X8 və 20 iyul 2020-ci il təvəllüdlü X9 adlı azyaşlı uşaqları vardır. İşdə olan sübutların qiymətləndərilməsi haqqında 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C 220» markalı, ** GZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T 523/2025 saylı rəydən görünür ki, X2 kürəyin əzilmiş yarası və hematoması ilə müşayiət edilən sağ kürək sümüyünün cisminin, sağ diz qapağının aşağı qütbünün sınığı, ənsə-təpə nahiyəsinin və sol qaşın bayır bucağının əzilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) bilavasitə təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir, atoqəza zamanı piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vətəndaş R.H.X7 Xəstəxanasında xx.xx.2024-cü il tarixdə beyin və sinir cərrahının konsultasiyası zamanı kəllə-beyin travmasının hər hansı əlaməti, eləcə də KT müayinədə kəllədaxili patalogiya aşkarlanmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsu özünü təqsirli bilməməsi ilə bağlı verdi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin xsətəxana xərclərini qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut olan «Mercedes Benz C 220» markalı, ** GZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı qanuni sahibi Təqsirləndirilən şəxs Byram oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilən 08 (səkkiz) saat hüquqi yardıma görə (04 dekabr 2024-05 fevral 2025-ci il tarixədək 5 saata görə hər saat üçün 6 manat, xx.xx.2025xx.xx.2025-ci il tarixədək 3 saata görə hər saat üçün 11 manat) 63 (altmış üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil bürosunun vəkili X3 ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 28 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan “Mercedes Benz C 220 minik” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 08 (səkkiz) saat hüquqi yardıma görə (xx.xx.2024xx.xx.2025-ci il tarixədək 5 saata görə hər saat üçün 6 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək 3 saata görə hər saat üçün 11 manat hesablanmaqla) 63 (altmış üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar