Məhkəmə qərarları › İş №1(039)-25/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-25/2020

20.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-25/2020 20.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1963-cü il tarixdə Yevlax rayonu, Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Qarxun kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, Quşçu kəndində yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində Yevlax rayonu, Quşçu kəndində “dördyol” adlanan küçədə, taxtadan düzəldilmiş oturacaqda həmkəndliləri ilə birlikdə əyləşmiş qonşusu Zərərçəkmiş şəxs “oturmağa mənə niyə yer vermirsən” hikkəsi-bəhanəsi ilə söyüş söyərək ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış birgəyaşayış qaydalarına etinasızlıq göstərib, özünün şəxsiyyətini başqasının şəxsiyyəti fövqində qoyaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib həmkəndlilərinin gözü qarşısında əlində olan silah qismində istifadə edib tətbiq etdiyi rezin materialdan olan boru ilə onun kürək nahiyəsindən dəfələrlə, başı ilə burun nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan” sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa Az Ağır zərər vuran bədən xəsarətləri yetirmiş, bu səbəbdən də hadisə yerinə kənar şəxslərin söyüşdalaşma səslərini eşidib toplaşmasına, onların istirahətinin, dincliyinin pozulmasına, həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın iyirmi dəqiqəyədək müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki,şəkər, onkoloji və yüksək təzyiq xəstəsidir. Zərərçəkmiş şəxs valideyinləri ilə birlikdə onun yaxın qonşuluğunda yaşayır. Onun Kənan və sonuncunun ailə üzvləri ilə mehriban qonşu münasibəti olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Son bir ildir onun Kənanla münasibəti pisləşmişdir. 2019-cu il tarixdə o, yaşadığı evin həyət darvazasının yaxınlığında, yolun digər kənarında qaz borusunun üstündə taxtadan düzəldilmiş oturacağı təmir etdirmişdir. Boş vaxtları olarkən o və digər kənd sakinləri həmin oturacaqda əyləşərək istirahət etmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində yaşadığı evin həyətindən küçəyə çıxmışdır. Həmin vaxt o, Kənanın “Dördyol” adlanan küçədə onun təmir etdirdiyi oturacağın üstündə əyləşdiyini görmüşdür. O, Kənanın yanına getməmişdir. Təxminən 20-30 dəqiqədə sonra o, yenidən həyətdən küçəyə çıxmışdır. Həmkəndliləri İbrahimxəlil və Dadaşın da oraya gəldiyini və oturacaqda əyləşdiyini görmüşdür. Bundan sonra o, İbrahimxəlil və Dadaşın yanına getmişdir. Taxta oturacaqda Kənan, İbrahimxəlil və Seymurun oğlu Samir əyləşmişdir. Oturacaqda əyləşmək üçün yer olmamış, bu səbəbdən də o, qaz borusunun üstündə əyləşmişdir. O, İbrahimxəlildən bir ədəd siqaret alaraq çəkmişdir. Kənanı gözləmiş, lakin, sonuncu taxta oturacağın üstündən ayağa qalxmamış və ona yer verməmişdir. O, Kənana “oturacaq yaxşı şeydirsə bir metr də sən gətir düzəlt” demişdir. Kənan əyləşdiyi oturacağın üstündən ayağa qalxaraq onun yanına gəlmiş, onun ünvanına nalayiq küçə söyüşü söyərək onu təhqir etmiş, yerdən bir ədəd daş götürərək əlində saxlamış və həmin daşla onun döş qəfəsi nahiyəsindən təxminən 2-3 dəfə vurmuşdur. Kənan əlləri ilə onu tutub su arxının içərisinə yıxmışdır. O, yerdə olan zaman yanında bir ədəd rezin borunun olduğunu görmüş, həmin rezin borunu götürüb Kənanın kürəyindən təxminən iki-üç dəfə vurmuşdur. Bundan sonra İbrahimxəlil və Dadaş Kənanı ondan aralaşdırmışdır. İbrahimxəlil Kənana “ayıb olsun, atandan böyükdür, ağsaqqal adamdır” demişdir. O, yerindən qalxaraq yaşadığı evə getmişdir. Hadisə vaxtı əlində olmuş rezin boru qara rəngli təxminən 40-50 sm uzunluğunda olmuş, həmin borunu hadisə yerinə atmışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, ağır xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs onun yaşadığı evlə üzbə-üz yerləşən evdə yaşayır. Təxminən 20 il əvvəl Bəylər arvadı Arzunun “ata evi”nə köçmüş və həmin vaxtdan orada yaşamışdır. Onun və ailə üzvlərinin əvvəllər Bəylər və ailə üzvləri ilə münasibəti yaxşı olmuş, təxminən iki ildir ki, onların münasibətləri pisləşmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində o, beş baş heyvanını yaşadığı evin həyətindən çıxararaq otlaq sahəsinə getmiş heyvanlara qoşmuşdur. İşi olmadığı üçün yaşadığı evin qarşısından keçən torpaq yolun kənarındakı qaz borusunun qarşısında yerləşən taxtadan düzəldilmiş oturacağın üstündə əyləşmişdir. Təxminən beş-on dəqiqə sonra həmkəndlisi Samir gələrək onun yanında əyləşmişdir. Samir mobil telefonunda musiqiyə qulaq asmışdır. O, mobil telefonu ilə yazışma aparmışdır. On dəqiqə sonra onun ata nənəsi Xədicənin qardaşı İbrahimxəlil oraya gəlmişdir. İbrahimxəlil onun yanında masada əyləşərək siqaret çəkməyə başlamışdır. Bir neçə dəqiqə sonra həmkəndlisi Dadaş onların yanına gəlmişdir. Dadaş ayaqüstə dayanaraq İbrahimxəlillə söhbət etmişdir. O, Samirdən telefonuna mahnı köçürməsini xahiş etmişdir. Saat 10:30 radələrində Bəylər yaşadığı evdən çıxaraq onların yanına gəlmişdir. Bəylərin əlində qara rəngli uzunluğu 65 sm olan rezin boru olmuşdur. Bəylər İbrahimxəlilin sol tərəfində, qaz borusunun üstündə əyləşmiş, İbrahimxəlildən bir ədəd siqaret alaraq çəkmişdir. İbrahimxəlil Bəylərdən əlindəki borunu nə səbəbə əlində gətirdiyini soruşmuşdur. Bəylər azyaşlı nəvəsinin nadinclik etdiyini, bu səbəbdən də həmin boru ilə nəvəsini döydüyünü demişdir. Bundan sonra Bəylər “oturmağa mənə niyə yer vermirsən” demişdir. O, Bəylərin onunla dalaşmaq üçün bəhanə axtardığını görmüş və onunla dalaşmaması üçün sonuncuya yer vermək qərarına gəlmişdir. O, İbrahimxəlilə tərəf sıxlaşmış, yanında əyləşmiş Samir isə ayağa qalxmışdır. Bundan sonra taxta oturacağın üstündə əyləşmək üçün kifayət qədər yer olmuşdur. Bəylər qaz borusunun üstündən ayağa qalxmış və o, sonuncunun taxta oturacağın üstündə əyləşəcəyini hesab etmişdir. Lakin, Bəylər taxta oturacaqda əyləşməmiş və onunla üzbə-üz dayanmışdır. O, qabağa əyilərək əlindəki telefona baxmışdır. Bəylər uca səslə onun ünvanına nalayiq söyüşlər söymüş və əlindəki rezin boru ilə onun kürəyindən iki-üç dəfə güclü zərbə ilə vurmuşdur. O, başını yuxarı qaldırmış və ayağa qalxmışdır. Həmin vaxt Bəylər başı ilə bir dəfə onun burnunun üstündən vurmuşdur. Bəylər onun ünvanına söyüş söyməkdə davam etmişdir. Onun burnundan qan axmışdır. Bəylər yenidən ona doğru gəldiyi üçün o, əli ilə sonuncunu geriyə itələmişdir. Həmin vaxt Bəylər onun paltarından tutaraq onu geriyə itələmiş və o, kürəyi üstündə yerə yıxılmışdır. Bəylər də müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. İbrahimxəlil Bəyləri ondan aralaşdırmışdır. Bəylər, sonra isə o, ayağa qalxmışlar. Bəylər orada olmuş şəxslərin gözü qarşısında, qulaqları eşidə-eşidə onun ünvanına nalayiq söyüşlər söymüş və onu təhqir etmişdir. Hadisə yerindən müəyyən məsafədə olmuş əmisi İbadulla Bəylərin onu döydüyünü görmüş və qaçaraq onun yanına gəlmişdir. Bundan sonra Bəylər yaşadığı evə getmişdir. O, üzünü yuyaraq burnundan axmış qanı kəsmiş və yaşadığı evə getmişdir. Onun arvadı və anası xəsarət aldığını bilmişlər. İbadulla onu Bəylərin döydüyünü demişdir. Bundan sonra atası evə gəlmişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, əsassız olaraq onu vurmuşdur və hadisə təxminən on dəqiqə ərzində baş vermişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayonu Quşçu kəndində doğulmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində yaşadığı evdən çıxaraq “dördyol” adlanan kəndin mərkəzi küçəsinə getmiş və həmin küçədə yolun kənarında yerləşən qaz borusunun qarşısındakı taxtadan düzəldilmiş oturacağın üstündə əyləşmişdir. Bacısı nəvəsi Kənan və həmkəndlisi Seymurun oğlu Samir də həmin oturacağın üstündə əyləşmişlər. Bundan sonra qonşusu Dadaş gələrək qaz borusunun üstündə əyləşmişdir. O, Dadaşla ordanburdan söhbət etmişdir. Bir neçə dəqiqə sonra Bəylər yaşadığı evdən çıxaraq onların yanına gəlmişdir. Bəylərin əlində təxminən 30-40 sm uzunluğunda qara rəngli bir ədəd rezin boru olmuşdur. O, Bəylərdən rezin borunu nə səbəbə əlində gətirdiyini soruşmuşdur. Bəylər ona “nəvəm sözümə baxmır, onu döyəcəm” demişdir. Bəylər qaz borusunun üstündə əyləşmişdir. Bəylər ondan siqaret alaraq çəkmişdir. X6 və Samirə “tərbiyəniz olsun durun mənə yer verin” demişdir. Həmin vaxt Samir ayağa qalxmış və Bəylərə əyləşməsini demişdir. Kənan isə ona tərəf sıxlaşmış və taxta oturacağın üstündə əyləşmək üçün kifayət qədər yer olmuşdur. Lakin, Bəylər taxta oturacağın üstündə əyləşməmişdir. Kənan diqqətini əlindəki telefona yönəltmişdir. O, Dadaşla söhbət edərkən Bəylərin əlindəki rezin boru ilə Kənanın kürək nahiyəsindən bir neçə dəfə vurduğunu görmüşdür. Bəylər Kənanla əlbəyaxa olaraq dalaşmış və nalayiq söyüş söymüşdür. Həmin vaxt Bəylərin və Kənanın ayağı qaz borusuna dəymiş və borunun üstündən aşaraq digər tərəfə yıxılmışlar. Kənan kürəyi üstündə, Bəylər isə Kənanın üstünə yıxılmışdır. O, Dadaşla birlikdə Bəyləri Kənandan aralaşdırmış və Kənanı ayağa qaldırmışdır. Bəylər Kənana nalayiq söyüşlər söymüşdür. Kənan da Bəylərə söyüş söymüşdür. O, Kənanın burnundan qan axdığını və əynində olmuş paltarın qana bulaşdığını görmüşdür. Kənan yerdən bir ədəd daş götürərək Bəyləri vuracağını demişdir. Bəylər onun arxa tərəfinə keçmişdir. O, Kənana daşı yerə atmasını demiş və Kənan daşı yerə atmışdır. Kənanın əmisi İbadulla hadisəni görərək onların yanına gəlmişdir. Bəylər əlindəki rezin borunu yerə ataraq yaşadığı evə getmişdir. Kənan su ilə burun nahiyəsində olan qanı yumuş, üstbaşını təmizləmiş və İbadulla ilə birlikdə yaşadığı evə getmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş verib və bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax rayonu Quşçu kəndində doğulmuş və valideynləri ilə birlikdə həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridirlər. Onun Kənan və Bəylərlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində həftənin bazar günü o, yaşadığı kəndin ərazisində yerləşən torpaq sahəsindən piyada olaraq gəlib küçə ilə yaşadığı ev istiqamətində getmişdir. Kəndin mərkəzində yerləşən “dördyol” adlanan küçəyə çatarkən həmkəndlisi Kənanın yolun kənarında yerləşən taxtadan düzəldilmiş oturacağın üstündə əyləşdiyini görmüşdür. Kənan onu çağıraraq mobil telefonuna mahnı köçürməsini xahiş etmişdir. O, taxta oturacağın üstündə, Kənanın yanında əyləşmiş və telefonundan Kənanın telefonuna mahnı köçürməyə başlamışdır. Bundan sonra onların yanına həmkəndliləri İbrahimxəlil və Dadaş gəlmişdir. İbrahimxəlil Kənanın yanında, taxta oturacağın üstündə əyləşmişdir. Dadaş isə yaxınlıqda yerləşən qaz borusunun üstündə əyləşmişdir. Təxminən beş dəqiqə sonra Bəylər yaşadığı evdən çıxaraq onların yanına gəlmişdir. Bəylər onlara salam verərək təxminən üç dəqiqə sonra yaşadığı evə qayıtmışdır. Təxminən iki dəqiqə sonra Bəylər yenidən onların yanına gəlmişdir. Həmin vaxt Bəylərin əlində qara rəngli bir ədəd rezin boru olmuşdur. Bəylər İbrahimxəlildən bir ədəd siqaret almış, sonra Dadaşın yanında, qaz borusunun üstündə əyləşmiş və siqaret çəkmişdir. O, Kənanın telefonuna mahnı köçürmüşdür. Kənan isə əlindəki telefonuna baxmışdır. Bir neçə dəqiqə sonra Bəylər əyləşdiyi qaz borusunun üstündən ayağa qalxaraq ona və Kənana “taxtanı özüm üçün düzəltmişəm, durun burdan” demişdir. O, Bəylərin taxta oturacaqda əyləşməsi üçün sonuncuya yer vermək məqsədi ilə ayağa qalxmışdır. Kənan oturduğu yerdə İbrahimxəlilə tərəf sıxlaşmışdır. Bundan sonra taxta oturacağın üstündə bir nəfər şəxsin əyləşməsi üçün kifayət qədər yer yaranmışdır. Taxta oturacaqda əyləşmək üçün yer olmasına baxmayaraq Bəylər orada əyləşməmişdir. Bəylər əlindəki rezin boru ilə Kənanın kürək nahiyəsindən təxminən 3-4 dəfə vurmuş və nalayiq söyüş söymüşdür. Bundan sonra Kənan ayağa qalxmışdır. Bəylər və Kənan bir-birinin paltarından tutaraq yaxalaşmışlar. Həmin vaxt Bəylərin və Kənanın ayağı qaz borusuna ilişmiş, hər ikisi su arxının içərisinə yıxılmışdır. Kənan kürəyi üstündə, Bəylər isə Kənanın üstünə yıxılmışdır. Su arxının içərisində olan zaman Bəylər əlindəki rezin boru ilə Kənanın ayaqlarından bir neçə dəfə vurmuşdur. Dadaş və İbrahimxəlil Bəyləri tutaraq kənara çəkmişlər. Bəylər yenə də Kənana nalayiq söyüş söymüşdür. Kənan su arxının içərisindən ayağa qalxmışdır. Bundan sonra Kənanın əmisi İbadulla oraya gəlmişdir. O, Kənanın burun nahiyəsindən qan axdığını görmüş və sonuncunun burnundan xəsarət aldığını bilmişdir. Kənan yerdən bir ədəd daş götürmüş və Bəylərə “səni vuracam” demişdir. Dadaş Kənana daşı yerə atmasını demişdir. Kənan əlindəki daşla Bəyləri vurmamış və həmin daşı yerə atmışdır. Bəylər əlindəki rezin borunu yerə atmış və yaşadığı evə getmişdir. Hadisə zamanı Bəylərin əlindəki rezin borunun uzunluğu təxminən 50 sm, içərisi boru şəkilli və qara rəngli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı oğludur. xx xxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində o, dayısı qızı X2 və sonuncunun oğlu Rahiblə birlikdə yaşadığı kəndin küçəsi ilə piyada olaraq yaşadığı ev istiqamətində getmişdir. Həmin vaxt təxminən 200 metr məsafədən Bəylərin yaşadığı evin yaxınlığında yerləşən “dördyol” adlanan küçədə Zərərçəkmiş şəxsla əlbəyaxa olub dalaşdığını görmüş və Bəylərin Kənana nalayiq söyüş söydüyünü eşitmişdir. Bəylərin Kənanı döyməsindən həyəcanlanmış və Bəyləri aralaşdırmaq üçün qaçaraq hadisə yerinə getmişdir. Bəylər Kənanı qaz borusunun yanındakı su arxının içərisinə yıxmışdır. O, orada olmuş şəxslərlə birlikdə Bəyləri Kənandan aralaşdırmışdır. Bəylərin əlində qara rəngli bir ədəd rezin boru olmuşdur. O, Kənanı su arxının içərisindən çıxarmışdır. Kənanın burun nahiyəsindən qan axdığını və paltarının qana boyandığını görmüşdür. Orada Kənan və Bəylərdən başqa Dadaş, İbrahimxəlil və Samir adlı şəxslər olmuşdur. Bundan sonra Bəylər əlində olmuş rezin borunu yerə ataraq yaşadığı evə getmişdir. Kənan heç bir səbəb olmadan Bəylərin dava etdiyini, əlindəki rezin boru ilə kürəyindən vurduğunu və nalayiq söyüş söydüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın qonşusudur. xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində o, Yevlax şəhərindən yaşadığı evə getmişdir. Həmin vaxt o, oğlu Kənanın döyülmüş vəziyyətdə olduğunu görmüşdür. O, Kənandan nə baş verdiyini soruşmuşdur. Kənan ona yaşadığı evin qarşı tərəfində yerləşən “Dördyol” adlanan küçədə taxta oturacaqda əyləşdiyini, yanında İbrahimxəlilin, Dadaşın və Samirin olduğunu, həmin vaxt Bəylərin oraya gəldiyini, Bəylərin əlində rezin borunun olduğunu, Bəylərin taxta oturacağın üstündə əyləşmək istədiyini dediyini, həmin vaxt Samirin ayağa qalxaraq Bəylərə yer verdiyini, lakin, Bəylərin oturacağın üstündə əyləşmədiyini, əlində olmuş rezin boru ilə onun kürək nahiyəsindən təxminən 3-4 dəfə vurduğunu, ayağa qalxarkən isə Bəylərin başı ilə burun nahiyəsindən vurduğunu demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 714 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin sıyrıqları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 01/714 saylı əlavə rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin sıyrıqları küt alətin-ola bilsin baş ilə zərbənin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Sıyrıqlar sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir və ekspertizaya təqdim edilmiş rezin boru ilə zərbənin təsirindən törənməsi istisna edilmir. Təqsirləndirilən şəxs cinayət törədərkən siah qismində istifadə etdiyi 01 ədəd rezin boru xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Yevlax RPŞ-nin maddi sübutların saxlanılmasına otağına verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Xaldan kənd X4 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım bölməsinə müraciət etmiş və onda müvafiq olaraq “şəkərli diabet” Essensial hipertenziya” diaqnozu aşkar edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Terapiya şöbəsində “Hipertoniya xəstəliyi”, şəkərli diabet İİ tip” diaqnozları üzrə stasionar müalicə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görədə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tələbinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd rezin boru hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd disk cinatə işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xətci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd rezin boru hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd disk cinatə işi materiallarında saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar