Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-27/2022 21.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri D.Qorqud küçəsi ev 25 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 307,38 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı əldə edərək əlində gəzdirdiyi sellofan torbada saxlamış, narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax st.XPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 24 sentyabr 2021-ci il tarixdə saat 16.50 radələrində Yevlax-Bərdə dəmiryol mənzilinin 12-ci km. PK2-də dəmir yolu relsinin üstündə saxlanılaraq Yevlax st.XPŞ-nə gətirilib orada üzərində saat 17.35 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkiliş ilə keçirilmiş şəxsi axtarış nəticəsində əlində gəzdirdiyi ağ rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd ağ rəngli başqa sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda 307,38 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Təxminən 20 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 2021-ci ilin yay aylarında, may-iyun aylarında, dəqiq tarixini xatırlmadığı gündə Yevlax rayonu, Kövər kəndi ərazisində Yevlax-Bərdə dəmir yolunun kənarında yabanı halda bitmiş narkotik tərkibli marixuana kolu olduğunu görmüş və özü istifadə etmək üçün həmin marixuana kolundan yığıb qurutmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin marixuana kolundan yığmış və Yevlax şəhərinə yaxın olsun deyə dəmir yolunun üstü ilə Yevlax istiqamətinə gələrək yığdığı marixuananı qurutmaq üçün dəmir yolunun kənarında olan kolluqların arasına gizlətmişdir. 2021-ci ilin sentyabr ayının 24-də saat 16.50 radələrində narkotik vasitə qurudulmuş marixuananı qoyduğu yerə getmiş və kolluğun arasında gizlətdiyi qurudulmuş marixuananı sellofan torbaya yığıb başqa bir ağ rəngli sellofan torbaya qoyaraq istifadə etmək məqsədilə götürüb dəmir yolunun üstü ilə Yevlax şəhəri istiqamətinə getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib üzərində narkotik vasitə olmasında şübhəli olduğunu demişlər və onu Yevlax dəmiryol stansiyasında olan polis şöbəsinə aparmışlar. Orada vəkil dəvət edərək üzərində video-çəkiliş aparmaqla şəxsi axtarış keçirmişlər. Həmin vaxt əlində olan ağ rəngli sellofan torbanın içərisindən yayda Kövər kəndi ərazisindən yığıb dəmir yolunun kənarında qurutduğu narkotik vasitə qurudulmuş marixuana ağ rəngli sellofan torbaya yığılmış vəziyyətdə aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitə qurudulmuş marixuana onundur, özü istifadə etmək üçün yabanı halda bitmiş narkotik tərkibli marixuana kolundan yığıb qurutmuş, heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Sonra həmin narkotik vasitə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 364 qram gəlmiş, daha sonra zərfə qoyularaq qablaşdırılmış və üzərində qeydlər aparılaraq o, və vəkil imza etmişlər. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində hbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyat Baş Polis İdarəsinin Dəmir yolu Nəqliyyat Polis İdarəsinin Yevlax st. X3 Post-patrul xidməti manqası manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 24.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yevlax rayonu Yun fabrikinin yaxınlığından keçən Yevlax-Bərdə dəmir yolunun kənarında kolluğun arasında narkotik vasitə gizləməsi barədə məlumat daxil olmuş və həmin məlumat rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra rəis müavini o, Şahid1 və polis nəfəri Şahid3 ilə birlikdə qeyd olunan ünvana getmişlər. 24.09.2021-ci il tarixdə saat 16.50 radələrində Təqsirləndirilən şəxs Yevlax-Bərdə dəmir yolunun 12-ci km PK2-yə gəlib orada kolluğun arasından əlində olan ağ rəngli sellofan torbaya nəsə qoyub dəmir yolun üstü ilə gedən zaman ona yaxınlaşıb üzərində narkotik vaistə olmasında şübhəli olduğunu və buna görə Yevlax xətt polis şöbəsinə getməli olduğunu bildirmişlər. Sonra onu Yevlax st.XPŞ-nə gətirmişlər, şöbədə təhqiqatçı, polis mayoru Anar Rəhimov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə gətirilən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Yevlax şəhər Vəkil bürosunun vəkili Hüseyn Abbasovu müdafiəçi qismində dəvət etmişdir. Daha sonra vəkilin və tədbir iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində və əlində olan sellofan torbada şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis nəfəri Şahid3 video çəkiliş aparmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində gəzdirdiyi ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd başqa bir sellofan torba aşkar edilmişdir. Həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, onu özü istifadə etmək üçün 2021-ci ilin yay aylarında Kövər kəndi ərazisində dəmir yolunun kənarından yabanı halda bitmiş narkotik tərkibli marixuana kolundan yığıb Yun fabrikinin yaxınlığında dəmir yolunun kənarında kolluğun arasında gizlədib qurutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 364 qram olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyat Baş Polis İdarəsinin Dəmir yolu Nəqliyyt Polis İdarəsinin Yevlax st. X3 Post-patrul xidməti manqası polis nəfəri-dürücü vəzifəsində işləyən, polis serjantı Şahid3 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 18-19); Şəxsi axtarış və götürmə haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli selofan torbanın içərisindəki digər ağ rəngli selofan torbanın içərisinə baxış keçirən zaman oradan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik olan kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 25- 26); Məhkəmə kimyəvi ekspertizasının 24.09.2021-ci il tarixli 17/712 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan torbanın içərisindəki digər 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 307,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 307,38 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 307,33 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər.35-37); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 sentyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 61-62); Maddi sübut kimi tanınma haqqında 16.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 307,33 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, 307,33 qram qurudulmuş marixuana saxlanılması üçün Yevlax st. Xətt polis şöbəsinə təhvil verilmişdir.(iş vər.75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( iş vər. 74); Narkoloji ekspertizasının 13.11.2021-ci il tarixli, 1365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( iş vər.94). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut -307,33 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-27/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-27/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver