Məhkəmə qərarları › İş №1(039)-27/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-27/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-27/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi xx xxxxxxxx 2020ci il tarixdə saat 14:00 radələrində X2 yaşadığı ünvan 2 ünvanında yerləşən evdə heç kəsin olmadığından istifadə edərək yaşayış sahəsi hesab olunan həmin evə giriş qapısını sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub evin birinci mərtəbəsindən Tünzalə Eylasovaya məxsus 1 ədəd 160 manat dəyərində mis metalından olan samovarı və 1 ədəd 80 manat dəyərində “Aqidel” markalı su nasosunu gizli yolla qəsdən talayaraq zərərçəkmiş şəxs Tünzalə Eylasovaya cəmi 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində qonşusu Tünzalənin yaşadığı evinin qapılarını bağlayıb harasa getdiyini görmüşdür. Tünzalənin hara getməsi barədə maraqlanmış, onun Bakı şəhərinə xəstə qardışının yanına getdiyini öyrənmişdir. Bir-iki gün evin ətrafında gəzib evi müşahidə edəndən sonra evin sahibsiz qalmasından daha da əmin olub evin qapısının kilidini sındıraraq evə girmiş, sonra isə evin birinci mərtəbəsindən 1 ədəd samovarı və “Aqidel” markalı su nasosunu götürüb evi tərk etmişdir. Həmin gün samovarı aparıb avtovağzalın yanındakı metal tədarükü yerində satmaq istəyən zaman, adının Canpolad olduğunu bildiyi şəxs ona yaxınlaşaraq əlində olan samovarı hara apardığını soruşmuşdur. Canpolada samovarı satmaq istədiyini demiş, Canpolad ona samovarın kimə aid olması barədə sual verəndə özünün olmasını demişdir. Canpolad ondan samovarı razılaşıb 15 manata satın almış, həmin gün xatırlamadığı dükandan araq alıb içmişdir. Sonra isə nasosu əlinə alıb müştəri axtaran zaman sərxoş vəziyyətdə adını xatırlamadığı şəxsə nasosun özünün olmasını deyib aldatmaqla 20 manata satmış, həmin oğurluq əşyaları satmaqdan qazandığı pulların hamısını arağa və şəxsi xərclərinə sərf etmişdir. Polis əməkdaşları onun Tünzalənin evindən oğurluq etməsini öyrənib şöbəyə aparanda etdiyi cinayəti etiraf etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimanlıq hissi keçirir. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən, yəni 160 manat hissəsini ödəyib, digər hissəsini isə zərərçəkmiş şəxsə ödəmək istəyir, lakin zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən vurulmuş ziyanı tam şəkildə ödəyə bilməmişdir. Qeyd etdiklərini nəzərə alıb, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 195- 8940-1221 saylı məktubundan görünür ki, X5 qeydiyyatda olduğu ünvan 3 ünvanda yaşamadığından onun Yevlax Rayon Məhkəməsinə məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində Yevlax şəhərinə, yaşadığı evə qayıdıb gəlmişdir. Ertəsi gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə səhər satlarında evin birinci mərtəbəsində olan saxlanc yeri kimi istifadə etdiyi otağa daxil olmaq istəyəndə həmin otağa giriş qapısının kilidinin sınmış vəziyyətdə olduğunu görüb qapını açaraq otağa daxil olmuş, otaqda olan əşyalara göz gəzdirmiş, bu zaman həmin otağa qoyduğu bir ədəd samovar və bir ədəd su matorunun yerində olmadığını bilmiş, həmin otağın giriş qapısının kilidinin sındırılmasından qeyd etdiyi əmlakların oğurlandığını başa düşmüş, buna görə də həmin gün yaşadığı evdən oğurluq olması barədə polisə məlumat vermişdir. Həmin oğurluq hadisəsinin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələnmiş, buna səbəb Mətləbin spirtli içkilərin aliidəçisi olması, demək olar ki, hər gün spirtli içki qəbul etdiyindən daima sərxoş vəziyyətdə olması, araq almağa pulu olmayanda ətrafda yaşayan ayrı-ayrı şəxslərə məxsus həyətlərə daxil olaraq müxtəlif əmlaklar oğurlayıb satmaqla pul əldə edib həmin pulla spirtli içki alması olmuşdur. Bundan əlavə Mətləb əvvəllər oğurluq etdiyinə görə dəfələrlə rayon polis şöbəsinə aparılmış, iş üzrə ilkin izahat verən zaman da evindən oğurluq hadisəsinin məhz Mətləb tərəfindən törədilməsindən şübhələndiyini qeyd etmişdir. Sonradan həqiqətən də ona məxsus bir ədəd samovarı və bir ədəd su matorunu məhz Mətləbin oğurlaması məlum olmuşdur. Evindən oğurlanmış “Aqidel” markalı su matorunu 2020-ci ildə 280 manata almış, həmin su matorunun oğurlanması nəticəsində ona 280 manat maddi ziyan vurulmuşdur. Evindən oğurlanmış samovarı 2020-ci ildə 700 manat almış, samovar mis materialından olmuş, həmin samovarın oğurlanması nəticəsində ona 700 manat maddi ziyan vurulmuşdur. Şahid məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, X3 əvvəllər tanımamış, onunla aralarında heç bir münasibətləri olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi “VAZ-21011” markalı, ** BB *** nömrəli avtomobillə Yevlax şəhər Avtovağzalının yaxınlığında olan metal qəbulu sexinin qarşısından keçən zaman bir nəfər şəxsin əlində samovar həmin sexə yaxınlaşdığını görərək avtomobili həmin şəxsin yaxınlığında saxlayıb yanına çağırmaqla samovarı hara apardığını soruşmuş, o, samovarı metal qəbulu sexinə satmaq üçün apardığını demiş, yaşadığı evdə samovar olmadığına görə həmin samovarı almaq qərarına gəlmişdir. Həmin şəxsdən adını soruşanda Mətləb olduğunu demiş. Mətləbdən samovarı neçəyə satdığını soruşmuş, 15 manata satdığını demişdir. Mətləbdən samovarın kimə məxsus olduğunu soruşanda onun özünə məxsus olduğunu, işlək olmadığına görə əlvan metal kimi satmaq istədiyini demişdir. Bundan sonra samovarı Mətləbdən götürərək baxmış, həqiqətən də samovarın lüləyi olmamış, bundan əlavə tutacağının biri yerində olmamışdır. Samovarı alıb təmir etdirə biləcəyini düşünərək cibindən 15 manat pul çıxarıb Mətləbə vermiş. Mətləb pulu götürərək samovarı ona vermişdir. Bundan sonra samovarı avtomobilinin yük yerinə qoyaraq yaşadığı evə aparmışdır. Mətləb ona samovarın özünə məxsus olduğunu, nasaz olduğuna görə satmaq istədiyini demiş, həmin samovarı oğurlaması barədə heç bir söz deməmiş, bu barədə məlumatı olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs ilə görüşən zaman onun əlində samovardan başqa su nasosu və ya başqa əşya görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.36); Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 01:50-dən hesablanmışdır. (iş vər.58-59); “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxxxx 2020-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, Yevlax şəhəri F.İsayev küçəsi ev 103 yerləşən Tünzalə Eylasovaya məxsus evin birinci mərtəbəsindən 1 ədəd mis metalından olan samovarı və 1 ədəd “Aqidel” markalı su nasosunu oğurladığı və oğurluq etdikdən sonra evdən çıxdığı yerləri göstərmişdir. (iş vər. 84-86); materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/2447 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3,10 kq kütləli samovar mis-sink əsaslı ərintidən hazırlanmışdır. Samovarın üzərində istehsal yerinə aid məlumatlar olmadığından onun harada istehsal olunduğunu müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 40 manatdır. ( iş vər. 98-100); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4929 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd xarici görünüşə görə uzun müddət istismar edilmiş sarı rəngli, təxminən 7 litr su tutumlu odun samovarının orta bazar pərakəndə satış qiyməti 160.00 manat, ekspertizaya təqdim edilməyən modeli, yararlığı, istismar müddəti, hadisə törədilən vaxt baxış keçirilmədən faktiki olaraq onun istismar nəticəsində hansı vəziyyətdə olmasını və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmayan bir ədəd “Aqidel” markalı su nasosunun orta bazar pərakəndə satış qiyməti nəzəri qaydada 80.00 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 75 manatdır. (iş vər. 102-105); “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd samovar maddi sübut kimi tanınmışdır. Maddi sübut saxlanılması üçün zərərçəkmiş şəxs X4 təhvil verilmişdir. (iş vər.129-134, 141); Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilmiş və onun barəsində xx xxxx 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (iş vər.127-128); Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; Yevlax rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 61); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanı ödəməyə cəhd etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan bir ədəd samovarın sahibi X4 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay 22 gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 gün həbsdə qaldığı müddət 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hesablanmış 11 ay 14 gün müddət, ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan bir ədəd samovarın, sahibi X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 115 ( bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar